Heydər Əliyev imzası ikə zirvələr fəth edən elm ocağı
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci il Naxçıvan Müəllimlər İnstitutu üçün ən əlamətdar illərdən biridir. Bu il bizi ağuşuna alan, öz istisi və hərarəti ilə bizləri isidən, bizim üçün doğma, əziz olan institutumuzun fəaliyyətinin 25 ili tamam olur. 25 ildir ki, Ulu Öndər Heydər Əliyevin imzası ilə yaradılan bu elm ocağının şöləsi Azərbaycanın bütün bölgələrinə işıq saçır, minlərlə qəlbləri sevindirir, minlərlə gəncin təhsil almasına, yüksək ixtisaslı kadr kimi yetişməsinə və təlim-tərbiyəsinə xidmət edir.
Bu bir həqiqətdir ki, hər bir ölkənin gələcək inkişafı, tərəqqisi onun təhsili ilə bağlıdır. Çox fərəhdoğurucu, qürurlandırıcı haldır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davamı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl olaraq yüksək səviyyəyə çatdırılmış, Azərbaycanın hər bir bölgəsi kimi Naxçıvan Muxtar Respublikasını da geniş şəkildə əhatə etmişdir. Demək olar ki, qəbul olunmuş yeni “Təhsil Qanunu” və ona uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünya məkanına inteqrasiyasına, milli və mənəvi dəyərlər zəminində yüksəlişinə xidmət göstərir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər və müasir texnoloji vasitələr bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, ölkəmizdə təhsilin yüksək səviyyədə inkişafı və bu sahədə qazanılan uğurlar “Təhsil millətin gələcəyidir”- deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsi kimi çıxış edir. Onu da qeyd etməliyik ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq muxtar respublikanın şəhər və kəndlərində, hətta ən ucqar yaşayış məntəqələrində belə müasir tipli, maddi-texniki baza ilə təmin olunmuş məktəb binaları, müxtəlif tipli təhsil müəssisələri tikilərək istifadəyə verilmişdir. Minnətdarlıqla deyə bilərik ki, Naxçıvanda ali təhsilin inkişafı, dünya ali təhsil sisteminə inteqrasiyası həmişə Ulu Öndərimizin diqqətində olmuş, məhz müdrik və uzaqgörən liderimizin qayğısı nəticəsində Naxçıvan Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, Naxçıvan Müəllimlər İnstitutu və elmi fəaliyyətin məbədi, aparıcı sahəsi olan AMEA-nın Naxçıvan Bölməsi yaradılmışdır. Naxçıvan Müəllimlər İnstitutunun məhz ulu öndər Heydər Əliyevin yadigarı olması bizi daha da qürurlandırır. Ölkəmiz üçün yüksək potensiala, müasir intellektə, təfəkkürə malik, rəqabət qabiliyyətli kadrlar, ixtisaslı müəllimlər hazırlayan bu ali təhsil müəssisəsinin əsası milli təhsilimizin böyük qarantı ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə 13 iyun 2000-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli qərarı ilə müstəqil ali məktəb statusu alan İnstitutumuz qısa zamanda böyük inkişaf yolu keçmiş, məzunları ilə ölkəmizin hər yerində tanınmışdır. Ulu Öndərin layiqli varisi, siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsil sahəsinə göstərdiyi hərtərəfli, ardıcıl qayğıdan Naxçıvan Müəllimlər İnstitutu da böyük pay almışdır. Belə ki, yeni, tam təmir edilmiş müasir şəraitli, hər cür müasir maddi-texniki baza ilə təchiz olunmuş institut binası 2018-ci ilin may ayında istifadəyə verilmişdir. Çox xoşbəxtəm ki, İnstitutumuzun yeni binasının açılış mərasimində mən də iştirak etmişəm. Onu da qeyd etməliyəm ki, açılış mərasimində qayğıkeş dövlət başçımız İnstitutun professor-müəllim heyəti ilə yaxından görüşmüş, səmimi söhbət etmiş və özünün təbrik və tövsiyələrini çatdırmışdır: “İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. … Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi… Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm”.
Onu da diqqətinizə çatdırım ki, Naxçıvan Müəllimlər İnstitutu müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
Naxçıvan Müəllimlər İnstitutu öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin qərar v sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sənədlərini və Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsini əsas tutur.
