Həmidə Ömərova: Aktrisalığa pulsuzluqdan qayıtdım Müsahibə
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Bu gün Xalq artisti Həmidə Ömərovanın doğum günüdür.
Kulis.az Ülvi Bahadırın aktrisa ilə müsahibəsini təqdim edir.
– Qadınlar, adətən, yaşlarını gözlədirlər, aşağı deyirlər. Sizdə yaş kompleksi var?
– Heç vaxt gizlətməmişəm. Bu kompleks daha çox ortayaşlı qadınlarda olur. 50-ni keçəndən sonra nə kompleks? Ancaq qadınlar da müxtəlif olur. Yaşını gizlədənləri qınamıram. Bəlkə, ona xoşdur yaşının az bilinməsi. İnsan yaşını hiss eləmir. Oqtay Mirqasımovun bir müsahibəsini oxumuşdum. 65 yaşı olanda vermişdi. Sual vermişdilər ki, yaşınızı hiss edirsiniz? Dərhal dedi ki, yox. İnsan lap 100 yaşında da olsa, özünü o yaşda hiss eləmir. Yaş artıqca insanda müdrikləşmə prosesi gedir. Əvvəllər həyəcanlandığım şeylər indi adi görünür.
– Aktrisalıq uşaqlıq arzunuz idi, yoxsa sonradan formalaşdı?
– Həmişə düşünürdüm ki, mən öz yerimdə deyiləm. Mən həmişə anamın istəyi ilə oturub durmuşam. Mentalitetimiz belədir. Kişilər istəyirdi ki, oğlanları hüquqşünas olsun, analar da istəyirdi ki, qızları həkim olsun. Mən Moskva Kinematoqrafiya İnstitutuna daxil olanda orada qızlar çox az idi. İndi hər şey dəyişib. Küçədə bir nəfər yaxınlaşdı ki, qızımı seriala çəkərsən? Dedim ki, vallah, mən rejissor deyiləm, ancaq sizi yönləndirə bilərəm. O vaxt mobil telefonlar yox idi. İndi texnologiya inkişaf eləyib, hamı özünü ulduz hesab eləyir.
_1745505290.jpg)
– Moskvada təhsil almağa necə qərar verdiniz?
– Mən o vaxt Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdum. Öz xoşumla daxil olmamışdım. Qızıl medala namizəd idim. Elə oldu ki, cəbrdən dörd aldım və qızıl medala düşmədim. Biologiyaya hazırlaşırdım. Anam deyirdi ki, həkim olacaqsan. Onun sözü mənim üçün qanun idi. Fikirləşdim ki, hansı sahə mənim üçün daha maraqlıdır. Damarlarımda Qazax qanı axır axı. Ona görə də filologiyanı seçdim və daxil oldum. Ancaq vaxt keçdikcə hiss eləyirdim ki, bura mənlik deyil. Bir dəfə Həsən Seyidbəylinin televiziyadakı çıxışını gördüm. Deyirdi ki, Moskva Kinematoqrafiya İnstitutunda aktyorluq ixtisası üzrə azərbaycanlılara yer verilir. Kim istəyirsə, şəklini göndərsin, sonra müsabiqə olacaq. Mən filologiyada oxuya-oxuya aparıb şəklimi verdim. Moskvadan müəllim gəldi, seçim turu oldu, imtahan verdik, mən qəbul olundum. İki qıza yer qalmışdı, biri mən oldum.
– O vaxtlar ailələr qızlarının aktrisa olmağına razı olmurdular.
– Hə, az qız gəlmişdi. 700 oğlan, 5 qız var idi. 2 yer qalmışdı. Çünki 7 qız, 7 oğlan seçilməli idi. Mən aktrisa olmaq istəmirdim. Əslində, Moskvaya bu mühitdən, anamın tiraniyasından uzaqlaşmaq üçün getmişdim.
– Bəs öyrənəndə nə reaskiya verdi?
– Qırğın oldu... Filologiyaya daxil olanda birtəhər razılaşmışdı. Mənim üçün Moskvada çox çətin oldu. Çünki ora gələnlərin çoxu incəsənət gimnaziyasından gəlmişdi, təcrübələri var idi. Mən isə universiteti bitirib dərhal ora getmişdim.
_1745505330.jpg)
– Sizi xarici görünüşünüzə görə seçmişdilər...
– Elədir. Hətta birinci kursda mənim qovulmaq təhlükəm var idi. Çünki çox utancaq idim, təcrübəm yox idi. Müəllimim Yevgeni Matveyev idi. O da, köməkçiləri də bunu görürdü. Etüd göstərməyimizi istəyirdilər. Mən iti, pişiyi necə göstərim? Utanırdım. Pianino var idi, onun arxasında gizlənirdim.
Bir dəfə səhnə müəllimimiz bizə tapşırıq vermişdi. Demişdi ki, bir qız bir oğlan döyüşəcəksiniz. Sona Mikayılovanın yanına gəldim. Dedim ki, olar mən səninlə tərəf müqabili olum? Sən oğlan ol, mən qız. Gəldim müəllimimizin yanına, məsələni dedik. Dedi ki, elə şey olar? Gördü ki, inad eləyirəm, razılaşdı. Biz gecə-gündüz hazırlaşdıq. Vaxt gəlib çatdı. Çıxış etdik. Axırda müəllimimiz üzünü salona tutub dedi ki, nə dayanmısınız, əl çalın. İnstitut tarixində belə şey olmamışdı.
– Bəs necə qalib gəldiniz utancaqlığınıza?
– Bizim universitetdə bir diplom tamaşası hazırlanır, ancaq orada dörd. Dörd tamaşanın aktyor heyəti açıqlanır, hərəyə 2-3 rol düşür. Dördüncü tamaşaya gəliblər, hələ də adım yoxdur. Axırda Şekspirin “İki veronalı” tamaşasını heyəti açıqlananda dedilər ki, "qulluqçu Luçetta – Həmidə Ömərova". Elə bil başıma qaynar su tökdülər. Siyahını hazırlamamışdan qabaq müəllimimiz bizə demişdi ki, əvvəlcə bir etüd göstərəcəksiniz. İki nəfərlik səhnə idi. Bir nəfər ən yaxın adamını itirib, bir tərəfdən də dostu gəlir və pondan borc pul istəyir. İndi fikirləşməlidir ki, versin, yoxsa yox. Bundan sonra mən öyrəndim ki, qulluqçu rolundayam. Məni bir ağlamaq tutdu. Yevgeni Matveyev dedi ki, hə, indi kim gəlib göstərər etüdü. Mən əlimi qaldırdım. Hamı mənə təəccüblə baxdı ki, bu qız ilk dəfə əlini qaldırıb, könüllü etüd göstərmək istəyir. Səhnəyə çıxdım. Ayağımı ayağımın üstünə aşırdım. Qabağımda da guya meyid var. Təsəvvür eləyirəm ki, o meyid Yevgeni Maveyevdir. Hamı da birinci özünə ağlayır axı. Göz yaşlarım sel kimi axırdı. Kurs yoldaşım Mikayıl Kərimov gəlib pul istədi, verdim, getdi. Hər etüddən sonra da müzakirə aparılır. Mühakimə eləyənlər də kurs yoldaşların olur. Biri dedi ki, mən Həmidəyə inanmadım, çünki adamın ən yaxını öləndə heç vaxt ayağını ayağının üstünə aşırmır, pllastikası düzgün deyil. Matveyev dedi ki, düz deyirsən, mən film çəksəm, Həmidəni yox, Sonanı seçərdim. Çünki Həmidə ağladığını göstərirdi, göz yaşları həqiqi deyildi. Keçib yerimdə oturdum. Qəfildən ağladım. İşıqlardan biri üzərimə düşürdü. Bu vaxt Matveyevin köməkçilərindən biri dedi ki, baxın, indi Həmidə, həqiqətən, ağlayır. İcazə alıb çıxdım, uzun dəhliz boyu qaçdım, qaçdım, qaçdım... Heç bilmirdim hara qaçırdım. Pəncərəni açdım, dayandım, dedim ki, Həmidə, öldü var, döndü yoxdur, aktrisa olacaqsan. Qapıdan qovurdular, pəncərədən girirdim.
Luçettanı oynadım. Tamaşaya Sergey Bondarçuk, Vyaçeslav Tixonov gəlmişdi. Baxdılar, dedilər ki, o Luçettanı oynayan qız kimdir, təzədir? Matveyev dedi ki, yox, birinci kursdan mənimlədir, indi üçüncü kursdur. Dedilər ki, sən qulluqçu ilə xanımı səhv salmısan. O qədər sevirdim, bağlanmışdım ona. O rolu məndən aldılar. Rəhmətlik Fərqanə Quliyevanın xanım rolunu mənə verdilər, mənim də rolumu ona. Beləcə, yavaş-yavaş səhnəyə öyrəşdim.
_1745505355.jpg)
– Oxuyub gələndən sonra ananız sizi necə qarşıladı?
– Əla. O, arxayın idi ki, mənə heç kim rol verməyəcək. Mən də altı ay idi ki, heç bir rola çəkilmirdim. Ona demişdim ki, mən rejissor olacağam. Dördüncü kursda oxuyanda anam dedi ki, qal, aspirantura oxu. Sergey Bondarçukla danışdım, dedi ki, bu il yerimiz yoxdur. Sonra əlavə elədi ki, sən yaxşı aktrisasan, niyə rejissor olmaq istəyirsən? Dedim ki, anam belə istəyir. Dedi ki, onda gələn il gəl. Qayıtdım Bakıya. Altı aydan sonra məni üç filmin sınaq çəkilişlərinə çağırdılar, ikisinin baş roluna təsdiq olundum. Əvvəlcə rəhmətlik Fikrət Əliyevin “Qızıl uçurum” filmində Şəfiqə obrazına çəkildim. Sonra isə Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” iki hissəlik filmində Çinarə obrazını canlandırdım. Birində müasir qızı oynadım, o birində tarixi obrazı. Sonra ildə 3-4 filmə çəkilməyə başladım. Ta ki, 1993-cü ilə qədər. Sonra Kinostudiyanı özəlləşdirdilər, o da bizə düşmədi, kadrların çoxu dağıldı.
– Siz də elə ondan sonra ailə qurdunuz?
– Hə. O vaxta qədər vaxtım yox idi.
– Evdən təzyiq var idi?
– Yox. O fikirləşdi ki, mən bu sənəti seçmişəmsə, artıq ailə həyatı qurmayacağam. Heç özü də istəmirdi. Deyirdi ki, mən qurmuşam, nə olub ki? Atam onu, həqiqətən, çox istəyirdi.
– Ata evinizdən Bakıya gələndə neçə yaşınız var idi?
– Mən Bakıda doğulmuşam. Sonra kəndə gedib anam. Üç yaşında məni də götürüb gəlib Bakıya.
– Atanız sizinlə görüşürdü?
– Hə, görüşürdük. Atam fransız, anam ingilis dili müəllimi idi. 8-9 yaş fərq var idi aralarında.
– Atanız birinci vəfat eləyib?
– Lap çoxdan... Atam anamdan 25 il əvvəl dünyasını dəyişib. Ailə qurmuşdu. Mən həmişə bacı-qardaşlarımdan məktublar alırdım.
– Bəs bu gün necə, görüşürsünüz?
– Əlbəttə. Valideynlər səhv eləyə bilərlər. Həyatdı. Əsas odur ki, insan öz köklərinə qayıdır. Biz bir kökdənik. Adam ailənin vacibliyi yaş artıqca anlayır.
_1745505378.jpg)
– Ananız nə əcəb atanızla görüşməyinizə razılıq verirdi...
– İstəmirdi, əslində. Gizli görüşürdük. Əmim institutun birinci kursunda oxuyurdu. Gəlib məni götürürdü, gəzdirirdi, atam abrədə danışırdı. Atamla anam yarı olsalar da arzuları bir idi; ikisi də məni həkim görmək istəyirdi.
– Bəs atanızın həyat yoldaşının sizə münasibəti necə idi?
– Mən onu ilk dəfə əmim qızı Vəfanın toyundu görmüşdüm. Atam deyirdi ki, mənim həyat yoldaşımın çox gözəl xasiyyəti var. Gözəllik gedir, xarakter qalır. Anam şəhər qızı idi. Ali təhsilli idi. Səhər 6-da durub bulaqdan su gətirsin, arxda paltar yusun, belə şeyləri eləmək istəmirdi. Yadıma gəlir, həmişə şikayət eləyirdi. Heç cür uyğunlaşa bilmirdi. Kənd qadını da istəyər ki, oğlu evlənsin, evə kömək gəlsin. O da alışa bilmədi bu şəraitə.
– Ananız sonradan ailə həyatı qurdu?
– Yox. Həyatını mənə sərf elədi. Ona görə də qısqanc idi. Hər şeyimə qarışırdı.
– Ananızda alzeymerın olduğunu necə öyrəndiniz?
– Alzeymer müxtəlif olur: sürətlə və tədricən inkişaf eləyən. Anamda ikincidən idi. Ləng inkişaf eləyirdi. O, krosvord həll eləyirdi, ingiliscə kitablar oxuyurdu. Çox gözəl səsi var idi. Oğlumu dizinə uzadıb “Qaragilə” mahnısını oxuyurdu. 6-7 il mən ona baxdım. Ondan da qabaq mənim hardasa 34-35 yaşımda hiss elədim. Hərdən nəsə deyirdi, sonra məndən üzr istəyirdi. Yaddaşı gedib-gəlirdi. Ağlayırdım, deyirdi ki, ağlama, Həmidə, qəfil ağlıma gəldi, dedim. İllər keçdikcə, bu hallar tez-tez təkaralanmağa başladı. Əsəblə də əlaqəli idi. Həyatı baş tutmayan bir qadın idi. Tək, köməksiz bir qız böyütmüşdü. Qapalı xarakterli idi, heç kimlə ünsiyyətə girmirdi.
_1745505398.jpg)
– Bakılı xarakteri var idi?
– Hə, çox. Ünsiyyətə az-az girəndə adam depressiyaya düşür.
– Nə vaxt kəskinləşməyə başladı?
– Uşağım olandan sonra. Finlandiyaya festivala getmişdim. Bilirdim ki, anam uşağı bayıra çıxmağa qoymayacaq. 5-6 yaşı var idi. Bir qohumumuza tapşırmışdım ki, arada baş çəksin. Anama da demişdim ki, özünə əziyyət vermə. Biz 9-cu mərtəbədə qalırdıq. Dedi, hə, baş üstə. Eyvanda oyuncaqları tökürdü uşağın qabağına ki, oynasın. Çölə qoymamışdı. Əsirdi uşağın üstündə. Qəfildən deyirdi ki, uşağı oğurladılar. Ürəyim düşürdü. Bir də görürdüm ki, hamamdan çıxır. Deyirdi ki, hə, onda mənə elə gəlib.
Belə-belə güclənməyə başladı. Əvvəl Rəhimi unutdu, sonra məni. Ancaq atamın sevdiyi mahnını unutmadı. Atam həmişə onu Qazaxda təpəlikdəki çayın qırağına aparırdı. O da atam üçün “Qaragilə”ni oxuyurdu. O mahnının sözlərini unudurdu, amma çox gözəl zümzümə eləyirdi.
– Tez-tez itirdi?
– Birinci dəfə itəndə mən Buzovnada dəniz qırağında dayım qızının evində idim. Qəfildən yoxa çıxdı. Hər yerdə baxdıq. Bir də gördük gəlir. Dedi ki, Rəhimə görə qayıtdım. Mənə dedi ki, sən məni acılamısan. Çaşıb qaldım.
Üç gün sonra getdi, tapa bilmədik. Üç gün sonra onu psixiatrik klinikada tapdım. Heç nə izah eləyə bilmirdi. Baxıcı tutduq. Sağ olsun, Cəmil Quliyev mənə kömək elədi. Yenə də fikirləşirəm ki, əziyyətini az çəkmişəm.
– Necə vəfat elədi?
– Onu öpüb namaz qılmağa getdim. Axırıncı üç günü yatmırdı. Nələrsə danışırdı. Başa düşmürdüm. Sən demə, aqoniya imiş. Ölümqabağı Tanrı ilə ünsiyyətdə idi. Əlində tutdum, gördüm ki, od tutub yanır. Həkimə zəng vurdum. Sahə həkimi yox idi, başqa həkim gəldi. İynə vurdu, sakitləşdi. Sinəsi xırıldayırdı. Mən bir də zəng elədim həkimə. Dedim ki, neyləyim? Dedi ki, sıyıq ver. Saat iki idi, heç nə yeməmişdi. Kaş verməyəydim. Sıyığı verəndə dondu qaldı. Tez təcili yardıma zəng elədim. Həkimlər gəldi, iynə vurmaq istəyirdilər, damarı götürmürdü. Deyidilər ki, tərini sil. Mən də deyirdim ki, hər şey yaxşı olacaq. Komada idi. Yuxuda idim, qəribə vəziyyətə düşmüşdüm. Getdim namaz qılmağa. Çıxanda qaynımın həyat yoldaşı dedi ki, keçinib. Gəlib yaxınlaşdım, ayağı isti idi. Dedilər ki, elə olur. Sonradan öyrəndim ki, bir də mikro infarkt da keçiribmiş.
Şamil Süleymanlını gördüm, dedim ki, anam rəhmətə getdi. Dedi ki, ay Həmidə, gəlmişdim də, orda idim. Mən yanımdakıları da görmürdüm. Sonra yavaş-yavaş özümə gəldim.
_1745505422.jpg)
– Siz elə namaza da ananız birinci dəfə itəndə başlamışdınız.
– Hə. Rəhimi hər yerdə göndərmişdim tapa bilməmişdi. Polisə müraciət elədik. Dedilər ki, narahat olmayın. Axtarışa vermişik. Dözmədim, qonşumuz Kəmalə xanıma zəng elədim. Dedim ki, sən həmişə mənə deyirsən ki, İrana, Məşhədə getmisən, ancaq yalançı məşhədixanım olmusan, namaz qılmırsan. Anam tapılsın, namaz qılmağa başlayacağam. Dedi ki, sən niyə Allahla şərt kəsirsən. Sən namazını qıl da. Ağlıma batdı. Mindim taksiya, getdim şəhərə. Evə çatdım, namaz qılmağa başladım. Allaha yalvardım ki, anamı tapılsın. Namaz qıla – qıla anamı tapdım. Aktrsa Zülfiyyə Eldarqızı zəng elədi. Onunla düşüb anamı axtarmağa başladıq. Avqust idi. Həmin vaxt mənə Xalq artisti adı vermişdilər. Hamı zəng eləyib təbrik eləyirdi, mən də anamı axtarırdım.
Zülfiyyə ilə Tolstoy 71 küçəsinə getdik. Orada babamın mülkü var idi. Sonradan oranı sökdülər. Anam üç gün qabaq orada olmuşdu. Hara getdik, dedilər ki, bilmirik. Gəldim Səməd Vurğun bağına. Adətən, əsəb xəstəsi olan adamlar orada olurdular. Gördük ki, skamyada üç qoca oturub. Anamın şəklini göstərdik, səs çıxmadı. Bir qoca çağırdı məni. Dedi ki, elə adamları iki yerə aparırlar: ya “Musa Nağıyev”ə, ya da psixoloji dispanserə. Taksiyə minib klinikaya gəldik. Dedilər ki, bazar günüdür, heç kim yoxdur. Elə ümidimi üzmüşdü ki, qulağıma “Qaragilə” dəydi. O mahnının izi ilə gedib gördük ki, ordadır. Dedim, anam, tanıdın məni? Dedi ki, Həmidəsən də. Öpüb qucaqladım. Başında şişlər var idi. Dedilər ki, biz onu küçədə belə tapmışıq. O heç vaxt pensiyasını bizə vermirdi. Əlində pul görüb döymüşdülər. Ağacın altına yıxılmışdı.
– Bu gün də qılırsınız?
– Əlbəttə.
– Kinoya qayıdaq... Hansı roldan sonra hiss elədiniz ki, siz artıq tanınırsınız?
– O vaxt bütün aktyorların posterləri çıxırdı. Mənimkiləri həmişə oğurlayırdılar. Axırda Aydın Kazımzadəyə dedim ki, o şəkildən mənə də verin, yadigar qalsın. Ancaq ən böyük populyarlığı televiziya ilə, “Retro” verilişindən sonra qazandım.
– “Retro” dövrünün ən məşhur verilişlərindən idi. Təklif kimdən gəldi?
– Mən həmin illərdə “Yeni filmlər” verilişi aparırdım. Bir gün “Kinoproqram” redaksiyasının rəhbəri Əhməd Aşurbəyov məni kabinetinə çağırdı. Dedi ki, Ayaz təhsilini davam etdirmək üçün Moskvaya gedir, təcili aparıcı lazımdır. Dedim ki, mənim öz verilişim var. Dedi ki, bir həftəlik bizə kömək elə, sonra biz başqasını tapacağıq. Belə – belə bir ay verilişi parıdım. Dedilər ki, tapa bilmirik, sən aparacaqsan. Bir il sonra Ayaz qayıtdı. Bir həftə o apardı, bir həftə mən. Sonra o rejissorluğa başladı, mən 22 o verilişi apardım. “Seans” verilişini apardım.
– Ailə həyatı qurandan sonra bir il sənətdən uzaqlaşdınız. Bəs sonra niyə qayıtdınız?
– Pulsuzluqdan. Övladım var idi. Anam da xəstə idi.
– Yoldaşınız heç razı deyildi.
– Hə... Dedi, bizim xoşbəxtliyimizə son qoyuldu. Ac qarına xoşbəxtlik olmur.
_1745505447.jpg)
– Hansında özünüzü daha rahat hiss edirsiniz; səhnədə,yoxsa kamera qarşısında?
– Kamera qarşısında. Kinonun yerini heç nə vermir. On il Gənc Tamaşçılar Teatrında “Hasarın o üzü” tamaşasında Nurəddin Mehdixanlı ilə oynamışam. Sonra Azərpaşa Nemətovun dəvəti ilə “Stullar” tamaşasında oynadım. Mən institutu qurtaranda sonra filmlərə çəkilməyə başladım, ona görə kino mənim üçün daha əzizdir.
Yuğ Teatrında da tamaşalarda oynamışam. Sonra Vaqif İbrahimoğlu mənə dedi ki, Həmidə, ya teatr, ya da kino. Mən də kinonu seçdim. Sonradan vaxtım olmadı. İlyas Əəfəndiyev zəng elədib dedi ki, bir tamaşa var, istəyirəm ki, sən oynayasan, sənin üçün yazmışam. Ancaq gedə bilmədim.
– Dramatik rollar yorub sizi...
– Çox. İndi çalışıram komediyalarda oynayım. 10 il “Hasarın o üzü”ndə oynadım. Hər dəfə çıxanda elə bilirdim ki, məni döyüblər. “Ata ocağı”ndakı rolum da ağır idi. Onun altını mən indi çəkirəm. Elə bir məqam çatdı ki, rejissor başda olmaqla heç kim davam eləməyini istəmirdi.
Kinoda sən daha rahat olursan, rejissor sənə imkan tanıyır. Serialda dialoq bitdi, vəssalam.
– Bu gün seriallardan aldığınız qonorarlar sizi qane eləyir?
– Qətiyyən! Nə kinodan, nə də saerialdan verilən qonorarlar qane eləyir. Aktyorlarımızın vəziyyəti yaxşı deyil. Ona görə də mən bir balaca səsi olan adamların toya getmək istəməsini normal qarşılayıram.
– Aylıq alırsınız, yoxsa seriyabaşı?
– Aylıq.
– Deyirlər ee, əvvəlki kinolar indi çəkilmir. Siz kino sahəsində olan biri kimi yeni çəkilən filmlərə baxırsınız?
– Kommersiya kinosu bizdə də xeyli inkişaf eləyib. Kommersiya kinosu müəllif kinosunun əyləncəli hissəsidir. İndi daha çox komediyalar ön plandadır. Heç kim drama baxmaq istəmir. Çünki həyat şəraiti ağırlaşıb. İnsanlar indi əylənmək istəyir. Ancaq Çaplinin filmləri kimi düşündürməlidir də. Bu illər ərzində tamaşaçılar zövqü xeyli aşınıb. İndi tamaşaçını kinoteatra gətirmək çox çətindir. Çünki marketinq yoxdur.
– İmtina etdiyiniz rollar olub?
– Çox. O vaxt Gülbəniz Əzimzadə mənə dedi ki, sən indi kariyeranın elə bil mərhələsindəsən ki, özün seçim eləməlisən. Bir az istirahət elə. Mən də elədim. Dörd film təklifini qəbul eləmədim.
– Evlənənə qədər siz çox məşhur idiniz. O vaxta qədər evlilik təklifləri alırdınız?
– Hə, alırdım. Anam qoymurdu.
_1745505518.jpg)
– O illəri düşünəndə hansısa təklifi qəbul etmədiyinizin peşmanlığını çəkirsiniz?
– Əlbəttə. Kim fikirləşmir ki... Bəlkə, daha yaxşı ola bilərdi. Amma bugünkü halımdan peşman deyiləm.
Yaxın rəfiqəmi – Fərqanə Quliyevanı itirdim. Xərçəng idi. Çox istedadlı idi. Cəmi bir filmdə – “Mahnı dağlarda qaldı”da Gülgəzi oynamışdı. Həyat yoldaşı razılıq vermirdi. Yaşı keçəndən sonra razılaşdı, onda da gec idi. Sonradan “Ata ocağı”nda da çəkildi.
Onlara baxanda mənim şikayət eləməyə ixtiyarım yoxdur.
– Övladınızın bu sahəyə marağı var idi?
– Yox. Çəkilişlərə aparırdım, hər yeri söküb dağıdırdı. “Kinoklub”a aparmışdım, uçururdu oranı.
“Retro”nu çəkəndə gəlib itə daş atırdı, o da üstümüzə cümürdü. Rejissor İman Məcidov dedi ki, bunu harasa apar. Mən də başından tutub oturduğum stulun arxasında gizlətdim. O da ayağımı tapdalayırdı. Sonradan kamera arxasında çəkmişdilər onu.
İndi də məni görəndə soruşurlar ki, Rəhim sakitləşib? Deyirəm, hə. Evlənib.
– Ən çox bəyəndiyiniz rolunuz hansıdır?
– Çətin sualdır. Cavan olanda “Anlamaq istəyirəm” filmindən Çinarəni bəyənirdim. Bir də “Nizami”də Afaqı. Kino sahəsində dünyada mənə ən böyük populyarlığı “Qorxma, mən səninləyəm” filmi gətirib. Serial sahəsində isə “Ata ocağı”nda Şəfiqə obrazını qeyd eləyə bilərəm.
– Uşaqlığınızda yazdığınız şeirləri saxlayırsınız?
– Hə. Hər gün açıb baxmıram, amma qalır. Mən şeirləri uşaqlıqda yazırdım, sonradan nəsrə keçdim. O vaxt Seymur Elsevər Kino İttfaqında işləyirdi. Tez-tez rastlaşırdıq. Dedim ki, ailə vəziyyətimiz yaxşı deyil. Təklif elədi ki, qəzet üçün köşə yazıları verim. Soruşdum ki, nədən yazım? Dedi ki, tərəf müqabillərindən. Yadıma düşdü ki, 15 yaşımda xəstəxanada Rza Əfqanlıya rast gəlmişəm. Xəstəxanın həyətində mənə yaxınlaşıb dedi ki, sən burda yatırsan? Dedim ki, yox. Dedi ki, nə olacaqsan? “Həkim”, – dedim. Qayıtdı ki, yox, aktrisa ol. Dedi ki, mən Rza Əfqanlıyam, dediklərimi unutma. O yazı çıxdı. Sən demə, Rza Əfqanlının yüzilliyi imiş. Demək ki, təhtəlşüurda məni aktrisalığa o təşviq eləyib. Belə-belə yazmağa başladım. Bir gün qəzetdə Aydın Mirzəcanzadədən soruşdular ki, yazıçılardan kimləri oxuyursunuz? Dedi ki, gənclərdən Həmçidə Ömərovanın yazılarını oxuyuram.
_1745505482.jpg)
– O yazılar çap olunacaq?
– Nə bilim... Bəlkə də... Həyat qəribədir... Bilmirsən, sabah nə olacaq...
Foto: İlkin Nəbiyev
Qulu Ağsəsin labirintləri - Pərvanə Bayramqızı “Nargin. Sona qədər sirli” filminin treyleri yayımlanıb Anqolanın ilk prezidenti niyə Moskvada öldü? - Tarixin kulisi

