Hədiyyə bazarında fərdi seçimlər ön plana çıxır: 32,7 milyard dollarlıq bazar
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Hədiyyə seçimi artıq yalnız bahalı məhsul almaq və ya ənənəvi seçimlərə üstünlük verməklə məhdudlaşmır. İnsanlar qarşı tərəfin maraqlarına, zövqünə və şəxsi xatirələrinə uyğun məhsullar axtarırlar. Ad yazılmış əşyalar, xüsusi hazırlanmış fotoalbomlar, fərdi dizaynlı aksesuarlar və sifarişlə hazırlanan məhsullar bu bazarın diqqət çəkən istiqamətlərindəndir.
Bu tendensiya hədiyyə seçiminə yanaşmanı dəyişməklə yanaşı, sahibkarlar üçün də yeni satış imkanları yaradır. Artıq müştərilər yalnız hazır məhsul deyil, öz istəklərinə uyğunlaşdırılmış hədiyyə də sifariş edə bilirlər. Qlobal bazarda bu istiqamətə marağın artması fərdiləşdirilmiş hədiyyələrin ayrıca biznes kateqoriyasına çevrildiyini göstərir.
Məşhurların seçimləri
“Forbes Vetted”in “9 Successful People On The Best Gift They've Ever Given (Or Received)” adlı paylaşımında müxtəlif sahələrdən olan doqquz tanınmış şəxs ən çox bəyəndikləri və verməyi sevdikləri hədiyyələrdən danışıblar.
Paylaşımda aktrisa Sara Foster adları yazılmış fərdi dəftərxana ləvazimatlarını, Tessa Tompson isə “Gohar World” markasının süfrə salfetlərini sevdiyi hədiyyələr arasında göstərib. Saç ustası Kris Makmillan “Edelweiss” şokoladlı pretzelləri, Savanna Ceyms 2023-cü il istehsalı “Alvina Pernot Meursault” şərabını seçib.
Aktrisa Eva Lonqoriyanın seçimində “Victoria Beckham Beauty” markasının “Portofino '97” ətri, qolfçu Castin Tomasın seçimində isə “Diptyque Paris Baies” ətirli şamı yer alıb.
Hədiyyə alanlar arasında da fərqli seçimlər diqqət çəkir. Belmont Kameli “Etsy” platformasından sifariş etdiyi xüsusi hazırlanmış vinil plastinkanı ən yaxşı hədiyyələrindən biri hesab edir. Aşpaz Kristen Kiş aktrisa Dryu Berrimordan aldığı Dr. Seussun “My Many Colored Days” kitabını, model Eşli Qrehem isə həyat yoldaşı Castinin onun üçün hazırladığı foto-kitabı xüsusi hədiyyə kimi təqdim edib.
Bu seçimlərdə həm lüks məhsullar, həm də şəxsi məna daşıyan əşyalar var. Xüsusilə foto-kitab və sifarişlə hazırlanmış vinil plastinka hədiyyənin fərdi xüsusiyyətlərinin nə qədər önəmli olduğunu göstərən nümunələrdir.
32,7 milyard dollarlıq bazar
“Grand View Research” şirkətinin araşdırmasına görə, qlobal fərdiləşdirilmiş hədiyyələr bazarının həcmi 2025-ci ildə 32,7 milyard dollar təşkil edib. Şirkət bazarın 2026-cı ildə 34,9 milyard dollara, 2035-ci ildə isə 62,5 milyard dollara çatacağını proqnozlaşdırır. 2026–2035-ci illər ərzində orta illik artım tempinin 6,7 faiz olacağı gözlənilir.
Araşdırmada bazarın böyüməsini şərtləndirən amillər sırasında istehlakçıların fərqli və mənalı hədiyyələrə marağı, elektron ticarətin genişlənməsi və məhsulların fərdiləşdirilməsini asanlaşdıran texnologiyalar göstərilir.
Məhsul kateqoriyaları da kifayət qədər genişdir. Geyimlər, zinət əşyaları, fincanlar, fotoçərçivələr, dəftərxana ləvazimatları, ev dekorasiyası və müxtəlif aksesuarlar bu bazara daxildir.
Şirkətin məlumatına görə, 2025-ci ildə fərdiləşdirilmiş geyim məhsulları bazarın təxminən 32 faizini təşkil edib. Satışların 68 faizi isə onlayn kanallar vasitəsilə həyata keçirilib. Bu göstərici fərdi məhsulların elektron ticarət üçün də əhəmiyyətli satış istiqamətinə çevrildiyini göstərir.
Onlayn platformaların rolu
Fərdiləşdirilmiş məhsulların satışında “Etsy” kimi elektron ticarət platformaları xüsusi yer tutur. Burada istifadəçilər sifarişlə hazırlanan zinət əşyaları, fərdi fotoalbomlar, dekorativ əşyalar və müxtəlif hədiyyələr tapa bilirlər.
Platforma 2024-cü ildə süni intellekt və insan seçimlərini birləşdirən “Gift Mode” funksiyasını təqdim edib. Bu sistem istifadəçilərə hədiyyə alacaqları şəxsin maraqlarına və seçimlərinə uyğun məhsullar tapmağa kömək edir.
“Reuters”in 31 iyul 2024-cü il tarixli məlumatına görə, “Etsy” həmin ilin ikinci rübündə hədiyyə satışlarının ümumi ticarət dəyərində illik müqayisədə 4,1 faiz artım qeydə alıb. Şirkətin həmin dövrdə aktiv alıcılarının sayı da 96,6 milyona çatıb.
Bu nəticələr hədiyyə alış-verişinin elektron ticarət platformaları üçün əhəmiyyətini göstərir. Xüsusilə fərqli və sifarişlə hazırlanan məhsullar təqdim edən satıcılar geniş auditoriyaya çıxmaq imkanı əldə edirlər.
Kiçik biznes üçün imkanlar
Fərdiləşdirilmiş hədiyyələr bazarı kiçik sahibkarlar üçün də maraqlı istiqamətdir. Bu sahədə fəaliyyət göstərmək üçün böyük istehsal müəssisəsinə ehtiyac yoxdur. Kiçik emalatxana, onlayn mağaza və ya sifariş əsasında işləyən fərdi istehsal modeli ilə bazara daxil olmaq mümkündür.
Məsələn, müştərinin göndərdiyi şəkillər əsasında foto-kitab hazırlamaq, üzərinə ad və tarix həkk olunmuş zinət əşyaları satmaq, fərdi mesajlı fincanlar və xüsusi dizaynlı hədiyyə qutuları təqdim etmək olar.
Belə bizneslərin üstünlüklərindən biri məhsul çeşidini müştəri tələbinə uyğun genişləndirmək imkanının olmasıdır. Sahibkar eyni məhsulu müxtəlif dizayn və qiymət kateqoriyalarında təqdim edə bilər.
Bununla belə, bu sahədə uğur yalnız fərqli məhsul təklif etməklə məhdudlaşmır. Sifarişlərin düzgün hazırlanması, keyfiyyət, çatdırılma müddəti və müştərinin istəyinin dəqiq yerinə yetirilməsi də vacibdir.
Nəticə etibarilə, fərdiləşdirilmiş hədiyyələr bazarının böyüməsi istehlakçıların alış seçimlərindəki dəyişikliklərlə yanaşı, kiçik bizneslər üçün də yeni kommersiya imkanları yaradır. Məşhurların seçimlərində görünən fərdi foto-kitablar, xüsusi sifarişlə hazırlanmış əşyalar və zövqə uyğun məhsullar bu tendensiyanın gündəlik istehlakda necə təzahür etdiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Noyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















