Icma.az
close
up
RU
Hər fəslin əsl nemətləri…

Hər fəslin əsl nemətləri…

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yaxud nübar meyvələr necə qubara çevrilir?

Son günlər bazar piştaxtalarına mövsümündən əvvəl çıxarılan çiyələk, albalı və alça kimi məhsulların çoxluğu və yüksək qiyməti müşahidə olunur. Hələ yetişməsinə xeyli varkən parlaq rəngləri ilə göz qamaşdıran bu meyvələr, elə bil, bir sənət əsəridir, uzaqdan adama “gəl-gəl” deyir. Həddindən artıq iri olan məhsullar, sanki torpaqdan deyil, zavod konveyerindən çıxmış kimi eyniölçülü və qəliblənmiş formaları ilə diqqət çəkir. Bəzi insanlar bahalığına baxmayaraq, görünüşünə aldanıb onları nübar məhsul kimi həvəslə alır. Görəsən, bu meyvə-tərəvəzlər sağlamlığımız üçün nə qədər faydalıdır?

Mütəxəssislər həyəcan təbili çalaraq bildirirlər ki, təbii günəş işığından məhrum olan, istixanalarda süni işıqlandırma və azotlu gübrələrlə "şişirdilən" bu məhsullar orqanizm üçün təhlükə mənbəyidir. Mövsümündən əvvəl yetişdirilən məhsullarda ən böyük təhlükə nitrat və pestisidlərin miqdarının normadan dəfələrlə çox olmasıdır. Bitkinin vaxtından tez, sürətlə böyüməsi üçün istifadə edilən azotlu gübrələr orqanizmə daxil olduqda nitritlərə çevrilir.

Bu proses qanda oksigen daşınmasını çətinləşdirir və toxuma tənəffüsünü pozur. Xüsusilə çiyələk süngərvari quruluşu səbəbindən bütün kimyəvi maddələri özünə çəkir və onları sadəcə yumaqla təmizləmək mümkün deyil. Alça kimi turşməzə meyvələrdə isə erkən yetişmə prosesi faydalı turşuların və vitaminlərin balansını pozur. Nəticədə istehlakçı vitamin almaq əvəzinə, qaraciyər və böyrəklərdə toplanaraq zamanla xroniki xəstəliklərə yol açan toksinləri qəbul edir.

Sosial şəbəkələrdəki müzakirələr də vəziyyətin ciddi olduğunu göstərir. İstehlakçılar bu meyvələrin yaydakı ətrə və dada malik olmadığını bildirirlər. Bir çoxları “uşaq istəyir” və ya “evdə xəstəm var, məcbur alırıq” desə də, nəticədə, zəhərlənmə halları ilə üzləşirlər. İnsanların “xalis zəhərdir” və ya “qonşum çiyələkdən zəhərləndi” kimi iddiaları bu "vaxtsız nübar"ın necə bir risk daşıdığını ortaya qoyur.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Mütəxəssis bu məhsulların yetişdirilməsində çoxsaylı kimyəvi preparatlardan istifadə edildiyini bildirdi:

– Ölkəmizin əmtəə bazarında olan meyvə-tərəvəzlərin bir hissəsi xaricdən gətirilir, bir hissəsi isə yerli şəraitdə istixanalarda yetişdirilir. İstixanada ərsəyə gələn məhsulların, xüsusilə də çiyələklərin yetişdirilməsində çoxsaylı kimyəvi preparatlardan istifadə edilir. Məsələn, 8 il əvvəl cənub bölgəsindəki çiyələk plantasiyalarının birində müşahidə apararkən orada 36 növ dərman tətbiq olunduğunun şahidi oldum. Bu kimyəvi vasitələr məhsulu zərərvericilərdən qorumaq, çürümənin qarşısını almaq və rənginin tez qızarmasını təmin etmək məqsədilə istifadə olunur.

Bu dərmanlar içərisində ən təhlükəlisi pestisidlərdir. Təəssüf ki, onların miqdarını asan yolla müəyyən edən mobil cihazlar yoxdur. Yoxlamalar yalnız laboratoriya şəraitində mümkündür. Pestisidlər məhsulun müəyyən xəstəliklərə tutulmaması üçün vurulan arzuolunmaz maddələrdir. Kimyəvi dərmanlardan istifadə olunan hər bir təsərrüfatda bu prosesi idarə edən və dozaları tənzimləyən xüsusi mütəxəssislər olmalıdır. Bu prosesə peşəkar nəzarət mütləqdir. Şübhəsiz ki, tətbiq zamanı müəyyən dozalar nəzərə alınır.

Müsahibimiz vurğuladı ki, çiyələyin daxili hissəsində toxumların olmaması ona həddindən artıq kimyəvi müdaxilə edildiyindən xəbər verir:

– İstər xaricdən gətirilən, istərsə də yerli məhsullar bazara çıxarılmazdan əvvəl ekspertizadan keçirilir və yalnız müəyyən edilmiş norma daxilində olduqda satışına icazə verilir. Bununla belə, nəzərə almaq lazımdır ki, hər bir maddənin norma səviyyəsi olsa da, həmin məhsulun həddindən artıq istehlakı orqanizmdə zəhərli dozanın toplanmasına yol açır. Təəssüf ki, hətta mövsüm vaxtı yetişən qarpız və digər məhsullarda da kimyəvi dərmanlardan istifadə hallarına rast gəlinir.

Hazırda paytaxt bazarlarına daxil olan məhsullar əvvəlcə "Meyvəli" terminalına gətirilir və burada Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında ciddi yoxlanılır. Sevindirici haldır ki, son 6 ildə aparılan nəzarət tədbirləri nəticəsində qarpızlarda nitratların miqdarı xeyli azalıb. Alıcılar üçün məhsulun kimyalaşma dərəcəsini müəyyən etmək çətin olsa da, bəzi əlamətlərə diqqət yetirilməlidir. Məsələn, qışın ortasında və ya yazın əvvəlində satılan, daxilində toxumu olmayan çiyələklər yüksək kimyəvi müdaxilənin göstəricisidir. Sağlamlığı qorumaq üçün belə meyvələri istifadədən əvvəl çox ciddi şəkildə yumaq və mümkün qədər az miqdarda istehlak etmək tövsiyə olunur.

Kənd təsərrüfatı üzrə mütəxəssis Allahverdi Mustafayev isə bildirdi ki, daxili bazarda üstünlük təşkil edən erkən yetişdirilən məhsulların keyfiyyət sertifikatlaşdırılması və nəzarət mexanizmlərindəki boşluqlar istehsalçıların yüksək məhsuldarlıq naminə pestisidlərdən normadan artıq istifadəsinə şərait yaradır:

– Hazırda daxili bazara çıxarılan və vaxtından əvvəl yetişdirilən meyvə-tərəvəzlər həm yerli istehsal, həm də idxal məhsullarıdır. Satışdakı çeşidlər arasında yerli istixanalarda yetişdirilən çiyələk, kartof, gilas və ərik kimi məhsullar üstünlük təşkil edir. Bu məhsullar mövsümündən əvvəl satışa çıxarıldığı üçün kifayət qədər yüksək qiymətə satılır.

Hər bir məhsulun yetişdirilməsi və bazara çıxarılması zamanı keyfiyyət sertifikatı olmalıdır. Bu sertifikat məhsulun tam keyfiyyətli olduğunu sübut edən əsas sənəddir. Lakin hazırda bu sahədə nəzarət mexanizmləri lazımi səviyyədə deyil. Nəticədə, istehsalçılar yüksək məhsuldarlıq əldə etmək və məhsulu zərərvericilərdən qorumaq üçün pestisidlərdən normadan artıq istifadə edirlər.

Mütəxəssis vurğuladı ki, meyvə və tərəvəzlərdəki zəhərli kimyəvi maddələrin, xüsusən də pestisid qalıqlarının miqdarını vizual olaraq, yəni gözlə müəyyən etmək qeyri-mümkündür:

– Bu maddələr yalnız laboratoriya analizləri vasitəsilə aşkar edilə bilər. Laboratoriya yoxlamaları əsasında Qida Təhlükəsizliyi Agentliyi keyfiyyət sertifikatlarını təqdim etməlidir. Lakin bəzən koordinasiya dəqiq olmadığı üçün bazarda sertifikatsız məhsullara da rast gəlinir.

İstixana şəraitində süni şəkildə yetişdirilən məhsullarda gübrə və pestisidlərdən istifadə riski daha yüksəkdir. Məsələn, mövsümü olmayan bir vaxtda satışda gilas varsa, bu onun süni yolla yetişdirildiyinin göstəricisidir. Hazırda ölkəmizdə qiymət tənzimlənməsi daha çox tələb və təklif əsasında formalaşır. Məhsul az olduqda tələb artdığı üçün qiymətlər yüksəlir, məhsul bol olduqda isə enir. Ümumilikdə, bazarda orqanik məhsulların xüsusi qiymətlə fərqləndirilməsi və ya ayrıca təqdim olunması sistemi hələ tam formalaşmayıb.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövsümündən əvvəl süni şəkildə yetişdirilən məhsulların tərkibindəki kimyəvi maddələrin insan orqanizmində hormonal pozuntulara, daxili orqanların zədələnməsinə və zəhərlənməsinə səbəb olduğunu söylədi:

– İlk növbədə, diqqətə almaq lazımdır ki, ölkəmizdə çiyələyin mövsümü may-iyun aylarına təsadüf edir. Təbii şəraitdə yetişən çiyələklər fərqli ölçülərə, özünəməxsus kəskin ətirə və dada malik olur. Günəş işığının düşmə bucağından asılı olaraq, onların rəngi tünd qırmızıdan açıq çalarlara qədər dəyişə bilər. Lakin mövsümdən əvvəl satılan məhsulların əksəriyyəti istixanalarda, süni istilik və müxtəlif kimyəvi maddələrin köməyi ilə ərsəyə gətirilir.

Hər nə qədər bu maddələrin tətbiqi müəyyən normalar daxilində olsa da, dozanın aşılması və ya düzgün istifadə edilməməsi insan orqanizmi üçün ciddi təhlükə yaradır. Xüsusilə, bu növ kimyəvi qatqılar hormonal balansın pozulmasına, qaraciyər və böyrək funksiyalarının zədələnməsinə yol açır. Uzunmüddətli istehlak zamanı isə sinir sisteminə mənfi təsir göstərməklə yanaşı, kanserogen riskini də əhəmiyyətli dərəcədə artırır.

Müsahibimiz vurğuladı ki, mövsümdənkənar satılan çiyələkdən uzaq olmaq tövsiyə edilir:

– Əsasən, 3 yaşınadək uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar üçün bu məhsulların istehlakı birmənalı olaraq yolverilməzdir. Əgər bu qidalar alınarsa, onlar mütləq yaxşı yuyulmalı və bir müddət suda saxlanılmalıdır. Lakin unudulmamalıdır ki, bu prosedur yalnız meyvənin səthindəki pestisidləri müəyyən qədər azaltsa da, onun daxilinə nüfuz etmiş kimyəvi maddələri tamamilə təmizləmir.

Məhsulun keyfiyyətini ev şəraitində, vizual olaraq da müəyyən etmək mümkündür. Belə ki, çiyələkdə süni parlaqlıq, qeyri-təbii böyük ölçü və özünəməxsus ətrin olmaması onun süni üsullarla yetişdirildiyinin əsas göstəriciləridir. Həmçinin meyvənin üzəri qırmızı olsa da, daxilinin ağ və ya çox açıq rəngi yüksək dozalı kimyəvi müdaxilədən xəbər verir.

Onu da qeyd edim ki, sosial şəbəkələrdə reytinq xatirinə paylaşılan məlumatlara qarşı diqqətli olmaq lazımdır. Dövlət nəzarəti altında fəaliyyət göstərən rəsmi istixanalarda kimyəvi maddələrin dozası tənzimlənsə də, mənşəyi bəlli olmayan məhsullar hər zaman yüksək risk qrupuna daxildir.

Göründüyü kimi, ən doğru seçim meyvə və tərəvəzləri öz mövsümündə yeməkdir. Bu, həm sağlamlığımız, həm də təhlükəsizliyimiz baxımdan etibarlıdır. Hər meyvənin yetişməsi üçün təbiətin müəyyən etdiyi bir zaman kəsiyi var və heç bir süni müdaxilə onun təbii dadını əvəz edə bilməz. Unutmayaq ki, meyvələr yalnız mövsümündə yetişdikdə tərkibindəki vitamin və mineralları tam qoruyaraq orqanizmimiz üçün həqiqi enerji mənbəyinə çevrilir.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see292

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see234

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see226

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see225

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see206

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see199

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see195

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see191

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see190

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see178

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see177

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see168

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see165

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see158

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see151

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see149

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see146

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see141

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see140

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri