Günümüzün bəlası rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müasir dövrdə texnologiyanın sürətli inkişafı cəmiyyətin bütün sahələrində rəqəmsallaşmanı qaçınılmaz edir.
Oxu.Az xəbər verir ki, son illərdə texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə yanaşı, rəqəmsal asılılıq da cəmiyyəti sosial-psixoloji baxımdan ciddi təhdid edir. Xüsusilə gənclər arasında mobil telefonlar, sosial şəbəkələr və kompüter oyunlarına həddindən artıq bağlılıq gündəlik fəaliyyətlərə, insan münasibətlərinə mənfi təsir göstərir.
2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu yeniyetmələrin sosial mediadan istifadəsi ilə bağlı narahatedici məlumatlar açıqlayıb. Belə ki, 2018-ci ildə yeniyetmələr arasında problemli sosial media istifadəsi 7% idi. 2022-ci ilə qədər bu göstərici 11%-ə yüksəlib. Eyni zamanda yeniyetmələrin 12%-i problemli videooyun asılılığı riski altındadır. Məlumatlar 2022-ci ildə Avropa, Mərkəzi Asiya və Kanada üzrə aparılmış HBSC (Məktəbyaşlı uşaqlarda sağlamlıq davranışı) adlı beynəlxalq araşdırmadan götürülüb. Tədqiqat 44 ölkə və regiondan 11, 13 və 15 yaşlı təxminən 280 000 yeniyetməni əhatə edib.

Sosial mediadan tutmuş süni intellektlə idarə olunan platformalara qədər rəqəmsal mühit ÜST-nin Avropa Regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı üçün sənədləşdirilmiş riskdir.
Texnologiya ilə böyüyən nəsil
"GlobalWebIndex" tədqiqat şirkətinin məlumatına görə, Z nəsli 1997-2012-ci illər arasında doğulan insanlara verilən ümumi adlandırmadır. Bu nəsil texnologiya ilə böyüyən ilk nəsildir və onların dünyagörüşü, vərdişləri, təhsil və işə yanaşması əvvəlki nəsillərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onlar sosial mediada ən aktiv nəsildir, təxminən 90%-nin ən azı bir sosial media hesabı var. Z nəslinin (13-24 yaş) təxminən 98%-i müntəzəm olaraq internetdən istifadə edir, orta hesabla hər gün təxminən 6 saat 40 dəqiqə onlayn vaxt keçirir. Onlar arasında populyar onlayn fəaliyyətlərə sosial media, video axını, onlayn oyun və internetə baxmaq daxildir.

Kepios komandasının (Qlobal Sosial Media Statistikası) ətraflı təhlili göstərir ki, 2025-ci ilin aprel ayının əvvəlinə dünyada 5.31 milyard sosial media istifadəçisi olub ki, bu da ümumi dünya əhalisinin 64.7 faizinə bərabərdir.
Sosial media istifadəçilərinin sayı da son 12 ayda artmağa davam edib, keçən ilin bu vaxtından 241 milyon yeni istifadəçi sosial mediaya qoşulub.
Bu, hər saniyədə orta hesabla 7.6 yeni istifadəçinin daxil olduğu 4.7 faiz illik artıma bərabərdir.
Son rəqəmlər göstərir ki, dünya internet istifadəçilərinin 94.2 faizi indi hər ay sosial mediadan istifadə edir.
Azərbaycanda sosial mediadan istifadə edənlərin sayı
"DataReportal"ın məlumatına görə, 2025‑ci ilin yanvarında Azərbaycanda 6.73 milyon aktiv sosial media istifadəçi kimliyi qeydə alınıb. Bu göstərici 2025‑ci ilin əvvəlində ölkə əhalisinin 64.9%-nə bərabər idi.
2025-ci ilin əvvəlinə dair "Meta" və digər platformaların reklam alətlərindən əldə olunan məlumatlar Azərbaycanda sosial media istifadəçilərinin artımını və demoqrafik bölgüsünü ortaya qoyur. "Facebook"un ölkədəki potensial reklam əhatəsi bir il ərzində 50 min nəfər və ya 3.1% artaraq ümumi əhalinin 15.9%-nə çatıb. Platformada istifadəçilərin 65.4%-i kişi, 34.6%-i isə qadınlardan ibarətdir.
"Meta"nın reklam resurslarında yayımlanan məlumatlara əsasən, 2025-ci ilin əvvəllərində Azərbaycanda "Facebook"un 1.65 milyon istifadəçisi var idi.
"Instagram" istifadəçilərinin sayı 4.1 milyon təşkil edib ki, bu da ümumi əhalinin 39.5%-ni əhatə edir. 18 yaşdan yuxarı əhalinin 51.4%-i bu platformadan istifadə edir. İstifadəçi cins bölgüsünə görə, 52.4%-i kişi, 47.6%-i qadındır.
"TikTok" daha geniş auditoriya ilə seçilir. 18 yaşdan yuxarı 6.73 milyon istifadəçiyə malik olan platforma bu yaş qrupunun 87.7%-nə çatır. "TikTok"un reklam auditoriyası bir il ərzində 10.4% artım göstərib. Cins bölgüsündə isə istifadəçilərin 57.6%-i kişi, 42.4%-i qadındır.

"LinkedIn"in Azərbaycandakı istifadəçi sayı 1.1 milyon nəfərə çatıb. Bu, ölkə əhalisinin 10.6%-ni, 18 yaşdan yuxarı şəxslərin isə 14.3%-ni təşkil edir. İllik artım 32.5% olub. Cins bölgüsü 61.1% kişi, 38.9% qadın kimi qeydə alınıb.
"Messenger"in istifadəçi sayı 480 min olub və bu rəqəm əvvəlki illə müqayisədə 11.8% azalıb. İstifadəçilərin 71.5%-i kişi, 28.5%-i qadındır.
"X" (əvvəlki "Twitter") platformasının istifadəçi sayı 312 min nəfər təşkil edib. 18 yaşdan yuxarı əhali üzrə reklam çatımı 3.9% olub. İstifadəçilərin təxminən 67.1%-i kişi, 32.9%-i qadındır.
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il məlumatlarına əsasən, Avropa və Mərkəzi Asiyada yeniyetmələr arasında problemli sosial media istifadəsi sürətlə artır. 2018-ci ildə 7% olan bu göstərici 2022-ci ildə 11%-ə yüksəlib. Eyni zamanda, yeniyetmələrin 12%-i problemli onlayn oyun davranışları ilə qarşı-qarşıyadır. Bu tendensiyalar rəqəmsal platformaların gənc nəslin psixi sağlamlığına təsirinə dair narahatlıqları gücləndirir.
Rəqəmsal asılılığın beyinlə əlaqəsi
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Oxu.Az-a açıqlamasında qeyd edib ki, rəqəmsal asılılıq beyində mükafat sistemi ilə bağlıdır:

"Telefon və sosial media daimi yeni informasiyalar, "like"lar, mesajlar vasitəsilə dopamin ifrazını artırır, bu da insanı təkrar baxmağa vadar edir. Müəyyən müddətdən sonra telefon, əslində, psixoloji asılılıq yaranan vasitəyə çevrilir. Çünki beynin "mükafat mərkəzləri" stimul gözləyir. Həmçinin stresdən qaçış, əsəbi vəziyyətdən yayınıb əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün insanlar telefona "sarılırlar". Bu, xüsusilə yeniyetməlik və gənclik dövründə daha çox özünü büruzə verir. Yeniyetmələr sosial münasibətlərdə öz statuslarını qurmağa, böyüklər isə iş stresini yüngülləşdirməyə çalışarkən bu üsula əl atırlar. Uşaqlarda isə maraq doğuran yeni görüntülər və oyunlar diqqət cəlb edir. Yaşlılarda isə təklik və rahatlıq axtarışı onlarda mobil cihazlara meyli artırır. Beləcə, dopamin çıxışı yaradan müxtəlif psixoloji ehtiyaclar və təsadüfi mükafatlandırma (məsələn, gözlənilməz bildirişlər və ya oyunlarda səviyyə keçdikcə mükafatlar) vərdiş halını alır. Nəticədə insan impuls nəzarətini itirir və telefondan fasiləsiz istifadəyə davam edir".
Sosial platformada özünütəsdiq cəhdləri

Psixoloqun sözlərinə görə, sosial mediada özünü göstərmə və təsdiqləmə istəyi çox vaxt aşağı özünüqiymətləndirmə ilə bağlı olur:
"İnsanlar sosial şəbəkədə "ideal şəkil" yaratmaqla başqalarının rəğbətini qazanmağa çalışır, bu da onlara özünəinam hissi verir. Özlərini sübut etmək istəyi bəzən "tövsiyə edilmiş normalar"dan fərqlənmə qorxusundan və ya qənaətbəxş olmama hissindən yaranır. Belə ki, özünüqiymətləndirmə aşağı olduqda və ya insan özünü yetərli hiss etməyəndə o, sosial media vasitəsilə başqalarının diqqətini toplayaraq öz dəyərini artırmağa çalışa bilər. Psixoloji terminlə desək, bu, özünütəsdiqetmə və sosial təsdiqə ehtiyacdan irəli gələn ünsiyyət asılılığıdır. Yeniyetmələr belə münasibətləri daha çox göstərməyə meyillidirlər, çünki onlar identik sosial dairədə status qazanmağa çalışır. Həmçinin gənclər və böyüklər də peşəkar uğur və ya həyat tərzi barədə paylaşım edərək özünüqiymətləndirməni qorumağa çalışırlar. Ümumən götürəndə sosial medianın verdiyi rəğbət hissi daxili boşluğu müvəqqəti doldurur".

Sosial medianın insan psixologiyasına təsirləri
Elnur Rüstəmov vurğulayıb ki, sosial media diqqət yayğınlığı, daim müqayisə və emosional durumun tez-tez dəyişməsinə səbəb olur:
"İnsanlar daim başqa istifadəçilərlə özlərini müqayisə edir, bu da FOMO (fear of missing out -nəyisə qaçırmaq qorxusu) və narahatlıq hissini artırır. Bu platformalarda gördüyümüz şəkil və yazılar çox vaxt ideallaşdırılır, buna görə də reallıqla müqayisədə insanın özünü yetərsiz hiss etməsinə gətirib çıxara bilir. Uzunmüddətli istifadə diqqət dağınıqlığına, eşitmə-ifadə qabiliyyətinin zəifləməsinə və tənha qalma hisslərinin güclənməsinə səbəb ola bilər. Bütün yaşlarda bu təhlükə var. Uşaqlarda sosial bacarıqlar zəifləyə, yeniyetmələrdə stres və özünəqapanma problemləri yarana, böyüklərdə isə ailə və işlə bağlı əlaqələr zədələnə bilər. Ekran qarşısında uzun müddət qalmaq melatoninin azalmasına, yuxu pozuntularına yol açır. Psixoloji baxımdan, sosial media həm müsbət, həm də mənfi təsir göstərir. Sosial media, bir tərəfdən, sosial əlaqələri gücləndirə bilər, ancaq eyni zamanda, asılılıq, diqqət problemləri və emosional gərginlik kimi problemlər də yarada bilər.
İnsan telefonundan məhrum qalanda və ya sosial mediada neqativ informasiyalara rast gəldikdə aqressiv reaksiya verə bilər ki, bu da impuls nəzarətinin zəiflədiyini göstərir. Eyni zamanda, asılılıq, normal həyat fəaliyyətlərini - yuxunu, sosial qarşılıqlı münasibətləri - pozduqda depressiya və təşviş əlamətlərini gücləndirə bilər. Məsələn, uzun müddət ekran qarşısında qalmaq nəticəsində özünüqiymətləndirmə, real təmas azala, bu da depressiyaya səbəb ola bilər. Psixoloji tədqiqatlar göstərir ki, internet asılılığının yüksək olduğu insanlarda aqressiya, təşviş və depressiv simptomlar daha çox müşahidə olunur. Xülasə, rəqəmsal alqoritmlərin daim yeni informasiya axını yaratması, impulsiv davranışların güclənməsinə və beləliklə ruh sağlamlığının pozulmasına yol aça bilər.
Uzun müddət ekrana baxmaq beyin fəaliyyətini artıraraq yuxu ritmini poza bilər. Xüsusilə yatmazdan əvvəl telefon işığı melatonin ifrazını azaldır, yuxunun keyfiyyəti pisləşir. Daimi məlumat axını isə beyni yükləyərək zehni yorğunluq və qavrama çətinliyi yaradır. Nəticədə informasiya həddində yaşanan daimi stimulyasiya yaddaşın qısamüddətli hissəsinin işini zəiflədir, nəticədə insan öyrəndiyi bir çox detalı unuda və fikrini cəmləməkdə çətinlik çəkə bilər. Bu hallarla uşaqlar daha çox üzləşirlər, çünki onların sinir sisteminin adaptasiya çevikliyi yüksəkdir. Yeniyetmələr isə imtahanlar dövründə sosial mediadan ifrat istifadə etməklə yaddaşın səmərəliliyini itirə bilərlər. Böyüklərdə də davamlı xəbər gərginliyi diqqəti azaldır. Beləliklə, rəqəmsal asılılıq yuxu pozğunluğu, yaddaş zəifləməsi və diqqət problemləri ilə sıx bağlıdır".
Rəqəmsal asılılığın sosial münasibətlərə təsiri
Psixoloq qeyd edib ki, rəqəmsal asılılıq real həyatda ünsiyyət bacarıqlarını zəiflədə, emosional bağları zədələyə bilir:

"İnsanlar telefonda çox vaxt keçirəndə ailə, dost və tanışlarla üzbəüz söhbətləri azalır ki, bu da empatiya və həqiqi əlaqə keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, yemək zamanı, toplantılarda və ya ictimai fəaliyyətlərdə telefonlarına baxan şəxslər qarşı tərəfə "mənim üçün indi önəmli deyil" mesajı verə bilər. Uşaqlarda bu, oyun və sosial bacarıqların düzgün inkişaf etməməsinə, yeniyetmələrdə ailə ilə münasibətlərin pisləşməsinə, böyüklər və yaşlılarda isə tənhalığın artmasına səbəb ola bilər. Digər tərəfdən, rəqəmsal alətlərdən düzgün istifadə edildikdə uzaq məsafədəki insanları bir-birinə bağlaya bilər, lakin asılılıq halında bu müsbət cəhət də tam effektini göstərə bilməz. Qısaca, məhdudiyyətsiz ekran istifadəsi sosial təcrid və münasibətlərdə soyuqluğa gətirib çıxara bilər.
Rəqəmsal asılılıq hər yaşda ciddi ola bilər, amma xüsusilə uşaqlar və yeniyetmələr üçün təhlükə siqnalıdır. Bu yaşlarda beynin sinir əlaqələri sürətlə formalaşır, ona görə də vərdiş və asılılıqlara daha həssasdırlar. Məsələn, məktəbəqədər yaşlı uşağın həddindən artıq ekran vaxtı onun koqnitiv və emosional inkişafına mane ola bilər. Yeniyetmələr isə sosial bacarıq və özünüqiymətləndirmə problemləri yaşaya bilərlər. Bununla yanaşı, yaşlı insanın rəqəmsal asılılıq göstərməsi də ciddi siqnal ola bilər. Belə asılılıq bəzən tənhalıq, depressiya və ya sosial dəstək ehtiyacının əlaməti kimi görülür. Gənc və orta yaşlılarda isə iş və şəxsi həyatda tarazlıq pozulubsa, diqqətli olmaq lazımdır. Hər bir halda, əgər rəqəmsal alətdən istifadə insan münasibətlərini, gündəlik öhdəlikləri və psixoloji rifahı pozursa, bu hər yaşda xəbərdarlıq simvoludur.
Əksər psixoloqların tövsiyələrinə görə, balaca uşaqların ekran vaxtı minimal olmalıdır. Məsələn, iki yaşa qədər ekran, demək olar ki, lazım deyil, üç-beş yaş arası gündə maksimum bir saata qədər məhdudlaşdırılmalıdır. Məktəbyaşlı uşaqlar üçün də əlavə ekran vaxtı iki saatı aşmamalıdır. Yeniyetmələr və gənclər üçün gündə iki-üç saatdan çox sosial media istifadəsi riski artır, yuxu, akademik göstərici və real əlaqələr zədələnir.
Böyüklər üçün isə iş xaricində əlavə üç-dörd saatdan artıq vaxt sərf etməmək məqsədəuyğundur, çünki bu həddi keçəndə yuxu rejimi pozula, diqqət dağınıqlığı arta və təşviş riskləri yüksələ bilər. Yaşlılarda da ötəri əyləncə xaricində uzun müddətli ekran vaxtı sosial izolyasiya və fiziki aktivliyin azalmasına səbəb ola bilər.
Ümumilikdə, hər yaş qrupunda əsas odur ki, rəqəmsal alətlərlə sərf olunan vaxt həyati tələblərə və sağlamlıq meyarlarına ziyan verməsin. Gündə təxminən iki-üç saatdan az passiv sosial media istifadəsi tövsiyə olunur, çünki bu həddi keçdikdə psixoloji stres, depressiv əlamətlər və yuxu pozuntularının ortaya çıxma ehtimalı xeyli artır".
Sosioloq Üzeyir Şəfiyev bildirib ki, hazırda rəqəmsal sürət dövründə yaşayırıq və bu, insanların, xüsusilə də uşaqların, yeniyetmələrin həyat tərzinə birbaşa təsir edir.

Onun sözlərinə görə, ailə, məktəb və digər təhsil müəssisələrinin sosiallaşmadakı rolu danılmazdır, lakin sosial şəbəkələrin təsir imkanları bu gün daha genişdir:
"Artıq elə bir mərhələdəyik ki, gənclər münasibət qurmaq, ünsiyyət yaratmaq və özlərini ifadə etmək üçün əsasən, sosial media və smart cihazlara üstünlük verirlər. Bu baxımdan, sosial şəbəkələrdə sağlam və maarifləndirici məzmunun paylaşılması vacibdir. Şiddəti, zorakılığı və qeyri-etik davranışları təşviq edən paylaşımlar isə uşaqların və yeniyetmələrin psixoloji və sosial inkişafına mənfi təsir göstərir".
Sosioloq vurğulayıb ki, sosial mediada hüquqa və əxlaqa zidd paylaşımların olmaması üçün sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır:

"Ölkə başçısı tərəfindən 2018-ci ildə uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunmasına dair mühüm sənəd imzalanıb. Eləcə də, 2025-ci ilin 19 martında süni intellektin inkişafı ilə bağlı milli strategiya təsdiq olunub ki, həmin sənəddə təhlükəsizlik riskləri və təhlükələrin qarşısının alınması yolları əhatə olunub.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilən 148-1-ci maddə və digər normativ sənədlər bu sahədə əsas hüquqi çərçivəni müəyyən edir. Telekommunikasiya haqqında qanuna əlavə və dəyişikliklər edilib. "Media haqqında" Qanunun 10, 14-cü maddələrində müddəalar nəzərdə tutulub. Lakin ayrıca sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun da olmalıdır. Sosial şəbəkələrdə etik davranış və hüquqi məsuliyyət anlayışı formalaşdırılmalıdır. Bəzi istifadəçilər düşünürlər ki, virtual məkanda istədiklərini paylaşa bilərlər və bu, hüquqi nəticə doğurmaz. Halbuki, real həyatda olduğu kimi, onlayn mühitdə də hüquqi və əxlaqi məsuliyyət mövcuddur. Sosial şəbəkə istifadəçiləri maarifləndirilməli, paylaşım zamanı məsuliyyət daşıdıqlarının fərqində olmalıdırlar. Onlar sosial medianı amfiteatr kimi başa düşməməlidirlər. Hüquq-mühafizə orqanları artıq bir çox şəxsi məsuliyyətə cəlb ediblər. Buna görə də mövcud qanunvericilik bazası olsa da, onun təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir".
Rəqəmsal asılılığın təhsil sferasına təsiri
Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, rəqəmsal asılılıq bu gün abituriyentlər üçün ciddi təhlükəyə çevrilib və onların həm psixoloji vəziyyətinə, həm də təhsil sahəsindəki inkişafına mənfi təsir göstərir:

"Rəqəmsal asılılıq yaranan abituriyentlər dərsə diqqət yetirməkdə çətinlik çəkir, daha çox onlayn oyunlara və sosial platformalara yönəlirlər. Bu cür asılılıqlar gənclərin təkcə psixoloji vəziyyətinə deyil, eyni zamanda, gələcək iş və karyera həyatlarına da ciddi mənfi təsir göstərir".
Ekspertin sözlərinə görə, rəqəmsal savadlılığın inkişafı bu sahədə əsas açardır:
"İnsanlar rəqəmsal dünyadan yalnız savadlı şəkildə istifadə etdikdə onun müsbət tərəflərindən faydalana bilirlər. Bu gün hər bir gənc əlindəki telefonla istənilən məlumatı əldə edə bilər, amma həmin məlumatın müsbət və ya mənfi istiqamətdə olması artıq şəxsin öz seçimindən və savad səviyyəsindən asılıdır".
O əlavə edib ki, rəqəmsal platformalarda yayılan yalan məlumatlar, əxlaqazidd və zərərli məzmunlar cəmiyyətdə yanlış istiqamətlənməyə səbəb olur:
"Rəqəmsal savadlılığı olan şəxslər bu cür məlumatları düzgün analiz edib ayırd edə bilirlər. Lakin rəqəmsal savadı zəif olan insanlar asanlıqla bu paylaşımlara aldanırlar. Xüsusilə yuxarı sinif şagirdləri arasında kriminal aləmə meyillənmənin artması bu risklərin nə qədər real olduğunu göstərir. Əgər həmin şagirdin rəqəmsal savadlılığı yoxdursa, bu cür məzmunlara yönəlməsi mümkündür".
Ekspert məktəb psixoloqlarının bu məsələdə roluna da toxunub:
"Əgər biz rəqəmsal dünya ilə ayaqlaşmaq istəyiriksə, şagirdlərimizi də psixoloji baxımdan bu dünyaya hazırlamalıyıq. Təəssüf ki, məktəb psixoloqlarının bir qismi bu sahədə yetərli məlumata sahib deyil. Özündə bu bilikləri olmayan psixoloq şagirdə nə verə bilər? Məktəb psixoloqları sinif rəhbərləri ilə bu mövzuları geniş şəkildə təhlil etsə, bu istiqamətdə uşaqlar ilə iş görülsə, yaxşı olar".
Ramin Nurəliyev vurğulayıb ki, rəqəmsal dünyanın müsbət təsirlərindən faydalanmaq üçün orta məktəbdən başlayaraq, ali təhsil müəssisələrində də bu istiqamətdə təlim və maarifləndirmə işləri aparılmalıdır:
"Təəssüf ki, bu gün təhsilverənlərin özlərinin rəqəmsal savadlılıq səviyyəsində problemlər mövcuddur".
Aygün Mirakif


