“Hacıqabul Quşçuluq Şirkəti” köhnə yumurtaları bazara “yeni məhsul” adı ilə çıxarır? MMC iddialara cavab vermir
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
“Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin 6-7 ay soyuducularda saxlanılan yumurtaları bazara “yeni məhsul” adı ilə çıxardığı iddia olunur.
Pravda.az xəbər verir ki, uzun illər “Hacıqabul Quşçuluq Şirkəti”ndə çalışmış və daxili iş prinsiplərindən xəbərdar olan vətəndaş Babaşov Dilavər Stam oğlu MMC-də ciddi qanun pozuntularına yol verildiyini bildirib.
Onun sözlərinə görə, “Hacıqabul Quşçuluq Şirkəti” istehsal olunan yumurtanın miqdarı statistikada qəsdən az göstərilir, bu yolla rəsmi hesabatlar saxtalaşdırılır. D.Babaşov MMC-dəki özbaşınalıqlarda Babaşov Nemət Adışirin oğlu və Babaşov Şöhrət Adışirin oğlunun adını çəkib. Aylarla saxlanılan yumurtaların satışa gedərkən həmin gün istehsal edilmiş kimi rəsmiləşdirildiyini deyən Babaşov şirkətdə 26 konteyner soyuducu, 3 böyük soyuducu anbarın olduğunu, hər soyuducu konteynerdə 800-900 qutu yumurta saxlanıldığını da iddia edib. Onun sözlərinə görə, daş anbarlarda 15 000–20 000 qutu yumurta yerləşdirilir və bu yumurtalar da 7-8 ay ərzində anbarda qalır.
Vətəndaş hazırda 60 min qutu keyfiyyətsiz yumurtanın satışa hazırlandığını da iddia edib. Məlumatı “Tribunainfo.az” saytı yayıb.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Hacıqabul Quşçuluq Şirkəti”nə sorğu göndərsə də, şirkətdən iddialarla bağlı hələ də heç bir mövqe bildirilməyib.


