Icma.az
close
up
RU
Gül ətirli Zaqataladan bahar ovqatlı sətirlər

Gül ətirli Zaqataladan bahar ovqatlı sətirlər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəkidən Zaqatalaya yola düşəndə maşındakı radioda müqtədir sənətkarımız Şövkət Ələkbərovanın ifasında “Söz olmasaydı...” mahısı səsləndirilirdi. Rəhmətlik Mustafa Topçubaşovun mərhum Ənvər Əlibəylinin sözlərinə yazdığı bu mahnını bəlkə də yüz dəfə eşitmişəm. Ancaq indi ifaya elə aludə olmuşdum ki, sanki bu mahnı təzəcə yazılıb və ilk dinləyicisi də mənəm. Çünki bayaqdan bəri mahnının sözlərinin ilk sətrinin “müşayiəti ilə” gedirdik: “Dağlarda duman gözəldir...” Zaqatalaya yaxınlaşdıqca isə dumanın daha da gözəlləşdiyini desəm – yəqin ki, məni qınamayacaqsınız. 

Bəli, mahnı da gözəl idi, ifa da, duman da, Zaqatala da. Bu gözəlliklər məni – heç zaman oxumaq həvəsində olmayan jurnalisti də zümzüməyə sövq edirdi: 

Dağlarda duman gözəldir,
Qaşların kaman – gözəldir. 
Hüsnünə heç bir söz olmaz, 
Gözlərin yaman gözəldir ...

Mənim müəllimim Əhməd İsayev

Həmkarlarımızdan biri bu günlərdə müstəqillik dövründə “Xalq qəzeti”ndə çalışmış mərhum jurnalistlər haqqında xatirələr kitabı tərtib edib. Orada xatırlanan rəhmətliklərin ( itirdiklərimiz 30 nəfərdən çoxdur) hamısı ilə dostluğum, ən azı, xoş ünsiyyətim olub. Ona görə də bölgəyə yola düşəndə həmin kitabın bir nüsxəsini də özümlə götürdüm ki, imkan olduqca oxuyum. Etiraf edim ki, tərtibçinin ön söz əvəzinə yazdığı sətirlərin sərlövhəsi məni “tutdu”. O yazmışdı ki, “Mən yazmağı “Kommunist” qəzetindən öyrənmişəm”. 

Çox dəqiq qiymətləndirmədir. Çünki bu qəzet həqiqətən minlərlə gənc qələm sahibi üçün məktəb, müəllim olub. Həmişə fəxrlə demişəm və bu gün də qürur hissi keçirirəm ki, mənim bir qəzet adamı kimi yetişməyimdə məhz həmin qəzet, bir az da dəqiqləşdirsək, 35 ilədək həmin redaksiyada çalışmış yazıçı-publisist Əhməd İsayev olub. Mən bir neçə dəfə yazmışam ki, Əhməd İsayev həm Zaqatalanın fəxridir, həm də mənim doğulduğum Gəncənin. 

Xatırladım ki, 1940-cı il avqustun 30-da Zaqatalanın Suvagil kəndində dünyaya gələn, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, respublikanın Əməkdar jurnalisti fəxri adına, “Qızıl qələm”, “Ustad”, “Həsən bəy Zərdabi”diplomlarına və “Araz” ali ədəbi mükafatına layiq görülən, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı akademiyasının fəxri doktoru, 1992-ci ildə isə “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinin sədri seçilən Əhməd İsayev haqqında çox yazılıb, çox danışılıb. Amma. Bir məqam qalır. Neçə-neçə zaqatalalı hansısa jurnalistin yazısında “Zaqataladakı Əhməd İsayev küçəsində yeni obyektlər açılıb” sərlövhəsini oxumaq arzusuyla yaşayır. İnşallah o da olar... 

Yeri gəlmişkən, zaqatalalı söz-sənət adamı Nəbi Mülkümovun Əhməd İsayevin bu yay keçiriləcək 85 illik yubileyi ərəfəsində yazdığı “Qələmin nuru” adlı şeirinin 2 bəndini xatırlatmaq istəyirəm: 

Sən sözünlə həqiqətə,
Haqq işə yol açan oldun.
Qələm çalıb ətalətə, 
Zülmətə nur saçan oldun.

İbrət dolu söz xurcunun 
Yadımıza hərdən düşər. 
Ədalətin qılıncını 
Qoymadın kəsərdən düşə. 

Deyilənlər doğrudur, amma…

Qərəz, ötən il dekabrın ortaları idi. Zaqatalada bölgə müxbiri kimi çalışan həmkarlarımızdan biri dedi ki, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşmək istədim. Alınmadı. Sən demə, rayon rəhbəri Yuxarı Tala kəndinə – sakinlərlə görüşə gedib. 10–15 gündən sonra mən də Mübariz müəllimlə görüşmək istədim. Dedilər ki, icra başçısı təyyarə qəzası zamanı həlak olan və yaralanan Danaçı kənd sakinlərinin ailə üzvləri ilə görüşməyə gedib. Öyrəndim ki, rayon rəhbəri həmin ailələrə maddi və mənəvi dəstək göstərib. 

Yaxud, bir gün rayon rəhbərini 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətiylə keçirilən tədbirdə görürük, bir gün Gənclər günü, bir gün Xocalı faciəsinin 33 illiyi mərasimində, bir gün hansısa kənddəki səyyar qəbulda, bir gün Od çərşənbəsində, başqa bir gün isə 31 Mart soyqırımı abidəsi önündə təşkil olunmuş toplantıda. Yəni Mübariz Əhmədzadəni iş otağında görə bilmədiyini deyənlər haqlıdırlar. Ancaq o, iş otağında olmayanda harada olur? Fikrimcə, bu sualın cavabını verdik. 

Yaz yağışından qaçmazlar 

Yuxarı Cardaqlar kəndindən olan fermer Mikayıl Davudovla məni dostum çoxdan tanış eləmişdi. Yəni 5–6 ildir ki, tez-tez görüşür, söhbət edirik. O, əkin-biçin, torpaq adamı olsa da, çox maraqlı həmsöhbətdir. İş elə gətirdi ki, onunla rayon mərkəzində başladığımız sonuncu söhbəti yağış başlamasına görə mən yarımçıq kəsmək istədim: 

– Təəssüf ki, hava imkan vermir. Eybi yox, yenə görüşüb söhbət edəcəyik, – dedim. 

– Mən səni yağışdan qorxan bilməzdim. Qulaq as, bir rəvayət danışım, sonra get, – deyə qolumdan tutdu və danışmağa başladı: 

– Nəql edirlər ki, keçmişdə kifayət qədər imkanlı olan bir nəfər çox bahalı mülk– saray tikdiribmiş. Bir az təriflənməyi sevən bu adam elan edir ki, kim mənim sarayımın həqiqi qiymətini söyləyə bilsə, mükafatlandırılacaq. Biri gəlib deyir ki, mənim 10 yerdə qoyun sürülərim, 15 yerdə naxırım, 20 yerdə at ilxılarım var. Bu bina mənim həmin var-dövlətin dəyərindədir. Kişi razılaşmır. İkincisi gəlib deyir ki, mənim Çindən ipək, Ərəbistandan xurma gətirən çoxlu karvanlarım var. Bu saray o karvanlar qiymətindədir. Kişi razılaşmır. Üçüncü gələn isə mənim kimi günü torpaqla çalışmaqda keçən adam imiş. Əkin-biçin adamı deyir ki, bu bina çox dəyərlidir. Hətta, martın sonunda, aprelin əvvəlində yağan yağış kimi qiymətlidir. 

...Doğrudan da, yağış dayanandan sonra ağacların, otların üzündə sevinc görünürdü. Söz vermişəm, həmin fermer haqqında nə zamansa ayrıca bir yazı qələmə almağı alacağam. 

Fermer demişkən...

Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsal edən sahibkar və fermerlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində çox ciddi addımlar atılır. Həmin layihələr Zaqatalada da yüksək səviyyədə tətbiq edilir. Rayon icra hakimiyyətinin müvafiq şöbəsindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli fərmanının icrası olaraq Zaqatalada 39204 sənəd qeydiyyatdan keçirilərək subsidiya informasiya sisteminə elektron qaydada bəyan edilmiş, əkin və məhsul, eləcə də digər növ subsidiyalar fermerlərə maneəsiz, sürətli, şəffaf və əlavə vaxt itirmədən elektron sistem üzərindən hesablanaraq fermer kartlarına ödənilmişdir. Məhz ona görə də rayonda kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə artır. Amma bu sahədə problemlər də var və rayon rəhbərliyi həmin problemlərlə mübarizənin mərkəzləşdirilmiş qaydada aparılmasını təmin edir. 

Rəqəmlərin dili ilə danışsaq...

Öyrəndik ki, 2025-ci ilin məhsulu üçün rayonda 8759 hektar sahədə payızlıq bitkilər üçün şum aparılıb, 4824,5 hektar sahədə buğda, 3410 hektar sahədə isə arpa əkilib. Ancaq bütün rayonlarda olduğu kimi, Zaqatalada da son illər kənd təsərrüfatı subyektləri zərərvericilərin hücumlarına məruz qalırlar. Ona görə də, ötən il rayonda kənd təsərrüfatına yararlı əkin və bağ sahələrində aparılan müşahidələr nəticəsində ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənən ərazilər müəyyən edilib. 

Xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada hamının şikayətləndiyi qəhvəyi mərmər bağacığına qarşı bağ sahələrinin 38,8 hektarında dövlət vəsaiti hesabına mexaniki-bioloji və kimyəvi mübarizə, 883 hektar payızlıq taxıl sahələrində gəmiricilərə qarşı dövlət vəsaiti hesabına kimyəvi mübarizə, ümumilikdə zərərvericilərə, xəstəlik və alaq otlarına qarşı təsərrüfat subyektləri hesabına əkin və bağ sahələrinin 716,8 hektarında mexaniki-bioloji, 3002 hektarında isə kimyəvi mübarizə tədbirləri görülüb.

Gül ətirli şəhər, Dəməşq qızılgülü 

Prezident İlham Əliyev bir neçə il qabaq Zaqatalada “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olarkən demişdi: “Mən əminəm ki, bu müəssisənin çox böyük və uğurlu fəaliyyəti olacaq. Dünyada qızılgül yağı istehsalı o qədər də geniş vüsət almayıb. Əsas istehsalçılar Türkiyə və Bolqarıstandır. Mənə verilən məlumata görə, istehsalın təqribən 90 faizi onların payına düşür. Biz isə bu müəssisənin və bu sahələrin yaradılması ilə birinci mərhələdə təqribən dünya istehsalının 5 faizini öz üzərimizə götürəcəyik. Əminəm ki, gələcəkdə bu sahələr daha da genişlənəcək. Müəssisənin fəaliyyəti də imkan verəcək ki, biz daha da böyük həcmdə qızılgül yağı istehsal edək”. 

Ötən ilin sonunda oxuduğumuz məlumatlarda isə bildirilirdi ki, artıq Zaqataladan dünyanın 15-dək ölkəsinə gül yağı ixrac edilir. Daha bir maraqlı xəbər isə ondan ibarətdir ki, bu gün rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Bəh-bəh, əsl şair, yazıçı mövzusudur.

Yaradıcı insanlara diqqət

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə yaradıcı insanlara həmişə xüsusi diqqət ayırır, onlara qayğı göstərir. Məmnunluqla deməliyəm ki, əsrarəngiz təbiəti – dağı, dərəsi, bağı, meşəsi, işləyən insana üzağlığı gətirən torpağı, işgüzar və hallalıqsevən sakinləri olan Zaqatalanın dəyərli ziyalıları, söz-sənət adamları az deyil. Yazının əvvəlində ehtiramla xatırladığım Əhməd İsayevdən başlayaraq, bütün zaqatalalı qələm adamlarının bircə amalı olub və indi də var: Həqiqəti demək, haqqı söyləmək. Mübariz müəllimin təşəbbüsü ilə Yazıçılar Birliyi rəhbərliyinin bu bölmənin məhz Zaqatalada fəaliyyət göstərməsini tövsiyə etməsi də məhz haqqa söykənməyin, həqiqəti dəstəkləməyin göstəricisidir. 

Ölkəmizdə keçirilmiş sonuncu prezident seçkiləri ərəfəsində dövlət başçımıza yazılan məktubu oxuyanda fəxr eləmişdim ki, bu ziyalılarla eyni şəhərin – Zaqatalanın sakinləriyik: “Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən bölməmizin bütün yazıçıları müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, bütöv Azərbaycanda keçiriləcək prezident seçkilərində Sizin iştirak etməyinizi yekdilliklə istəyirlər. Eyni zamanda, bölgənin bütün ziyalılarının bu seçkidə Sizin ətrafınızda sıx birləşəcəyini bildirirlər”.

Hər sahədə uğurlar,  hər sahədə tərəqqi 

Zaqatalanın bu günü barədə yazı hazırlayan həmkarlarımız üçün heç bir mövzu problemi yoxdur. Kənd təsərrüfatı, sənaye, xidmət sahələri, təhsil, səhiyyə, gənclərlə iş, şəhid ailələri və qazilərin sosial problemlərinin diqqət mərkəzində saxlanılması, gənclərlə iş, multikulturalizm və tolerantlıq – ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrindəki fəaliyyət sakinləri də məmnun edir, qonaqları da. 

Ancaq insaf naminə deməliyik ki, təmir, tikinti, bərpa və abadlıq sahələrində görülmüş işlərin miqyası daha böyükdür. Məsələn, mən köhnə dostum İsfəndiyar Acalovla Heydər Əliyev prospektində görüşəndə bu ünvanda aparılan bərpa və abadlıq işlərinin genişləndirilməsini məmnunluqla qeyd etmişdim. Dostum isə mənimlə razılaşmadı: – Təkcə bu prospektdə deyil, Zaqatalanın istənilən küçə və ya xiyabanında məhz bu səviyyədə abadlıq işləri aparılır. Təkcə son vaxtlar 10-dan çox küçəyə yeni asfalt döşənib. 

Yenə mahnıya qayıdaq

Mahnının birinci bəndi “Dağlarda duman gözəldir” sözləri ilə, ikinci bəndi isə “Söyüdlər başın əyəndə” lövhəsi ilə başlanır. Zaqatalada bu gün həqiqətən söyüdlərin başı əyilir. Çünki indiyədək tumurcuqda olan yarpaqlar indi artıq hər gün, hər saat açılır, böyüyür və qız barmaqları kimi zərif, nazik olan budaqlar əyilir, zaqatalalı gözəlin saçlarını andırır. 

...Biz qonağı olduğumuz ünvandan ayrılanda binanın önündə qaranquşlar fırlanırdı. Həmsöhbətimiz dedi ki, qonaq quşlar bu gün göründülər. Yəqin, yenə də eyvanımızda yuva quracaqlar. Qoy, qursunlar. Onlar sülh, əmin-amanlıq olan məkanları seçirlər. 

Sülhün, əmin-amanlığın əbədi, tərəqqi və inkişafın daimi olsun, Zaqatala! 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see238

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see173

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see135

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see123

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see122

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see121

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see121

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see119

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see118

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see118

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see117

Rubio etiraf edir...

21 May 2025 19:47see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see116

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see115

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see113

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see113

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri