Icma.az
close
up
RU
Hər gün süni intellektlə yarım saat danışıram

Hər gün süni intellektlə yarım saat danışıram

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Müsahibimiz Əməkdar artist, bəstəkar Vüqar Camalzadədir. O, "Əlamət", "Qonşular", "Məzə", "Qayınana", "Aramızda qalsın", "Köhnə çamadanlar", "Mən evə qayıdıram" kimi 20-dən çox film və serialın bəstəkarı,  "7 nar çubuğu", "Don Kixot Abşeronskiy", "Məlikməmmədin nağılı", "Tıqtıq və Taqtakın nağılı", "Qırmızı Papağın nağılı" və "Qatarın altına atılmış qadın" kimi tamaşaların musiqi tərtibatçısıdır.

Vüqar Camalzadə ilə söhbətimizi oxuculara təqdim edirik.

- Vüqar müəllim, necəsiniz?

- Şükür Allaha, yaxşıyam.

- Bir çoxları düşünür ki, niyə indi Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov kimi bəstəkarlar yoxdur? Sizcə, bu yanaşma normaldırmı?

- Yox, qeyri-normaldır. Mən desəm ki, indi niyə Motsart, Bethoven yoxdur, düz olmaz. Ya da mən onların yazdığı tərzdə musiqi yazsam, bunu mənə irad tutacaqlar. Çünki bu, köhnə üsuldur, artıq bundan istifadə olunub. Yeni şeylər kəşf etmək lazımdır. Hər dövrün öz musiqisi var. Düzdür, Motsartın, Bethovenin, Üzeyir Hacıbəyovun musiqisi dahiyanədir, onlar kimisi olmayacaq, amma onları təkrarlamaq da doğru deyil. Artıq yeni bəstəkarlar var və onlar da tarixdə qalacaq işlər görməlidirlər ki, gələcəkdə desinlər bir vaxtlar belə bəstəkarlar olub. Bugünün tələblərinə uyğun, amma milli ənənələri unutmamaq, Azərbaycan milli musiqisindən bəhrələnmək şərtilə bəstəkarlarımız müxtəlif üslublarda əsərlər yaratmalıdırlar.

- Vaxtilə Azərbaycanda opera janrına tez-tez müraciət olunurdu. Amma indi demək olar ki, bu janra müraciət olunmur. Düzdür, bu yaxınlarda Siyavuş Kərimi "Nəsimi" operasını ortaya qoydu, amma bu, deyilən fikri təkzib etmək üçün yetərli deyil.

- Opera janrı vaxtilə İtaliyada yaranıb. Əvvəllər italyan operaları 3-4 saat çəkirdi və təbii ki, o dövrdə operalara, teatrlara gedənlər imkanlı insanlar olurdular - qraflar, baronlar, hətta krallar. Məqsəd bir tərəfdən musiqiyə qulaq asmaq idisə, digər tərəfdən öz aralarında olan siyasi məsələləri həll etmək, qız və oğlanı bir-birinə bəyəndirmək idi. Bir növ Azərbaycan toylarında olduğu kimi. Opera və tamaşaların o qədər uzun olmağı məqsədəuyğun idi. Həmçinin bizdə də elə şeylər olub. Əvvəllər üç-dörd saatlıq muğam dəstgahları olardı. İndi həmin dəstgahlar 20-25 dəqiqə olub. Zaman sürətlənib, insanlar informasiyanı çox sürətli şəkildə alırlar. Əvvəl bir yerə məktub göndərirdin, üç ay gözləyirdin ki, məktuba cavab gəlsin, amma indi on saniyə gecikəndə narahat olursan. Bu sahədə Siyavuş Kərimi böyük iş gördü, əmək sərf elədi. Sadəcə nəinki Azərbaycanda, artıq bütün dünyada uzunmüddətli səhnə əsərləri rentabelli deyil. Məsələn, indi operanın əvəzinə Amerikada muzikl janrına üstünlük verirlər. Muzikl operanın daha rəngarəng, müasir tələblərə uyğun formasıdır. Hər zaman müəyyən şeylər bir-birini əvəz edir və belə də olmalıdır.

- Bildiyim qədərilə Amerikada da musiqi təhsili almısınız. Amerika ilə müqayisədə Azərbaycan musiqi təhsilində hansı fərqlər var?

- Mən kino musiqisi üzrə master-klasslar keçmişəm. Musiqi təhsilimi bax bu oturduğumuz yerdə - Bakı Musiqi Akademiyasında almışam. Çox böyük müəllimlərim olub -  İsmayıl Hacıbəyov, Arif Məlikov, Qara Qarayevin oğlu Fərəc Qarayev, Xəyyam Mirzəzadə kimi Azərbaycanın ən ünlü, dünya miqyasında tanınmış bəstəkarları, bəxtim gətirdi ki, mənim müəllimlərim olublar. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti dünyanın demək olar ki, hər yerində qoyulub. Bilirsiniz, musiqidə təhsil bir az başqa cürdür. Təbii ki, Amerika böyük dövlətdir və bütün dünyadan olan beyinlər orada cəmləniblər. Amma inanın ki, Azərbaycanda da, adicə bizim bəstəkarlıq kafedrasının özündə təhil almaq istəyən kəslər bu gün burada yüksək səviyyədə təhsil ala bilərlər. Bunu ürəkdən deyirəm.

