Gəncə yeni tarixini yaşayır
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Prezident İlham Əliyev: "Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub"
Özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Yeni yollar salınır, infrastruktur layihələr reallaşır, yeni parklar yaradılır. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim, tarixi abidələr yenidən bərpa edilir. Bu gün Gəncənin gözəlliyinə naxış salan məkanlarının sayı kifayət qədərdir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub".
Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan və bitki florasının zənginliyinə görə bütün ölkədə məşhur olan "Xan bağı" da bu gün yenidən qurulub. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar və dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub.
TARİXİMİZİN CANLI YADDAŞ SALNAMƏSİ - GƏNCƏ MEMORİAL KOMPLEKSİ
44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı. Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar oldu, insanlar həlak oldu, yaralandı. Onların arasında uşaqlar və qadınlar da var. Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir.
Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı "Toçka-U", "Smerç", "SCUD" və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir. Muzeydə "XX əsrin əvvəli", "Deportasiya və məcburi köçkünlük", "Soyqırımı və kütləvi qırğınlar", "Atəşkəs və Vətən müharibəsi dövrü", "İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru" və "İşıqlı gələcəyə doğru" mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.
"HEÇ VAXT ERMƏNİ VƏHŞİLİYİNİ, ERMƏNİ FAŞİZMİNİ UNUTMAMALIYIQ"
Azərbaycan Prezidenti İlham Əliyev Memorial Kompleksin təməlini qoyarkən vurğuladığı fikirləri xatırlatmaq yerinə düşər: "Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək", - deyən Prezident bildirib ki, bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq: "Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın."
İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan Zəfər qazandı.
Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.
Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.
Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.
Bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.
Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır.
ŞƏHƏRİN NƏQLİYYAT PARKININ YENİLƏNMƏSİNƏ BÖYÜK TÖHFƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncəyə səfəri zamını "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib. Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.
"BakuBus" MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir. Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.
Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını "CityCard" nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.
Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.
Zümrüd BAYRAMOVA

