Həkim ekspert Rasif Bağırov: “Nipah virusuna görə ölüm halları birbaşa və daha kəskin şəkildə baş verir”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nipah virusu yoluxma hallarının 40–70 faizində ölümə səbəb olur. Hazırda bu virusa qarşı nə peyvənd, nə də xüsusi müalicə üsulu mövcuddur.
Yoluxmanın əsas mənbəyi yarasalar və ya çirklənmiş meyvələr hesab olunur.
Nipah virusunun Azərbaycana yayılma riski varmı və bu cür təhlükənin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına həkim ekspert Rasif Bağırov bildirib ki, xəstəliyin gedişatı adətən qripə bənzər əlamətlərlə başlayır: “Nipah virusu ilk dəfə 1998-1999-cu illərdə İndoneziyada aşkar edilib və əsasən Hindistan, Banqladeş və Cənub-Şərqi Asiya ölkələrində daha çox yayılmışdır. Bu virus, adətən meyvə yarasaları vasitəsilə yayılır, həmin yarasaların tüpürcəyində və sidiyində tapıla bilər. Yarasalar meyvələri, məsələn, xurma ağacını zədələyə bilər və həmin meyvənin şirəsi və ya özü yeyildikdə yoluxma baş verə bilər. Həmçinin yoluxmuş heyvanlar, xüsusilə donuzlar da xəstələnə bilər və bu, insanlara keçə bilər. Nəticədə, insandan insana keçid də mümkündür. Xəstəliyin gedişatı adətən qripə bənzər əlamətlərlə başlayır: yüksək hərarət, baş və əzələ ağrıları, amma ən ciddi problem mərkəzi sinir sisteminin zədələnməsi olur. Bu da ensefalit, qıcolmalar və ağır sinir sistemi defisitləri, yəni zədələdiyi sahəyə uyğun olaraq bədənin müəyyən layihəsində sinir keçiriciliyin pozulması və hərəkət məhdudluğu yarana bilir. Bu, çox ciddi virus hesab olunur və bunun inkubasiya dövrü 4-14, bəzi hallarda 45 günə qədər çəkir. Bu virusun ölüm faizi həqiqətən çox yüksəkdir; təxminən 40–70 faiz arasında dəyişir. Bu da o deməkdir ki, xəstəlik vaxtında aşkar edilmədikdə və mübarizə aparılmadıqda, bu virus insanlarda ölümə səbəb ola bilər. Onun təhlükəli tərəfi odur ki, meyvələrlə də yoluxa bilir. Məsələn; Hindistandan, İndoneziyadan, Banqladeşdən gətirilən meyvələr, xüsusən xurmalar, bu virusu daşıya bilər. Buna görə də, bu cür meyvələrin ölkəmizə gətirilməsinə diqqət yetirilməlidir. Çünki ticarət şəbəkələri sayəsində bu meyvələr asanlıqla ölkəyə daxil ola bilər və bu da potensial risk yaradır. Düzdür, bu virus bizdən coğrafi baxımdan uzaqda yayılıb, lakin müasir dünyada ticarət yaxın-uzaq anlayışı tanımır. İnsanlar həmin regionlardan müxtəlif meyvələr gətirə bilirlər və bu da potensial risk yaradır. Ona görə də ehtiyatlı olmaq vacibdir”.
Rasif Bağırov qeyd edib ki, bu virus üçün hazırda spesifik müalicə və ya peyvənd mövcud deyil: “Heç koronavirus dövründə belə bu qədər yüksək ölüm faizi müşahidə olunmurdu. COVID-19 zamanı ölüm hallarının artması əsasən müalicə prosesinin çətinliyi və ağırlaşmalarla bağlı idi. Lakin bu virusda ölüm halları birbaşa və daha kəskin şəkildə baş verir. Təəssüf ki, ölkəmizdə insanlar çox vaxt qripə yoluxduqda buna ciddi yanaşmır, “bəlkə öz-özünə keçər” düşüncəsi ilə gözləyirlər, əhəmiyyət vermirlər, proses dərinləşir və xəstəliyin qarşısını almaq daha çətin olur. Bu virus, digər viruslardan fərqli olaraq, çox yüksək ölüm faizi ilə seçilir və hazırda spesifik müalicə və ya peyvənd mövcud deyil. Müalicə yalnız simptomatik xarakter daşıyır, yəni orqanizmin zədələnmiş sahələrini dəstəkləmək və rahatlaşdırmaq məqsədilə aparılır. Bu baxımdan, ciddi ehtiyatlı olmaq və təhlükəni nəzərə almaq vacibdir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