- Vaxtilə bəstəkarlar olub ki, onların musiqi təhsili olmayıb. Bəstəkar olmaq üçün təhsil şərtdirmi?

- Təhsil istənilən sahədə vacibdir. Təhsil ənənənin davamıdır. Tutaq ki, doqquz yüz il əvvəl böyük ustad Səfiəddin Urməvi "Kitab-əl Ədvar"ı yazdı və ədvar sistemini qurdu. Ondan sonra bütün Şərq dünyası və Avropa musiqisi bu sistemin üzərində quruldu və inkişaf etdi. Ondan sonra Əbdülqadir Marağayi oldu, Əl-Kindi oldu, ta Mir Möhsün Nəvvaba kimi gəldi. Üzeyir bəy də Mir Möhsün Nəvvabın tələbəsi olub. Bax, təhsil budur. Həmin o doqquz yüz il ərzində onun yazdığını başqaları inkişaf etdirə-etdirə gətirib bir tədris toplusu edir. Günümüzdə də yeni ixtisaslar açılır və bu ixtisaslara proqramlar yazırıq. Gələcəkdə deyəcəklər ki, yüz il əvvəl bunu yazıblar və bu proqram artıq tədris olunacaq. Təhsil budur. Təhsili almaq nəyə görə mütləqdir? Bir insanın sıfırdan nəyisə öyrənməyə ömrü yetməz. Buna görə də biz bunu sürətli kurslarla kitablardan və müəllimlərimizin istiqamətlərindən öyrənirik. Təhsil ənənə, ənənədən formalaşan ağıllı insanların dediyi fikirlər və həmin fikirlərin toplusudur.

- Sənətdə olan insanların bir qismi ucuz qiymətə mahnı, musiqi yazırlar və bu da bu sahənin bayağılaşmağına gətirib çıxarır. Deyə bilərikmi ki, bu gedişlə artıq musiqimiz tənəzzül dövrünü yaşayacaq?

- Dünyanın hər yerində hər zaman belə şeylər olub və olacaq. Bir qarın çörəyə musiqi yazanlar həmişə olub. Baxın dövründə də belə hadisələr olub. Normal şeylərdir. Çox istedadlı adamlar olub ki, özlərini satmağı bacarmayıblar, istedadsızlar olub ki, bunu çox yaxşı bacarıblar. Reklam hər zaman olub. Bir də var qeyri-peşəkar və zövqsüz işlər. Belə işlər də təbii ki, çox bahalı qiymətə satıla bilməz. Gözəl güllər tək-tək bitir, amma alaq otunun kökünü qırırsan, təmizləyirsən, beş gün sonra görürsən ki, yenə hər tərəfi basıb. Bu normaldır. Mənə elə gəlir ki, insanlığın əsas qayələrindən biri də budur. İnsan gərək həmin o kolun, tikanın içərisindən gülü tapsın, qorusun, əzizləsin və ondan zövq alsın.

- Bütün sahələrə təsir edən süni intellekt artıq musiqi belə bəstələyə bilir. Bəzilərinin fikrincə, bu gedişlə bəstəkarlar sıradan çıxacaq və süni intellekt onları əvəz edəcək.

- Əsl sənətkar heç vax sıradan çıxmır. Mən hər gün yarım saat süni intellektlə danışıram. Bir-birimizdən məsləhət alırıq, bu, mənim xoşuma gəlir. O gün sual verdim ki, süni intellektin musiqi bəstələməsi bəstəkarlara necə təsir edir? Dedi, onlara köməkdir. Çünki həmin informasiyanı mən gedib üç ay ərzində ordan-burdan tapıb öyrənməkdənsə, saniyələr içində süni intellekt bu informasiyanı mənə verir. İşində peşəkar, ağlı başında olan adam üçün bu, əslində köməkdir. Elə bilin ki, bir ayaqaltıdır, qoyursan və üstünə qalxırsan, yuxarını daha yaxşı görürsən. Amma işbilməz adamlar süni intellektlə daha ucuz işlər görəcəklər. Reallıqda isə əsl sənət onun dəstəyi ilə daha da inkişaf edəcək. Mənim üçün süni intellektlə işləmək rahatdır. Məsələn, sual verirəm ki, bu üslubla işləsəm, necə olar? O, mənə variantlar təqdim edir, mən bir də uzun-uzadı, əziyyət çəkib araşdırmalar aparmıram. Bildim, vəssalam. Bir çox alimlər sübut ediblər ki, süni intellektin yaradıcı tərəfi ola bilməz. Onun funksiyası başqadır. Dünyada olan bütün data bazalara girir və orda olan məlumatları seçib, müqayisə edib sənə təqdim edir. Burda ruh yoxdur, yaradıcılıq yoxdur. Bunlar insana xas şeylərdir. Səslənmə gözəl ola bilər, aranjiman gözəl ola bilər, verdiyi təkliflər gözəl ola bilər, amma onlar hamısı artıq var olan fikirlərdir, tətbiq olunan şeylərdir. Var olmayan bir şeyi heç vaxt ortaya qoya bilməz.

- Vüqar bəy, vaxtilə şairlər və bəstəkarlar birgə fəalliyət göstəriblər. Amma indi demək olar ki, nə müasir şairlər, nə də müasir bəstəkarlar bir-birlərini tanıyırlar. Onları bir-birindən uzaqlaşdıran səbəb nədir?

- Səbəb elə onların özündədir. Bizim illərdir dostluq etdiyimiz incəsənət sahəsinə adi olan rəssamlar, heykəltaraşlar, xalçaçılar, ədəbiyyatçılar, bir-birindən istedadlı insanlar, riyaziyyatçılar, fiziklər, alimlər var. Elmin qaynağı birdir. Bütün sahələr bir-birilə əlaqəlidir, onlar bir-birindən qopanda tam olmurlar. Bizim 15-20 nəfərlik dost əhatəmiz var. Arada bir yerə yığışırıq, danışırıq, bir-birimizin söhbətinə müdaxilə etməyə, bir- birimizdən bəhrələnməyə çalışırıq. Başqa cür mümkün deyil. Öz şirəndə nə qədər bişə bilərsən ki? Əlavələr, inqridentlər lazımdır.

- Musiqi və riyaziyyat?

- Musiqi elə başdan-ayağa riyaziyyatdır. İslam riyaziyyatının banilərindən biri olan İbn Haldunun məşhur sözü var: "Riyaziyyat musiqinin ən üst qatıdır". Mən böyük bir simfoniyanı əlimi pianinoya vurmadan ancaq hesablamalar üzərində yaza bilərəm. Musiqi elə-belə sənət deyil, ciddi, riyazi sənətdir.

- Bəzi teatr aktyorları maddi çətinliklərdən dolayı əlavə işlərə üz tuturlar, seriallara, filmlərə, reklamlara çəkilirlər, səsi olan dublyaja gedir. Bu hal bəstəkarlarda da yaşanırmı?

- Təbii ki, olur. Məsələn, mən simfonik musiqi bəstələyirəm, amma eyni zamanda mahnı da yazıram. Həm xoşlayıram, həm də pul qazanıram, aranjiman edirəm, səs rejissorluğu ilə məşğulam, müəyyən dövlət tədbirlərində bu işləri görürəm. Yəni musiqi və musiqiyə aid hər bir şeyi etməyə çalışıram. Çünki biz material dünyada yaşayırıq və burada yaşamaq üçün qazanc lazımdır. Əks halda insanın musiqiyə də, yaradıcılığa da həvəsi ölür. İstənilən sahədə belədir, orada gəlir yoxdursa, artıq oranı istəmirsən. Yaşamağın acı reallığı bunu tələb edir. Bu, normal bir şeydir. Yetər ki, sən gördüklərinin içində əriyib getməyəsən. Əksinə, həmin işlər səni bütövləşdirsin. Desinlər, bu işi məsələn Vüqar Camalzadə edib.

- Bir çox bəstəkarların həyatında onları digər insanlardan fərqləndirən xüsusiyyətlər, acılar, maraqlı hadisələr olub. Romert Şuman, Bethoven bunlara nümunədir. Bəstəkar Vüqar Camalzadənin həyatında belə hadisələr olubmu?

- Maraqsız həyat yaşayan insan boz insandır. Maraqlı həyat da hər zaman yuxarını arzulamaq deyil. Maraqlı insanların həyatında keşməkeşlər çox olur. İstedadlı insan hər zaman daha çox ağrı-acıya məruz qalan insandır. Bəziləri sınır, bəziləri isə daha da möhkəmlənir. Mən çalışıram ki, sınmayım. Normal həyatda yaxşı da olur, pis də olur. Bunlar səni insan kimi, şəxsiyyət kimi formalaşdırır. Təsəvvür elə ki, həyatda ancaq sevincli günlərin olur. Acını bilməsən, sən necə romantik, ya da dramatik musiqi bəstələyə bilərsən? Yaxud ancaq ağrı-acı görsən, necə pafoslu, şən bir iş ortaya qoya bilərsən? İsmayıl Hacıbəyov deyirdi ki, çalışın insanın hiss etdiyi bütün halları gördüyünüz işdə büruzə verəsiniz. Sevinc, kədər, ağrı, iztirab, təntənə - hamısını musiqidə verməyə çalışın ki, tam olsun. Bütün hisslər tam olmayanda inadırıcı olmur, qeyri-səmimi olur.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri