Icma.az
close
up
RU
HƏR ADDIMIMIZI İZLƏYİRLƏR... Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

HƏR ADDIMIMIZI İZLƏYİRLƏR... Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngilis yazıçısı Corc Oruellin “1984” adlı romanında belə bir məşhur ifadə yer alır: “Big Brother is watching you” (“Böyük Qardaş səni izləyir” – red.). Romanda təsvir olunan “Böyük Qardaş” əslində konkret bir şəxsi yox, bir siyasi partiyanın simvolunu və onun bütün vətəndaşlar üzərində qurduğu daimi nəzarəti xarakterizə edir. Oruell əsərdə göstərir ki, psixoloji nəzarət üsulu olan "Böyük Qardaş"ın portreti hər yerə asılır ki, insanların gündəlik həyatında daim qarşılarına çıxsın və izlənildikləri hissini aşılasın. Çünki bu zaman insan özü-özünü senzura edir və nə vaxtsa dediyi fikirlərin özünə qarşı istifadə oluna biləcəyi qorxusu ilə bir ömür sürür…

1949-cu ildə həmin dövrün reallıqlarına uyğun şəkildə yazılmış bu roman müasir texnologiyaların inkişafı ilə bu distopik təsvirləri gerçəyə çevirməyi bacarıb. Bu gün real kimliklə sosial şəbəkələrə qoşulma, arxa planda tətbiqlərin izlənməsi, üz tanıma texnologiyaları, kameralarla müşahidə və nəzarət, eləcə də onlayn ödəniş metodları vasitəsilə dövlətin vətəndaşlar üzərində daimi maliyyə nəzarəti bunun əyani sübutudur. Texnoloji inqilab nəticəsində bütün dünyada müzakirə mövzusuna çevrilən bu məsələlər artıq ölkəmizə də gəlib çatıb. 

Söhbət Bakı Metropolitenində yeni üz tanıma ilə ödəniş üsullarının sınaqdan keçirilməyə başlanması ilə bağlı yayılan xəbərlərdən gedir. Qurumun və quruma yaxınlığı ilə bilinən mətbu orqanlarda gedən məlumatlara görə, bu addım sərnişinlərin rahatlığını artırmaq, vaxta qənaət və insanların sürətli keçidini təmin etmək üçündür.


Şübhəsiz ki, qeyd olunanlar mahiyyət etibarilə həqiqəti əks etdirir və texnologiyanın xidmət sahələrinə tətbiqi bu gün bütün dünyada "lüks" hesab olunur. Çin başda olmaqla Avropa və dünyanın əsas inkişaf etmiş ölkələrində bu cür sistemlər mövcuddur. Amma…

Təəssüf ki, xaricdən götürülüb ölkəmizə "copy-paste" edilən bu cür texnoloji layihələr əksər hallarda özünü doğrultmur və ya özü ilə bərabərində əlavə problemlər, çətinliklər, diskomfortlar gətirir. "Rahatlıq", "vaxta qənaət", "sürətli keçid" kimi qulağa xoş gələn bu fikirləri "aysberq" olaraq beynimizdə canlandırsak, o zaman həm də bilməliyik ki, həmin bu "aysberq"in bir də görünməyən və lehimizə olmayan tərəfləri var.

Bunlardan ilki – yuxarıda da qeyd olunduğu kimi, insanların şəxsi həyatına qeyri-etik şəkildə müdaxilə, mümkün izlənmə halları və özündə mühüm şəxsi məlumatları ehtiva edən toplanmış dataların təhlükəsizliyi ilə; ikincisi isə kifayət qədər bahalı olan və tez-tez texniki dəstək tələb edən bu texnologiyanın tətbiqindən sonra metroda gediş haqqının artırılma ehtimalı ilə bağlıdır.

Üz tanıma texnologiyası nədir və nə kimi riskləri var?

Əvvəlcə qeyd edək ki, biometrik – üz tanıma texnologiyaları insanın üz cizgilərini təhlil edərək şəxsiyyətini təsdiq edən bir üsuldur. Bu texnologiya unikal üz xüsusiyyətlərini müəyyən etmək və bu məlumatları verilənlər bazasında saxlanılan digər üzlərlə müqayisə etmək üçün mürəkkəb alqoritmlərdən və dərin öyrənmə üsullarından istifadə edir. Üz tanıma sistemləri adətən iki mərhələdə işləyir – üz aşkarlama və üz uyğunlaşdırma.


Üz aşkarlanması mərhələsində sistem şəkil və ya video axınındakı üzləri aşkarlayır. Üz uyğunluğu mərhələsində isə aşkar edilmiş üzün xüsusiyyətləri çıxarılır və əvvəllər qeydə alınmış üz məlumatları ilə müqayisə edilir.

Üz tanıma texnologiyası özündə məlumatların məxfiliyi və şəxsi məxfiliyin pozulması riskini ehtiva edir. Üz tanıma sistemləri böyük miqdarda şəxsi məlumatları toplayır və emal edir. Bu məlumatların təhlükəsizliyi təmin olunmazsa, zərərli şəxslərin əlinə keçə və kibercinayətlərə səbəb ola bilər. 

Bundan əlavə, üzün tanınması sistemlərinin geniş tətbiqi fərdlərin daimi monitorinqi və izlənməsi anlamına gəlir ki, bu da şəxsi azadlıqların məhdudlaşdırılması kimi qəbul edilə bilər. Ekspertlər hesab edirlər ki, bu cür sistemlər hökumətə vətəndaşların hərəkət marşrutlarını mərkəzləşdirilmiş bazada toplamaqla, onların gündəlik vərdişlərini, hara getdiklərini izləmək kimi imkanlar verir.

Qeyd edək ki, hazırda Azərbaycanda üz tanıma ilə ödəniş sistemi məhdud sahələrdə tətbiq olunur. Məsələn, SİMA Pay sistemi “Face ID” texnologiyasını dəstəkləyir, bankların və bəzi texnologiya şirkətlərinin də pilot layihələri mövcuddur.

İT mütəxəssisi: "Şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər"

Bu mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev "AzPolitika"-ya şərhində bildirib ki, hazırda dünyada tətbiq olunan ödəmə üsullarından biri də biometrik – üz tanıma ola bilər.


Ekspert qeyd edir ki, bizdə vahid üz tanıma ilə ödəniş sistemi hələ mövcud deyil. Ödənişlər əsasən kart və bank servisləri vasitəsilə həyata keçirilir və bununla da rəqəmsal qeydlər aparılır: “Rəqəmsal qeydlərin aparılması bu gün də mümkündür. Biometrik ödənişlər – üz tanıma və digər biometriya növləri ödənişin sadəcə bir üsuludur. Bu gün "m10" və bank tətbiqi ilə ictimai nəqliyyatda ödəniş etmək mümkündür ki, bu zaman da ödənişlər bank serverlərində qeydə alınır. Biometrik ödəniş zamanı da məlumatların saxlanılması və emalı prinsipi eyni qalır. Yəni, biometrik ölçülər vasitəsilə ödəniş edildikdə həmin məlumatlar da mərkəzi sistemdə qeydə alınacaq. Bu, sadəcə alternativ ödəniş üsuludur”.

F. Mirəliyev məlumatların sonradan istifadəsinə də toxunub: “Mən düşünürəm ki, adi bir vətəndaşın bu məlumatları ciddi bir maraq kəsb etmir. Yalnız hansısa məhkəmə predmeti və ya cinayət işi olduqda, həmin şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər. Amma gündəlik həyatda kimin hara getməsi barədə məsələlər o qədər də əhəmiyyətli deyil”.

Mütəxəssis məlumatların təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Burada artıq tələblər xüsusi xidmət orqanları tərəfindən müəyyən olunur. Metropoliten, eləcə də ictimai nəqliyyat qurumları özbaşına fəaliyyət göstərmir. Əgər burada vətəndaşların məlumatları saxlanılırsa, deməli, dövlətin müvafiq qurumları da bu məsələdə iştirak edir. Onların bu sahə ilə bağlı dövlətin tələblərini, fərdi məlumatların qorunması, saxlanılması və emalı ilə bağlı qanunvericilik və prosedurların şərtlərini mütləq şəkildə təmin etmələri vacibdir”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dövlət strukturları ildə bir neçə dəfə monitorinqlər keçirir: “Xüsusi xidmət qurumları mövcud infrastrukturun tələblərə uyğun olub-olmadığını yoxlayır. Əgər uyğunsuzluq varsa, onun aradan qaldırılması üçün tədbirlər görülür. Məqsəd odur ki, vətəndaşların fərdi məlumatlarının qorunması və saxlanması təmin edilsin”.

Bu məqamda başqa bir məsələyə də toxunmaq yerinə düşər. Bu gün bütün dünyada məxfilik hüququ təməl insan hüquqlarından hesab olunur və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində də açıq şəkildə bildirilir ki, şəxsi həyatımız qorunmalıdır. Belə olan halda üz tanıma texnologiyalarının tətbiqi xüsusi diqqət tələb edir. Yəni, hər hansı yeni sistemin tətbiqi zamanı vətəndaşların məxfilik hüququ mütləq qaydada qorunmalı, məlumatların istifadəsi, saxlanması və emalı qanunvericiliyə uyğun həyata keçirilməlidir.

Nəqliyyat eksperti: "Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər"

İkinci məqama – metroda qiymət artımı ilə bağlı mümkün ehtimala gəlincə, bir müddətdir mətbu orqanlarda metro və avtobusda gediş haqqı məbləğinin artırılacağı ilə bağlı ardıcıl xəbərlər tirajlanır. Bu xəbərlərə görə, yaxın vaxtlarda metroda yeni gediş haqqı üsulu tətbiq olunacaq. Yəni, insanlar getdikləri məsafəyə uyğun şəkildə ödəniş edəcəklər. Həmçinin aylıq və illik biletlərin satışa çıxarılacağı, həssas kateqoriyada olan şəxslər üçün müəyyən güzəştlərin tətbiq olunacağı da müzakirə mövzularından biridir.

Qiymət məsələsinə gəlincə, burada gediş haqqının 50 qəpikdən 1 manata qədər artırılacağı deyilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov "AzPolitika"-ya açıqlamasında bildirib ki, üz tanıma metodu ilə ödəniş sistemi hələ layihə çərçivəsindədir və belə bir qərar rəsmi olaraq qəbul edilməyib: “Sadəcə yaxın gələcəkdə bu sistemin tətbiqi planlaşdırılır. Dəmir yolunda artıq uğurla sınaqdan keçirilib. Dünyanın müxtəlif ölkələrində üz tanıma ilə ödəniş sistemləri işləyir — metroda, ictimai nəqliyyatda, qatarlarda tətbiq olunur”.

Ekspert ödəniş mexanizminə də toxunub: “Qiymətlərin məsafəyə görə diferensiallaşdırılacağı deyilir. Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər. Həssas kateqoriyadan olan sərnişinlər üçün də güzəştlər nəzərdə tutula bilər, lakin bu məsələlər hələ aktuallıq daşımır. Əgər gediş haqqının diferensiallaşdırılması həyata keçirilərsə, o zaman bu məsələyə də baxıla bilər”.

Xatırladaq ki, son illər Bakı Metropolitenində gediş haqqının artımı diqqət çəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövr ərzində illik orta artım təxminən 6,7% təşkil etmişdir.

Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha sürətlidir – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5%-ə bərabər olub ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir.

Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil də göstərir ki, artım tempi xüsusilə son iki ildə sürətlənib.

Elvin Bəyməmmədli
"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri