Icma.az
close
up
RU
Haqverdiyevlər nəslinin yadigarı

Haqverdiyevlər nəslinin yadigarı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Mətbuatı – 150

Onun ata babası Haqverdi bəy XIX əsrdə Şuşada İbrahim xanın mirzəsi və xeyriyyəçi olub. Atası Məşədi Zeynal, anası Tovuz xanım el-obada böyük hörmət-izzət sahibləri idilər. Özü isə Azərbaycan jurnalistikasının tanınmış simalarındandır.

Söhbət Ulduzə Haqverdiyevadan gedir. Düz 72 il əvvəl – 1953-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirərək jurnalist fəaliyyətinə başlayıb. Əvvəl Ağdamda redaksiyada çalışıb. Sonra Bakıya gələrək “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi olub, maraqlı yazıları ilə imzasını tanıdıb. Ailə vəziyyəti ilə əlaqədar Şərura, sonra Füzuliyə gedib. 1966-cı ildən “Araz” qəzetində çalışıb. 70-ci illərdə Bakıya qayıdaraq Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi, “Müxbir” jurnalında ədəbi işçi kimi fəaliyyət göstərib.

Mehdiqulu xan Ulduzə xanımın ulu babası Mirzə Haqverdi Qarabağiyə bəylik rütbəsi verib, Ağcabədidə kənd bağışlayıb. Nəsil şəcərəsi Əbdürrəhim bəy Haqverdiyevgilə gedib çıxan, atasının əmisi qızı Xurşid xanımın həyat yoldaşı Nəcəf bəy Vəzirov olan, Hacıbəylilərə, Çəmənzəminlilərə yad sayılmayan Ulduzə xanım bu məsuliyyəti daim öz üzərində hiss edib və məşhur imzanın şərəfini layiqincə qoruyub.

Onun anası Tovuz xanım Ağcabədidə Kürqırağı Qaradolaq obasından, Cəlil Məmmədquluzadənin ömür-gün dostu Həmidə Cavanşirin qohumlarından olub. Xatirələrə dalan ağbirçək jurnalist deyirdi ki, 1945-ci ildə Həmidə xanım Ağdamda onların məktəbinə gəlmişdi. Məktəbin direktoru mənim qolumdan tutub Həmidə xanımın yanına apardı və ona təqdim elədi:

– Bu, Tovuzun qızıdır, adını siz qoymususunuz – Ulduzə. Həmidə xanım mənim başımı sığalladı, səliqəli, təmiz geyimimi təriflədi və ata-anamın necə yaşadıqlarını soruşdu...

Onun belə xatirələri çoxdur. Eyni zamanda, cəsarətli qələm sahiblərindən sayılır. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti haqqında çox maraqlı məqalə yazıb. Sovet rejiminin kəskin vaxtlarında hər jurnalist buna cürət etməzdi. Ulduzə Haqverdiyeva 150 yaşlı milli mətbuatımızla bağlı dəyərli məqalələrin də müəllifidir. Şura hökumətinin ilk dönəmlərində çıxan “Fəhlə-kəndli müxbirlər” məcmuəsində tənqidi yazıları gedən sələflərimizin təqiblərə məruz qalmasını geniş araşdırıb.

Həmin məcmuədə Mehdi Ağazadənin, Ələkbər Mövlayevin, Hüseyn Bağırın, Ağabala Mikayılzadənin, Hafiz Mirzəzadənin çıxışlar etdiyini, yazılarına görə təqib olunan astarxanbazarlı Mehdi Əsgərovun, gəncəli Abbas Rəcəbli və Süleyman Bağırovun, Ağdamdan Həsənəli Rüstəmzadənin, Zərdabdan Bəhaləddin Zərdabinin, Hacıqabul dəmir yolundan Şərif Hüseynovun, Binəqədidən Eyvaz Əbiyevin və başqalarının bürokratlar tərəfindən “ləkələnməsini” qeyd edib.

Ulduzə xanım “Mübarizədə keçən ömürlər” adlı araşdırmasında (“Müxbir” jurnalı, may, 1984) yazırdı ki, “Azərbaycan işçi-kəndli müxbiri” dərgisinin 1928-ci ildə çıxan 6-cı nömrəsində bildirildiyinə görə, Bakının Ağ şəhərində naməlum adamlar fəhlə-müxbir Həmdulla Fərzulla oğlunu bıçaqla sinəsindən vurub ağır yaralayıb, sonra da daşla, ağacla bədənini əzik-əzik edərək, əzabla öldürüblər. O zaman Mikayıl Müşfiqin qələmə aldığı “Müxbirin ölümü” adlı şeir də məcmuədə dərc olunub. Ulduzə xanım həmin şeiri də taparaq “Müxbir” jurnalında oxuculara təqdim edib.

Onun “Xatirələr unudulmur”, “Musiqiçi kadrlar” (görkəmli bəstəkar, eyni zamanda, publisist Üzeyir Hacıbəyli ilə bağlı) “Məhsul” dostluğu tərənnüm edir”, “İlk fabrik qəzeti” (Bakı Tikiş Fabrikində çıxan “Fəhlə yolu”) və sair məqalələri də maraqla qarşılanıb.

...Universitetin jurnalistika fakültəsində qiyabi təhsil alırdım. Sumqayıtda çalışdığım çoxtirajlı “Kimyaçı” qəzetinin çap olunduğu şəhər mətbəəsində metranpaj olan Hacımehdi Fətiyev haqqında oçerk yazıb Jurnalistlər İttifaqının aylıq “Müxbir” jurnalı redaksiyasına aparmışdım. Orada yazımı əvvəllər “Kimyaçı”ya rəhbərlik etmiş baş redaktor Oqtay Cəfərova təqdim etdim. O da Ulduzə xanımı çağırıb oçerkimi çapa hazırlamağı tapşırdı. İlk dəfə gördüyüm Ulduzə xanım tələbə-jurnalist olduğumu eşidincə qızı Səadət Məmmədovanın da bizim fakültədə oxuduğunu söylədi.

– Eyni qrupun tələbələriyik, – dedim. – Hamımızın xətrini çox istədiyimiz Səadət Məmmədova, özü də Üzeyir Hacıbəyovun ev-muzeyində işləyir.

Ulduzə xanım gülümsündü. Dedi ki, bəli, Səadət dahi bəstəkarın Bakıdakı ev-muzeyinin işçisidir, mən isə hələ 1959-cu ildə Üzeyir bəyin Şuşadakı ev-muzeyinin açılışında “Azərbaycan gəncləri” qəzetinin müxbiri kimi iştirak etmişəm. Sonra yazımı oxuyub bəyəndi və növbəti nömrə üçün hazırladı.

Ondan sonra Ulduzə xanımla görüşməsək də, Səadət xanımla (“Qarabağlı” təxəllüsü ilə tanınır) həmkar kimi ara-sıra görüşürük. Uzun illər Üzeyir bəyin ev-muzeyinə direktorluq edib, televiziyada “Azərbaycan musiqi mədəniyyəti tarixi” proqramının müəllifi və aparıcısı olub. “Üzeyir Hacıbəyov” ensiklopediyasının müəlliflərindəndir. Bir vaxt anası mənim yazımı “Müxbir” jurnalında çap etmişdi, indi də mən Səadət xanımın mədəniyyət mövzusunda yazılarını, dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında maraqlı araşdırmalarını qəzetimizdə çapa verirəm.

Ulduzə xanımın “Müxbir” jurnalında dəyərli məqalələri, müsahibələri dərc edilirdi. Onunla iş yoldaşı olmuş şair-publisist Əjdər Fərzəli yazırdı: “Ulduzə xanım həyatın dərin bilicisi kimi, kitablardan oxumadığım elə ibrətli misallar, əhvalatlar söyləyirdi ki, heyrətlənirdim. O fəxr edirdi ki, Şuşada anadan olub. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, Bülbülün, Xanın, Seyid Şuşinskinin Şuşadakı evlərindən, bağlarından xüsusi məhəbbətlə danışırdı. Hətta Şuşanın məşhur Xarıbülbül gülünün toxumundan gətirib Ağdamda və Ağcabədidə əkdiyindən misal çəkirdi. – Amma Allahın sirridir, – deyirdi, – bu gül inadla baxır adamın üzünə, sanki öz gül dilində pıçıldayır ki, “mən yalnız Şuşa torpağında yaşaya bilərəm. Məni Şuşadan ayırmaq, heç yerə köçürmək mümkün deyil...”. Ulduzə xanım bundan sonra sınağa çəkirdi məni: – Adını yazıçı qoymusan, Xarıbülbül haqqında niyə bir əsər yazmırsan?”.

Əmək veteranı Ulduzə Haqverdiyeva 2010-cu ildə Azərbaycan Mətbuat Şurası nəzdində yaradılmış Ahıl Jurnalistlər Məclisinin ilk üzvlərindən olub. Tədbirlərdə fəal iştirak edib. İndi İstanbulda qızları Kəmalə və Sevinclə birlikdə yaşayır. Oraya gedəndə böyük qızı Səadətin Bakıdakı uşaqları – Rəşad və Leyla üçün, Bakıya gələndə isə Kəmalə və Sevincin uşaqları – Orxan və Abbas üçün darıxır.

Milli Mətbuatımızın 150 illiyi ilə əlaqədar bu sahədə xidmətləri olan Ulduzə xanımla danışmaq üçün İstanbula zəng etdik. Maraqlı söhbətlərini dinlədik. Buradakı həmkarlarına ən xoş arzularını ifadə etdi. Biz də jurnalistikamızın ensiklopedik bilgiləri olan ağbirçəyinə uzun ömür, cansağlığı diləyirik.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri