Icma.az
close
up
RU
Həkim” Sənan Nəzrini də öldürdü: Bu, neçənci qurbandır?

Həkim” Sənan Nəzrini də öldürdü: Bu, neçənci qurbandır?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nəzrin Mansurova - o gözəl gənc qadın vəfat etdi. Rinoplastikadan sonra komaya düşmüşdü və ayılmadı.

Çox kədərliyəm, çünki bu ailəni tanıyırdım. Nəzringilin toyunda olmuşduq, bəxtəvər günlərinə şahidlik etmişdik. 29 yaşı, çoxlu arzuları, planları və 3 yaşlı özü kimi gözəl qızı vardı. Anası komaya düşəndən uşaq hər gün ağlayır, çox darıxır, “anam gəlsin” deyir...

Çox ağrılıdır, nə yazıq ki, dünyanı anlamadan, kiçicik dünyası yalnız anasından ibarət olan bir uşaq da yetim qaldı. Və 3 yaşındaca böyüdü, dərdlə, faciə ilə yüklənərək yaşa doldu. Bir qatil həkimin ucbatından - səriştəsizliyindən, məsuliyyətsizliyindən, qeyri-peşəkarlığından, naşılığından və mərhəmətsizliyindən...

Müalicə və cərrahi əməliyyat zamanı xəstə ölə bilər. Heç kəs “risk yoxdur” deyə iddia etmir. Ən təcrübəli həkimin də əlində xəstə ölə bilər. Ən müxtəlif səbəblərdən baş verə bilər ölüm. Pasiyent sağalmaz xəstəliyə mübtəladırsa, orqanizm hansısa səbəbdən tab gətirmirsə, əməliyyat zamanı gözlənilməz fəsadlar ortaya çıxırsa... Amma həkim naşılığından da adam ölərmi? Biz hansı əsrdə, hansı çağdayıq? Tibb saniyyələrlə inkişaf edərkən ölkəmizdə bir gənc xanım, bir ana, bir təhsilli qadın burun əməliyyatından necə və niyə ölür? Bu, necə baş verir ki, cərrah əməliyyat zamanı həm anestezioloqluq etsin, həm də əlinə cərrah bıçağı alsın? Bu fərqli iki işi cərrah eyni vaxtda necə uğurla həyata keçirə bilər?

Bəli, təəccüblənməyin, mərhumun yaxınlarının dediyinə görə, Nəzrini əməliyyat edən Sənan Mehdiyev əməliyyat zamanı anesteziyanı da özü həyata keçirib. “Mərcan”, “Badam”, “Banan”, “Banal” və s. adlı klinikalarda - hətta ad belə bu müəssisələrin tibbə nə qədər yad olduğunu az qala bağırır - buna nəzarət olunmurmu? Həkim bu qədərmi özbaşına və sərbəstdir? Burun əməliyyatından sonra xəstənin hansı halda vəziyyəti pisləşə, komaya düşə, beyninə infeksiya yayıla bilər? O infeksiyanın mənbəyi, mənşəyi nədir? MRT nəticələrinə görə, xəstənin kəllə sümüyündəki sınıq var. O sınıq necə yaranıb? Əməliyyat edilən pasiyent cəmi bir gün sonra necə evə buraxıla bilər? O, ən azı üç gün xəstəxanada həkim nəzarətində qalmalı deyilmi? Əməliyyatdan öncə və sonra qan analizlərinə baxılmışdımı? Həkimin əlində xəstənin müayinə və analiz nəticələri varmı? Həkim nəyə, hansı məlumatlara əsasən xəstənin normal vəziyyətdə olduğuna qərar verərək onu evə buraxıb? Xəstəxanalarda ümumiyyətlə, bu qərarlar necə verilir?

Suallar həddən artıq çoxdur, yazı az qala suallardan ibarətdir, fərqindəyəm. Ona görə ki, olumlu, dəqiq, doğru bir cavab tapmağa çalışıram. Varmı bu sualların cavabı? Bir ailəyə nə boyda, nə miqyasda faciə yaşadıldığını təsəvvür edirsinizmi? Niyə ölkəmizdə plastik əməliyyatlar zamanı və sonrası ölümlər həddən ziyadə çoxalıb? Artıq böyük bir statistika yaranmaqdadır, anlayırsınızmı? Qadınlarımız gözəlləşmək, bəzən də sağlamlıq üçün ölümə gedirlər. Canımızı əmanət etdiyimiz səhiyyəyə tibb elmindən xəbərsiz, tibb təhsili belə olmayan insanlar necə daxil olur, həkim adına, cərrah adına necə iddia edə bilirlər? Onlara bu şəraiti, bu imkanı kimlər yaradır?

Əvvəllər yadımdadır ki, jurnalistikaya dəxli olmayanların media orqanı yaradıb “jurnalistlik”, əslində isə reketlik etməsi ilə bağlı müzakirələrdə jurnalistləri həkimlərlə müqayisə edirdim. Deyirdim ki, tibb təhsili olmayanın əlinə cərrah bıçağı götürməsi nə qədər absurddursa, reketçiliyin mediaya sirayət etməsi də o qədər ağlasığmazdır. Amma nə yazıq ki, təbabət daha betər “reket”ləşibmiş; daha betər durumda, daha ağlasığmaz səviyyədəymiş. Həqiqətən o dərəcədə ağlasığmaz ki, başqa bir sahənin adamı, adamları, yəni tibb təhsili olmayan, illərini tibb universitetlərində xərcləməyən nadanlar gəlib bizi kəsib-doğramaq xülyasına düşüblər və hətta bu xülyaları gerçəkləşdirə biliblər. “Mərcan”, “məstan”, “badam”, “banan” və s. bunabənzər adlı-adsız klinikalarda qəssab bıçağından cərrah bıçağı kimi istifadə edirlər.

Həqiqətən sözün bitdiyi yerdir. İndi bu “həkim-cərrah”ların böyük əksəriyyətinin tərcümeyi-halında və vicdanında ölüm faktı, hətta faktları var. Bu, Sənan Mehdiyev adlı plastik cərrahın da ilk hadisəsi deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirib. Həmin vaxt həkimə qısamüddətli azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra cəzası ev dustaqlığı ilə dəyişdirilib. Bütün bunlar necə baş verib, bu adam yenidən səhiyyəyə necə, hansı yollarla “qayıdıb” və ya ümumiyyətlə uzaqlaşdırılıbmı? Uzaqlaşdırılmayıbsa, niyə?

Bu, hələ bilinən, üstü açılan ölümlərdir. Sənan Mehdiyevin qurbanı olan, amma "Allahın qədəri" deyib, üstündən keçilən başqa "səhlənarlıqları" da olubmu?

Həqiqəti burda axtarmaq gərəkdir. Əməliyyat otaqlarına yad şəxslər əlcəksiz, baxılsız necə daxil olurlar, tibb qanunlarına görə bu otaqlar, bu otaqlardakı avadanlıq və tibbi ləvazimatlar dezinfeksiya olunmurmu? Cərrahiyyə əməliyyatında iştirak edən tibb personalı təmizliyə ciddi riayət edirmi? Əli şamlı-tortlu “şən və optimist” tibb bacıları o otaqlara necə buraxılır? O “sürpriz” səhnəciklər hətta tibbin özü üçün də sürprizdir, başa düşürsünüz? Bu xaosun, qarışıqlığın, özbaşınalığın, elmsizliyin və təcrübəsizliyin fonunda pasiyent ölümcül infeksiyaya yoluxmaya bilərmi? Nəinki yoluxar, ölər də. Və ölür insanlarımız belə klinikalarda...

Dünyanın qabaqcıl ölkələrində bu məsələlər necə tənzimlənir? Müvafiq qanunlarımızda hansı boşluqlar var? Əməliyyatöncəsi hər səhifəsi pasiyentə imzalatdırılan qalın qovluqlar həkimləri məsuliyyətdən azad edirmi? Qanunlarımıza görə, adam öldürmək cinayətdir və cəzası ağırdır. Bəs əməliyyat masasında ölümə məhkum edilən insanların haqqı, hüququ nədir, nələrdir? Biz əzizlərimizin arxasınca yalnız göz yaşı tökməkləmi kifayətlənməliyik? Nə etməliyik, nə edə bilərik, məncə, bu yöndə müzakirələrə başlamalı, media və QHT-lər həyəcan təbili çalmalı, Milli Məclisin diqqətinin bu problemə yönəldilməsi üçün nə mümkündürsə, etməliyik...

Yalnız “Allah rəhmət eləsin”lə bitməməlidir bu cinayətlər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Yanvar 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri