Buenos Ayresdə “Azərbaycana açılan pəncərə” adlı sərgi açılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Argentinanın paytaxtı Buenos-Ayresdəki İmmiqrasiya Muzeyində “Azərbaycana açılan pəncərə” adlı sərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Buenos-Ayresin Üç Fevral Universiteti, İmmiqrasiya Muzeyi, Azərbaycanın “Dirçəliş” Sosial-Psixoloji Reabilitasiya Mərkəzi və ölkəmizin Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə səfir Rəmzi Teymurov çıxış edərək noyabr ayında Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən danışıb, 17 Noyabr – Milli Dirçəliş Gününün xalqımızın müstəqillik mübarizəsində və dövlətçilik tarixindəki önəmini vurğulayıb.
Azərbaycanın qədim və zəngin mədəniyyətə malik olduğunu bildirən R.Teymurov ölkəmizdə incəsənətin müxtəlif növlərinin Şərq və Qərb mədəniyyətlərinin qovuşmasının təzahürü olduğunu qeyd edib. O, Azərbaycan incəsənətinə beynəlxalq marağın artdığını, milli mədəniyyət nümunələrimizin çoxsaylı beynəlxalq sərgi və festivallarda nümayiş etdirildiyini diqqətə çatdırıb. Mədəni irsimizin və incəsənətimizin dünyada təbliğinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
İmmiqrasiya Muzeyinin baş direktoru, Üç Fevral Universitetinin fəxri rektoru Anibal Xosami çıxışında bu cür tədbirlərin xalqlar arasında mədəni körpü rolunu oynadığını və ölkələrarası münasibətlərin inkişafına töhfə verdiyini bildirib.
Argentinanın tarixən müxtəlif xalqların nümayəndələri üçün yeni həyat məkanı olduğunu qeyd edən A.Xosami İmmiqrasiya Muzeyinin keçmişdə immiqrantlar üçün mehmanxana kimi fəaliyyət göstərdiyini xatırladıb. O, muzeyin ölkədəki mədəni müxtəlifliyin qorunması və müxtəlif xalqların irsinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Bu baxımdan azərbaycanlı rəssamların əsərlərinin belə tarixi məkanda nümayiş etdirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib.
Tədbirdə çıxış edən Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Dostluq Qrupunun sədri, deputat Lourdes Arriyeta azərbaycanlı rəssamların öz əsərlərini Argentinada nümayiş etdirməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, tədbirin təşkilinə və dəvətə görə Azərbaycanın səfirliyinə xüsusi təşəkkürünü bildirib.
Çıxışlardan sonra səfirlik və “Dirçəliş” Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən rəssamlara sertifikatlar təqdim olunub və noyabrın 21-dək davam edəcək sərginin rəsmi açılışı elan edilib.
Muzeydə rəsm əsərlərinin nümayişi ilə yanaşı, Azərbaycan mədəniyyətinə dair müxtəlif nümunələrdən ibarət stend də təşkil olunub. Qonaqlara ispan dilində nəşr edilmiş Azərbaycan tarixi və ədəbiyyatına dair kitablar, eləcə də suvenirlər təqdim edilib.
Sərgidə 17 azərbaycanlı rəssamın 35 əsəri nümayiş etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 Noyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















