Icma.az
close
up
RU
MİXAYLO ŞƏHƏRDƏDİR YA HEYDƏR ƏLİYEVİN MEHDİ HÜSEYNZADƏYƏ SON KÖMƏYİ Rafael Hüseynov yazır

MİXAYLO ŞƏHƏRDƏDİR YA HEYDƏR ƏLİYEVİN MEHDİ HÜSEYNZADƏYƏ SON KÖMƏYİ Rafael Hüseynov yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rafael HÜSEYNOV
Akademik

O, kim ola bilərdi? Anlayıram, yolu insafsızca erkən qırılmış, həm də hələ heç onunçün başlıca olacaq səmti sonacan müəyyənləşdirməmiş, hələ özünü aramaqda olan, istedadla çağlayan bir gəncin yaşayarsa hansı yüksəkliklərə çatacağını təsəvvür etməyə çalışmaq bir xülyadır.

Amma illərdən bəri ömrünün çox cizgilərini bitdə-bitdə öyrəndikcə, doğmaları, yaxınları, ayrılmaz dostları ilə dönə-dönə onun haqqında söhbət etdikcə, öz yazdıqlarını oxuduqca asta-asta məndə bu düşüncə də yaranıb ki, elə bil onu mən də görmüşəmmiş, tanışıqmış, məhrəmmişik.

Mənim Nizami muzeyində işləməyim artıq 40 ilə yaxınlaşır. Hər gün eyni şəkilləri görmək, eyni heykəllərin yanından keçmək, eyni dəhlizlərlə irəliləmək artıq ömrümün təbii halına dönüb. Sanki işdə deyil, elə evimdəyəm. Bunca bir yerdə olandan sonra həmin rəsmlər də, heykəllər də səninçün doğmalaşır, onları yaradanları da elə öz əqrəban kimi qavrayırsan. Üstəlik, burası da var ki, mənim hələ xeyli gənc, onlarınsa artıq xeyli yaşlı çağıarında əksəri ilə daimi təmaslarım olub. Bu muzeyin zallarını Kazım Kazımzadənin (1913-1992), Tağı Tağıyevin (1917-1993), Oqtay Sadıqzadənin, Əlibala Kazımovun, Əli Zeynalovun... əsərləri bəzəyir. Bu adları muzeyə gözəllik verən əsərləri yaratmış onlarca başqa görkəmli sənətkarların arasından seçərək bu məqamda ona görə sadalayıram ki, onlar hamısı 1930-cu illərin birinci yarısında ovaxtkı səviyyəsi ilə elə Akademiyaya bərabər Bakı Rəssamlıq Texnikumunda bərabər oxumuşdular. Əlibala Kazımovla yaxınlığım olmayıb, ancaq digərləri ilə illərcə mehriban təmaslarımız davam edib, bəziləriylə elə simsar olmuşuq ki, hətta evlərinə gedib-gəlmişəm - mən Nizami muzeyində işə başlayanda Əli Zeynalov burada baş rəssamdı, Tağı Tağıyev, həyat yoldaşı Həbibə Məmmədxanlı mənimçün elə doğmalarım kimiydilər, Seyid Hüseyn yadigarı Oqtay Sadıqzadə də eləcə, yaşlaşdıqca nuru artan Kazım müəllim də o cür. Onlardan mənə qalan bolluca xatirələr içində Mehdi söhbətləri də az deyil. Həm də bu, çox zaman elə öz-özünə, söz-sözü çəkərək baş verirdi. Bu, onların həyatı idi, gəncliyi idi, dünənləri ananda qeyri-ixtiyari solmaz yaddaşların bir başı gəlib Mehdidə dayanırdı. Bir də görürdün ki, nəyisə axtarıb tapa bilməyəndə Tağı müəllim heç dəxli olmadan başlayırdı Həbibə xanımı qınamağa. Deyinirdi ki, o vaxt şəkillərimi də sən aparıb itirdin. Həbibə xanımın şirin gülümsəməyi, aram danışığı və davranışı ilə ən gərgin vəziyyəti də səngitmək qabiliyyəti vardı. Tağı müəllim hər o təhər başlayanda qımışırdı ki, mövzunu dəyiş, bunu demisən.

Həbibə xanım Televiziyanın Ədəbi-dram verilişləri redaksiyasında işləyirdi. Bir dəfə Mehdi Hüseynzadə haqqında veriliş hazırlananda əməkdaşlardan hansınınsa yadına düşür ki, bəs Həbibə vaxtilə ağzından söz qaçırıbmış, onlarda evdə Mehdinin Tağı Tağıyevlə, digər sonranın tanınmış rəssamları ilə texnikumda oxuyanda çəkilmiş nadir fotoları var. Həbibə xanım 2, ya 3 fotonu aparıbmış, şəkillər o gedən olur. Bəlkə də verilişin hazırlanması əsnasında həmin fotoları itirən, ya özündə saxlayan kəs üçün bu, elə vaxtaşırı baş verən adi itkilərdən biriymiş ki, adama çox da təsir etməməliymiş. Ancaq Tağı müəllimə bu, canından qopmuş tikələr kimi gəlirdi. Üstündən nə qədər illər sovuşandan sonra da yadına düşəndə təzədən qızışırdı, toxtaya bilmirdi. Deyirdi ki, axı daha o gün qayıdan deyil, o uşaqları bir yerə daha fələk də toplaya bilməz.

Şəkillər 1934-dəmi, 1935-dəmi Rəssamlıq Texnikumundakı dərs otaqlarında çəkilmişdi. Tağı müəllimin "uşaqlar" dediyi Mehdi Hüseynzadə idi, sonraların tanınmış sənətşünası, professor, Mehdi ilə lap kiçik yaşlarından dostluq etmiş Mürsəl Nəcəfov idi, sonralar Musiqili Komediya Teatrının baş rəssamı olmuş Əsgər Abbasov (1916-1970) idi, sonranın tanınan rəssamları Həbib Əzimzadə, Ələsgər Dostəliyev idi. Həmin fotolar onların dəstəsindən olan daha bir tələbə dostun aparatı ilə çəkilmişdi və o "uşaq" - sonraların görkəmli təsviri sənət tədqiqçisi, professor Məmmədağa Tərlanov (1918-1988) özü də onların arasındaymış. Fotoaparatı bir başqasına veribmiş ki, düyməsini bassın, özü qoşulubmuş yoldaşlarına.

Tağı müəllim şəkillərin itməsinə növbəti dəfə heyifsilənərək köks ötürürdü, qayıdırdı dünyanın ən qayğısızı, ən xoşbəxti olduqları günlərə, Mehdi Məmmədovla  aralarında sukeçməz qədər məhrəm olduqlarından, o Mehdiylə bu Mehdini tanış etməsindən danışırdı, yada salırdı günlərin birində Mehdi Hüseynzadəylə özünün Koroğlunun surətini yaratmağa cəhd etmələrini, o biri Mehdinin bunlara münsif duraraq şəkilləri qiymətləndirməsini.

Qayıdırdı ki, dünyanın işinə bax, qismət elə gətirdi ki, Mehdi özü bir Koroğlu kimi ad çıxartdı, surət olub səhnəyə gəldi və bir zamanlar bizim çəkdiyimiz Koroğlu rəsmlərinə  qiymət verən Mehdi Məmmədov da o tamaşanın rejissoru oldu, mərhum dostumuza səhnə həyatı bağışladı...

Həqiqətən, nə məsud, min bir sıxıntıyla müşayiət edilsə də, nə asudəliklə dolu günlərmiş!..

...Dənizdə dalğalar bir-birinə təkan verən kimi, şirin diləklər, saf niyyətlər onların qəhqəhələrlə, çılğınlıqla daşan günlərini rövnəqləndirirmiş.

O əziz günlərlə əbədi vida günü arasındakı təqvim məsafəsi əslində heç çox da deyildi ki! 

Mehdinin Novxanıda Xəzərə baş vurub ləpələrin sığalı ilə xumarlandığı, narın qumlar üstünə sərilərək səmanın sonsuzluğunu arxayınca seyr etdiyi günlərdən nə keçirdi ki!

Göz yaddaşındakı o əlvan mənzərələr də, hansısa fotolar da vaxtın axarında itib-gedə bilir, sellərin-suların yuya bilmədiyi sözlərsə qalır, dünən olanları sabah da elə bir an qabaq cərəyan edirmiş kimi dirçəldir.

Bütün bunlar şair Süleyman Rüstəmin gözləri qarşısında baş vermişdi və onillər sonra xəyalən həmin məsud əyyamlara qayıdaraq belə yazmışdı:

Mən səni çox görmüşəm cavanlıq çağlarında,

Bol əncirli-üzümlü Novxanı bağlarında.

Ailənə yaxındım, bir qədər də qohumduq,

Sevərdi bacın, bibin səni canından artıq.

Sən bir od parçasıydın uşaqlar arasında,

Bədənin bərkiyirdi bağların havasında.

Başına toplayaraq dostları dəstə-dəstə,

Oynardın, güləşərdin mirvari qumlar üstə.

Yaman qoçaqdın, qoçaq,

Boyuna baxmayaraq,

Dənizdə çarpışardın dağ boyda dalğalarla,

Sahildə əl-qol atıb gəzişərdin vüqarla.

Eloğlum, yadımdadır o dəmlər indikitək

Bağdakı uşaqlara, bir söz, ürəkdin, ürək.

Bibin hərdən çatılmış gördümü qaşlarını,

Sənə şirin dil töküb oxşardı saçlarını.

Sən onun əziziydin,

Görən iki gözüydün.

Dalğalar sahillərdəki izləri yalayıb silən kimi, illər də o bəxtiyar günləri yuyub-aparıb, vaxtın uzaqlarında sayrışan ilğımlara döndərib...

...2011-ci ildə ilk dəfə Sloveniyaya yolum düşüb Mehdinin məzarını ziyarət etdiyim günlərdə, Şempasda, Çepovanda, Nova-Qoritsada olanda mütləq Mehdinin bir zamanlar hünərləri ilə tarix yazdığı İtaliyanın Triyest şəhərinə də baş çəkməyi arzuladım, bu rahat şəhərin küçələrində xeyli gəzib dolaşdım. Gözəl Triyestdə çoxdan bitmiş müharibənin yaddaş üşüdən kədərli ləpirləri də ara-sıra gözə dəyirdi, İkinci Dünya savaşı zamanı partladılmış ayrı-ayrı binaların qalıqları elə o çağdakı kimi saxlanmışdı.

Arada şakərimə uyğun olaraq yan keçə bilmədiyim bir kitab mağazasına girmişdim, orada da gözümə italyanca bir kitab sataşdı. Müharibə dövrünün fotolarından ibarət albom idi. Bu tarixi fotolar Triyestdə dava illərində viran edilmiş binaları - onların ilkin göz oxşayan vəziyyətini və partlayışdan sonra düşdükləri halı göstərirdi.

Triyestə, təbii ki, avtomobillə gəlmişdik və xeyli də yoldur. Amma düşünürdüm ki, axı 1944-cü ildə dağlar başındakı Çepovan kəndinə sığınmış Mixaylo və silahdaşları hər dəfə riskli əməliyyatları yerinə yetirməkçün Triyestə indi bizim 40-45 dəqiqəyə qət etdiyimiz rahat şose yollarından keçərək, həm də hansısa nəqliyyat vasitəsindən istifadə etməklə yox, xəlvəti, sıx meşələrdən, daşlı-qayalı narahat dağ cığırlarından aşaraq payi-piyada gedirmişlər. Mehdi və onun məslək qardaşlarının fövqəladə şücaətləri bir ayrı, amma o hünərləri göstərənədək və hər əməliyyatdan sonra, payızın-qışın sərt günlərində, gecənin qaranlığında nigaran, təşvişli anlar yaşayandan sonra həndir-hamar yolları qət etmələrinin özü də ayrı bir igidlik idi.

Yadıma düşür yenə partizan yoldaşı Mikayıl Qulubəyovun Bakıda, Dövlət Təhlükəsizlik Komitəsində Mehdi Hüseynzadənin qəhrəmanlıqları tarixçəsini bərpa etməkçün aparılan dindirməsində məhz başverənləri ən yaxın məsafədən izləməsi səbəbiylə kimsənin görmədiyi, bilmədiyi ayrıntıları çatdırması. 1956-cı il aprelin 19-dakı ifadəsində Qulubəyovun bəhs etdiyi həmin əməliyyat haqqında əvvəl söz açımışamsa da, dəqiqlik naminə o doğruçu şahidin danışdıqlarını bu yerdə sözbəsöz saxlayıram. Deyirdi ki, Mixaylonun Triyest şəhərindəki ikinci böyük əməliyyatı 1944-cü il mayın sonlarında oldu. Mehdiyə komandanlıq tərəfindən Triyestdə "Soldatenheym"i partlatmaq tapşırılmışdı. "Soldatenheym" - "Əsgər evi" alman əsgər və zabitləri üçün bir mehmanxana idi ki, orada yerli və gəlmə, o cümlədən tranzit alman əsgər və zabitləri qalırdı. Mehdi bu əməliyyatı da 9-cu korpusun komandanlığının tapşırığı ilə yerinə yetirmişdi. Həmin əməliyyat belə baş vermişdir: Mehdi əməliyyat vaxtı alman mayoru rolunda idi. Tağı Əliyev, Frits və başqa adyutantlar, tabeçilikdə olan zabitlər isə onun dəstəsini təşkil edirdi. Onlara belə sənəd hazırlanmışdı ki, guya hansısa hissənin sərəncamına gəliblər və tranzitlə burada qaldıqdan sonra cəbhəyə gedəcəklər. Onlar Triyest şəhərinin mərkəzindəki "Soldatenheym"də yerləşmişdilər. Bu, dördmərtəbəli daş bina idi və alman komendaturası da onun aşağı mərtəbəsində yerləşmişdi. İkinci mərtəbə restoran idi, üç və dördüncü mərtəbələr isə mehmanxana (Hələ buracan neçə təfərrüat var ki, həmin əməliyyat haqqındakı heç bir xəbərdə, yazıda yoxdur. Hələ ardı da gəlir. Məhz belə detallara görə bu qəbil şahid söyləyişlərini yuvarlaqlaşdıraraq deyil, olduğu kimi təqdim etmək həmişə daha məsləhətlidir - R.H.). Mixaylo naharın hansı saatda ediləcəyini irəlicədən müəyyənləşdirmişdi və həmin vaxt onu müşayiət edən zabitlər yeməyə gəldilər. Yeri gəlmişkən, onlardan hər biri ayrıca stolda oturmuşdu və hər birinin də yanında içərisində partlayıcı olan öz çamadanı var idi. Belə şərtləşmişdilər ki, nahar edəndən bir saat sonra cəld qurğularını işə salaraq binanı tərk etsinlər. Danışmışdılar ki, yaxınlıqdakı bir binanın yanından əməliyyatın nəticəsini müşahidə etsinlər. Restoranın dolu olduğu, naharın gur dəqiqələrində Mehdi və onun komandası yeməklərini yedikdən sonra hər biri içərisində 15 dəqiqə sonra işə düşmək üçün tənzimlənmiş partlayıcı qurğu olan öz çamadanını oturduğu stulun altındaca qoyaraq qəfildən restoranı tərk etdi, az sonra isə yalnız Triyest şəhərinin mərkəzində deyil, ən uzaq ətraflarda da eşidilən dəhşətli partlayış qopdu. Hətta Villa Obçinadakı almanlar da o partlayışın səsini eşitdilər. Dördmərtəbəli bina tamamilə yerlə yeksan olmuşdu. Ölən alman əsgər və zabitlərinin, generallarının sayı həddən artıq çox idi. Dəqiq rəqəm yadımda qalmayıb, təxminən 300 nəfərə qədər insan həlak olmuşdu. İki dəfə, bəlkə də çox sayda isə yaralananlar vardı. Bu, Mehdinin Triyestdə həyata keçirdiyi ən böyük əməliyyat idi. Partlayışdan sonra Mehdi yenə almanların arasında olmuş, qayda-qanun, sahman yaratmaq prosesini idarə etmişdir. Ertəsi gün Mehdi və onun komandası uğurla partizanların yanına qayıtdı".

Diqqət edirsinizmi - Mixaylo "Soldatenheym"in partladılmasını təşkil edir, əməliyyatda müşahidəçi kimi iştirak edənlərdən, gedişata köməkçiləri olaraq qatılanlara tapşırığı bu olur ki, siz gedin. Özü isə qalır. Alman zabiti kimi girir partlayışın ardınca gələn proseslərin içinə - bina tar-mar olandan sonra sağ qalanların guya xilası, ölülərin dağıntılar altından çıxarılaraq hospitala göndərilməsi prosesində iştirak edir. Yəni öz yüksək çinli alman zabiti rolunu axıracan "vicdanla" oynayır.

Mikayıl Qulubəyov o hadisəyə şahidliyini belə davam etdirirdi: "Ertəsi gün Mehdi və onun komandası müvəffəqiyyətli bir şəkildə partizanların yanına qayıdıb gəldi. Mehdi müfəssəl şəkildə, hər dəfə olduğu kimi, yenə əməliyyatın gedişi haqqında məlumat verdi. O, özü ilə baş verən hadisə barədə xəbərlər dərc edilmiş qəzetləri də gətirmişdi. Həmin əməliyyatdan sonra Mixaylonun adı yalnız Sloveniyada deyil, onun sərhədlərindən xeyli uzaqlarda da, o cümlədən bütün Yuqoslaviyada dillərdə gəzirdi. Marşal Tito özü də artıq bu barədə eşitmişdi və Mehdinin qəhrəmanlığını imzaladığı sərəncamda da əks etdirmişdi".

Mehdi və onun dəstəsinin ertəsi gün qayıdıb gəldiyini deyir.

"Ertəsi gün" ona görə ki, o həngamədən sonra Triyestdən bunca uzun və narahat yolu piyada aşaraq qərargaha gəlib çatmaqçün 9-10 saat deyil, bəlkə bundan da artıq vaxt gərəkdi.

Yaxud Qulubəyov həmin ifadə-müsahibəsində Mehdinin daha bir ciddi təxribat əməliyyatını yerinə yetirməsindən ən xırda cizgiləriylə danışandan sonra yenə əlavə edir ki, qərargaha gəldi, hesabatını verdi: "Mehdinin üçüncü böyük əməliyyatı Triyestdəki alman əsgər və zabitlərinin getdiyi fahişəxananın partladılması idi. Kəşfiyyatçılar - məxfi fəaliyyət göstərən partizanlar komandanlığa məlumat verdilər ki, hər gün həmin fahişəxanada çoxlu alman hərbçisi toplaşır və onların sırasında həm yerli, həm gəlmə alman zabitləri olur. Mehdiyə o binanı da partlatmaq tapşırığı verildi. Mehdi tapşırığı aldıqdan sonra yoldaşları ilə bərabər alman zabiti formasında Triyestə gəldi. O fahişəxana Viya Formono küçəsində yerləşirdi. Özlərini həmin binaya gələnlər kimi qələmə verərək Mehdi və ətrafındakılar binaya daxil olub gözləmə zalında növbədə dayandılar. Onlar ətrafı seyr edir, almanların buraya daha çox yığışmasını gözləyirdilər. Görəndə ki, gözləmə zalında artıq xeyli alman əsgər və zabiti var, onlar partlayıcı qurğunu gizlədərək fahişəxananı tərk etdilər və kənardan partlayış məqamını gözləməyə başladılar. 20-25 dəqiqə sonra fahişəxana partladı və ora gələnlərin heç biri salamat qurtara bilmədi. Burada, eyni zamanda, xeyli ağır yaralananlar vardı. Mehdi tapşırığı yerinə yetirəndən sonra komandanlığa gələrək əməliyyatın yerinə yetirilməsi barədə hesabat verdi". 

Deməli, bir daha həmin yorucu, üzücü, həm də daha təhlükəli, bəlkə əməliyyatın özündən də qat-qat artıq güc və əsəb aparan məsafəni arxada qoyaraq Mixaylo və yoldaşları qərargaha gəlirlər. Təhlükənin daha artıq olmasına isə səbəb o idi ki, bu 50-60 kilometrlik məsafəni piyada qət edərkən elə 50-60 dəfə faşist dəstələriylə qarşı-qarşıya gəlmək, əzazil düşmənin qurduğu pusqu tələsinə düşmək ehtimalı da nə qədər desən vardı.

İnsanı əqidə, amala sadiqlik idarə etməsə, ömründə bir belə əziyyətə tablaşa bilməz, ya da bir-iki dəfədən sonra bezər, çiyrinər.

İndinin şüşə kimi hamar asfalt yolu ilə İtaliyanın Triyestindən ovaxtkı Yuqoslaviyanın - indiki Sloveniyanın Çepovanına, Şempasına gəlməklə həmin məsafənin dağlardan-daşlardan keçərək getməyin fərqini düşünərkən kilometrlərin ikiqat uzandığını da ağla gətirmək gərəkdir.

Şahid partizanlar şəhid partizanın - Mixaylonun yenə qərargahdan çox uzaqda törətdiyi, yenə piyada çətin və qorxulu yolları keçərək qayıdıb komandanlığa hesabatını verdiyi, oradan da yenə piyada düşərgəyə yollandığı 4-cü böyük əməliyyatından da soraq verirlər.

Bu hadisə yenə İtaliyanın Qoritsa şəhərində olmuşdu. Mixaylo rəhbərliyin tapşırığı ilə Qoritsa və Triyest şəhərlərini elektrik enerjisi ilə təmin edən böyük transformatoru partlatmalı idi. Əmri yerinə yetirir və bu təxribat nəticəsində Qoritsa və Triyest şəhərləri uzun müddət işıqsız qalır.

Ölümün çəngindən salamat qurtararaq ev-eşiyinə dönə bilmiş, haqqı gizlətməməyi vicdan borcu sayan keçmiş partizan yoldaşlarının hamısının təsdiq etmiş olduğu bir həqiqət də budur ki, həmin böyük əməliyyatlardan savayı Mehdinin onlara başqa, nisbətən xırda, ancaq hər biri faşistlərdə vahiməni artıran, xofu şiddətləndirən əməliyyatları olmuşdu.

Elə bu səbəbdəndir ki, Mixaylonun şücaətləri haqqında yalnız özümüzünkülər deyil, başqa xalqlardan olan keçmiş partizanlar da onillər ötəndən sonra belə susmağı rəva görməmişlər. Moskvada "Nauka" ("Elm") nəşriyyatında 1973-cü ildə çıxmış "Sovetskie lödi v osvoboditelğnoy borğbe öqoslavskoqo naroda" ("Sovet adamları yuqoslav xalqının azadlıq mübarizəsində") adlı kitabda Yuqoslaviya Xalq Azadlıq Ordusunun 31-ci diviziyası 9-cu korpusunun keçmiş qərargah rəisi Stanko Petelin Voykonun belə bir xatirəsi yer alır ki, "1944-cü ilin yazında 31-ci diviziyanın həyata keçirdiyi təxribat əməliyyatlarından söz açarkən Tadek Sadevski Tomo və Yevgena Mateyka-Pemtsin adları ilə yanaşı 31-ci diviziyanın iki fəal minaçısının - Mark Kalaşnikov və Mixaylo-Mehdi Hüseynzadənin adlarını çəkməmək ədalətsizlik olardı".

...Mehdi bu şeiri yazanda hələ onun bir-birindən heyrətamiz igidlikləriylə işıqlanan və hər növbətisi qələbəyə inamı daha da artıran günləri qarşıda idi. Ancaq əl-qolunun daha bağlı olduğu həmin günlərdə də içərisində heç vəchlə solmayacaq ümid çırpınırdı, ürəyi Azərbaycanda, Bakıda, sevdiklərinin yanında idi. Elə olmasa, bu şeiri yaza bilərdimi?

Əsincə sabahın sərin yelləri,

Baxıb uzaqlara yar gəlib dedim.

Töküb gərdəninə qara telləri

Bəlkə bir məqsədi var gəlir dedim.

Bəyaz üfüq al qana bulananda,

Pərvanələr başına dolananda,

Könül həyəcandan coşub-yananda

Yaxın-uzaqlardan yar gəlib dedim.

Nə edim, aldanıb oldum naşı mən,

Fərhadtək qopardım hər bir daşı mən.

Nə olar, görəydim qara daşı mən,

Mənə mehman olub, yar gəlir dedim.

Neylərəm nəş`əni o nazlı yarsız,

Sevginiz olarsa bunu duyarsız.

Baxıb qəhqəhəmə söyləmə "arsız",

Bəlkə uzaqlardan yar gəlir dedim.

Bu şeirin altında Mehdi imzasını belə qoyub: "Legionçu Qürbətzadə".

Vətəndə yarı görüb ürəkdən qəhqəhə çəkəcəyi o günə çatmaq Mehdiyiə nəsib olmadı. Vətənə onun əvəzinə heykəli gəldi. Onda Mehdinin 55 yaşı olmalı idi. Ancaq 26 yaşında qalmışdı...

...Belə ssenarini yazmağa Pərvərdigardan qeyri kim qadir olar?!

1935-ci ildə qəlbində çoxdan bəslədiyi arzusuna yetişmiş, Leninqradda (indi Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə qəbul olunmuş, həyatında büsbütün yeni səhifə açılmış Fuad Əbdürrəhmanovun yeniliklərlə dolu günlərinin içərisində ürəksevindirən bolluca təzəliklərin böyründə könlünə təsəlli olan köhnələr də vardı - bu soyuq şəhərdə isti Bakısından, Azərbaycandan, doğmalarından ötrü çox darıxırdı, içərisindəki boşluğu dolduran, onu ruhən ovunduran isə tez-tez görüşdüyü əski dostlarından biri idi.

Mehdi ilə Fuadın  yaş fərqi 2-3 il idi. Amma bu, onların arasında möhkəm dostluğun yaranmasına mane olmamışdı.

Yaxınlıqları Bakı Rəssamlıq Texnikumunda birgə oxuduqları vaxtlardan başlanmışdı.

Fuad Əbdürrəhmanovun həyat yoldaşı Şükufə xanım Mirzəyeva ilə mən Elmlər Akademiyamızın Fəlsəfə və Hüquq İnstitutunda birgə işləmişəm. O vaxt artıq neçə il idi ki, ömür hayanını itirmişdi.

Şükufə xanım mənə Fuadın Leninqrad illəri, Mehdi Hüseynzadə ilə bağlı söylədiyi xatirələri ərinin dilindən danışırdı. Fuad deyirmiş ki, Leninqradın bəyaz gecələrində Mehdi ilə bəzən səhərə qədər gəzib-dolaşır, söhbət edir, gələcək haqda xəyallarımızı bölüşürdük. Mehdi də Leninqrada Rəssamlıq Akademiyasına girmək arzusu ilə gəlmişdi. İlk cəhdi alınmamışdısa da, Xarici Dillər İnstitutuna qəbul olunmuşdusa da, ürəyindəki qəti arzusu bu idi ki, təhsilini hökmən Rəssamlıq Akademiyasında davam etdirsin.

Leninqradın gündüz kimi işıqlı bəyaz gecələrində səhərə qədər gəzirlərmiş, sakit küçələrdən keçə-keçə dərdləşirlərmiş.

Fuad Şükufə xanıma söyləyibmiş ki, zarafatcıl Mehdi gülə-gülə deyibmiş: "Gələcəkdə biz ikimiz də mütləq böyük olacağıq. Mən böyük rəssam, sənsə böyük heykəltəraş. Çox əsərlər yaradacağıq, amma sən də, mən də böyük olacağımız üçün gərək bir-birimizin də surətlərini yaradaq. Mən sənin portretini çəkərəm, böyük heykəltəraşın surətini yaradaram, sən də mənim -  böyük rəssamın heykəlini düzəldərsən".

İki gənc Neva sahili ilə gəzə-gəzə bu söhbətləri edəndə 1930-cu illərin ortaları idi və dümağ gecələrin sakitliyində dilə gətirdikləri bu diləklərini onların ikisindən başqa eşidən bircə Allah idi.

Onillər ötəcək, vaxt dənizində dalğalar çox qalxıb-enəcək və bu iki gəncin Leninqradın həlim yay gecələrinin səssizliyinə tapşırdıqları vədləri, arzudan daha çox duaya bənzəyən o sözləri gerçəyə çevriləcək.

Hər ikisi, həqiqətən, böyük olacaq!

Mehdi Hüseynzadə rəssam kimi yox, cəsur müharibə qəhrəmanı kimi şöhrət tapacaq, tarixdə həmişəlik qalacaq, xalqının iftixarına çevriləcək.

Fuad Əbdürrəhmanov Vətəninin və dünyanın tanıdığı görkəmli heykəltaraşa dönəcək.

Ancaq bir-birinə gələcəyə bağlı arzularını xısın-xısın söylədikləri həmin Leninqrad gecələrindəki vədlərdən biri baş tutacaq, digəri yox.

Mehdi rəssam olmağına oldu, amma araya dava girdi, fırçasından, rənglərindən, molbertindən ayrılaraq odun-alovun ağuşuna atılası, cəhbələrə yollanası oldu, silah götürdü, döyüşdü, bəşəriyyəti faşizm taunundan xilas etmək yolundakı savaşda canını qurban verdi.

Dilə gətirmiş olduğu arzularından daha birinə yetişmək - böyük rəssama çevrilərək böyük heykəltəraşa dönmüş dostunun rəsmini çəkmək ona nəsib olmadı.

Fuad Əbdürrəhmanovsa vədinə əməl etdi. Dostu Mehdi Hüseynzadənin möhtəşəm abidəsini yaratdı.

Ancaq tale elə gətirdi ki, bu heykəl ondan qalan son böyük əsər oldu...

Abidənin yeri bəlli idi - Bakının artıq mərkəzə çevrilmiş hissəsində, daim izdihamlı, bütün rayonların qovuşma nöqtəsində, avtobus vağzalının həndəvərində ucaldılması nəzərdə tutulan bu abidənin üstündə Fuad çox əsirdi.

Söz yox, hər əsəri onunçün əziz idi. Amma bu abidənin mənası onunçün büsbütün başqa idi. Bu abidə onun ömrünün bir parçası olan, həyatı yarımçıq qırılmış istedadlı gənclik dostu Mehdiyə Fuadın vəfa borcu idi. Gipsdən hazırladığı heykəli tuncdan tökülməsi üçün Moskvaya yola salır, səbirsizliklə gözləyir ki, tezliklə abidə hazır olacaq, qayıdıb gələcək Bakıya və Mehdi Hüseynzadənin heykəlinin Bakıda ucaldılması bayramı onun həyatının ən fərəhli hadisəsinə çevriləcək.

Lakin Mehdi Hüseynzadəyə dostunun - böyük heykəltaraş Fuad Əbdürrəhmanovun portretini çəkmək nəsib olmadığı kimi, Fuad Əbdürrəhmanova da əziz dostunun, böyük qəhrəman Mehdi Hüseynzadənin abidəsinin Bakıda ucalmasını görmək qismət deyilmiş.

Amansız xəstəlik Fuadı 1971-ci ilin 15 iyununda aparır. Heykəlin üstündəki örtük təntənə ilə 2 il sonra götürülür. 1973-cü ildə Mehdi Hüseynzadənin heykələ dönüb Vətənə qayıdışı bayramına qatılanlar arasında abidənin müəllifi Fuad Əbdürrəhmanov artıq yox idi. O gün Mehdi Hüseynzadənin abidəsini açan həmin dövrdə Azərbaycan respublikasına rəhbərlik edən Heydər Əliyev idi və bu da taleyin bir başqa cazibəsi və yazısı idi.

...1957-ci il avqust ayının 3-də Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Əks-kəşfiyyat şöbəsində çalışırdı və 2-ci şöbənin rəis müavini idi. Həmin gün mayor Heydər Əliyevin masasının üstünə belə bir məzmunda məktub gəlib çıxmışdı ki, SSRİ-nin Belqraddakı səfarətxanasının müşaviri Sergeyçik 1956-cı il oktyabr ayının 23-də Yuqoslaviya Federativ Xalq Respublikası Dövlət Katibliyinin Xarici İşlər üzrə Siyasi şöbəsinin müdiri F.Babiçə müraciət edərək "Mixaylo" ləqəbi ilə məşhur olan, Yuqoslav ordusunun 9-cu korpusunun partizanı kimi 1944-cü ilin noyabrında Şempas yaxınlığındakı Vitovle kəndində həlak olmuş sovet vətəndaşı Hüseynzadə Mehdi Hənifə oğlu haqqında material toplanmasını xahiş edibmiş, lakin müxtəlif əlaqədar qurumlar bu məsələ ilə məşğul olsa da, axtarışlar müsbət nəticə verməyibmiş. Lakin təhqiqat davam etdirilmiş və indi Yuqoslaviya Federativ Respublikasının üç vətəndaşının ifadələri əsasında səfirliyə belə bir məzmunda məlumatlar daxil olmuşdur ki, 1943-cü ilin sentyabrında almanlardan qaçaraq Yuqoslav ordusunun 9-cu korpusunun qərargahına gəlmiş Mehdi Hüseynzadə 9-cu korpusun tərkibində təxribat qrupunun üzvü olmuş və "Cəhənnəm maşınları"nın quraşdırılmasında ixtisaslaşmışdır. Bir neçə uğurlu əməliyyat keçirmişdir. Uğurlu əməliyyatlara görə 9-cu korpus onu təxribatçıların xüsusi qrupunun komandiri təyin etmiş və ona xüsusi tapşırıq vermişdir. 1944-cü ilin noyabrında Şempas yaxınlığındakı Vitovle kəndində bir evdə almanlar tərəfindən mühasirəyə alınmış, qısa və qəhrəmancasına döyüş gedişində çoxlu alman öldürülmüş, ancaq Mehdi Hüseynzadə həmin evin qarşısında yaralanmış və öldürülmüşdür. Onunla birlikdə daha iki partizan həlak olmuşdur. Onu tanıyan yoldaşlarının deməsinə görə, keçirdiyi bütün əməliyyatlarda o, xüsusi qəhrəmanlıq və şücaət göstərmişdir.

Məktub-arayışda Mehdi Hüseynzadənin sonralar hər kəsə bəlli olacaq şücaətlərinin bir qismi sadalanırdı.

Bu da qeyd edilirdi ki, xidməti arayışı sovet tərəfinə təqdim edərkən Yuqoslaviya Dövlət Katibliyinin rəsmisi Babiç hələ bunların Hüseynzadənin qəhrəmanlıqları haqqında məlumatların hamısı olmadığını bildirib.

Bu, Mehdi haqqında Moskvadan Bakıya dövlət səviyyəsində göndərilən və xarici mənbələr əsasında Mehdinin qəhrəman olduğunu təsdiqləyən ilk mötəbər sənəd idi.

Bu, Azərbaycan DTK-sı üçün artıq Mehdi Hüseynzadənin döyüş yoluna yeni baxışla yanaşmaq istiqamətində daha qətiyyət və inamla çalışmaqdan ötrü vacib bir ipucu idi. Heydər Əliyev Moskvadan gələn məktuba dərhal dərkənar qoyaraq DTK-nın 3-cü şöbəsinin 2-ci bölməsinin rəisi, sonralar da illərcə onunla yanaşı işləyəcək kapitan Vladimir Bantserevə yönəldir və rəhbərliyə məruzə etmək, Mixaylo ilə əlaqədar fəaliyyətləri genişləndirə bilməkçün yuqoslavlar tərəfindən hazırlanmış mətnin əslini istəyir.

...Bu söhbətləri isə unudulmaz Heydər Əliyev artıq 38 il sonra, 1995-ci il dekabrın 16-da Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin üzvləri ilə görüşəndə keçmişləri xatırlayaraq edirdi ki, "1950-ci illərin əvvəlləri idi, biz DTK-da müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlara satılması, kimin qəhrəman olması məsələləri ilə məşğul idik. Düzünü deyim, ümumiyyətlə, o zaman bizim sistemin istiqaməti də bundan ibarət idi ki, düşmənlərimizə kimin kömək etdiyini axtarıb tapaq. Bu işlər gedirdi. Mehdi Hüseynzadə haqqında materiallarda onu təqdim edirdilər ki, başqaları kimi əsir düşübdür, faşistlərə xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadə haqqında belə təsəvvür yaranırdı. Ancaq xoşbəxtlik ondadır ki, biz bunun dərinliyinə getdik. Baxıb gördük ki, doğrudan da, əsir düşübdür, faşistlərin yanında xidmət edibdir. Ancaq həmin xidməti nədən ibarətdir? O materialları qaldırdıq. Yenə xatirimdədir, təxminən 1956-57-ci illər idi, ancaq bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq - kim gedib legionda qulluq edib, kim faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib - bunu axtaran yox idi. Özü də düşmən arxasındakı qəhrəmanlar sonradan meydana çıxdı. Həmin o "Baharın 17 anı" və başqa filmlər görün nə vaxt çəkildi, amma biz "Uzaq sahillərdə"ni nə vaxt çəkdik?"

Görün ha, baxmayaraq ki, Mehdi Hüseynzadənin bir qəhrəman olaraq cəmiyyətə təqdim edilməsi haqqında artıq Kremlin göstərişi vardı, yenə ifrat mühafizəkarlar, inadla müqavimət göstərənlər, həqiqəti qəbul etmək istəməyənlər varmış. Hər halda Heydər Əliyev DTK-da bu məsələlərin pərdəarxasını görən  insan idi və o hadisələrdən onillər ötəndən sonra elə həmin görüşdə belə yada salırdı ki, "Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı alması da uzun çəkdi. Bunu etmək istəmirdilər. Moskvada bəziləri buna inanmırdılar. Biz bu barədə çox əziyyət çəkdik".

Bu sözlərin böyük həqiqəti ondan ibarətdir ki, Mehdi Hüseynzadənin qəhrəmanlıqlarının araşdırılıb aşkarlanması ilə əlaqədar sovet lideri İosif Stalin göstərişi 1952-ci ildə versə də, Mehdinin Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"una layiq görülməsi haqqında fərman yalnız 1957-ci ilin aprelində imzalandı.

Mehdinin qayıdışı yolunun başlanğıcında dayananlardan olmuş Heydər Əliyev buna görə də özünü məsud hesab edirdi ki, Mehdi Hüseynzadənin heykələ çevrilərək Azərbaycana qayıdışı da onun respublikaya rəhbərlik etdiyi dövrə təsadüf etmişdi. 1973-cü ildə Mehdi Hüseynzadəyə böyük heykəltəraşımız Fuad Əbdürrəhmanovun yaratdığı "Mehdi Hüseynzadə" heykəlinin açılışını, sonralar hər ilin 9 mayında - Qələbə günündə o heykəlin ətrafına yığışaraq bayram təntənələrinin qeyd edilməsini də Heydər Əliyev məmnunluqla xatırlayırdı.

Ancaq İlahi cazibə hələ xeyli sonralar da davam etməliymiş və Heydər Əliyevin Mehdi Hüseynzadəyə daha bir ciddi köməyi və yaxşılığı artıq özünün də həyatda olmadığı çağlarda baş tutmalıymış - Heydər Əliyev bu dəfə öz böyük adı ilə Mehdiyə dayaq duracaqdı. Bu tarixçəni də gərək nəql edim ki, ibrətli hekayət bütövləşsin.

...Avropa Şurasının növbəti yay sessiyasında iştirak etməkçün 2012-ci ilin iyununda Strasburqa uçurdum. O vaxtlar adətən Bakıdan "Lufthansa" təyyarəsi ilə Frankfurta uçar, yolun davamını avtobusla gedərdik. Təyyarənin enməsi ilə  avtobusun yola düşməsi arasında isə xeyli gözləmə saatları vardı. Frankfurt hava limanında köhnə dostum, AZAL-ın oradakı təmsilçisi olan Tahir Əskərovla rastlaşdım, kafedə əyləşib Allah-bəndə söhbəti edirdik, birdən qayıtdı ki, sonra səni görməmişəm, Kişinin heykəli necə gedib çatdı? Düzü, sualı anlamadım. Soruşdum ki, nə heykəl? Qayıtdı ki, keçən il axı sən muzey düzəldirdin, Sloveniyaya Heydər Əliyevin heykəli getməli idi. Dedim: "Yox, ora Heydər Əliyevin heykəli getmirdi ki! Mehdi Hüseynzadəyə muzey yaradırdıq, açılışını Prezident İlham Əliyev edəcəkdi, ancaq bütün eksponatları, o cümlədən Mixaylonun heykəlini şirkətiniz mənim uçduğum təyyarə ilə göndərməli olduğu halda yollamamışdı, mən də həddən ziyadə böhranlı vəziyyətə düşmüşdüm, çünki bütün məsuliyyət boynumda idi".

Tahir təəccüblə dilləndi ki, gec saatlarda rəhbərliyimizdən təcili tapşırıq gəldi ki, xüsusi təyyarə ilə yük göndərilir, Kişinin heykəlidir, Sloveniyada muzey açılmalıdır, gecə ilə maşın tapıb bunları səhər açılanadək ora çatdırmalıyıq. Biz də tez əlhaya düşdük, ən etibarlı daşıma şirkəti ilə danışdıq. "Kişinin heykəli" demişdilər, biz də fikirləşdik, yəqin, yük Heydər Əliyevin heykəlidir, ona görə işə ikiqat artıq məsuliyyətlə yanaşdıq. Bakıdan gələn qutuları təyyarədən enən kimi kirələdiyimiz maşına ehmallıca qoyduq ki, zədələnib-eləməsin, sürücüyə də dönə-dönə tapşırdıq ki, muğayat olsun, çox vacib bir abidəni aparır.

2011-ci ilin yazında Mehdi Hüseynzadənin Sloveniyada muzeyi açılarkən, o muzeydə qəhrəmanın Vətənində, Novxanıda olan möhtəşəm heykəlinin eynisi ucaldılarkən Mixaylonun həlak olmasından 67 il keçirdi, Heydər Əliyev də artıq 8 il idi ki, həyatda yox idi.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan respublikasına rəhbərliyə başladığı, işə odlu-alovlu girişdiyi illəri yada salanda söyləyirdi ki, real vəziyyəti gözümlə görüb qiymətləndirməkçün hərdən özüm şəhərə çıxırdım, bazara-dükana, camaat arasına yollanırdım. Əvvəllər Dövlət Təhlükəsizlik Komitəsində çalışdığımdan televiziyada-filanda görünməmişdim, qəzet-jurnalda şəkillərim dərc olunmamışdı, hələ məni üzdən tanıyanlar lap az idi. Şəhərə belə çıxışlarım bəzilərində həyəcan, narahatlıq oyadırmış, nə şəkildəsə yenə şəhəri gəzdiyimi bilincə xəbər yayırmışlar ki, "Mixaylo şəhərdədir!"

...2011-ci ilin 10 iyununda Azərbaycan Prezidenti İlham Əliyev Şempas kəndinə gələcək, orada Sloveniya Prezidenti Danilo Turkla birgə Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışını edəcəkdi. Heydər Əliyevsə oralara daha əvvəldən gəlib çıxmışdı. Gəlmişdi ki, onillərcə dayaq durduğu igid eloğlusuna daha bir köməyini etsin. Mixaylolar yenə şəhərdə idi!..

28 aprel 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 05 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see188

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see180

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see166

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see152

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see144

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see134

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see134

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see128

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see125

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see124

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see123

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see122

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see120

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see119

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see119

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see117

Zədələnən qapıçının beyni silkələnib

03 May 2025 16:15see117

Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

03 May 2025 16:47see116

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see116

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri