FİFA da Dembeleni seçdi!
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çərşənbə axşamı Qətərin paytaxtı Dohada FİFA-nın ilin yekunlarına aid tədbiri keçirildi və “The Best” mükafatının bütün nominasiyalar üzrə qalibləri bəlli oldu.
Bəribaşdan deyək ki, ən nüfuzlu mükafatı, yəni ilin ən yaxşı futbolçusu adını, gözlənildiyi kimi, PSJ-nin üzvü Usman Dembele qazandı. Fransalı ulduz “Qızıl top”un ardından bu mükafatı da qazanmaqla 2025-ci ildə hər kəsdən bir baş üstün olduğunu göstərdi. Bu yazıda sizi FİFA-nın tədbiri, eləcə də səsvermənin nəticələri ilə bağlı ən maraqlı detallar ilə tanış edəcəyik.
Ötən il həyəcan daha böyük idi
Əvvəlcə qeyd edək ki, futbolçuların konkret 11 avqust 2024 – 2 avqust 2025 aralığındakı performansı əsas götürülüb. Səsvermə dörd kontingent əsasında aparılıb. Söhbət yığmaların kapitanları, baş məşqçiləri, FİFA-ya hər üzv ölkədən olan bir jurnalist və fanatlardan (onlayn sorğu) gedir. Hər kontingentin belə desək, 25 faiz çəkisi olub. Səsvermədə iştirak edənlərin hər biri öz “3-lüy”ünü seçib. Birinci yerə 5 xal, ikinci yerə 3 xal, 3-cü yerə 1 xal verilib. Sonra da bütün kontingentlərin səsverməsinin nəticələri ümumiləşdirilib.
Maraq üçün bildirək ki, Dembele 2024/25-də PSJ ilə Çempionlar Liqası da daxil olmaqla 4 titul qazanıb. Eləcə də 53 rəsmi oyunda hesabına 35 qol, 14 məhsuldar ötürmə yazıb. Yəni onun bu mükafatı qazanmasını heç bir halda haqsızlıq saymaq olmaz. Dembeledən başqa mükafata onun PSJ-dəki komanda yoldaşları – Vitinya, Nunu Mendeş (hər ikisi Portuqaliya yığması), Əşrəf Hakimi (Mərakeş), eləcə də Kilian Mbappe (“Real”, Fransa), Harri Keyn (“Bavariya”, İngiltərə), Koul Palmer (“Çelsi”, İngiltərə), Məhəmməd Salah (“Liverpul”, Misir), Lamin Yamal, Pedri (hər ikisi “Barselona”, İspaniya) və Rafinya (“Barselona”, Braziliya) da iddialı idi. “Qızıl top” uğrunda səsvermədə olduğu kimi, Yamal burda da 2-ci yeri tutdu. Amma “Frans Futbol”un səsverməsindən fərqli FİFA-nın səsverməsində 3-cü pillə Vitinyaya yox, digər fransalı ulduz Mbappeyə qismət oldu. Dembele mükafatı alandan sonra bunları dedi:
“İlk növbədə bütün komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Bir işə can qoyanda gec-tez bunun bəhrəsini görürsən. Ailəmə, eləcə də birlikdə möhtəşəm mövsüm keçidriyimiz PSJ-yə təşəkkür edirəm. Canni İnfantinoya da minnətdaram. Ad günümdə onun mesajını aldım. Ümid edirəm ki, gələn il də bu səhnəyə çıxmaq mənə qismət olacaq”.
Bu, ümumilikdə “The Best” mükafatının 10-cu tədbiri idi. 2016-cı ildən bəri FİFA ilə “Qızıl top”un nəticəsi cəmi 3 dəfə fərqlənib. 2021-də “The Best”i Robert Levandovski qazandığı halda, “Qızıl top” Lionel Messiyə verilmişdi. Növbəti il “Qızıl top” Kərim Benzemaya qismət olduğu halda, Messi bu dəfə FİFA-nın sorğusunda qalib oldu. Ötən il də fikirlər haçalandı. “Qızıl top” sürpriz şəkildə “Mançester Siti”li Rodriyə qismət oldusa, “The Best” “Real”lı Vinisiusun oldu. Ötənilki tədbir bu baxımdan fərqlənərək builkindən daha maraqlı və həyəcanlı keçdi. Çünki “Qızıl top”a həsrət qalan Vinisiusun ən azı FİFA-nın sorğusunda qalib gəlib-gəlməyəcəyi maraq doğururdu. Amma bu il Dembelenin yenə hər kəsi üstələyəcəyi, demək olar, əvvəlcədən bəlli idi.
Rafinyaya münasibətdə yenə haqsızlıq edildi?
Digər nominasiyaların qaliblərindən də danışaq. Luis Enrikenin ilin ən yaxşı məşqçisi olacağı gözlənilirdi. İspaniyalı çalışdırıcı 2025-ci ildə klublararası DÇ istisna olmaqla PSJ ilə mümkün hər şeyi qazandı. Həlledici səsvermədə o, “Barselona”lı Hans-Diter Fliklə “Liverpul”lu Arne Slotu qabaqladı. İlin ən yaxşı qapıçısı nominasiyası yenə PSJ-liyə qismət oldu. Düzdü, Canluici Donnarumma hazırda “Mançester Siti”nin şərəfini qoruyur. Amma ötən mövsüm Paris nəhənginin titulları sıralamasında onun da danılmaz rolu olmuşdu. İlin rəmiz yığması ilə də tanış olaq: qapıçı - Canluici Donnarumma (PSJ/”Mançester Siti”); müdafiəçilər - Əşrəf Hakimi, Vilyam Paço (PSJ), Nuno Mendeş (hamısı PSJ), Vircil van Diyk (Liverpul); yarımmüdafiəçilər – Cud Bellingem (Real), Pedri (Barselona), Vitinya (PSJ), Koul Plamer (Çelsi); hücumçular – Lamin Yamal (Barselona), Usman Dembele (PSJ).
Ötənilki tədbir “Real”ın hegemonluğu şəraitində keçmişdisə, bu dəfə PSJ “ağalıq etdi”. Ötən il rəmzi yığmada “Real”ın 5 üzvü var idisə, bu dəfə Donnarummanı da nəzərə alsaq, Paris nəhəngindən rəmzi yığmaya 6 futbolçu düşüb! Səsvermənin nəticələrindən narazı qalan əsas isimlər “Barselona”lı Rafinya ilə onun həyat yoldaşı Nataliya Rodriges Belloli oldu. Əla mövsüm keçirməsinə baxmayaraq, “sambaçı” “Qızıl top”u qazana, səsvermədə heç “3-lüy”ə də düşə bilməmişdi. Rafinya bu dəfə də eyni aqibətlə üzləşdi. “3-lüy”ə düşə bilməməsi azmış kimi, o, ilin rəmzi yığmasında da kənarda qaldı! Rafinyanın xanımı buna aid bir neçə etiraz paylaşımı etdi. Hətta bir paylaşımında “bəlkə Rafinya futbolçu yox, basketbolçudu? Onlar artıq bunu inkar etmirlər” sözlərini yazdı. Digərində isə Rafinyanın mövsüm ərzində hesabına 62 məhsuldar hərəkət yazması ilə bağlı paylaşım etdi. Amma çox keçmədən bu paylaşımların hamısını sildi. Açıq danışsaq, “transfermarkt” saytının versiyasına görə hazırda dünyanın üç ən bahalı futbolçusundan ikisi – Mbappe ilə Holann ilin rəmzi yığmasına düşə bilməyibsə, Rafinyanın ora düşməməsi faciə sayılmamalıdı.
İlin ən yaxşı qolu harda vurulub?
“İndependyente”nin 25 yaşlı vingeri Santyaqo Montyel ilin ən yaxşı qolunun müəllifidi! O, bu ilin mayında Argentina çempionatında “İndependyente Rivadaviya” ilə qarşılaşmada başı üzərindən akrobatik zərbə ilə vurduğu möhtəşəm qol sayəsində bu nominasiyada qalib gəlib. Digər pillələrdə hazırda ÇSKA-da top qovan Alerrandroun avqustun 19-da “Vitoriya”nın heyətində “Kruzeyro”ya vurduğu qol, Yamalın mayın 15-də “Espanyol”a vurduğu qol, eləcə də “Arsenal”lı Deklan Raysın aprelin 8-də ÇL-də cərimə zərbəsindən “Real”a vurduğu qol qərarlaşıb. Aytana Bonmati ilin ən yaxşı qadın futbolçusu seçilib. Özü də “Barselona”nın və İspaniya yığmasının üzvü ardıcıl 3-cü dəfə bu mükafatın qalibi olub. Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi adını İngiltərənin başında AÇ-2025-in qalibi olmuş Sarina Viqman qazanıb. Ən yaxşı qapıçı “Çelsi” və İngiltərə yığmasının üzvü Hanna Hempten seçilib. Meksikalı Lisbet Ovalye isə qadınlar arasında ilin ən gözəl qolunun müəllifi olub.
Bizimkilər necə səs verib?
Bir qədər də kimin kimə səs verdiyinə nəzər salaq. Maraqlıdı ki, səsvermənin nəticələrindən narazı qalan Rafinyanı heç vətəni Brazilyanın özündə də birinci yerə layiq görməyiblər! Yığmanın kapitanı Markiyosla baş məşqçisi Karlo Ançelotti birinci yerə Dembeleni, braziliyalı jurnalist isə birinci yerə Yamalı layiq görüb. Onların hamısının səsverməsində Rafinya ikinci pillədə qərarlaşıb. Ümumiyyətlə, yalnız beş ölkədə - Cəbəllütariq, Seyşel Adaları, Tonqa, Uqanda və Özbəkistanda kapitanlar Rafinyanı birinci pilləyə layiq görüb. Hətta Koul Palmer belə birinci pilləyə Rafinyadan daha çox (6 dəfə) layiq görülüb. Argentinanın kapitanı Messi ilk “3-lüy”ü düzgün müəyyənləşdirib. Sadəcə, o, Mbappeni 2-ci, Yamalı 3-cü pilləyə qoyub.
Portuqaliyanı səsvermədə Kriştiano Ronaldo yox, Bernardo Silva təmsil edib. Onun səsverməsinin nəticəsi isə belə olub: birinci Vitinya, ikinci Nunu Mendeş, üçüncü Dembele. İlin rəmzi yığması ilə bağlı səsvermədə müdafiəçilərdən 41 yaşlı Tyaqo Silvanın 2 səs toplaması diqqəti çəkib. Özü də ona bu səsi jurnalistlər səs verib. Müqayisə üçün “Real”lı Antonio Rüdigerin də 2 səs topladığını bildirək. İbrahima Konate, Dayo Upamekano və Din Höysen kimi müdafiəçilərə isə səs verən tapılmayıb.
Maraqlıdı ki, Moyses Kaysedo ilə Cud Bellingem eyni sayda (14) səs toplayıb. Reqlamentdə qeyd olunub ki, səslər eyni olanda jurnalistlərin rəyi əsas götürüləcək. Bu göstəricidə ekvadorlu ingiltərəlidən öndədi (8:6). Amma ilin rəmzi yığmasına yenə də Belimgem düşüb və FİFA-dan bununla bağlı heç bir əlavə açıqlama verilməyib.
Sonda adəti üzrə səsvermədə ölkəmizi təmsil edənlərin qərarlarına nəzər salaq. Yığmanın kapitanı Emin Mahmudov üçün Mbappe hamıdan güclüdü. O, Dembeleni 2-ci, Yamalı 3-cü pillləyə layiq görüb. Yığmanın çalışdırıcısı Ayxan Abbasov isə maraqlı seçim edərək birinci pilləyə Əşrəf Hakimini qoyub. Onun siyahısında ikinci pillədə Mbappe, üçüncü pillədə Salah qərarlaşıb. Jurnalistlər arasında ölkəmizi Rasim Mövsümzadə təmsil edib. O, ilk iki pilləni düzgün tapıb. Amma üçücü pilləyə Hakimini layiq görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 21 Dekabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















