“Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar” Tərlan Əhmədovla doğum günü söhbəti...
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Dirçəliş Günündə Tərlan Əhmədov 54 yaşını tamamladı.
Düzdü, onun dünyaya gəldiyi vaxt – 1971-ci ildə bizim hələ belə bayramımız yox idi. SSRİ adlı imperiyada hər kəs başını aşağı salıb, bəlli çərçivələr daxilində həyat sürürdü. İndi Tərlan bəy üçün heç bir çərçivə yoxdu. Artıq uzun müddətdi futboldan kənarda qalan Avropa çempionu arabir mediada görünür, aktual məsələlərlə bağlı danışır. Biz də doğum gününü təbrik edəndən sonra söhbətə başladıq.
- Yığmadan danışaq, Ayxan Abbasovun gəlişindən sonra komanda necə göründü, son oyunlar haqda fikriniz maraqlıdı?
- Artıq uzun müddətdi yığma qələbə qazana bilmir. Hətta başabaş oynaya biləcəyimiz millilərə belə məğlub olmuşuq. İndi də bir xalla qrup sonuncusu olduq. Dəyişən tək şey odu ki, indi böyük hesabla uduzmuruq. Biz futbol oynamırıq, vuruşuruq, müdafiədə döyüşürük, amma futbol oynamırıq. Vuruşmaq, döyüşmək boksda, güləşdə, taekvondoda ola bilər. Futbolda həm də futbol oynamaq lazımdı. İllərdi deyirəm ki, futbolumuz geri gedir. Başqaları deyəndə onu reklam edirlər ki, yeni ideya verdi. Mən neçə ildi bildirirəm ki, futbolumuz 33 ildi geriləyir. Nə futbolçu yetişdirə bildik, nə klublarla böyük uğurlara imza atdıq. Savadlı mütəxəssisləri futboldan kənarda qoyduq. Ona görə də ortada futbol adına heç nə yoxdu. Milli komanda 6 oyuna 1 xal qazanır. Evdə İslandiyadan xal ala bilərdik, hətta qalib də gəlmək mümkün olardı. Necə olur ki, evdə qrupda 2-ci yeri tutan Ukraynadan xal ala bilirik, İslandiyadan yox?! Ayxan Abbasovun gəlişindən sonra böyükhesablı məğlubiyyət yaşanmadı, uşaqlar mübarizə apardılar, amma futbol görünmədi. Hansısa yenilik də olmayıb. De Byazi də 5 müdafiəçi ilə oynayırdı, Ayxan Abbasov da. Bu onun şəxsi qərarıdı. Amma beş müdafiəçi ilə oynayan komanda İslandiya ilə oyunda ara ötürməsindən sonra qol buraxır. Onda 5 müdafiəçinin 4 müdafiəçidən nə fərqi var? İllərdi deyirəm ki, 4 müdafiəçi ilə irəlidə üstünlük yarada bilərik. Amma beş müdafiəçi ilə bu alınmır.
- Bu uğursuz nəticələrin əsas səbəbləri nədi? Aşağı yaşlardan gələn problem əsas millidə də əksini tapır.
- Uşaq futbolu... Nə klublar, nə federasiya, nə də mətbuat ciddiyə alır. Prototip kimi akademiya açıblar, amma ortada iş yoxdu. Məşqçilərin işi, savadlanması, futbolçu yetişdirilməsi, məşqçilərin əməkhaqqının az olması... Siz mənə deyin ki, hansı klub futbolçu yetişdirir? Heç biri. İstər “Qarabağ”, istər “Neftçi”, istərsə də “Sabah” olsun. Öz klublarının xeyrinə görə limiti ləğv etdilər, legionerləri yığıb gətirdilər. Heç biri də o səviyyədə deyil. Aşağı yaş üzrə çempionatlar düzgün formalaşmır. Nəzarət olmalıdı. Dost-tanışlıq yox, futbol naminə. Normal məşqçilər olsaydı, normal futbolçular yetişdirilsəydi, aşağı yaş yığmalarımız böyükhesablı məğlubiyyətlər almazdı. Niyə adlı-sanlı futbolçularımız kənarda qalıb? Bəzi savadlı məşqçiləri işləməyə qoymurlar. Nazim Süleymanov, Mahmud Qurbanov, Samir Ələkbərov, Vidadi Rzayev, Arif Əsədov, Emin Quliyev kimi veteran futbolçular niyə kənarda qalıb? Niyə akademiyalarda idman direktoru vəzifəsində çalışmırlar? Klublarda futbol adamları işləməlidi. Aşağı yaş üzrə millilərimiz faciədi. Əsas yığmadakı futbolçuların çoxu öz komandasında əsas heyətdə meydana çıxmır. Deyirlər ki, əcnəbi futbolçular özünü daha yaxşı göstərir, ona görə oynayır. Bu da yanlış fikirdi. Məşqçilərin legioner futbolçuları oynatmamaq haqqı az olur. Yerli nə qədər güclü olsa da, eyni səviyyədə olsalar da, üstünlük legionerə veriləcək. 1-ci liqaya da legionerlər gətirilirdi. Əvvəl limit var idi ki, 1-ci liqada 21 yaşına qədər üç futbolçu olmalıdı. Artıq bu da ləğv olundu. Görün, nə qədər gənc futbolçu qıraqda qaldı, itirdik. Bir azdan deyəcəklər ki, yerli futbolçu yoxdu. Necə ki, indi deyirlər yerli mütəxəssis yoxdu, gedib xaricdən gətirirlər.
- İlk dövrə başa çatdı. Çempionat haqda fikriniz necədi? Bəyəndiyiniz, xoşunuza gələn komanda varmı?
- Bəyəndiyim, xoşuma gələn komanda yoxdu. Bir neçə komanda vuruşur, amma ortada futbol yoxdu. Guya 6 komanda çempionluq uğrunda mübarizə aparır. Amma görünür ki, bəziləri mükafatçılar sırasına düşmək, bəziləri isə 4-5-ci yerlər üçün oynayır. Ümid edirdim ki, “Araz-Naxçıvan”, “Turan Tovuz” baxımlı futbol oynayacaq. Elə
“Sabah” da. Çünki ötən mövsüm kuboku qazanan komanda bu mövsüm daha baxımlı futbol oynamalıydı. “Neftçi”nin çempionluq uğrunda oynayacağını gözləyirdim, bu da olmadı. Bəzi məşqçilərin hədəfi premyer-liqada qalmaqdı. Bəzi klubların strategiyası da elə budu. Bu il də “Qarabağ”a rəqib görünmür. Yaxşı mənada “İmişli”ni fərqləndirmək olar. Qorxmur, oynayır, qələbə də qazanır.
- Niyə futboldan bu qədər uzaq düşmüsüz? Artıq klublarda məşqçi istefaları olanda da yada düşmürsüz. Sizi Azərbaycan futbolunda xilasedicisilərdən biri kimi tanıyırıq, dəfələrlə bunu praktikdada sübut etmisiz, lakin hazırda heç bir klubda işləmirsiz. Təkliflər olmur, yoxsa siz qəbul etmək istəmirsiz? AFFA-nın məşqçilərlə bağlı müxtəlif layihələri də var ki, orda da görünmürsüz…
- Futboldan uzaq düşməmişəm, məni futboldan uzaqlaşdırıblar. “Neftçi”də iki dəfə, “Kəpəz”də, “Keşlə”də, AZAL-da - harda olmuşamsa, nəticə əldə etmişəm, futbolçu yetişdirmişəm. Bütün işlərim də göz qabağındadı. Hətta “Neftçi” Azərbaycan tarixində ilk dəfə Avropa Liqasına gedəndə komandanı 41 gün mən məşqə çıxarmışam. Allah rəhmət eləsin, Böyükağa Hacıyev uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Komandanı oyunlara mən hazırmışam. Daha sonra komandanı 8-ci yerdən götürüb 3-cü pilləyə daşımışam. “Kəpəz”i götürəndə 6 oyundan sonra xalı yox idi. Mövsümün bitməsinə 4-5 tur qalmış artıq elitada qalmağı dəqiqləşdirmişdik. Amma mən həmişə şərlənirəm. Deyirlər ki, xarakteri pisdi, rəhbərliklə, futbolçularla yola getmir. Amma bir nəfər də çıxıb demir ki, bu sözləri kim deyir. 2011-ci ildən bəri mənə futbolda olmamaq üçün atılan şərlərdi. Yaxşı, Tərlan Əhmədovun xarakteri pisdi. Bəs Nazim Süleymanov, Mahmud Qurbanov, Samir Ələkbərov, Vidadi Rzayev, Arif Əsədov? Bu siyahını daha da genişləndirə bilərəm. Mən aşağı büdcə ilə nəticə verirəm deyə, onlara sərf etmir. Klub sponsorları deyirlər ki, bu necə olur? Gəlib mənə neçə dəfə deyiblər ki, sənə görə büdcəmiz azaldılacaq. Nə qədər məşqçi var ki, burdan çıxıb ora gedir, ordan çıxıb bura gedir... Bir məşqçi 3-4 vəzifəni tutur, amma PRO kateqoriyalı nə qədər məşqçi kənarda qalır. Ümid edirəm ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılacaq ki, niyə bu qədər pul gedir, amma nəticə yoxdu. Niyə adlı-sanlı məşqçilərimiz qıraqda qalır, fikirlərinə yaxın durulmur? Mən sifariş qəbul edən, kiminsə fikrinə görə heyət müəyyənləşdirən məşqçi deyiləm. Hər kəsin öz işi var. Məşqçi məşqçidi, idarəçi idarəçi. Mənə heç bir yerdən təklif yoxdu. Təklif, heç bir tədbirə dəvət almıram. Nə əvvəl işlədiyim klublarla bağlı, nə də federasiyanın. Yaxın buraxılmıram ki, gözə görünməyim. Sadəcə, yığmanın oyunlarında veteranlarla birgə meydanda oluram. Biz hörmətdən düşürük, itirə-itirə gedirik. Yeni nəsil oynamırsa, bu da faciədi. Nə vaxt olacam, bunu da bilmirəm. Bir məsələni də deyim. Mən sentyabrda “Kəpəz”də işə başlamışam. Noyabrda bir iş adamı mənə yaxınlaşdı ki, federasiyadan mənə deyiblər ki, biz Tərlanı Gəncəyə göndərdik, o orda nəticə qazana bilməyəcək. İndi də deyirlər ki, bu adam necə işləyir? Gəncə futbolunu 180 dərəcə dəyişdi, işi mükəmməldi. Zərbə vurmaq istədik, alınmadı. Mən pisəm, yaxşı. Niyə Vəli Qasımov kimi futbolçumuz “Şamaxı”da elə-belə işləməlidi? Yunis Hüseynov kimi adam kiminsə köməkçisi olmalıdı?
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















