Üçrəngli bayrağın tarixində Heydər Əliyev imzası ŞƏRH
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın müasir dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı tarixi proseslərin istiqamətinə də ciddi təsir göstərir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən qərarlar məhz belə hadisələrdəndir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi milli dövlətçilik tariximizin bərpası istiqamətində atılmış mühüm addım idi.
Həmin dövrdə Azərbaycan mürəkkəb ictimai-siyasi proseslər yaşayırdı. Sovet İttifaqında siyasi sistem böhran keçirir, müttəfiq respublikalarda milli azadlıq hərəkatları güclənir, müstəqillik ideyaları cəmiyyətin əsas tələblərindən birinə çevrilirdi. Azərbaycanda da milli özünüdərk prosesi genişlənir, xalq öz tarixi dövlətçilik ənənələrinə qayıtmaq istəyini açıq şəkildə ifadə edirdi. Belə bir şəraitdə dövlət rəmzlərinin bərpası məsələsi sadəcə atribut seçimi deyil, milli kimliyin və siyasi iradənin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyırdı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası bu baxımdan tarixi dönüş nöqtəsi oldu. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, milli dövlətçilik ənənələrinə uyğun atributların müəyyənləşdirilməsi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərarlar verildi. Eyni zamanda, üçrəngli bayrağın Azərbaycan SSR-in rəsmi dövlət rəmzi kimi tanınması üçün respublikanın ali qanunverici orqanına müraciət edildi.
Bu qərarın tarixi əhəmiyyəti onun qəbul edildiyi siyasi şərait nəzərə alınmadan tam dərk edilə bilməz. Sovet hakimiyyətinin hələ mövcud olduğu, kommunist ideologiyasının dövlət idarəçiliyində təsirini saxladığı bir vaxtda milli bayrağın rəsmi dövlət atributu kimi qəbul edilməsi açıq siyasi mövqe və dövlətçilik iradəsi nümayişi idi. Bu addım Azərbaycan xalqının öz tarixi irsinə sahib çıxmaq, milli rəmzlərini bərpa etmək və müstəqil dövlətçilik ideyasını yaşatmaq əzmini ortaya qoydu.
Heydər Əliyevin həmin sessiyadakı təşəbbüsü yalnız Naxçıvanın dövlət atributları ilə bağlı məsələ deyildi. Bu, ümumazərbaycan miqyasında milli dövlətçilik ənənələrinin bərpasına yönəlmiş siyasi addım idi. Ümummilli Lider sonralar həmin hadisəni xatırlayarkən üçrəngli bayrağın Naxçıvanda 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandığını xüsusi vurğulamışdı. Bu fikir Naxçıvanda qəbul edilən qərarın ümumrespublika səviyyəsində dövlət rəmzlərinin bərpasına təsirini aydın şəkildə göstərir.
Naxçıvanda başlanan bu proses qısa müddət ərzində ümumrespublika miqyasında nəticəsini verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz müstəqil dövlətçilik yoluna qayıtdı. Beləliklə, Xalq Cümhuriyyətindən yadigar qalan üçrəngli bayraq yenidən müstəqil Azərbaycanın suverenliyini təmsil edən əsas dövlət rəmzinə çevrildi.
Bu tarixi ardıcıllıq göstərir ki, milli dövlətçilik yalnız müstəqilliyin hüquqi elan olunması ilə formalaşmır. Onun əsasını milli yaddaşın qorunması, tarixi varisliyin təmin edilməsi, dövlət atributlarına sahib çıxılması və cəmiyyətin müstəqillik ideyası ətrafında birləşməsi təşkil edir. 1990-cı ilin noyabrında Naxçıvanda atılan addım da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. Üçrəngli bayrağın yenidən ucaldılması xalqın tarixi yaddaşına qayıdış, milli iradənin siyasi ifadəsi və müstəqil dövlətçiliyə aparan yolun mühüm mərhələsi idi.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətində milli rəmzlərə münasibət xüsusi yer tuturdu. O, bayrağı yalnız rəsmi mərasimlərdə qaldırılan atribut kimi deyil, xalqın dövlətə, Vətənə və müstəqilliyə bağlılığını ifadə edən mənəvi dəyər kimi qiymətləndirirdi. Onun “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikri dövlət rəmzlərinin ictimai şüurdakı yerini və mənəvi əhəmiyyətini aydın ifadə edir.
Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın bütün ərazisində dalğalanır, beynəlxalq təşkilatlarda və xarici ölkələrdə dövlətimizi təmsil edir. Vaxtilə Naxçıvanda tarixi qərarla yenidən ucaldılan bayrağın bu gün işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşada və Xankəndidə dalğalanması dövlətçilik tariximizin mühüm mərhələlərinin vahid bir xətt üzrə birləşdiyini göstərir. Bu mənzərə milli iradənin, tarixi yaddaşın və müstəqil dövlətçilik ənənələrinin davamlılığının rəmzidir.
1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən qərarın əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Həmin gün üçrəngli bayrağımızın yenidən ucaldılması ilə yanaşı, Azərbaycanın gələcək müstəqilliyinin ideoloji və siyasi əsaslarının möhkəmləndirilməsi istiqamətində də mühüm addım atıldı. Bu tarixi hadisə Heydər Əliyevin dövlətçilik irsinin ayrılmaz hissəsi kimi xalqımızın yaddaşında yaşayır. Üçrəngli bayrağımız isə həmin irsin, milli birliyimizin və müstəqil Azərbaycan dövlətinin əbədi rəmzi olaraq yüksəkliklərdə dalğalanır.
Xanım Kərimova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Qaraqaşlı bələdiyyəsinin sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 06 Noyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















