Icma.az
close
up
RU
“Füyuzat” jurnalı milli məfkurə axtarışında

“Füyuzat” jurnalı milli məfkurə axtarışında

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Həyat” qəzeti bağlanandan sonra onun məslək yolunu Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu “Füyuzat” jurnalında davam etdirmişlər. Jurnalın ilk sayı 1906-cı ilin noyabr ayında Bakıda məşhur maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə “Kaspi” mətbəəsində işıq üzü görmüşdür. Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906-1907-ci illər ərzində “Füyuzat”ın 32 nömrəsi çapdan çıxmışdır.

“Füyuzat” jurnalında dövrün görkəmli şair və yazıçıları, publisistləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Məhəmməd Əmin Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət, Həsən Səbri Ayvazov, İbrahim Tahir, M. Ə. Sabir, Səid Səlmasi, Ə. Hamid, A. Cövdət, Tofiq Fikrət və başqalarının müxtəlif mövzuda qələmə aldıqları yazıları dərc edilirdi.

“Füyuzat” jurnalı ədəbi-publisistik mahiyyətinə görə dövrünün ən nüfuzlu mətbuat orqanlarından biri idi. Jurnal publisistikanın ən yüksək intellektual səviyyəsini özündə ehtiva edirdi. “Füyuzat”çılar maarifçilik, milliyyətçilik və mədəni inkişafı publisitikanın əsas mövzusuna çevirirdilər. Jurnalda çap olunan yazılarda ictimai islahatların vacibliyi, şəxsiyyət azadlığı, qadın hüquqları, Avropa maarifçiliyi və onun Şərqdə tətbiqi kimi məsələlərə geniş yer verilirdi.

Dövrün ədəbi, siyasi qüvvələri məhz “Füyuzat”ın ətrafında toplaşaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin yaradıcıları kimi fəaliyyət göstərdilər və füyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına, formalaşmasına xidmət edirdilər. Füyuzatçılıq hər şeydən öncə çarizmə, əsarətə, köləliyə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Əslində bu ideologiya boş xülyalardan, utopik düşüncələrdən, absurd fikirlərdən qaynaqlanmırdı, tarixi gerçəkliklərdən, reallıqlardan, milli özünüdərk prosesindən yaranıb formalaşırdı.

Bu ideologiyanın əsas məqsəd və məramı istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu “türkləşmək, islamlaşmaq, avropalaşmaq” istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq eyni zamanda ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi. Əli bəy Hüseynzadə jurnalda bu məfkurəni elmi-nəzəri cəhətdən əsaslandırır və dərc etdiyi publisistik yazılarda bir ideoloq kimi çıxış edirdi. Onun tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türk xalqlarını bir-birlərindən ayırmamalı, əksinə, daha sıx birləşməsinə təminat yaratmalıdır.

“Füyuzat” səhifələrində çarizmin zülmünü, İran və Türkiyə mütləqiyyət üsulunu, Azərbaycandakı feodal münasibətlərini, Şərq ətalətini tənqid edən yazılar da çap olunurdu. Ə.Hüseynzadə bolşevizmə, sosializm ideyalarına qarşı barışmaz mövqedə olduğunu bütün əsərlərində aydın şəkildə göstərirdi. O, Türkiyə “İttihad və tərəqqi” firqəsinin Parisdəki başçıları ilə sıx əlaqələr yaradır, məktublaşır, türklük və islamçılıq ideyalarının təbliğində mühüm işlər həyata keçirirdi. Bolşeviklər xalqı çar mütləqiyyətinə qarşı silahlı mübarizəyə təhrik etdiyi bir dövrdə “Füyuzat” jurnalı həmvətənlərini sülhə, əmin-amanlığa səsləyərək “Nicat məhəbbətdədir!” tendensiyasını irəli sürürdü. İmperiyanın mütləqiyyət üsul-idarəsi fəhlə hərəkatının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər həyata keçirərkən, dumalar çağırıb planlı şəkildə onları arxayınlaşdırmağa çalışarkən, “Füyuzat”ın yazarları milli tərəqqi istiqamətində ardıcıl, prinsipial və təxirəsalınmaz işlər görürdülər.

Füyuzatçılar öz ideyalarını həyata keçirmək naminə ədəbiyyat və dil məsələlərinə də xüsusi önəm verirdilər. Jurnalın səhifələrində Azərbaycan ədəbi dilinin və klassik irsimizin təbliğinə aid publisistik yazılar çap etdirirdilər. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə kimi klassiklərlə yanaşı, türk ədəbiyyatına da böyük maraq göstərirdilər.

Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə “Həyat və meyli-füyuzat” adlı məqaləsində füyuzat sözünün mənasını belə açıqlayırdı: “Məcmuədə “Füyuzat” adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... “Füyuzat” ləfzon “feyz”in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır”.

Əli bəy Hüseynzadə milli intibahla dini intibahı bir vəhdət şəklində götürürdü. Görkəmli ideoloq türkləşmək məsələsini gündəmə gətirməklə türk dilini, tarixini, ədəbiyyatını bilməyin vacibliyini ön plana çəkirdisə, islamlaşmaq tendensiyası ilə islam dininin ümumbəşəri, mənəvi-əxlaqi dəyərlərinin əxz edilməsi, öyrənilməsi fikrini irəli sürürdü. Bu məqsədlə islamlaşmağı milli tərəqqi proqramına daxil edən Ə. Hüseynzadənin qənaətinə görə, mütləq ilkin islama qayıdılmalıdır. Əgər belə olmazsa, dinin əsl mahiyyətini, real həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək və müxtəlif təhriflərdən xilas etmək qeyri- mümkün olacaqdı.

Avropalaşmaq strategiyası Ə. Hüseynzadənin milli tərəqqi proqramında əksini tapan əsas ideoloji istiqamətlərdən biri idi. O, ictimaiyyətə bu ideyanı təbliğ etməklə Avropanın elmi uğurlarını, texnikasını, sənayesini öyrənmək və onu öz ölkəsində tətbiq etməyin zəruriliyini əsaslandıraraq deyirdi: “Cəhalətin kökünü ancaq bu vasitə ilə qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur”.

“Füyuzat”ın səhifələrində yer alan Avropa şair və yazıçılarının əsərlərinin tərcüməsinin çapı da məhz bu ideologiyanın reallaşmasına xidmət edirdi. Azərbaycan oxucuları ilk dəfə bu jurnal vasitəsilə Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli şəxsiyyətlər haqqında geniş, dəqiq məlumatları onların həyat və yaradıcılığını əks etdirən yazılardan əldə edə bilirdilər. Hötenin məşhur “Faust”u, Şeksprin “Yuli Sezar” kimi dəyərli əsərləri Azərbaycan dilinə tərcümə olunaraq geniş oxucu auditoriyasına çatdırılır və Avropa mədəniyyətinin təbliği jurnalda önəmli yer tuturdu.

“Füyuzat” türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini əxz etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid və təzyiqlərə baxmadan “Füyuzat”çılıq ideyasını cəmiyyətə təlqin edə bildi. Əli bəy Hüseynzadə “Füyuzat”ın birinci nömrəsində dərc etdirdiyi “İcmal” məqaləsində öz yerini “Füyuzat”a verən “Həyat” qəzetini xatırlayır və “Həyat”ın yoxluğundan keçən” iki aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə çatdırırdı.

“Füyuzat”ın 2-ci sayında ədib “Vəqayeyi aləmə bir nəzər” adlı məqaləsində inqilabın silahlı mübarizə yolunu seçməsinə qarşı çıxaraq yazırdı: “Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər. Əldə qan tökməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir”.

Əli bəy Hüseynzadə jurnalın 3-cü sayında dərc etdirdiyi “Şüunat” məqaləsində türk xalqlarının azadlıq yolunun mübarizədən, təkamüldən keçdiyini göstərərək deyirdi: “Bu yolda biz hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru yüksələrək tərəqqi edəcəyik”.

Milli ideoloq imperiyanın caynağında inləyən məmləkətimizin ciddi çətinliklərlə üzləşdiyini göstərməklə yanaşı, imperialist güclərə qarşı həmvətənlərini vahid mövqedən çıxış etməyə, zülm və istibdada, müstəmləkəçiliyə son qoymağa səsləyirdi.

Belə bir ideyanı səsləndirdiyinə görə “inqilabın qızğın çağında” xalqı mübarizələrdən çəkindirdirməkdə günahlandırılan Ə. Hüseynzadəyə təzyiqlər göstərilirdi. Bu basqı və təpkilərə cəsarətlə müqavimət göstərən Ə. Hüseynzadə öz fikirlərini oxucularla bölüşərək yazırdı: “Kim deyir bitərəf olmalı? Xeyr. Əsla bitərəf olmamalı! Bitərəflik ayaq altda qalmaqdır. Su belə yerdə sabit və rakid durmaqdan qorxur. Qorxur, çünki qoxuyar, kiflənər, yosun bağlar. Təmiz və salim olmaq üçün su bir tərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya kimi ləpələnməlidir”.

“Füyuzat” jurnalı yalnız ədəbi orqan kimi fəaliyyət göstərməmiş, eyni zamanda, dünyada gedən ictimai-siyasi prosesləri yaxından izləmiş və baş verən proseslərə obyektiv münasibət bildirmişdi. Milli məsələlərin mətbuatda işıqlandırılmasına, təbliğinə hər vəchlə mane olmağa çalışan çarizmin Azərbaycandakı hakim nümayəndələri jurnalın ideya-siyasi istiqamətindən təşvişə düşür və müəyyən tədbirlər görürdülər. Çünki məcmuənin yaradıcısı Əli bəy Hüseynzadə “İttihada doğru tərəqqi” proqramını irəli sürüb dəstəkləməklə Türk dünyasının ictimai-siyasi fikir ntarixində yeni bir səhifə açır və böyük planların həyata keçirilməsində əvəzsiz rol oynayırdı.

Gülbəniz BABAYEVA,
AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri