Gizli əməkhaqqına qarşı elektron nəzarət
Icma.az, 525.az saytına istinadən bildirir.
Məlum olduğu kimi, yaxın zamanlarda ölkədə əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. İşçilərə əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək. Bu mexanizmin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək. Nəticədə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkar edilməsi və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevin sözlərinə görə, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həmçinin əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, həmçinin şəxsin gəlir tarixçəsi barədə məlumatların elektron qaydada əldə edilməsi imkanını yaradacaq. Onun sözlərənə əsasən, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edəcək: "Təklif olunan dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək.
İqtisadçı ekspert Asif İbrahimovun sözlərinə görə, bu yeniliyin bir neçə mühüm iqtisadi nəticəsi olacaq. İlk növbədə, əməkhaqqının bir hissəsinin rəsmi sənədlərdə göstərilməməsi, işçiyə əlavə vəsaitin nağd şəkildə ödənilməsi kimi halların aşkarlanması asanlaşacaq. Hazırda bəzi müəssisələrdə əmək müqaviləsində minimum əməkhaqqı və ya faktiki gəlirdən aşağı məbləğ göstərilir, qalan hissə isə qeyri-rəsmi qaydada ödənilir. Bu praktika dövlət büdcəsinin vergi daxilolmalarına, sosial sığorta sisteminə və işçilərin gələcək pensiya təminatına mənfi təsir göstərir. Yeni mexanizmin tətbiqi nəticəsində əməkhaqqı məlumatları, sosial sığorta ödənişləri və faktiki bank köçürmələri arasında daha sistemli nəzarət imkanı yaranacaq. İşçinin real gəlirinin rəsmiləşdirilməsi onun pensiya kapitalının formalaşmasına, gələcək sosial təminatına, xəstəlik və məzuniyyət dövründə aldığı ödənişlərə də müsbət təsir göstərəcək".
İqtisadçı bildirib ki, işəgötürənləri müəyyən təşkilati və texniki dəyişikliklər gözləyir: "Müəssisələr əməkhaqqı uçotunu, mühasibatlıq və insan resursları sistemlərini yeni mexanizmə uyğunlaşdırmalı, əmək müqavilələrindəki məlumatların düzgünlüyünü təmin etməli, mükafatları, əlavələri şəffaf şəkildə rəsmiləşdirməlidirlər. Xüsusilə çoxsaylı işçisi olan müəssisələrdə daxili uçot və ödəniş proseslərinin yenidən qurulmasına ehtiyac yarana bilər. Burada kiçik və orta sahibkarlıq subyektlərinin imkanları da nəzərə alınmalıdır. Çünki hər bir müəssisənin müasir elektron mühasibatlıq sistemlərinə keçid üçün eyni maliyyə və texniki resursları yoxdur. Yeni mexanizmin tətbiqi mərhələli şəkildə həyata keçirilməli, sahibkarlara uyğunlaşma müddəti verilməli və zəruri texniki dəstək təmin olunmalıdır".
A.İbrahimovun dediyinə görə, bu islahatın uğurlu nəticə verməsi üçün əməkhaqqının rəsmiləşdirilməsi ilə paralel olaraq əməkhaqqı fonduna düşən vergi və sosial sığorta yükü də iqtisadi baxımdan qiymətləndirilməlidir: "Sahibkarın əməkhaqqını rəsmiləşdirmək marağı gücləndirilməli, leqal məşğulluğun iqtisadi üstünlükləri artırılmalıdır. Əks halda, yüksək əməliyyat və vergi xərcləri qeyri-rəsmi ödənişlərə meyli tam aradan qaldırmaya bilər. Bu mexanizm dövlət büdcəsinə əlavə vergi və sosial sığorta daxilolmaları, işçilərə daha etibarlı sosial təminat, sahibkarlara isə əməkhaqqı uçotunun avtomatlaşdırılması baxımından fayda verəcək. Uzunmüddətli perspektivdə əmək bazarının real göstəricilərinin müəyyənləşdirilməsi, əmək məhsuldarlığının təhlili və iqtisadi siyasətin daha düzgün planlaşdırılması üçün də mühüm məlumat bazası formalaşacaq. Ən vacib məqam yeni mexanizmin tətbiqi zamanı dövlət, işəgötürən və işçi maraqlarının tarazlaşdırılmasıdır. Şəffaflıq artmalı, inzibati prosedurlar sadələşməli, sahibkarlıq fəaliyyətinin xərcləri əsaslandırılmamış şəkildə yüksəlməməli və işçilərin əmək hüquqları etibarlı qorunmalıdır".
