Heydər Əliyev irsi müasir Azərbaycanın dövlətçilik salnaməsidir
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova
- Hicran xanım, müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsindəyik. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərini necə xarakterizə edərdiniz?
- Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində milli müstəqillik ideyasını həyata keçirən və müasir dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayan görkəmli şəxsiyyətdir. Heydər Əliyev həm Sovet dövründə, həm də müstəqillik illərində daim Azərbaycanın sabitliyi və təhlükəsizliyi, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmadan çalışmışdır. Ulu Öndərin “Mənim əsas silahım sözdür” ifadəsi diplomatiyaya verdiyi əhəmiyyəti nümayiş etdirir.
SSRİ dönəmində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə əsl yeniləşmə və dirçəliş dövrü kimi daxil olmuşdur. Onun müdrikliyi, qətiyyəti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində iqtisadi böhran şəraitində olan respublikamız qısa müddətdə sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə qədəm qoymuşdur. Cəmi bir neçə il ərzində Azərbaycan ittifaq miqyasında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Belə ki, sənaye sektounda əhəmiyyətli nailiyyətlər əldə olunmuş, ölkəmizin müxtəlif bölgələrində güclü aqrar-sənaye kompleksləri yaradılmışdır. Həmçinin, elm, təhsil və mədəniyyət sahələrinin inkişafında mühüm nəticələr əldə edilmişdir. Bu tarixi inkişaf yolu xalqın özünəinamını artırmış, milli-mənəvi tərəqqiyə böyük təkan vermişdir. Bakı şəhərinin özünəməxsus üslubu formalaşdırılmış, bütün sahələrdə, eləcə də dövlət idarəçiliyində milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Sovet ideologiyasının hökm sürdüyü bir vaxtda Heydər Əliyev azərbaycançılıq məfkurəsinin əsaslarının formalaşmasına çalışmış, milli ideologiyanın təşəkkülünə zəmin yaratmışdır. Bu faktorlar gələcəkdə müstəqil dövlətin qurulması üçün mühüm ideya-siyasi hazırlıq idi. Dövlətçilik tariximizi dərindən bilən Ulu Öndər bu bilik və təcrübəsini hər zaman Vətənə və xalqa xidmətə yönəltmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş, lakin yarımçıq qalmış ideyaları ardıcıl şəkildə reallaşdıraraq tarixdə milli dövlətçilik varisliyini təmin edən böyük şəxsiyyət kimi yadda qalmışdır. Ümummilli Lider tarixi varislik prinsipini əsas tutaraq mühüm siyasi, strateji, iqtisadi və mənəvi əhəmiyyət daşıyan bir sıra məsələləri yenidən gündəmə gətirərək onların həyata keçirilməsinə nail olmuşdur. Bu varisliyin bariz nümunələrini ordu quruculuğunda, Azərbaycan dilinin dövlət dili kimi qorunub inkişaf etdirilməsində, iqtisadi islahatların aparılmasında, müstəqil diplomatiyanın qurulmasında, insan hüquq və azadlıqlarının təminatında, dövlət atributlarının bərpası və təbliğində aydın şəkildə görmək mümkündür.
Təkcə bir fakt bu fikri təsdiqləmək üçün kifayət edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız rəsmi şəkildə binanın üzərində qaldırıldı. Bu tarixi addım Azərbaycanın müstəqillik yolunda irəliləməsinin ən parlaq səhifələrindən biri kimi milli azərbaycançılıq ideologiyasının inkişaf mərhələsinin əsasını qoymuşdur.
1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və digər səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək çox çətin bir məsələ idi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə ölkə iqtisadiyyatı çökmüş, əhalinin sosial vəziyyəti son dərəcə ağırlaşmışdır. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuş, həmçinin xalqımız vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, separatizm meylləri genişlənmişdir. Belə bir şəraitdə təcrübəli və uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan dərhal sonra hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna diqqət yetirmiş, bu istiqamətdə davamlı və ardıcıl islahatlara start vermişdir. Sosial-iqtisadi və siyasi sahələrdə genişmiqyaslı islahatlar strategiyası hazırlanaraq ardıcıl şəkildə həyata keçirilmişdir.
Xalqımız haqlı olaraq Heydər Əliyevi “xilaskar” adlandırır. Ümummilli Lider vurğulamışdır ki, “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”.
Həmin dövrü hamımız yaxşı xatırlayırıq, bir tərəfdən Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızı işğal edir, digər tərəfdən isə dövlətimizi sevməyən, ölkəmizin müstəqil olmasını istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə edərək onu daxildən parçalamağa can atırdılar. Bütün bu çətinlikləri görən Ulu Öndər müxtəlif təbəqələrlə görüşür, onlara məsələnin əsl mahiyyətini izah edirdi.
Heydər Əliyev 1993-cü ildə avqustun 13-də Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş Ali Sovetin deputatları, həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşündə bu məsələyə toxunaraq qeyd etmişdir: “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur”.
Bütün görüşlərində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsinə toxunan Ulu Öndər bunun ən ümdə vəzifə olduğunu bildirmişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”.
1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanmışdır. Ümummilli Lider Heydər Əliyev qeyd etmişdir ki, “Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır”.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qanunvericilik sahəsində köklü islahatlara başlanıldı. Həmin prosesin ən mühüm mərhələlərindən biri 12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması oldu. Bu amillər dövlətin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Ümummilli Lider yaxşı anlayırdı ki, milli dövlətçilik amalları uğrunda daim çalışmaq və mübarizə aparmaq lazımdır. Ən mühüm olan isə insanların təfəkküründə bu ideyanı aşılamaq idi. Heydər Əliyev fəaliyyəti dövründə Azərbaycan dövlətinin möhkəmlənməsi və xalqının rifahı naminə böyük səylər göstərmişdir. Onun həyat yolu tamamilə dövlətə xidmət, milli maraqların qorunması və ölkəmizin parlaq gələcəyinin təmin edilməsinə həsr olunmuşdur. Ulu Öndərin dövründə qəbul edilən tarixi qərarlar və həyata keçirilən islahatlar ölkəmizin müasir inkişafının təməlini qoymuşdur.
Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycanda daxili sabitlik möhkəmlənmiş, ölkəmiz beynəlxalq arenada layiqli mövqe tutmuşdur. Onun rəhbərliyi dönəmində dövlət müstəqilliyi qorunmuş, bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sferalarda dayanıqlı inkişaf təmin edilmişdir. Ümummilli Lider kimi Heydər Əliyev ən çətin tarixi anlarda xalqın birliyi uğrunda misilsiz xidmətlər göstərmişdir. Ulu Öndər nəinki Azərbaycan xalqının rəğbətini qazanmış, həm də dünyada nüfuzlu dövlət xadimi kimi tanınmışdır. Dahi Lider qeyd etmişdir: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”.
Ümummilli Liderin gender siyasəti barədə fikirlərinizi bilmək istərdik…
- Ümummilli Lider Heydər Əliyev gender siyasətini dövlətin əsas prioritetlərindən biri kimi qiymətləndirmiş, qadınların ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirakını daim dəstəkləmişdir. Ulu Öndərin qadın qurultaylarında söylədiyi dərin məzmunlu çıxışlar və səsləndirdiyi səmimi fikirlər, gələcəyə dair ümid dolu arzuları qadınları ruhlandırmış, onları daha fəal olmağa və ölkənin inkişafında mühüm rol oynamağa təşviq etmişdir. Heydər Əliyev qeyd etmişdir: “Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək, realizə etmək üçün yaranan imkanların nəticəsidir”.
Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Ölkəmizin qoşulduğu ilk beynəlxalq konvensiyalardan bir neçəsinin məhz qadın və uşaq hüquqları ilə bağlı olması bu məsələyə verilən önəmin bariz göstəricisidir. Həmin sənədlər milli qanunvericiliyin təkmilləşdirilməsinə, yeni hüquqi mexanizmlərin formalaşdırılmasına və zorakılıqla mübarizəni hədəfləyən ümumi prinsiplərin tətbiqinə mühüm təkan vermişdir.
Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi kimi mühüm məsələlər Ümummilli Liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə bu istiqamətdə yürüdülən siyasət yeni forma və məzmun qazanmış, həmin sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndər qeyd etmişdir: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.
- Ulu Öndər tərəfindən əsası qoyulan siyasət tarixi Zəfərimizin qazanılmasını şərtləndirdi. Bu barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev milli dəyərlərə sədaqətini və xalqa bağlılığını misilsiz tarixi xidmətləri ilə sübut etmişdir. O, fiziki varlığını belə təhlükəyə ataraq millətinə xidmət etməyi hər şeydən üstün tutmuş, bu yolda heç bir çətinlikdən və təzyiqdən çəkinməmişdir. Məhz bu prinsipial mövqe və sarsılmaz iradə nəticəsində müasir və müstəqil Azərbaycan dövlətinin təməli qoyulmuş, gələcəyə böyük ümid və inamla baxmaq mümkün olmuşdur. Ulu Öndər özü də bu inamı böyük əminliklə ifadə etmişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
Xüsusilə qeyd etmək lazımdır ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti böütövlükdə türk dünyasını da əhatə edir. Böyük tarixi şəxsiyyətin türk dövlətlərinin birliyi naminə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, gələcək perspektivlər baxımdan böyük tarixi əhəmiyyətə malikdir.
Dünyanın ən tanınmış siyasətçiləri, dövlət başçıları dəfələrlə görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valeh olduqlarını bildiriblər, onun göstərdiyi müdrikliyi və qətiyyəti yüksək dəyərləndiriblər. Xüsusi ilə vurğulanıb ki, Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edib. Bəli, biz həqiqətən xoşbəxt xalqıq, çünki bizim Heydər Əliyev kimi Ümummilli Liderimiz var. Hansı sahəyə baxsaq, sözün əsl mənasında öz canından çox sevdiyi Azərbaycanın gələcəyi üçün çalışan Ulu Öndərin atdığı təməli görəcəyik.
Bu möhkəm təməl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Uzaqgörən və ardıcıl siyasət nəticəsində ölkənin iqtisadi potensialı davamlı şəkildə artır, vətəndaşların rifahı yüksəlir, Azərbaycanın hərbi qüdrəti və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə güclənir. Hazırda Azərbaycan müasir dünyanın ən uğurlu və dinamik inkişaf edən dövlətlərindən biri kimi tanınır.
Azərbaycan Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu isə Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliği və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda formalaşdırılması istiqamətində mühüm işlər görür. Fondun elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya, sosial müdafiə və vətəndaş cəmiyyətinin inkişafı sahələrində reallaşdırdığı çoxsaylı layihələr ölkəmizin davamlı tərəqqisinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verir.
Bu il xalqımız Dahi Liderin – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiramla qeyd edir. O, nadir şəxsiyyət, fitri liderlik qabiliyyətinə malik fenomenal insan idi. Ulu Öndər Heydər Əliyev xalqının dərin hörmətini və sonsuz sevgisini qazanaraq, Azərbaycanın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.