Qeyd etmək lazımdır ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş İnstitutumuzda 23 adi və 20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya mövcuddur. Həmçinin müəssisəmizdə ənənəvi və elektron oxu zalları olan kitabxana, 15 fənn kabinəsi, o cümlədən müxtəlif ixtisaslar üçün emalatxanalar, zəruri inventarlarla təchiz edilmiş tədris fondları professor-müəllim və tələbə kontingentinin ixtiyarına verilmişdir. İnstitut binasında həmçinin müəllim və tələbələr üçün ayrıca ictimai iaşə və tibbi xidmət otaqları yaradılmışdır. İnstitut üçün yenidən yaradılan, müasir avadanlıqlarla təchiz olunan “Məktəb” nəşriyyatının mətbəəsi də fəaliyyət göstərir. Onu da qeyd edək ki, ali təhsil sahəsində ilk dəfə bizim İnstitutumuzda professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və “Psixoloji xidmət” laboratoriyası yaradılmışdır. Binada 132 və 20 yerlik iclas zalları da var. Habelə ümumilikdə 158 dəst fərdi kompüter, 16 dəst noutbuk və proyektor tələbə və müəllim kontingentinin ixtiyarına verilmişdir.
Həmçinin Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Teatr Studiyası, idman klubu və elmi dərnəklər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların sosial həyatının zənginləşdirilməsinə xidmət edir.
Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsində edilmiş dəyişikliklərə əsasən Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə Dissertasiya Şurası yaradılmışdır. Bu günə kimi Dissertasiya Şurasında onlarla doktorant və dissertanta elmi-tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək üçün lazimi şərait yaradılmış, onlar öz dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək müxtəlif elmi dərəcə və elmi adlara layiq görülmüşlər.
Naxçıvan Müəllimlər İnstitutunda bakalavriat və magistratura səviyyələri üzrə kadr hazırlığı aparılır. Bakalavriat səviyyəsində adları çəkilən ixtisaslar üzrə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Tarix müəllimliyi, Məktəbəqədər təhsil, Xarici dil müəllimliyi (ingilis dili), Riyaziyyat və informatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Korreksiyaedici təlim, Texnologiya müəllimliyi), magistratura səviyyəsində isə 4 ixtisas üzrə (Pedaqogika nəzəriyyəsi və tarixi, Təhsildə sosial-psixoloji xidmət, Riyaziyyat müəllimliyi, Təsviri incəsənət müəllimliyi) və ayrı-ayrı ixtisasların təhsil proqramları əsasında ali təhsilli mütəxəssislər, peşəkar müəllimlər, doktorantura təhsil səviyyəsində isə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanır.
İnstitutun təşkilati strukturunda 2 fakültə - Pedaqoji, Təbiət və incəsənət fakültəsi, Pedaqoji fakültənin nəzdində 5 kafedra (Azərbaycan dili və ədəbiyyat, Pedaqogika və psixologiya, Riyaziyyat və tədris metodikası, Xarici dillər və tədrisi metodikası, Humanitar və ictimai fənlər kafedrası), Təbiət və incəsənət fakültəsinin nəzdində isə 3 kafedra (Ali ryaziyyat və informatika, Ümumi fənlər, İncəsənət kafedraları) fəaliyyət göstərir.
Naxçıvan Müəllimlər İnstitutu yarandığı ildən, yəni 2000-ci ildən Pedaqoji fakültə “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə 21 tələbə kontingenti ilə fəaliyyətə başlamış, hazırda fakültədə 730 tələbə təhsil alır. Ümumilikdə, institutda 1000-dən çox tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100- dən çox professor-müəllim heyəti məşğul olur.
İnstitutda elmi-pedaqoji fəaliyyətlə məşğul olan 105 nəfər müəllimdən 4 nəfəri elmlər doktoru, o cümlədən 3 nəfəri professor, 15 nəfəri fəlsəfə doktoru, o cümlədən 26 nəfəri dosent, 21 nəfəri isə baş müəllimdir.
İnstitut olaraq əsas məqsədimiz dövlət standartlarına uyğun olaraq, zəruri biliyə, həyati bacarıqlara, intellektual, mədəni və mənəvi dəyərlərə malik olan, müxtəlif sahələr üzrə pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali təhsilin müxtəlif səviyyələri üzrə yüksəkixtisaslı mütəxəssislər, elmi-pedaqoji kadrlar hazırlamaqdan, Vətənini sevən, ölkəsinin, dövlətinin maraqlarını üstün tutan, xalqının adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan vətənpərvər gənclər və ixtisaslı kadrlar yetişdirməkdən ibarətdir.
Mübaliğəsiz demək olar ki, son illərdə Naxçıvan Müəllimlər İnstitutu tədrisin keyfiyyətinə görə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu, ali təhsil müəssisəsində daha çox həm maddi-texniki bazanın, həm tədrisin, həm sosial həyatın, həm də elmi fəaliyyətin inkişafında özünü göstərir. Bu gün professor-müəllim və tədrisə köməkçi heyətin gənc kadrlarla əvəzlənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Məhz bunun nəticəsində də institutun məzunları davamlı olaraq doğma təhsil ocağında işlə təmin olunur, onlara daim lazımi qayğı göstərilir.
İnstitutda semestr imtahanları yazılı formada keçirilir, bu da sözün əsl mənasında təhsilin keyfiyyətinin yüksəlməsinə, tələbələrin məsuliyyətinin artmasına və özünüdərkin, özünütəhlilin formalaşmasına müsbət təsir göstərir. Təhsil ocağında imtahan sisteminin şəffaflaşdırılması, obyektiv təşkili, tələbə-müəllim münasibətlərinin sadələşdirilməsi, humanistləşdirilməsi və demokratik şəraitdə qurulması inkişafa təsir edən və töhvə verən əsas amillərdən sayılır.
Bu minvalla ölkədə müəllim hazırlığı prosesinə diqqət artırılmış, müəllmlərin işə qəbulunda yeni sistem hazırlanmış, bu sistem qısa müddət ərzində özünü doğrulda bilmişdir. Bunun nəticəsində məzunlarımız müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı keçirilən imtahanlarda fəal iştirak etmiş, yüksək nəticələr göstərərək respublikamızın müxtəlif rayon və kəndlərində, o cümlədən Azərbaycanın digər regionlarında işlə təmin olunmuşlar.
Adlı təqaüdlərin təsis edilməsi, həmçinin tələbələrin digər həvəsləndirici tədbirlərə cəlb olunması, institut və fakültə rəhbərlərinin tələbələrlə müntəzəm əlaqə saxlaması, görüşlər keçirməsi təhsilalanlarda tədrisə olan marağı daha da artırır, onları ixtisaslarına uyğun mükəmməl təhsil alamağa və mənimsədikləri bilik və bacarıqları möhkəmləndirməyə sövq edir.
İnstitutda tələbələrin maraq dairəsinə uyğun fəaliyyətlərin genişləndirilməsi, yaradıcılıq qabiliyyətlərinin və məlumat dairələrinin inkişaf etdirilməsi, onların sosial və digər problemlərinin həllinə dəstək və qayğının göstərilməsi, bir sözlə səmimi təhsil mühitinin yaradılması gənclərimiz üçün institutu doğma, əziz məkan kimi cəlb edir, abituriyentləri buranı seçməyə, burada təhsil almağa, təhsilini davam etdirməyə təşviq edir.
Naxçıvan Müəllimlər İnstitutu həm xaricdə, həm də daxildə fəaliyyət göstərən qabaqcıl təhsil müəssisələri ilə daim əlaqələri genişləndirir. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə əsasən, xarici ölkələrin ali təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurum və fondlarala əlaqə yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, qarşılıqlı əməkdaşlıq həyata keçirir.
Həmçinin institut əməkdaşları müxtəlif ixtisaslar üçün müxtəlif istiqamətlərə aid dərslik, dərs vəsaitləri, tədris və tədris-metodik ədəbiyyatlar hazırlayır və həm xarici, həm də daxili indeksli jurnallarada nəşr etdirir.
İnstitutun “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxaq kodla ildə dörd dəfə nəşr olunur.
Hər tədris ilində təsdiq edilən iş planı və qrafik əsasında fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı elmi-praktik konfranslar (beynəlxalq və respublika), “Heydər Əliyev dərsləri”, müşavirələr, elmi-nəzəri seminarlar, müsabiqələr, bilik yarışları keçirilir, dinləyicilər daim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlandırılır. Ulu öndərin irsində Vətən sevgisi, azərbaycançılıq məfkurəsi, dil, milli mədəniyyət sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq, xalqına, dövlətinə sonsuz sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin formalaşdırılması ən vacib vəzifələrdən sayılır.
İkinci Qarabağ müharibəsi göstərdi ki, məktəblərimizdə təhsil alan gənc nəslin azərbaycançılıq ideologiyası əsasında tərbiyə edilməsi Azərbaycan müəllimlərinin və həmin müəllimləri hazırlayan ali təhsil müəssisələrinin fəaliyyətinin əsasını təşkil edir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan məktəbi, Azərbaycan müəllimi və onların yetişdirdiyi Azərbaycan gəncliyi bu imtahandan üzü ağ, alnı açıq çıxdı. Məhz bu məktəblərdə müəllimlərdən əxlaq, mənəviyyat, düşmənə nifrət dərsi alan, şəhidliyin fəlsəfi anlamını dərk edən gənclər öz qanları, canları bahasına təcavüzkarlara hədlərini bildirdilər, onları təslim aktını imzalamağa məcbur etdilər.
30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımızın müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qaytarılması tariximizin ən parlaq səhifəsinə çevrildi. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Mənim görüb başa çatdıra bilmədiyim işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq”. Doğrudan da Ulu öndərin başa çatdıra bilmədiyi, arzusunda olduğu işləri cənab Prezident layiqincə yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz siyasi gücü, məntiqi düşüncəsi, milli iradəsi hesabına xalqımızın dəstəyi və yenilməz ordumuzun rəşadəti və şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, torpaqlarımızı düşmən işğalından azad etdi. Bu tarixi qələbə cənab Prezidentin 17 illik daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. 44 gün ərzində rəşadətli Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın edərək tarixə şanlı Zəfər salnaməsi yazdı.
Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən, adlarını qızıl hərflərlə tarixə yazan əsgər və zabitlərimiz sırasında Naxçıvan Müəllimlər İnstitutunun tələbə və məzunları da var. 44 günlük savaşda torpaqlarımızın mənfur düşməndən azad olunmasında canlarından keçmiş, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullardan 2 nəfəri – Kamran Hüseynov və Ruhid İslamlı məhz Naxçıvan Müəllimlər İnstitutunu bitirmişlər. Onların əziz xatirəsi Naxçıvan Müəllimlər İnstitutu yaşadıqca, fəaliyyət göstərdikcə daim onları yaşadanların qəlblərində yaşayacaq, onların şücaəti, rəşadəti tələbə-gənclərə örnək olacaq.
Naxçıvan Müəllimlər İnstitutunun tarixi həm də onu yaradanların, yaşadanların, burada təhsil alan, iş təcrübəsi qazanan tələbələrin, magistrantların və doktorantların, şüurlu həyatını elm və təhsilə həsr etmiş professor-müəllimlərin tərcümeyi-halıdır. İnstitutun tarixinə düşmüş, onun təşkilində, inkişafında və idarə edilməsində xidmətləri olan 4 rektor milli təhsil quruculuğumuzun fədailəridir.
İnstitut əməkdaşlarının səmərəli fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Hazırda professor-müəllim heyətindən 3 nəfəri Azərbaycan Respublikasının Əməkdar müəllimi, 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamıdır, 2 nəfəri Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüş, 2 nəfəri isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə millət vəkili seçilmişlər.
Bir sözlə, institutumuz dövlətimizin ali təhsil müəssisələri qarşısında qoyduğu vəzifələri və özünün qəbul etdiyi bütün öhdəlikləri layiqincə yerinə yetirir.
İnstitutumuzu bitirən məzunlar Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən xarici ölkələrdə Naxçıvan Müəllimlər İnstitutunu yüksək səviyyədə təmsil edir, onlar doğma təhsil ocağının, elm məbədinin adını daim yüksəkdə tuturlar.
Bu bir həqiqətdir ki, bu gün Azərbaycanın hərtərəfli inkişafı, tərəqqisi Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə minnətdardır. Bu mənada nə qədər ki Heydər Əliyev təlimi var, müasir, müstəqil, bütöv Azərbaycan vardır, nə qədər ki Azərbaycan var, Heydər Əliyev təlimi yaşayacaqdır!
SAMİRƏ HƏSƏNOVA
Pedaqoji fakültənin dekanı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutu
[email protected]