İqtisadçı ekspert Günay Hüseynova deyir ki, yeni mexanizm işçilərin əmək hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası baxımından müsbət rol oynaya bilər: "Yeni mexanizmin tətbiqi işçilərin hüquqlarının qorunması və pozulmuş hüquqlarının bərpası baxımından müsbət rol oynayacaq. Məlumdur ki, bir sıra özəl şirkətlər tərəfindən, xüsusilə də əmək qanunvericiliyinin tələbləri pozulur. Belə ki, bəzi işəgötürənlər sistemdə işçilərin əməkhaqqını minimum məbləğdə göstərir, qalan hissəni isə onlara nağd şəkildə ödəyirlər. Bu üsuldan həm vergidən yayınmaq, həm də dövlətə ödənilən məcburi ödənişlərin məbləğini azaltmaq məqsədilə istifadə olunur. Bununla yanaşı, yeni mexanizm işçilərin xarici səfər və bank əməliyyatları zamanı qarşılaşdıqları problemlərin həllinə də kömək edə biləcək. Yeni mexanizmin işçilər üçün müsbət tərəflərinə gəldikdə, qeyd etmək lazımdır ki, bu, onların bir sıra problemlərinin həllinə kömək edə bilər. Məsələn, şəxs xarici ölkəyə səyahət etmək istədikdə, ondan bank hesabından çıxarış tələb olunur. Lakin əməkhaqqının bir hissəsini nağd şəkildə aldığı və bank hesabında müvafiq hərəkətlilik olmadığı üçün belə hallarda problemlə qarşılaşır. Vətəndaşların üzləşdiyi digər problem isə bəzi özəl şirkətlər tərəfindən əməkhaqqı hüquqlarının pozulmasıdır. Tutaq ki, şəxs bir ay ərzində çalışır və onun əməkhaqqı 900 manatdır. Lakin sistemdə yalnız 400 manat göstərilir. İşəgötürən sabah həmin şəxsi işdən çıxardıqda, ona ən yaxşı halda sistemdə qeyd olunan 400 manat əsasında ödəniş edilir. Qalan məbləğ, yəni əvvəllər nağd şəkildə verilən vəsait isə sistemdə əks olunmadığı üçün işçi onu tələb etməkdə çətinlik çəkir. İşçi əməkhaqqının əslində minimum məbləğdən deyil, ondan iki dəfə və ya daha çox yüksək olduğunu sübut edə bilmir. Bu baxımdan, yeni mexanizm həm vergidən yayınma hallarının, həm də işçilərin əmək hüquqlarının pozulmasının qarşısının alınmasına xidmət edə bilər".
Günay Hüseynova əməkhaqqının sistemdə aşağı göstərilməsinin vətəndaşların kredit əldə etməsinə də mane olduğunu qeyd edib: "Digər məsələ isə vətəndaşların kredit müraciətləri ilə bağlıdır. Məsələn, şəxs müəyyən məbləğdə kredit üçün müraciət etdikdə, böyük ehtimalla onun müraciətinə imtina cavabı verilir. Bunun ilkin səbəbi əməkhaqqının sistemdə minimum məbləğdə qeydə alınmasıdır. Nəticədə vətəndaş hər hansı problemini həll etmək üçün kredit əldə edə bilmir. Hətta şəxsin aktiv krediti olduğu halda, başqa bir ehtiyacını qarşılamaq üçün yenidən kreditə müraciət etməsi də çətinləşir. Çünki sistemdə onun əməkhaqqı minimum məbləğdə görünür. Mövcud kredit öhdəlikləri, yaşayış xərcləri və digər amillər nəzərə alındıqda, ona yeni kreditin verilməsi mümkün olmur. Təbii ki, bu da həmin şəxslərin yaşayış səviyyəsinə mənfi təsir göstərir".
İqtisadçı hesab edir ki, əməkhaqqının tam rəsmiləşdirilməsi üçün əlavə mexanizmlərin tətbiqinə də ehtiyac var: "Ümumiyyətlə, düşünürəm ki, gizli qalan əməkhaqqı məbləğlərinin rəsmiləşdirilməsi üçün yalnız yeni mexanizmin tətbiqi deyil, daha fərqli və effektiv üsullardan istifadə olunması məqsədəuyğun olardı. Əlbəttə, yeni mexanizm işçilərin hüquqlarının qorunmasına kömək edəcək. Lakin gizli saxlanılan əməkhaqqı məbləğlərinin ödənilməsi problemi olduğu kimi qala bilər. Bu baxımdan, düşünürəm ki, işçilərin gələcəkdə daha yüksək pensiya almasını təmin edən mexanizmlərin yaradılması, erkən pensiya sisteminin tətbiqi imkanlarının nəzərdən keçirilməsi də vacibdir. Əgər vətəndaş gələcək pensiyasının məbləğini əvvəlcədən hesablaya bilsə və sistem daha şəffaf olsa, o zaman işçilər öz hüquqlarını daha yaxşı anlayacaq və rəsmi əməkhaqlarının sistemdə düzgün əks olunmasını tələb edəcəklər. Vətəndaş özünə məxsus pensiya kapitalını və gələcəkdə alacağı pensiyanın məbləğini aydın şəkildə görə bilməlidir. Bu, işçilərin əməkhaqlarının tam və düzgün rəsmiləşdirilməsində maraqlı olmasına şərait yarada bilər. Fikrimcə ki, əməkhaqqı sistemində şəffaflığın təmin olunması üçün təklif etdiyim bu kimi əlavə mexanizmlərin tətbiqi daha məqsədəuyğun olardı".
İqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, yeni mexanizmin məqsədi vətəndaşlara əməkhaqqını alacağı bankı seçmək hüququnun verilməsidir: "Hazırda əməkhaqqı kartlarının əhəmiyyətli hissəsi iki bank tərəfindən təqdim olunur. Yeni mexanizm vətəndaşa əməkhaqqı kartı üçün istədiyi bankı seçməyə imkan verəcək. Bəzi hallarda əməkhaqqı kartının adi olduğu bank vətəndaşın yaşadığı yerə yaxın olmur, bu da müəyyən çətinliklər yaradır. Yeni qaydalara görə, vətəndaş özünə yaxın olan bankı seçməklə əməkhaqqı kartını sifariş edə biləcək. Digər məqam əməkhaqqı ilə bağlı bütün məlumatların- əməkhaqqının ödənilməsi, vergilər və digər sosial haqlarla bağlı məlumatların bir bazada toplanması və inteqrasiya olunmasıdır. Bu da əməkhaqqı müqaviləsi, o cümlədən əməkhaqqının ödənilməsi ilə bağlı məlumatların inteqrasiya olunaraq bir bazada toplanmasına imkan verəcək. Bazaya çıxış imkanları bu sahədə şəffaflığın güclənməsinə xidmət edəcək".
Sevinc QARAYEVA
Baxış sayı:109
Bu xəbər 20 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















