Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

Fəxrəddin Teyyubun şeirləri

Fəxrəddin Teyyubun şeirləri

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sevinsin...

Gəl , bir an baxışları
görüşdürək, - sevinsin!
Həsrətdən qovrulana -
görüş verək, - sevinsin!..

Yaraq həsrət sipərin,
Aşaq qəmin çəpərin...
Ürəklərin təpərin -
Bölüşdürək,- sevinsin!

Sıxaq ruhun şirəsin
Fırladaq yer kürəsin!..
Ömrümüzün tirəsin -
Görüş!- edək, sevinsin...

Diz çökdüyüm İŞIQ

Çəkildiyim qaranlıq
Sükutuma bələkdi.
Gecə , sanki üzümə -
Mən tutduğum ələkdi!

Ulduzlardan yayınıb,
Daldalandım Aydan da!..
Həsrətə borcum qaldı -
Başa çatan aydan da!..

Günahımı qaşığa
Qoyub baxdım , sıxıldım...
Sevgimdəki işığa -
Dizi üstə yıxıldım!..

Telefonuma zəng edin -
Dodağı qaçsın hərdən...
Bir "Alo"-da söyləyin -
Dilini açsın hərdən...
Qovub sükut dumanın
Dünənin xatırlasın...
Çin etməkçün gumanın -
Dinənin xatırlasın!..
Çırpıb yaddaş tozunu
Vərəqləsin varlığın...
Qorxutmasın gözünü -
Bu dünyanın karlığı.
... Telfonuma zəng çalın
O düşməsin gözümdən.
Sevinc olur, inanın -
Zəng özümə, özümdən!

Gecəmə yuxu bükəcəm,
Kiprik hörgüsün sökəcəm...
Nə varsa açıb tökəcəm -
Boşaldacam sandığı da...

Yaş yuyur didəmin közün
Sıxıram dizimin gözün!..
Bilirəm, qürbətdə özün -
O, necə tək sandığın da!..

Yoxsa özgə bir gedəcək,
Duam kimə de, yetəcək?!
Saralanda hiss edəcək -
Mənsiz necə yandığın da?!.

Etiraf...

Mənim yuxularım şimşək kimidi,
Gözümü yuman tək ərşə çəkilir...
Bu da talehimin sarı simidi -
Mənim yaddaşımda yuxu əkilir!..

Bir şimşək çaxımı anın içində
Gördüyüm çöhrəndi, duyduğum səsin...
Elə ona görə, bunun üçün də -
Yozmuram yuxusun daha heç kəsin!..

Ələnib gözümün dibinə çökür -
Təkliyin ömrümdən kəsdiyi hər an...
Hərə bildiyi tək talayır, sökür -
Soruşan olmur ki, ağrıyır haran?!

...Mənim yuxularım xəyallarımdı -
Onu yozdururam - danışıb, sənə!
Etiraf: - nə qədər xəyal varımdı -
Olub bal arısı - darışıb sənə!..


Yaz səhərinin ŞEİRİ

Quşlar elə həvəslə
Veriblər ki, səs-səsə...
Bu şükranlıq bəs edər -
Yerdə, göydə hər kəsə!

Çətin ki...

Yenə qanadlanıb xəyal qatarım,
Amma yer axtarmır lələk salmağa...
Bükübdü boynunu ümid madarım -
Yoxdu bir kimsəsi dəstək almağa...

Çəhlimin ölçərək yeniş - yoxuşun,
Tapmağa can atdım yolun hamarın...
Hopdurdum ömrümə istək qoxusun -
Oxşamaq eşqiylə vaxtın damarın!..

Müddəti ötübdü bildiklərimin,
Sınıbdı ən möhkəm dayaqları da..
Bax, dünən üstünə güldüklərimin -
Oynayır əli həm, ayaqları da!

... Dəldi yaddaşımı çax-çaxın səsi...
Bir an göyə baxdım, bir an da yerə...
Soyuq suya düşən xəyal həvəsi -
Mənim, çətin bir də tumurcuq verə!..

Yaman...

Uzaqdan bir tək işıq
gözümü çəkir yaman...
İşıq gözüm qarışıq -
özümü çəkir yaman...

Axır, həm əzəl kimi
O,şeir - qəzəl kimi -
Hər yerdə məsəl kimi -
sözümü çəkir yaman!..

Meydan gendi xiffətə
Baxıb, susub , hər dəfə...
Səbirsiz Əbülfətə -
Dözümü , çəkir yaman!..

Söhbətlərdə

Yormuşam mən özümlə -
özümü, söhbətlərdə...
Tüstülənən kösövlə -
közümü , söhbətlərdə...

Daşla- qumla danışdım,
otla, şumla danışdım...
Hətta, tumla danışdım -
dözümlə, söhbətlərdə!..

Əsəb telim daramla
tək qalanda yaramla...
Naxış vurdum , aramla -
söz-ilmə söhbətlərdə!..

Qəm üzünə ağ oldum,
xəzəl yağan bağ oldum!..
Bir ümidə tağ oldum -
Gözümlə söhbətlərdə!..


Dünyada olubmu, ya olacaqmı?!,
Məni sevənlərin adın bilmədim,
Yaxının, uzağın, yadın bilmədim...
Mən sənə bərabər Qadın, bilmədim -
Dünyada olubmu, ya olacaqmı?!,

Ömrün xırmanında vəl işləmədi,
Qırıldı qol, qanad - əl , işləmədi!..
Mənim yaşamağım bir gəlişmədi -
Dünyada olubmu, ya olacaqmı?!.

Səhərə çatınca gecəni qovdum,
Yanımdan, yolumdan keçəni qovdum...
Bilmirəm mən nəyi, neçəni qovdum -
Dünyada olubmu, ya olacaqmı?!.

Qədir axşamında, niyyət anında
Allaha və Sənə biət anında...
Bax gör, bu Əbülfət Sənin yanında -
Dünyanda olubmu, ya olacaqmı?!.

HEÇ...

Mənim ürəyimin bülbül həvəsi,
Ötəri olmayan bir gül həvəsi...
Həzin pışıltılı sünbül həvəsi -
Sənin telinə də toxunmadı heç!..

Könlüm bu sevgiyə isti yuvadı,
Hər gün uzaq tutdun, hər gün bu adı!
Mənim yazdıqlarım Sənə duadı -
Dilinlə bir misram oxunmadı heç!..

Qalıbdı dünənim yadda dadıyla,
Bir az doğmasıyla, bir az yadıyla...
Həsrəti nişangah etmək adıyla -
Nə güllə, nə də ki, ox ummadı heç!

Bir gerçək var...

Mən susmağın ağırlığı altında
Ürəyimdə herik şumu edirəm...
Fikirlərin ətəyindən yapışıb -
Tələsmədən , vər boyunca gedirəm...

Bəbəyimdə çalxanan buludun
Kipriklərim kəsdi yolun . umudun!
Xatirələr - olan, qalan sübutum -
Gücüm yoxdu, ünvanına yetirəm!..

Xəfif mehlə yanaqlarım ilinir
Açıq, aşkar içim ölüb, dirilir!
Bir gerçək var - deməsəm də bilinir -
Ümid bitmir, mən özümsə bitirəm!

Yenə...

Yenə düyünlənibdi
bir hıçqırtı sinəmdə...
Hıçqırtı ilə birgə -
sızıldayır sinəm də!..

Yenə vərəqləyirəm
ürəklə göz arasın...
Təklik həm ürək üzür,
həm yeyir göz qarasın...

Yenə fikir çözürəm
yerdən göyə və... tərsin...
Öyrənməkçün dözürəm -
ahlarımın SON dərsin!..

Acısını

Yazıb , ürək ağrıtdım-
sözümün acısını...
Suya baxıb axıtdım -
gözümün acısını...

Ruhuma dad sızdırdım,
ovudub, yatızdırdım...
Həsrətə dadızdırdım -
dözümün acısını!..

Əlini istilətdim
hənrimlə üstün örtdüm...
İçimdə tüstülətdim -
közümün acısını!..

Əbülfət, gecdi, lap gec
Gizlədə bilmədin heç -
Allahdan, susub da keç -
özümün acısını!..


Sıramız seyrəlir...

Çevrəmə baxıram - gözüm nəmlənir,
Titrəyir dodağım, sözüm nəmlənir...
Üşüyür ocağım, közüm nəmlənir -
Sırası seyrəlir dostların yaman...

Uzanır içimdə , ahın yolları,
Bu ömrün ən uzaq, yaxın yolları...
Ot basır sakitcə, baxın , yolları -
Sırası seyrəlir dostların yaman...

Güc gəlir, ilahi, sellənən təklik
Havalı, havalı yellənən təklik!..
Budayır bu ömrü , el, gələn təklik -
Sırası seyrəlir dostların yaman...

Telfonda onlarla nömrə " lal" olur,
Susqunluq qəlbimdə qara xal olur!..
Fələk , elə bil ki, Rüstəm Zal olur -
Sırası seyrəlir dostların yaman...

Bilirəm, qədərdi, qaçılmaz yoldu,
Bağlansa , bir daha açılmaz yoldu!..
Amma, xəzan mənə acımaz oldu -
Sıramız seyrəlir, dostlarım, yaman...

Yenə küsüb, dindirmir
Gözün çəkib gözümdən...
Səsiylə isindirmir -
Kül ələyir közümdən!..

Yarpaq-yarpaq qopuram,
Damla - damla hopuram...
Yoğurmadan yapıram -
Ruha kündə sözümdən!..

Qəlbinə qəlbi dinlət,
Qoymadan mənə minnət!
Qoy!- söyləyir Əbülfət -
Baş daşımı, özümdən!


Atdım...

Bağlanıb bütün bənd - bərə,
Duyğular batıb qan - tərə...
Bu ömrü ovcumda zərə -
Bənzədib, oyuna atdım...

Hönkürən buludun səsin,
Siz üzü dərəyə kəsin...
Könlümün sevgi həvəsin -
Nəmərtək toyuna atdım...

Axan ulduzun ahını,
Saydım ruhumun yaxını!
Mən illərimin şaxını -
Adına, soyuna atdım...


Görmədiyim yuxuları,
Hər sübh deyirəm suya mən....
Beləcə pak duyğuları -
Qoruyuram tam, guya mən!..

Açıram iftar adınla,
Addan duyduğum dadınla!..
Allah, bu mələk qadınla -
Çıxıram yaza, yaya mən!..

Könlümü fərəh ovudur
Bu mələk - könnül ovudur!..
Şerim könül söz-sovudu -
Qaldım ümid bu paya mən!

Ruhumun daşıb həsrəti
Üstümə aşıb, həsrəti...
Arada çaşıb , həsrəti -
Bənzətdim tənha Quya mən...

Düşün məni...

Dərdimin adı bəllidi,
Həm ayaqlı. həm əllidi...
Düşünmək də təsəllidi -
düşün məni!..

Çətin olsa Pir adına,
Yerdə, göydə Bir adına...
Lap istəsən sirr- adına -
düşün məni...

Axan ulduz, üzən saman
Doğan Günəş, ötən zaman...
Dodağında "aman, aman!" -
düşün. məni...

Kipriyə şeh düzüləndə,
Yanaq boyu süzüləndə...
Düşünməkdən üzüləndə -
DÜŞÜN MƏNİ!..

Ömür kitabım...

Çətinləşib qapı açmaq, yol keçmək
Nə ayağım, nə də əlim həmindi...
Sağı gördüm, bacarmadım sol keçmək -
Sol sənindi - həm o zaman, həm indi!..

Sıralanıb kipriklərdə tumurcuq
Göz qırpmagın qorxusunu yaşıyır...
Son ümidim boynundakı göy muncuq -
Baxışımı özü ilə daşıyır...

Ağrı sorur dizlərimin gücünü.
Qaysaqlayır ruhumdakı dilək də...
Həsrət sanki. dərənin bir gicini -
Boğur hər an , göz-görəti bələkdə!..

...Çətinləşən durumum da, günüm də
Son ahıyla sənə tərəf əyilir...
Bir kitab var-"Ömür" adlı önümdə -
Orda yalnız Sənin adın deyilir!..

Sükutun süqutu...

Bir günün və bu anın
hakimi oldu sükut...
Bu biçimdə , inanın -
sükut elədi süqut!..

Nə gözlərim sevindi,
nə də dodağım qaçdı...
Ruh sükuta çevrildi,
dözmədi, ürək sancdı!..

İlməsi qaçan xəyal,
axıtdı bənd, bərəni...
Boynu bükülü qoydu -
şehdən ümid dərəni!..

...Bu günün və bu anın
sükut oldu cikgəsi!..
Sınanan, həm sınanın -
çilikləndi hikgəsi...

Yenə sancaqlamışam

gözlərimi buluda...
Xəyal həddin aşmışam -
bu sonuncu umudla...
Bəlkə yağdı o bulud
çətir oldum bir anlıq...
Dil tökdüm o buluda -
Hər an mən bir Quranlıq!..
Heydən düşən ruhumla,
"bəlkə" yazıb ... baxıram...
Dünən gördüm yuxumda -
ulduz kimi axıram..


Gecə əridikcə dan yaxınlaşır,
Qısalır məsafə, qısalır zaman...
Elə tələsirsən, sən, yağın daşır ?! -
Ay ürək, səbirsiz olmusan yaman!..
Bax, gözün kökü də, səssiz göynəyir
Elə bil, yır-yığış eləyir gecə...

Açıq hiss olunur, aşkar kövrəlir -
Ayaq səslərinçün darıxan küçə...
İşığa boylanır sısqa bir ümid
Sonuncu cəhd ilə sıxıb dişini.
Üzümə səhər aç, ümidi kirit -
Yuyum gül şehiylə gözün şişini!..
 

Utancaq ŞEİR

İlaxır çərşənbə qapımı kəsdi
İçimdən boğanaq gilavar əsdi...
Bayram ovqatına cəhdim əbəsdi -
Gizlincə mən onu ürəyə taxdım...

Səsin xatırlayıb, fındığın, qozun
Çırpdım yaddaşımdan zamanın tozun!..
İstəyir yüz yerə, min yerə yozun -
Heç nəyə yaramır cibi boş vaxtım!

Sirdi mənim üçün yaşamın kodu,
Qarsıyır üzümü bazarın odu!
Tərslikdən çatışmır suyun da yodu -
Güzgüdə bir daha özümə baxdım!..

Düşünmək bu qədər de, ta bəsdimi?
Öldürür içimdə gün təbəssümü!..
Biraz ucuzvari Çin təbəssümü -
Onu da tapmadım - gülmədi baxdım!

Həyatımın şəkili

Mənə kədər öyrədir
dözümün dərslərini...
Məni sükut göynədir
çəkdikcə dərd-sərini!..
Ağlımın yalın əli,
dizimi qançır edir...
Ağrım olub məzəli -
gəlir, gah qaçıb gedir...
Çapar olan xəyalım
yorulub heydən düşür...
Üzgünəm ki, bu halım -
anidən göydən düşür...
Bildiklərim ilğımdı,
bilmədiklərim həyat...
Deyəsən axırımdı -
son dəfə məni oyat!..


***

( Atamın ruhuna)

Səni yuxuda gördüm...
Yenə həmən sitildə...
Can köynəyin də həmən -
Uzandığın mitil də!
Çöhrən solğun - ağarmış
Kipriklərin titrəyir...
Sinən bir az qabarmış -
Barmaqların büdrəyir...
Dodağını dilinlə
İsladırsan bir təhər...
Gözlərinin dibində -
Qürub edir bir səhər...
Baxışların "Əlvida" ...
Notlarında köklənib...
Sən ruha çevriləndən -
Nimdaş ömrüm təklənib!..
... Səni yuxuda gördüm
Yenə alnında tər var...
Sənli günlərə döndüm -
Ürəyimdə tər qabar...
Tənhalıq mənzərəsi
Dilim dualıdı, ruhum da kövrək
Bütün anlarım da sözdə qovrulur...
Elə istəyirəm möcüzə görək -
Amma... istəklərin külü sovrulur...
Əlimə dolaşıb "ah"-ın ətəyi
Baxıram tay ona ümid yeri tək!..
Ürəyim "ah"-ların arı pətəyi -

İstəsən onunla birgə selfi çək!
Hər gün"buxarlanır" canımdakı güc,
Sıxılan dişlərim bir-birin didir...
Diqqətdən uzaqdı dayandığım künc -
Ora nə gün düşür, nə kölgə bitir!..
Kövrək ruhum ilə, dualı dilim
Hər yerdə sevgimə dilmanclıq edir...
Hərdən nəsə olur, nədən, nə bilim -
Görürəm ağzımda dil aclıq edir!..


Allah, sənə açdığım əl,
Ruhdan qopan saf diləkdi...
Onu söz-söz yaddaşıma -
Ürək əkdi, həm dil əkdi!
İçdə yuyub istəyimi,
seçdim mən lap üst deyimi!
Bildim O-dur dəstəyimi -
verən, gətirən mələkdi!
Yaşadığım anda anı,
Özün seçib, özün tanı!
Qəlbi, hətta bütün canı -
Bükdüyün sevgi bələkdi!
Ərk edib, əl açıb dinən
Mən, sevgi adlı bir dinəm!..
Nurunla dolubdu sinəm -
Misralarım da çələngdi!..


Anmaq istəyəndə...

Sanki qor səpilib, tikan döşənib
Səsimi boğaraq durduğum yerə...
Elə istəyirəm bu anımda O -
Səhəri açmağa ipucu verə!..
Canım lalıxlayıb, - ağrı kirkirə
içimlə bərabər çölüm üyünür...
Xəyal yönəltdikcə məni zikirə -
Nəfəsim üşüyür, gözüm böyüyür...
Sükutun dərirəm soyuq otağın
Mənə xatırladır solan yarpağı...
Anmaq istəyəndə qədər ortağın -
Ovucla , bir xışma qara torpağı....

***

Sərmişəm ruhumu Ay işığına,
Susaraq baxıram - mən növbədəyəm!..
Qarışır Allahdan pay işığıma -
Köksümə sıxıram - mən tövbədəyəm!..
Sirr deyil heç kəsə imanım , dinim
Gözümsə yol çəkir -Qibləm sən tərəf!..
Bir"Allah!" söyləyir, bir də "Yar!" dilim -
Budur mənim üçün ən böyük ŞƏRƏF!..
İlıq məqamı da, küsgün anı da
Qaçılmaz sayıram, qədər bilirəm...
Tay dilə tutmuram yanan canı da -
Öpdüyüm şəkilin gözün silirəm!..

Ürək sevindir

("Bir Qadına..." dualarımdan)

Olduğuntək otur, düşün , fənd elə
Gecələri gündüzlərə bənd elə...
Sən dilini biraz şəkər, qənd elə -
Ürək sevindir!..
Buludları silkələyib selləndir,
Yarpaqları budaq- budaq yelləndir!..
Nə gəlirsə oymaqnandı, elləndi -
Ürək sevindir!..
Canın odun, gözün nurun baltala
Qoru düşsün qəm geyinən paltara!..
Zaman-zaman , sayılıbdı xal qara -
Ürək sevindir!..
Ovud dua, ya namazla ruhunu,
Şehə çevir, səp kipriyə yuxunu!..
Verib eşqin qədimini, nuhunu -
Ürək SEVİNDİR!

***

Quraqlıqdı, çiçəkləmir söz bağım
Ümid qalıb o, bir topa buluda...
Tanrı ilə aramdakı söz bağım -...
Çox kövrəkdi - dönüb ən son umuda!..
Qələm olub gözə batan bir tikan,
Vərəqlər də müştərisiz bir tükan !..
Ələ yatmır bu halımda o sükan -
Çırpınıram gah suda, gah quruda!..
Ağıl hissə qulaq asmır, dil vermir
Pəstə tutur, ayaq vermir, zil vermir!..
Tor atıram, Allah görür, bil , vermir -
Axtarsam da , həm lildə, həm duruda!..
Öz adımın kölgəsində öz halım
Qalan ömrü için-için sozalım...
İşdi , birdən nə zamansa o, zalım -
Gələ burda kipriyini quruda!

Bacarmadın...

Ömrün boşdu və heçdi
bir məqam idi - keçdi !..
bundan sonra ta gecdi -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Dünya fikir meydanı,
xoşdu sənə mey tamı!..
lap olsan da heyranı -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Ağlın ,gözün kor oldu
od-alovun qor oldu...
ürəyin də yoruldu-
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!
Yolun kəsdin kimin sən,
indi kimsən, kiminsən?!
qırdın ümid simin sən -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!..
Bu gün qınaq özünsən,
sənə qıraq -özünsən!..
sönən çıraq özünsən -
bacarmadın sevməyi,
bacarmadın, Əbülfət!.


Yuxum...

Hər gecə qaçıb gedir
axtarıram hər səhər...
Gözümü girov edir,
Qan çanağı bu qəhər -
Yuxum!..
Otağımı sükuta,
Yatağımısa qora...
Sərgi edib, izinsiz
Ruhumu saldl tora -
Yuxum!
Arzumu, xəyalımı
Sevindirmədi heç vaxt...
Dəyişmədi halını
Oldu devrilmiş bir taxt -
Yuxum!..
Yozumuna mövzu yox,
Axtarmağa da həvəs...
İndi mənə daha çox
Xatırladır son nəfəs -
Yuxum!..

Özümlə danışıram

Mən divarla danışıb,
daşla pıçıldaşıram...
Kipriklərim qarışıb -
yaşla pıçıldaşıram...
Çaşdırıram fikrimi,
ilmə qaçır, sap itir...
Daşdırıram zikrimi -
söhbət bitir, gap bitir!..
Danışıram tavanla,
döşəmə qıcıqlanır...
Aramız bu zamanla -
yenə də açıq qalır!..
...Axtardım söhbət üçün -
gördüm ki, mən səndədi!...
Ruhumu açıq-aşkar -
Bir Qadın mənimsədi!

Et...

Bir qəmin ağlayan vaxtı,
bir sevinc güldü - şükür et...
Ay doğdu, bir ulduz axdı -
düşün. barış və zikir et!..
Nəfəs tıncıxıb daraldı,
gözün altı da qaraldı...
Əlindən məni də aldı -
nə verdi? - onu fikir et...
Əbülfət , gözünün nəmin
sən sil, nişanəsin qəmin!..
Axtar tap, sevilmək çəmin -
Hamısın cəmlə - bikir et!..

Qoşma...

Dörd divar arası çırpındığım yer,
Ömür ütülənir, an ütülənir...
Bir azca əl saxla, biraz ara ver -
Ağrı dəzgahında can ütülənir!..
Sızır bəbəyimdən üzü aşağı,
Cızır yanağımı qəmin başağı!..
Qızır ah içində, qələm uşağı -
Fikir cilalanır, söz itilənir!..
Əl göydən asılır, diz qalır yerdə
Hara tərpənirsən iz qalır yerdə...
Üzürsüz olanda üz qalır yerdə -
Tapdanır, ya da ki, can fitillənir!..
İncidir könlümü köhnə düyünlər,
Dostun köhnəsinə güvən,- deyirlər!
Əldən də, gözdən də düşür bu günlər -
Əbülfət, həyatın tay mitillənir!..

Yazıram...

Axşam sənə yazmadım...
Ağrı imkan vermədi...
Səsimi göndərmək də -
Heç ağlıma gəlmədi!..
Qıvrıldım ilan kimi
Öz-özümə dolaşdım...
Son nəfəs alan kimi -
Ağrılarla dalaşdım!..
Həyat söndü gözümdə...
Tək bir ulduz işardı!
Ümid güldü üzündə -
Bunu o qız bacardı!..
Ovuşdurdum sinəmi...
Ovcumda qəm əridi...
Hiss etdim ki, əlimdə -
Bir xilas kəməridi!..
...Sənə səhər yazıram
Sən verdiyin ümidlə!..
Məni könlündə saxla -
Yaxanı da kilidlə!

Ürək...

Yenə gözdən yayınıb,
çıxıb "aradan" ürək...
Lap əzəldən sayılıb -
duyğu yaradan ürək!..
Zaman, zaman bu kodu -
bildi ki, "Sevən!" - odu!
Bu atəşi, bu odu -
alır haradan, ürək?!.
Bəbəkləri hıçqırır,
öz içində qışqırır...
Hələ də qan fışqırır -
köhnə yaradan, ürək!
O qız həsrətdən doya
əlin sinəmə qoya!..
Yoxdu başqa tünd boya -
Vallah qaradan, ürək!
Əbülfət, bəxt yazınla,
saçdakı bəyazınla...
Yayda da ayazınla -
olub qar ada - ÜRƏK!..

Tərəf...

Gecikmiş səsdi ya, yubanmış haydı...
İlahi, bu necə sovqatdı, paydı?!,
Qışın oğlan çağı elə bil, yaydı -
Məni kölgə çəkir özünə tərəf!..

Edir bitdə-bitdə, gəzir içimi,
Sanki yumruqlayır - əzir içimi...
Sorğusuz götürüb əsir, içimi -
Sürüyür , bu ağrı közünə tərəf...

Ovcumun içi də qaşınır hər gün,
Xəlbirdən ələyə daşınır hər gün!..
Kəsin Əbülfətin başını ,hər gün -
Axsın son damlası, sözünə tərəf!..

ADSIZ DUYĞULAR...

Özünü sahilə atan ləpətək
Bir istək içimə sığışmır indi...
Özün dağ biçimdə görən təpətək -
Xəyalım yanından yığışmır indi!..
Sıxdıqca sızlayır gözümün kökü,
Dilimin ucundan "Ah..." qanadlanır ...
Bürüyür ruhumu ötəri bürkü -
Ağrılar havayı qol-qanad alır!..
Saçı ağardıqca dualarımın,
İstəklər büdrəyir - dizləri əsir!..
Adı "Təklik" olan bu anlarımın -
Həsrət açıq-aşkar kəndirin kəsir!..
Burda ummaq olmur kimsədən nəsə
Yalnız dərdləşdiyim solan şəkillər...
Sən diqqət ayırsan gələn o səsə -
Bilərsən tənhalar nələr çəkillər!

Bir yarpaq xatirə

Bir uzaq xatirə kövrəldir məni,
Əlim yar əlində, ruhum diriydi!
Gözümün içində görürdüm səni -
Həyatım O idi, O da piriydi!..
Çiçək topasıydı saçı sinəmdə,
Öpüb məst olmuşdu, saçı, sinəm də!..
Nəfəs də, baxış da, elə dinən də -
Onda iki deyil, onda biriydi!..
Yaşamaq olmuşdu sevilən sənət,
Pərvanə etmişdi məni də bir əhd!
Biz Adəmlə Həvva - ürəksə Cənnət -
Dünyada ən pünhan , isti yeriydi!
... Bir uzaq xatirə məni özüylə ,
Gəzdirib yandırdı sönmüş közüylə!..
Arada boylanıb yuxu gözüylə -
Gördüm dan sökülüb, saat geriydi!..

***

Pəncərəm tərləyib, sanki utanır-
Ona əl toxunmur, həfəs toxunmur...
İçimdə bir ümid hər gün budanır -
Ahı eşidilmir, sözü oxunmur...
Əyilir üstümə səssiz divarlar,
Qapı da çırpılır son gücü ilə...
Bəbəyim lilənib, yoxsa suvarar -
Solan dibçəkləri gətirər dilə!..
İncikdi durumdan yazı masam da,
Hər gün eyni hissi həzm edə bilmir...
Daha boşalıbdı səbir kasam da -
Dolub harayıma heç yetə bilmir!..
Özümün özümə çatmır gücüm də,
Susan telefon da həm yükdü, həm dərd!..
Bircə işartı var indi içimdə -
Şəkillər və Allah !- mənimlə həmdərd...


Ömür mənzərəsi...

Məni incitməyin, məni yormayın
Nə işim iş deyil, nə də gücüm güc!..
Məndən kimliyimi heç vaxt sormayın -
Kimə ağıllıyam, kiməsə də gic!..

Bir qoca sevgidi yaşam amacım,
Bilirəm, əminəm odur əlacım!
Gərəksə şeytana , hətta ,əl açım -
Gərəksə lal olum, danışmayım heç!..

Vurmuşam ovcumda daşı - daşa da,
Səsə rəhmi gələ, məni yaşada!
..Baxıb imkana da, baxıb yaşa da -
Əbülfət, bu qəmin vərlərini biç!..


Qadın...

Mən hələm ötən illərin
Yuxusun yozuram, Qadın!
Sənə bənzəyən güllərin -
Qoxusun yazıram, Qadın!..

Ürəkdə qorranan közün,
İstisin duyursan özün!
İçimdən gəlməyən sözün -
Çoxusun pozuram, Qadın!..

Qıyma günlər boşa keçə,
Sola ömür. dönə heçə!
Qəm özünü mənə necə -
Toxusun, dözürəm, Qadın!

Fərman var,Eşq adlı şahdan -
Hörülübdü ilgək ahdan!
"Hə!" deməsən, bil, sabahdan -
Özümü asıram, Qadın!


Qış gecəsinin ŞEİRİ

Buz sınanda suya düşən -
İndi, adamdan betərəm!..
Amma çağırıb "Gəl!" desən -
Bil ki, hayına yetərəm!..
İliyəcən titrəyirəm-
Bükülüb qaldığım küncdə...
Danışanda büdrəyirəm -
Sökülüb qaldığım küncdə...
Gözümün söykəyi şəklin
Oyadır əl yaddaşımı...
Xatirələrdi vəkilin -
Susmaqla qatır başımı!..
Heç nəyə yoxdu marağım,
Hətta limonlu çaya da!..
Küsübdü qələm, varağım -
Almır heç məni saya da!..
Ağlımın hakimi Sən, Tək
Bir də etdiyim dualar!..
Sən fikrində adımı çək -
Bəlkə isinə buralar!

Sönən ümid...

Döymədən açdı qapımı -
Gözaltı baxıb...qayıtdı...
Üç yerdən düydü sapımı -
Şimşək tək çaxıb ...qayıtdı -
ÜMİD!

Kölgəsin sərdi üstümə
Bilmədim qoruyur nədən?!.
Göndərdi dərdi üstümə,
Gah oldu arada çətən -
ÜMİD!

Xəyalda onun saçını
Kiprikləriynən daradı...
Bal sayıb gələn acını -
Hər zaman vüsal aradı -
ÜMİD!

...Sığınıb soyuq bir küncə
Xəyaldan özünə dönür!..
Tay özünü qoymur dincə
Sadəcə, şam kimi sönür -
ÜMİD!

Bir yerə

Bir ovuc darıtək dağılıb fikrim
Cəm edə bilmirəm onu bir yerə!..
Təsbeh çevirirəm , düz gəlmir zikrim -
Toplanmaq istəmir sonu bir yerə!
Daşa toxunantək dəyib qayıdır,
Əl atıb bir budaq əyib, qayıdır...
Xəyalım gerçəyə deyib , qayıdır -
Nə vaxt yığışacaq 10-u, bir yerə?!.
Əlim göz yaşımda, sözüm kağızda
Bir ad bala dönüb vallah , ağızda!..
Belə gül görməyib heç bağınız da-
İz salıb könlümə - qomu bir yerə!
Ruhumda şeh izi, ağlımda işıq
Tükənib qalıbdı səbir bir qaşıq!..
Əbülfət olandan dəli bir aşiq -
Baxır gecə- gündüz yönü bir yerə!

Təkliyim...

Əsib içimdən keçir
Yol azmış külək kimi...
Kəsib, içimdən keçir ,
Yumruqlu bilək kimi -
boyat təkliyim!..
Yol daranır gözümdə,
Döngələrdə büdrəyir...
Atəş saçan közüm də
Soruşmadan kükrəyir-
Soy, at, təkliyim!..
Ağrılarım daş döyən,
Məlhəmim də səbirdi...
Ötür bomboz yaş , deyən
Mənə gerçək cəbirdi -
Həyat, təkliyim!..
Canımdan püskürən ah,
Çırpıb gözdən yuxumu...
İnsaf edib sən sabah ,
Silkələyib ruhumu -
Oyat, təkliyim!..

Əl çək...

("Yaşanan bir anın pıçıltısı - Əl çək və bil ki, bəzən köməyə Allah da, söz də çatmır"-bir məktubdan...)

Əl çək"-deyir sevməkdən,
Yəni, həyatdan əl çək!..
Bezdirmədi geyməkdən -
Səni bu həyat əlcək?!-
Əl çək...

Görünmə, nə var olma...
Yoxdu sənə gələcək!..
Hər an sınıb , xar olma,
Nə də ömrü şəllə, çək!-
Əl çək...

Özünə bax, ona bax
Kimliyini ələ, çək...
Sən bir təpə, o da DAĞ -
Gör heç uyğun gələcək?!-
Əl çək...

Bax , əzilən daş qumdu,
İstəyirsən , hələ çək!
Bir də gördün yaş umdu -
Gözlərini, bələ, çək!-
Əl çək...


Gəzirəm

Mən gecədə gündüzün
damarını gəzirəm...
Kədərin köntöyünü -
hamarını gəzirəm!..

Dizimə dəyən daşın
Kiprikdə donan yaşın...
Hər an çatılan qaşın -
tumarını gəzirəm...

Yıxıldığım nöqtədə
Güldü mənə nöqtə də!
Bu ömürə diqtədə -
nübarını gəzirəm!

Bal yoxdu, sözün təki
Odur ki, özündəki
Gözümün gözündəki -
xumarını gəzirəm!..


Özü bilir...

Üzü günbatana boylanır, baxır
Nələr düşündüyün bir özü bilir...
Gözündən qəm damır özündən ağır -
Çözülməz sirdi bu, sir - özü bilir!..

Durna qatarından düşən lələk də
Boğulan arzudu , elə bələkdə!
Sovurub ələyir ömrü ələkdə -
Kimə qurban deyib, Pir özü bilir!..

Çırpınan bu yorğun ürək uçuq dam,
Tənhalıq əlindən bir gün uçar tam!..
Bir duam qalıbdı gərək uçurdam -
Göyə,bu duamı BİR özü bilir!..

Adi bir səhnədi boylanıb baxmaq,
Atəşə təkandı barmaqda çaxmaq!..
Araza sarılıb Xəzərə axmaq -
Bu necə vüsaldı? - kür özü bilir!!


Yumul gözlərim, yumul...

Özünə o, gözü sən
bağlaya bilmirsənsə...
Özündə o, gözü sən
saxlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

Didən lilin mədəni
daşdı qəmin bədəni !..
O vaxtı, bu vədəni
ağlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

Bir cüt şam tək yanaraq
yana-yana anaraq...
Özünə inanaraq
çağlaya bilmirsənsə -
yumul gözlərim, yumul...

O dağı, bu dənizi
öpdüyün o bənizi...
Ürəyinin əkizin
tağlaya bilmirsənsə -
yumul, gözlərim, yumul...


Sənin ad günün

(Köhnə dəftərdən " Bir Qadına"...)

Nə qədər etsən də sən, inad, günüm -
Sənin ad günündü - mənim şad günüm!..
Digər günlərimi sayıb " yad" günüm -
Qafiyə gəzmədim misralarıma...

Günəş qaranlığın yaxasın sökdü,
Baxışım sevgimi üstünə tökdü!..
Ömür özü hopdu, ruh özü çökdü -
Mən heç nə düzmədim misralarıma!..

İstəyim "SEVİRƏM!" - o bir sətirdi,
Adının yozumu dalğa gətirdi!
Şerim bəyəndiyin köhnə ətirdi -
Sən dodaq büzmədin misralarıma!..

Dilimi sevgiyə adınla açdım,
Hər kəsdən sevdiyim qadınla qaçdım !..
Mən sözün başına çox oyun açdım -
Saxtasın süzmədim misralarıma...


Kitablaşan yuxularım...

Sən yuxuma qor səpmisən qovrulur
Tüstüsü də üzərliyi andırır...
Bu yuxunun külü elə sovrulur -
Zərrəsi də ürəkləri yandırır...
Düşünməki nəm çəkəndi yastığım,
Mən üzümü şəkil üstə qoyuram...
Səhərəcən ürəyimə yazdığım -
Misraları yaddaşıma oyuram...
Gecələri mənimlədi səsin də
Hakimisən yaşadığım hər anın...
Mən ömrümü bir Məhəbbət dərsində -
İmtahandan keçirirəm inanın!..
...Min cilidlik bir kitabdı bəllkə də
Sənlə keçən məqamlarım yuxuda!
İnsafa gəl, çəkilib bir kölgədə -
O kitabın bir vərəqin oxu da!

Edirəm...

Öz-özümlə söhbətdə
Günü axşam edirəm...
Gözlərimdə gecəni -
Yanan ağ şam edirəm!..

Tükəndikcə səbirim
Şaxələnir cəbirim!
Əl isitmir hənirim -
Boyat bir tam edirəm...

Ruhumdakı tərdimi?
Dərib günə sərdimi?!
Böyüdürəm dərdimi -
Onu adam edirəm!..

Düşməmək üçün gözdən,
Tonqal çatmaqçün közdən...
Özümü asıb sözdən -
Bəzən , edam edirəm!..


Alsın

Ruhumu bir layla üstə -
oxşa gül tək , bağla dəstə...
Səsin olsun həzin bəstə -
Ruhum səndən həvəs alsın!..

Göz önündə duran cisim
Həm sifətdi, həm də isim!
Səni yoran sözüm, səsim -
Hardan , nədən əvəz alsın?!.

Öyrəşibdi yerişə yol,
Dönür bəzən verlişə yol!
Dur, özünü ver işə, yol -
Cana gəlsin, nəfəs alsın!

Çatmadı...

Ürəyimi kiritməyə
Gözümün yaşı çatmadı...
Həsrətimi üyütməyə -
Dəyirman daşı çatmadı...

Qaranlıq çökdü gözümə,
Kül pərdə çəkdi közümə...
Bir ümid qoşdum özümə -
Yaşıma yaşı çatmadı...

Əbülfət qumun ələdi...
Qatqıya, suya bələdi...
Hörüb Daş adam elədi -
Düşünən başı çatmadı...

***

Səpdim hənrimi şeh tək
Tellərinə mən bir-bir...
Qatdım səsimi meh tək -
Səsinlə oldu əlbir...

Ruhumu çətir etdim
Yanınca gəzdim, getdim....
Hər kəsə, haya yetdim -
Ömrüm olsa da xəlbir!..

Könlümdə ümid şüydü,
Bu şüy tumurcuq düydü!..
Dizimə yollar döydü -
Sən də bir fikir bildir!

Məktub...

Qələmlə, gözlə yazıram...
"Özünü gözlə!.." yazıram
Ən isti sözlə yazıram -
oxuyanda biləcəksən...

Tapıb bir forma - yazıram,
Uyğun bir norma - yazıram...
"Özünü yorma!" - yazıram -
oxuyanda güləcəksən!..
"Özünü şux tut!" - yazıram,
"Özünü sıx ,tut!" - yazıram...
"Əlimdən, çıx tut!" - yazıram -
oxuyanda gələcəksən...

...Sünbül, sən dəndən yazıram,
Bülbül mən, məndən yazıram ...
Hər an, mən səndən yazıram -
Bu günsən, həm gələcəksən!

Həyatım

Zərbələri dözülməzdi,
Qayğıları çözülməzdi...
Dil anlamaz, söz bilməzdi -
həyatım!..

Yoxuşları yeniş namlı,
Qəm sfrəsi geniş, tamlı...
İşıqları sönmüş damdı -
həyatım!..

Nəm çəkdikcə üzüm üzdə,
Gün qaralır üzümüzdə!..
Boğulur, gah üzür üzdə -
həyatım!..

Elat köçüb, kənd qalıbdı
Çay süzülüb, qənd qalıbdı...
Bir qadına bənd qalıbdı -
HƏYATIM!..

XƏYAL ŞEİRİ

Ürəyimdə bir havanı zümzümə,
Xəyalımda bir yanağı öpürəm....
Bir baxışı bənzədərək Zəm-zəmə -
Həm içirəm, həm gözümə təpirəm!
Calayıram duanı da, vaxtı da
Toxtatmağa vəsilə tək, ürəyi!
Bir şairin boy biçimi baxtı da -
Xatırladır , vaxtsız əsən küləyi!
Baş qatmağın min yolunu arayıb
Tək birinin girişində dururam...
Hansı güman istəyimə yarayıb -
Bu sualı mən üzümə vururam!..
Ürəyimin havasında sızıltı,
Xəyalımda əvəzlənir şəkillər...
Bu dəfə də göz yaşımla cızıldı -
Bəbəyimdə həsrət tingi əkirlər!


Gecə ağrılarının ŞEİRİ

Ovutmağa çalışıram özümü,
Bir az divar söhbətiylə, bir az da -
Düz divara zilləyəndə gözümü -
Kipriyimdə lil bağlayır Araz da!
Nömrəsinə zəng etmədən heç kimin
Qulağıma gətirirəm səsləri...
Qapısında Xatirələr köşkümün -
Növbə tutmuş görürəm çox kəsləri!..
Elə bil ki, dilimlənir varlığım
Ağrıların çeşididə çoxalır...
Qəmdi indi sinəmdəki yarlığım -
Canım onun caynağında yuxalır!..
Dizlərimi yumruqlayır öz əlim
Səsin boğub küsdürürəm özümdən...
Hiss edirəm , ağrı adlı gözəlim -
Gətirəcək , bu gecəni gözümdən!..

Günümün şeiri

Yenə havalanıb, yenə yol ölçür
Sığışmır heç yerə o, əl-qol ölçür...
Nəyi də ölçürsə yaman bol ölçür -
Ümid işığına söykənmişəm mən!
Baxmayıb irada, nə də öyüdə
Dar sayıb özünə yeri, göyü də!
Ruhumu sərərək salxım söyüdə -
Bir durna səsinə köklənmişəm mən!
Fikrimə gətirib ağın əksini,
Həmin an düşündüm dağın əksini!
İndi yaşadığım çağın əksini -
Anıb, yad eləyib kövrəlmişəm mən!..
Bir dərin quyuya atıb daşını,
Onu çıxarmağa qatıb başını...
Ayların qoynunda yatıb, yaşını -
İlləri sayanda öyrənmişəm mən!
Sağımda, solumda yarpaq tökümü,
Sıxıb qucağına torpaq kökümü....
Zaman yorğun saldı vaxtsız lökümü -
Qalmışam ortada - təklənmişəm mən!


Mən indi...

Budaqları çırpılmaqdan göynəyən
Tut ağacı halındayam mən indi...
Buludunun bir ucunu göy döyən -
Get!-inndə həm, qal!-ındayam mən indi...
Çəkə, çəkə ağrıların zülümün
Dodaqların çartlatmışam günümün!
Bax, üzünə güldüyüm bu ölümün -
Saçlarının çalındayam, mən indi!..
"Ah" isinən ürək adlı otağın,
Həsrətindi açıb, yığan yatağın!..
Zirvəsində qar tarlanan o dağın -
Günəş batan yalındayam mən indi...
Toxtaqlıqdı dünənimin seyiri,
Kimdi dəlin, Əbülfətdən qeyiri?!,
Hansı vədə, oxusan bu şeiri -
Biləcəksən yanındayam mən indi!


Alır...

Bu nə gözəllikdi, bu nə baxışdı
Könlümü coşdurub, canımı alır...
Sevgi talehimə düşən naxışdı -
Ruhumu oynadıb, qanımı alır!
Bir özgə aləmdi səsinin mehi,
Sinəmə səpilir kipriyin şehi!
Məni bu gecənin eləyib behi -
Səhərə açılan Danımı alır!
Ulduz düzümünü boynunda gördüm,
Yuxuda özümü qoynunda gördüm ...
Ağlımı, özümlə oynunda gördüm -
Dünyanın bir mələk xanımı , alır!

Buz baxışın ŞEİRİ

Buzu qan dondurur baxışlarının,
Artırır iflicin hərəkətimin...
Gücü, həsrət adlı yağışlarının -
Dadını qaçırır bərəkətimin!..
Qəddi düyünlüdü sənsiz günlərin,
Ovmaqla , heç cürə çözülən deyil!..
Sərçə dimdiyində dənsiz dinlərin -
Verdiyi fətvalar dözülən deyil!..
Hər zaman kəsiyi ömür itgisi -
Axtarış istəyi - ilğımı tutmaq...
Yaman artımlıdı qəmin bitgisi -
Nə çiynəmək olur, nə də ki, udmaq!..
Çəkisin bilmədən yorğunluğumun,
Edirəm qatqılı yük, ürəyimə!
Buzun əritməkçün soyuqluğunun -
Sən onun parasın bük, ürəyimə!..

Gecə nağılı...

Yağış kəsir, ayazıyır göy üzü
Ulduzların gözü gülür bu anlar...
Bilmirdim ki, belə vaxtda , mən düzü -
Göyərəcək dodağında suallar...
Telefonuma zəng çatmayıb? - səbəbi -
Yozulacaq neçə yerə bu günah!..
Gözlərinin gözlərimdən tələbi -
Uçuracaq sinəmizdən neçə ah!..
Yaşanacaq yenə həmin küsgünlük
Çırpınaraq qısqanclığın əlində!
Qalxacaqdı aradakı üzgünlük -
Yanaqlarım gizlənəndə telində!..
...Bu yağışın damcıları sayında
Fikir məni üyüdsə də bir anda...
Qayıdıram, mən olsam da hayanda -
O sevgiyə - biz göz- gözə duranda!

***

Ətəkləri yer süpürür dumanın,
Yerişi də ləngərlidi, ağırdı...
Can köynəyi süzülübdü gumanın -
Ürəyimə lopa-lopa yağırdı...
Mən düzəndə, gözdən uzaq bir vələs
Budaqlarım bir-birinə dolaşıb...
Qurutmağa könlün varsa dur, tələs -
Budandıqca kipriklərim bulaşıb...
fikir yükü duz yükündən çəkili,
Həm ruhumu, həm cismimi çökdürür...
Ürəyinə toxuduğun şəkili -
Öz əllərin öz sözünlə sökdürür!
...Ətəkləri yeri öpən gumanda
Güzgü gəzdim gözlərimi görməyə...
Sənsə, məni unudaraq bu anda -
Vaxt qazandın saçlarını hörməyə..

Unudulmayacaq anın ŞEİRİ

Tutulubdu qaş-qabağın, indicə
Hönkürəcək ürəyimin üstünə...
İnanmırsan ? - Diqqətli ol, sakitcə -
Özün də bax, səndən qalxan tüstümə!..
Elə bil ki, gur tonqalı dörd yandan ,
Söndürməyə cəm olubdu bir qoşun!..
Sən qorumu yelə verib yayandan -
Gəldimi de, bu yanmaqdan heç xoşun?!.
Tək qalmağın meydanında var-gəlim,
Son sınaqdı, yoxsa kökdən qırılmaq?!
Bu qış günü puçurladı can tərim -
Bax bu imiş, tənhalığa sarılmaq!..
Gah özümü, gah ürəyi danladım -
Dedim bir az, mən çevrəmi güldürüm!
Kimliyimi dərk elədim, anladım -
Əgər gecsə, de, özümü öldürüm!..

HALSIZLIĞIN ŞEİRİ

Bir qəriblik kölgə salır üstümə,
Sıxılıram, darıxıram və bir də...
Ruhum yanır içimdəki istimə -
Tüstülənir, öləziyir səbir də!..
Canım sanki, didiklənir, didilir
Əl- ayağım kösövləşir, quruyur...
Dözümünü yarı canım itirir -
Bu səbəbdən həzin-həzin uluyur...
Əl qələmə, qələm isə kağıza
Bir az incik, bir az yorğun göz qoyur....
Dörd misranı daddırmaqçün ağıza -
Ürək , sözün arasına köz qoyur!..
Uyuşmuram çevrəmdəki kəslərə,
Yadlaşıram açıq- aşkar yuvama...
Köklənməyə gücüm yoxdu səslərə -
Allah, məni qovuşdur son duama!

Dörd divara etirafım...

Mən özümlə söhbətlərdən yoruldum,
Dayanmışam daha üzü divara...
Necə oldu, gülüm sənə vuruldum -
Danışacam. nə var düzü , divara!
Döşəməni Yer sayıram - tapdanmış,
Tavanı da Göy bilirəm - buludsuz...
Kədərimin təmənəsi saplanmış -
Əllərimsə boşda qalıb - umudsuz!..
Səkil kimi söykənmişəm divara,
Bu söykənmək asılmağa bənzəyir...
Mehir salıb öyrənmişəm divara -
Əl izlərim onu hər gün bəzəyir...
Dörd divarda səsim, kölgəm yazıdı
Nöqtə nöqtə axıracan hopmuşam...
Məndən təkcə bu dörd divar razıdı -
Sükutunun yaxasından qopmuşam!..


Mən...

Dinib, danışmaq fikrim yox,
Səsimin baş daşıyam mən...
Çəkdiyim bu həsrətlə çox -
İnanmıram, yaşayam mən!
Ələnən günün sonunda
Nə qaldı ümid donunda?!.
Zənnimcə elə onun da -
Tanıdığı naşıyam mən.
Olsam da sıradan bəndə
Şahiddi Allah da, sən də...
Nişan üzüyüyəm səndə -
O üzüyün qaşıyam mən!..

Dönsün

Daş düşsün durduğum yerə,-
Göyərsin, adama dönsün...
O yer, mənimlə son kərə -
Adamsız adaya dönsün!..
Sərib səsimi qurutsun,
Yuyub gözümü durultsun!..
Məni yeritsin, yürütsün -
Anama, atama dönsün...
Özü özünə qısılmaq,
Özü özündən asılmaq...
Özü sözündən basılmaq -
Bir xəyal ədama dönsün!
Bu yaşın urvatsız anı
Kül etdi olan ad, sanı!
Ruhumun tökülən qanı -
Son sözə, sədama dönsün!

Eşq rüsumu

Kipriklərim hürküşdü -
kədərim damcıladı...
Hicran - vüsal görüşdü
qədərim qamçıladı -
ruhumu!..
Dizimi söykək edib
qəddimə divan tutdum...
Xəyalı köynək edib
geyindim və...unutdum -
yuxumu!..
Hər an səcdəyə getdim -
hər halımda yarımı!
Candan əmanət etdim -
Allaha, mən varımı -
yoxumu!..
Ağlımdan fikir ötür,
bilmir, bunu da heç kim!
Məndən məni al, götür
olsun, bir halal eşqin -
rüsumu!


Edər

Saçın salıb kölgəsini sinəmə
Bu kölgəni yağış sandım çiləmə...
Daha mənə başqa heç nə diləmə -
Ürəyimə bu diqqətin bəs edər!..
Qəbul etdim yanaşmanı ağıllı,
Düzdü, bir az bu təsvirim nağıldı!
Gözlərimdən qara bulud dağıldı -
Kipriklərim günə çıxıb səs edər!
Saç kölgəndə körüklənər ovqatım,
Sən ovlayan qəlbə necə ov qatım?!
Özüm olum dili bağlı sovqatın -
An sayanda, dilim bilməz , nəs edər!..
Əbülfətin bəxti atlı, özü dəm
Dəm görünür, danışanda sözü, dəm!
Alovlanmış ocağı dəm, közü dəm -
Gülüb demə, dəmliyi hər kəs edər!


Gəzirəm

Sancmışam gözümü ağ vərəqlərə,
Orda itirdiyim naxşı gəzirəm...
Sıxıb kipriyimi azı min kərə -
Buludun çırpdığım yağşı gəzirəm...

Çətindi həsrətin ütüyü olmaq,
Günün baltalanan kötüyü olmaq!..
Bir az ağrılıdı itiyi olmaq -
Gözümdən yayınan baxşı gəzirəm!..
Sevinc göz yaşımdı, kədər dayağım!
Ulduz qəhərimdi, gecə Ay ağım!
Sözümə baxmır tay əlim, ayağım -
Yenişdə büdrəyib, yoxşu gəzirəm!
Əbülfət ömrünü - yurd seçib qübar,
Qoymur ki, sevinci eləsin nübar!..
Çox da axtarışa bələdliyim var -
Deyə bilmərəm ki, yaxşı gəzirəm!
Uzaq bir xatirənin ŞEİRİ
Gözlərimi bu bəyazlıq oxşayır,
Üstündəki ləpiriylə, iziylə...
Qartopası kürəyimi oxlayır -
Xatirələr gətirərək özüylə...
Qonağına yolu açıq çibimin
Hərarəti hiss olunmur əlimdə....
İlmələri qarışıbdı fikrimin -
İp ucunu axtarıram təlimdə!
Tapmaq üçün " sim-sim"-ini ovqatın,
Yağan qarın dənələrin sayıram!..
Yeni ilin bu yubanmış sovqatın -
Misraların arasında yayıram ...
Əlimdə qar - şəkilimi çəkən an
Dodağımı isindirir yanağın...
Bu xatirə şimşək oldu, sən inan -
Təzələnir o andakı qınağın!..
Məkan fərqli, zaman ötmüş, sevgisə
Ağardıbdı bu illərdə saçını...
Ürəyimiz bu sevgiyə evdisə -
Qoy mən öpüm saçın bəyaz tacını!..

Özümə TƏSƏLLİ

Çıxıb dayanıbdı yolun başında,
Boylanır, axtarır əli qaşında...
Ay Allah, gülmə sən, ahıl yaşında -
Olub il dəlisi , Mədətin oğlu!
Çəkir diqqətini sözün işığı ,
Gözündən boylanan gözün işığı!..
Söndürüb. yandırdın özün işığı -
Olub dil dəlisi, Mədətin oğlu!...
Seyrangah edibdi baxcanı, bağı
Ruhunun şehiylə göyərdib tağı!
Təkcə sən bilirsən, dünyada axı -
Olub gül dəlisi, Mədətin oğlu!
Öpür çiçəyini quru torpağın,
Alır qoxusunu xəşəm yarpağın
Günaha yazmayın belə durmağın -
Olub el dəlisi, Mədətin oğlu!

Kövrək sətirlər

Yazıb ... sildim və sonra
Ağladım sətirləri...
Yaddaşımda bir yolla -
Saxladım sətirləri!..
Düşdüyüm söz tilsimi
Mum elədi hirsimi!..
Hopduraraq hissimi -
Tağladım sətirləri...
İsrar və inad kimi
İçdiyim son and kimi...
Bu şerimə band kimi -
Bağladım sətirləri!

Bakıya yağan qarın TƏRİFİ

Yağarsa qar
üz ağardar
əkinçilə
bərəkət arasında -
gözəllikdi!..
Yağanda qar
üz qaraldar
Bakımızla
hərəkət arasında -
özəllikdi !..
Yağanda qar
sevinməyə
vaxt tapmırlar -
sürüşməkdən,
daha nədən
və adamlar -
gözmuncuğu,
üzərrikdi!..

Əli...

Çırpına- çırpına baxır içimdən
Çatmır istəyimə hələ yar əli!..
Yorulub qayıdıb, sanki biçindən -
Titrəyir, tərpənir - demək var əli!
Nəmini qurutmur kipriyin ucu,
Dünyaya sığışmır, yəqin ki, suçu!
İlıq təbəssümlə kaş versin gücü -
Kasıb ümüdümə onun var, əli!
Hələ tüstülənir odu, ocağı
Əbülfət unutmur , ötən o çağı!..
Könüllü seçmişəm son olacağı -
Bağlasın gözümü onun qar əli!

Qırıq səs...

Hərdən sakit, lal su kimi
Qırışlanır, ləpələnir...
İçimdə ağlayan səsim -
Dodağımda qəlpələnir!..
Divardakı çapıq yeri
Qəlpələnmiş səsin izi...
Ayağı yalın şeirlər -
Görüşdürür ikimizi...
Bax onda da danışmırıq -
Çıxa bilmir səs köynəkdən...
Nəsə deyən olacaqmı -
Bizdəki sınıq örnəkdən?!.
İndidəd son günün çözüb,
Yükünü yığır bir küncə...
Əvvəldən qədərə dözüb -
Səsimi qoyuram dincə!..

Ümüdli ŞEİR

Dan sökülür, işartı
gülümsəyir üzümə...
Göyün yükü boşaldı! -
deyirəm öz- özümə...
Qaranlığı toz kimi
səma çırpır üstündən...
İz də qalmadı, hətta -
ulduzların dəstindən!..
Bəlkə də bir qom bulud
gözümdən köçüb getdi...
Yuxuya qalan umud -
içimdən keçib getdi!..
...Hər dağın öz düzü var
bölünüb heca kimi...
Göyün də tərs üzü var -
gündüzlə gecə kimi!..

Mənim

Sümüklərim sızıldayır, göynəyir
Bu ağrıdan hətta ruhum kövrəlir!..
Sanki kimsə dözümümü öyrənir -
Dözümümün halvasını çal , mənim!..
Bir- birinə sarmaşıbdı ağrılar,
Gözlərimin dibində də ağrı var!..
Köynəyimin cibində də ağrı var -
Yarış olsa , qalib gələn "bal" mənim!
Boş ver getsin, ötəriymiş hay. küyüm
Tək anlarım üst-üstədi. bir düyün!..
Yaraşığım sir deyilki, qoy deyim -
Sinəmdədi sən vurduğun xal , mənim!..
Gördüm söz var, acılıqda soğandı!
Tez unutdum , dilə bəlli çox andı !
Səni sevdim - ümidlərim çoxaldı -
Nişanəmdi. göndərdiyim şal . mənim!

LENTDƏKİ SƏS...

Səsim solub, boyatıyıb
Kül alıb üstün bir az da...
Bir buğum da boy atmayıb -
Olmayıb üstün, bir az da!..
Eşidən qapı bağlayıb ,
Pəncərə çırpıb üzünə...
Səsim içimdə ağlayıb -
Əlin də çırpıb dizinə !
Elə bil qara kağızı
Büküblər səsə kəfən tək...
Quruyub dili , ağızı -
Boğulur, qoyma, dilin çək!..
...Səsimi yaddaş lentində
Xəlvət dindirib dinləyən...
Dəfn elə məni bətnində -
Mən olum, bunu bilməyən!..


(Uzaq illərin ŞEİRİ)

Sən əkən gülləri mən sulayıram,
Gözümün nurunu sərib üstünə...
Təklikdən Boz qurd tək mən ulayıram -
Ağrılı sinəmi gərib üstünə...
İynəm tikiş tutmur,ruhum ilinmir
Qərarsız adam tək vaxtı ölçürəm...
Kipriyin ucunun nəmi silinmir -
Artıq hiss edirəm necə köçürəm...
Mənə ögey baxır. hərdən güllərin
Sanki günahkaram harda, nədəsə...
Sənsiz ötən ilin, ayın, günlərin -
Payıma düşübdü qəmi nədisə...
Bəlkə ya gələsən, ya göndərəsən
Bu incik güllərə öz təmasından...
Üzümü ümüdə sən döndərəsən -
Çəkilsin həsrətin göz səmasından...
...Əkdiyin güllərə həsrət yaşadıb,
Könlümə toxudun qəm naxışları...
Gəlib ötənləri başdan başlayıb -
Sən özün qurula nəm baxışları!..


Kədərin bəy tərifi

Gözümü güldürən kədər,
Ruhumu öldürən kədər...
Yorma heç özünü hədər -
boyuna qurban!..
Günümü xəlbirlik edən,
Qədərlə əlbirlik edən...
Ömrümü səbirlik edən -
soyuna qurban!..
Yeri göynəyən son ahın,
Paylaşdın səsin, sorağın!..
Etdin dəvətsiz qonağın -
toyuna qurban!..
"hoy" deyərək hoyladığn,
Boy söyləyib boyladığın!..
Mənim üçün oynadığın -
oyuna qurban.
Sən ərköyün, başı qallı
Dedim sənə boynu şallı
Dizi xallı, alnı xallı -
Qoyunu qurban...

Aç ümüdün qapısın...

Gözlərimin dibinəcən qəm sızıb,
Elə bil ki, çəhlim salıb - yol ölçüb...
Qədər sevinc badəmi də kəm süzüb -
Üstəlik də yumruq düyüb, qol ölçüb!..
Xəyalımın pəncərəsi taybatay,
Yaddaşımın rəngi bir az soluxub...
İndi ömrüm. təsəvvür et, boş saray -
O da sənsiz tənhalığa yoluxub!..
Çiliklənib ümüd çoxdan gumanda,
Cırmaqlayır yeri, göyü boşuna!..
Bildinmi ki, qalib gəldim dumanda -
Tək canımla göz yaşı tək qoşuna!
Pozmaq üçün ləşgərini buludun
Sevincimi mən ön xəttə köçürtdüm...
Aç üzümə qapısını umudun -
Mən həsrətin işığını keçirtdim!

Təkliyin günah üzü...

Mən özümü yaxalatdım, bilmədən
Marığıma yatıb, duran təkliyə...
Bir az da ki, qurban getdim dinmədən -
İçimdəki baş töhmətim ləngliyə!..
Çox işlərim ləngliyimdən yubandı,
Qınaq yeri özüm oldum sonunda...
Baxışlarım baxışından utandı -
Pərt görəndə baxışını onun da!
Uzandıqca bu uğursuz silsilə,
Mən daha çox unuduldum, təkləndim...
Salınmışdım elə bil ki, tilsimə -
Bu ağılla özümdən də şəkləndim...
... Dayanaraq indi üzü qüruba,
Sıxıram mən içimdəki son ahı...
Deməsəm də, bilirsən bu təkliyin -
Bir azca da səni tutur günahı...

İlin ilk sərxoş ŞEİRİ

 
Dan yeri söküləndə
Dünya mənə yad gəldi...
Xatırlamadım heç nə -
Ağlıma bir ad gəldi...
Gecənin boy ölçüsü
Dan üzünə qədərmiş...
Ömrün bir üzü sevinc -
Bir üzü də kədərmiş...
Bu olmuşlar və bir də
Olacaqlar qaçılmaz...
Gecə səhərə doğru -
Getməsə sübh açılmaz!..
...Ağlımdakı tək adın -
İşığına büründüm...
Sənin, ay sirli Qadın -
Həyatında göründüm...

01  01 2024


RUHUMUN İSTƏYİ

Ötənləri gələnlərin adına,
Calayıram bir-birinə aramla...
Yetmək üçün harayına, hayına -
Yol ölçürəm qaysaqlayan yaramla...
Düyün düşüb ümüdimin kəndiri,
Cəhd yeri də qalmayıbdı çözümə...
Xatırlayıb odu sönmüş təndiri -
Dən verirəm için-için gözümə...
Oxşayaraq bir xatirə budağın,
Nəfəsimlə ilidirəm o , anı...
Qulağıma söykəyərək dodağın -
Dinləyirəm həmin anda olanı!..
Ovunuram bir az belə, bir az da
Öz özümə dərs keçirəm ağıldan...
Tay içimdə kişnəyən son muraz da -
Növbə tutub - birincidi axırdan!..
... Ötənlərin hər zərrəsi bir kitab -
Yazanı Sən , oxuyanı bu bəndən!
Baxışın da ən mükəmməl bir xitab -
Xoşbəxt elə, sən ruhumu busəndən!..

 31.12 .2023

YUXU XOŞBƏXTİ

Saçlarını üzümə sər bu gecə,
Səhərəcən mən ətrini qoxlayım...
Arada bir sayıb, öpüb, beləcə -
Bunun ilğım olmadığın yoxlayım!..
Ocaq qala nəfəsinlə sinəmdə
Ürəyimin oduna od qatılsın...
Mən unudum özümü də bu dəmdə -
Balıq ruhum dizin üstə atılsın...
Gözlərinin işığında bir misra
Dodağımdan dodağına ötürüm...
Qoy təziqim enib düşsün sıfıra -
Təki səni mən yxuma götürüm!..
Saçlarının təmasından bu gecə
Ulduz sayı vüsalına bayılım...
Bu yuxumla Xoşbəxt oldum gör necə -
Öpmə məni, qorxuram ki ayılım!..

30.12.2023

Mənzərə

Nəriltisi at oynadar dərədə
Fərqli -fərqli hal oyadar hərədə...
Sular coşar, lap boy atar , bərədə -
Sel belə...sel belə...sel belə...

Min illərdi dəyişmədən peşəsin
Qəm şumlayar ürəyin hər guşəsin!..
Döyəcləyər pəncərənin şüşəsin -
Yel belə...yel belə...yel belə...

Bulud sıxar öz - özünü - durular
Bir işığa yüz pərvanə vurular...
Yar əlinin təmasından burular -
Tel belə...tel belə...tel belə....

Dil lal olər, istəkləri göz deyir
Döz halına, dözümünü çöz deyər!
Hər aşiqin barəsində söz deyər -
El belə...el belə...el belə...

Çırp ağrını vücudundan toz kimi...
Yaz dəftərə, ya istəsən poz kimi...
Bəxt ağacın bar verməyən qoz kimi -
Selbələ...selbələ...selbələ!..

Ömrü ələ, günü çevir tərsinə...
Hazırlıqsız açılmaz ki, tər sinə!...
Ay Əbülfət, sən məhəbbət dərsinə -
Gəl hələ...gəl hələ...gəl hələ!

 29.12.2023
Küləklər şəhəri

Yenə ulayır külək
Şəhər küçələrində...
Biləcək nələr uçub
səhər, küçələrində -
Bakı...

Bir qaydasz döyüşün
Olub geniş meydanı...
İdarə edə bilmir -
külək donlu " şeytanı" -
Bakı!

Pəncərələr az qalır -
küsüb getsin yerindən...
Bir təhər nəfəs alır
boğularaq , dərindən -
Bakı...

Əl uzadır adamın
gözünün dibinəcən...
Külək nəsə axtarır
adamın cibinəcən -
Bakı!..

Şikəst olur ağaclar
Aparır neçə damı...
Küləklər şəhərisən
sirrini bilir hamı-
Bakı!..

Yandırdım...

Xatırlayıb olanların dadını,
Allah üçün pıçıldadım adını...
Səndən alıb, ay dünyamın Qadını -
Ürəyimdə ümüd qoru yandırdım !..
Yardımına güvənərək ağlımın,
Yolun çözdüm əvvəlimin, axrımın!
Məlhəm olsun, deyə ürək ağrımın -
Mən hörülmüş neçə toru yandırdım...
Qaçılmazdı - yazılan an gələcək,
Həyat özü kiprikləri siləcək!..
Bu gün tezdi, ertəsi gün biləcək -
Özüm yandım, həm də goru yandırdım!
Əbülfətin izi tozda itəcək,
Bir sevgini bitirəcək...bitəcək!..
Ruhu sənin harayına yetəcək -
Çox söylədin "Canı qoru!" ,- yandırdım...


O, BOYDA

Göy adamı deyiləm -
yoxdu ərkim o boyda!..
Göydə də doğulmadım -
olum mən də o, boyda!..
Yerdə bəndə - fağıram
su tək səmtə axıram...
Üzü göyə baxıram -
versin mənə o, boy da!..
Mən görkəmdə, biçimdə
gün kül oldu içimdə!..
Sönür daha içim də -
kimə lazım bu boy ta?!

Yuxusu olmayan gecə ...

Kirpikləri görüşməyə qoymadım
Səhərəcən qaranlığı üyütdüm...
Şəkillərnən danışmaqdan doymadım -
Ürəyimdə bir ümüdü böyütdüm!..
Səslə açdım dan üzünün qapısın
Ulduzları yola saldım - əl edib...
Kaş ki, mənim axtardığım tapılsın -
Görüm Allah istəyimi həll edib...
Cığırını tapdamadan xəyalın,
Gülümsədim üz-gözünə kədərin...
Bu gecənin , mən ən qəliz sualın -
Qarşısına çıxartmışdım qədərin!..
İz düşdükcə vərəqlərin üstünə
Lap sərtləşdi fikirlərin düyünü...
Bu məlumdu, həsrət durub qəsdimə -
Xatirəylə yola verim bu günü...

Göz ovunun mənzərəsi

Başqa qapı tanıtmadın sən mənə , 
Göz ovunu bəyəndirdin əzəldən...
Daha gərək qalmayıbdı demənə -
Sünbül olub,yoxsa səncə , əzəl dən?!.
Can varlıqsa yaşam ona biçilib,
Zaman özü zərgər gözlü dərzidi...
Bir-birində yaşadıqca keçilib -
Yaranışdan bu da, həyat tərzidi!..
Ütüsüz də sətirləşən sözləri,
Puçurlatdım mən dəli bir həvəslə...
Yalnız sənə aid olan söz ləli -
Boyunbağın elədim mən nəfəslə!..
... Bir ünvanı qiblə bilib - pir etdim
Ətəyində namaza da dayandım...
Mən yuxuya ayaq üstə getmişdim -
Ona görə pıçıltıya oyandım...

Əsəb ŞEİRİ

(Ünvanlı)

Onun "adam" olmağı
Adamlığa ar olur!..
Sürü tutur dörd yanı -
Adamlıq da xar olur!..

Çayırlaşır mərəzi,
İtir ölçü - tərəzi!
Sözün, lap əl-qərəzi -
Yer kiçilir, dar olur!..

Yuvadı nəfsə, kinə
Quluq edir hər dinə!..
Düz sözə, xoşbəxt günə -
Göz kor, qulaq kar olur!

Bu yalaqdan saf ürək -
Sınır, olmur tay gərək!..
Kəsilmiş halal çörək -
Dönüb zəhrimar olur!


SÖZ anı...

Mənim söz dünyamın yönü Günəşə,
Hava qaralanda Aya doğrudu...
İsti göz yaşından duyuram nəşə -
Saxta təbəssümsə gizli qorxudu!
Yarımçıq sözlərlə , qısır fikirlər
Ruhumu içindir, qəlbimi üzür...
Gedir , elə bil ki, boşa zikirlər -
Qələm də zarıyır, vərəq də küsür...
Yeri cırmaqlayır, vaxtı ələyir
Dilim, ucundakı hər biçimdə söz...
Qəlbimi ümüdə büküb bələyir -
Göyərən ən halal, tər içimdə söz!..
... Boylanıb yaxına, uzağa baxıb
Qururam xəyalda asma körpü də!
Ruhumdan dodağa bir şeir axıb -
Kaş ki, oxucunu yerdən tərpədə!..

Bir havasızlıq anı

Ağrı yükü çəkisizdi bu anın
Nə daş deyil, nə duz deyil, nə dəmir...
Kəsərini hiss etmirəm duanın -
Ürəyimə bu ağırlıq hey damır!..
Çiyinlərim qollarımın hayında,
Dizlərimin gücünə də şərikdi...
Allahımın mənə sevgi payında -
Sevən bilir , yer iki nəfərlikdi!
Ölçməsəm də qucağımın tutumun
Bilirəm ki, sığar onun dünyası...
Bircə anlıq " Eşq havası" udumun -
İstəyəndə olmaz məni qınyası!..
Bir istəklə kökləndiyim bu ömür,
Əsirinə çevrilibdi bir anın!
Gözlərimə bulud gəlir , bəxt çönür -
Düşmür mənə tay havası buranın!..

Gedir...

Səs kimidi , lap uzaqdan
Nəfəslə görüşüb gedir...
Üşüyür sanki, sazaqdan -
Əlimdən sürüşüb ...gedir!
Yeriyir, amma təngiyir
Odu, alovu səngiyir!..
Aşkar büdrəyir, ləngiyir -
Sıxılır, bürüşüb...gedir!
Bu sirrin açması bəlli
Sormadan qaçması - bəlli...
Əbülfət , ömür təsəlli -
Vermədən , yetişib ... gedir!

Həyatımız...

Çiçək açıb, göz oxşayır kədərim
Duruşu da diqqət çəkir andırın...
Deyirsiniz yəqin budur qədərin -
Bu məntiqlə məni siz az yandırın!..
Gücü artır qollarında təkliyin
Çəkir məni hücrəsinə sorğusuz...
Elə bil ki, biçib yığır əkdiyin -
Üşənmədən , açıq-aşkar, qorxusuz!..
Bu məlumdur, bəndə çəkir, yaşıyır
Ağrıların topasın da, təkin də!..
Biz ağrını, ağrı bizi daşıyır -
Hərəmiz də ayrı- ayrı şəkildə!
...Dünyamızın nizamı bu, düzü bu
Görə görə, baxa-baxa keçirik...
Həyatımız bir ləçəkdi - üzü su -
Təbəssümə, həm də aha köçürük!

Nimdaş dərd...

Geymişəm təzə vaxtında
əynimdə nimdaşı çıxıb...
Bu elə dərddi baxtımda -
yükün ürəyimə yığıb!..
Gücüm səssiz öləziyib,
Baxıram gün dalınca...
İlıq göz yaşı bəzəyib -
naxış salaraq balınca!..
Torranıb tavan küncləri
hörümçək görüb öz işin...
Cücərib kədər tingləri -
ürəyə sancaraq dişin!..
Əzginlik sallaşıb candan,
Həvəs də donub, buzlayıb...
Təklik ömrə yol açandan -
Ruhu da döyüb, duzlayıb...
... Könüllü geyib bəyəndim
biçilib zərgər gözüylə...
Sevginin dilin öyrəndim -
Qalsam da sönmüş közüylə...

Yuxusuzluğun ŞEİRİ

Bu gecəm də gündüzüm tək doluxsunub,
Bir "him" gəzir üz-gözümə çilənməyə...
Ümidimin ayağı həm qolu sınıb -
Oturubdu ürəyimdə dilənməyə...
Düyün düşüb, çözmək olmur fikirləri
Xəyalın da gücsüzlüyü bilinibdi!..
Göz yaddaşım saxlayırdı şəkilləri -
Kövrəldikcə bir neçəsi silinibdi...
Yumruqlanıb əl çənədə, ya da dizdə
Sıxıldıqca dırnaqlarım ovuc didib...
Bu gecə mən dərədəyə, yoxsa düzdə -
Ətrafımdan hamı qaçıb, hər şey itib...
...Doluxsunmuş bu gecənin və bu günün
Harasında dayanım ki, yıxılmayım...
Halımı gör,sən dilinin aç düyünün -
Adımı çək,- nəfəs olsun, sıxılmayım!..

Atmadım

 
Mən özümü heç vaxtı-
vaxt ağzına atmadım...
Yaşamaqçün bu baxtı -
xətir üstə yatmadım!..

Gecəmi göz ələdi,
göz gözə göz elədi!
Sevgim bir gözələdi -
ha yüyürdüm çatmadım...

Qəm olsa da yaşıdım,
ürəyimdə daşıdım!..
Göz yaşımdan yaş idim -
boğulsam da, batmadım... Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see266

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see212

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see208

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see207

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see201

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see196

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see194

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see177

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see175

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see175

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see175

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see174

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see173

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see172

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see172

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see170

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see165

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see164

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see163

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri