Icma.az
close
up
RU
Heydər Əliyevin ümummilli liderlik salnaməsi

Heydər Əliyevin ümummilli liderlik salnaməsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli şəxsiyyəti, öz xalqının ümummilli lideri, dünya şöhrətli siyasət və dövlət xadimi kimi uca mərtəbələrə yüksəlişinin qanunauyğunluğuna yalnız onun bioqrafiyasını incələməklə cavab tapmaq mümkündür. Dünyanı Azərbaycan fenomeni olaraq heyran qoymuş bu ulu insanın özünün qələmə aldığı bioqrafiya və ya memuar olmasa da, onun ömür yolu tarixə həkk edilmiş əməllərlə misilsiz salnamədir.

Heydər Əliyevin hakimiyyətinin ikinci dövründəki nitqləri və çıxışları memuar xarakterli epizodlar ilə zəngin olduğundan onun öz xalqının xoşbəxtliyinə həsr olunmuş ömür yolu və liderlik fəaliyyəti barədə ətraflı məlumat verir, siyasi kimliyi haqqında geniş təsəvvür yaradır. Ötən illərdə Ulu öndərdən bəhs edən çoxsaylı ədəbiyyat yaransa da, onun mükəmməl bioqrafiyasının yazılmasına getdikcə daha böyük ehtiyac duyulur. Bu yazı həmin məqsədlə qələmə alınıb – Heydər Əliyevin ümummilli liderlik tarixinin bioqrafik icmalına həsr edilib. Bu bioqrafiya, eyni zamanda, Heydər Əliyevin ümummilli lideri olduğu xalqın və ölkənin çağdaş siyasi salnaməsidir.

1. Uşaqlıq və yeniyetməlik (Naxçıvan, 1923–1939)

Ümummilli lider Heydər Əliyev Türkiyənin TGRT telekanalının “Üz-üzə” proqramına müsahibəsində demişdir: “Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərəm. Mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam”.

Heydər Əliyev səkkizuşaqlı ailənin dördüncü üzvü idi. Naxçıvandakı 1 saylı beynəlmiləl orta məktəbin yeddinci sinfini bitirdikdən sonra 1936-cı ildə Naxçıvan Pedaqoji məktəbinə (texnikum da adlandırılır) daxil olur. Tələbəlik illəri həyatında ciddi rol oynayır. Heydər Əliyev bu illər haqqında Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin muzeyinin açılışında belə demişdir: “Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yaddaşımdan heç vaxt çıxmayacaqdır. Birinci sinifdən sona qədər heç vaxt yadımdan çıxmayacaqdır. Ona görə də müəllimlərin hamısı yadımdadır. Hansı binada, hansı sinifdə oturmuşam o da yadımdadır. Hansı partanın arxasında oturmuşam, o da yadımdadır... burada o qədər məhəbbətlə, o qədər sevgi ilə, o qədər köklü təhsil aldım ki, sonra bütün başqa yüksək təhsil ocaqlarında oxumaq mənim üçün çətin olmadı”.

2. İlk ali təhsil (Bakı, 1939–1940)

Heydər Əliyev pedaqoji məktəbi bitirdikdən sonra Bakıya gəlir və burada Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Elə həmin ildə İkinci Dünya müharibəsi başlayır. Heydər Əliyev təhsilini davam etdirməklə bərabər, rəsm əsərləri də çəkir, lakin tezliklə institutu tərk etməli olur. Bundan sonra Naxçıvana qayıdır. Bu dövrdə və sonralar, 1990-cı ildə Naxçıvana qayıdış, onun həyatında yeni yüksəliş üçün əsas olur.

3. Əmək fəaliyyətinin başlanması (Naxçıvan, 1941–1944)

Faşist Almaniyası işğalçılıq fəaliyyətini davam etdirərək Şərqi Avropa dövlətlərinin, demək olar ki, hamısını zəbt edir. 1941-ci il iyunun 22-də isə SSRİ üzərinə hücum edir. Beləliklə, SSRİ-nin Almaniya ilə 1941-1945-ci illər müharibəsi başlayır. Bu hadisələr gənc Heydərin də həyatında ciddi dəyişiklik edir. Müharibə ona təhsilini davam etdirməyə imkan vermədiyindən Naxçıvanda əmək fəaliyyətinə başlayır. O, sonralar söyləmişdir: “Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu”.

Gənc Heydər Əliyev 1941–1943-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında məxfi şöbənin, 1943–1944-cü illərdə isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində çalışır.

4. Dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (Bakı, 1944–1969)

Heydər Əliyev 1944-cü ildə Dövlət təhlükəsizliyi orqanlarına işə göndərilir. Bu, onun sonrakı həyatında həlledici rol oynayır və ömrünün 25 ili bu dövlət orqanı ilə bağlı olur. 1945-ci ildə isə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur. 1991-ci ilin iyulunda Sov. İKP-nin siyasətinə etiraz əlaməti olaraq onun sıralarını tərk edir.

1949-cu ildə Leninqradda Təhlükəsizlik orqanlarının ali məktəbinə daxil olan Heydər Əliyev 1950-ci ilin yayınadək orada təhsil alır. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra ona verilən xidməti xasiyyətnamədə deyilirdi: “Baş leytenant H.Əliyev 1949-cu ilin may ayından 1950-ci ilin iyul ayınadək SSRİ DTN-in (Dövlət Təhlükəsizlik Nazirliyi, 1946–1953-cü illərdə mövcud olmuş, 1954-cü ildə Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təşkil olunmuşdur. – K.Ş.) Leninqraddakı məktəbində oxumuş və özünü yalnız nümunəvi tərəfdən göstərmişdir. Təhsilə tam ciddi yanaşmışdır. Tədris materiallarının öyrənilməsi üzərində geniş və inadla çalışmışdır. Sinif və seminar məşğələlərinə həvəs və səylə hazırlaşmış, təhsildən kənar vaxtlarında öz ideya-siyasi və ümumtəhsil səviyyəsini artırmaq üzərində əlavə işləmişdir”.

Heydər Əliyev 1950–1953-cü illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik orqanlarında bölmə rəisi vəzifəsində çalışmışdır. 1951–1957-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.

1953-cü ildə İ.Stalinin ölümündən sonra N.S.Xruşşov hakimiyyəti ələ keçirməyə nail olur. Stalinin şəxsiyyətə pərəstişi tənqid olunmağa başlayır, demokratikləşmə genişlənir. Bu dövr (1953–1964) tarixə “mülayimləşmə” dövrü kimi daxil olur.

1954-cü ildə Heydər Əliyevin şəxsi həyatında əlamətdar hadisə baş verir. Həmin ildə Zərifə xanım Əliyeva ilə ailə qurur. Zərifə xanımın atası Əziz Əliyev (1897–1962) görkəmli partiya və dövlət xadimi idi. Stalin hakimiyyətinin son dövrünün təqibləri Əziz Əliyevdən də yan keçməmiş, dövlət təhlükəsizlik orqanları tərəfindən xüsusi nəzarətə götürülmüşdü. Heydər Əliyev də bu ailə ilə münasibətinə görə, hər cür təqib və təhdidlərlə üzləşmiş, lakin Zərifə xanım ilə ailə həyatı qurmaqdan çəkinməmişdir. 12 oktyabr 1955-ci ildə Sevil Əliyeva, 24 dekabr 1961-ci ildə isə İlham Əliyev anadan olur.

Heydər Əliyev 1995-ci ilin aprelində Zərifə xanımı belə xatırlayırdı: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti uğurla davam edir. 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilir.

Azərbaycanda Heydər Əliyevədək bu orqana qeyri-azərbaycanlılar rəhbərlik etmişdir. DTK 1937–1938-ci illər repressiyası zamanı Azərbaycan xalqının görkəmli şəxslərinin məhvini həyata keçirmiş, milli-mənəvi dəyərlərə qarşı mübarizə aparmışdı.

Heydər Əliyev təhlükəsizlik orqanlarında işlədiyi zaman, xüsusilə bu orqana rəhbərlik etdiyi dövrdə ölkənin milli mənafelərinin müdafıə edilməsi sahəsində xeyli iş görmüşdür. Bir çox xarici dövlətlərin kəşfıyyat fəaliyyəti zərərsizləşdirilmiş, peşəkar əməliyyatlar həyata keçirilmişdir.

Heydər Əliyevin siyasəti nəticəsində təhlükəsizlik xidməti orqanlarında azərbaycanlı zabit və sıravi əməkdaşların sayı artırılır, şəxsi heyət arasında milli hiss gücləndirilirdi.

Ulu öndər Respublika Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda demişdir: “Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixinə müəyyən qədər nəzər salsaq, bax, belədir: 20-30-cu illərdə, 40-cı illərdə bu orqanlarda çox cinayətlər olubdur. Deyə bilərəm ki, 1953-cü ildən saflaşma prosesi gedibdir və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə də təşkilatçısı olmuşam və xoşbəxtəm ki, o vaxtlar bu işləri görə bilmişəm və təxminən 1988-ci ilə qədər Azərbaycanda bu orqanlar, hesab edirəm ki, düzgün mövqedə olublar. Şübhəsiz ki, bu, Sovetlər İttifaqı Dövlət təhlükəsizliyi sisteminin bir hissəsi olub, bütün göstərişlər, direktivlər hamısı Moskvadan gəlibdir. Bunlar təbiidir. Ancaq, eyni zamanda həqiqət naminə demək lazımdır ki, bu dövrdə, yenə də qeyd edirəm, 1953-cü ildən sonra bu orqanlarda həm kəşfıyyat, həm əks–kəşfiyyat sahəsində, bütün başqa sahələrdə çox gözəl azərbaycanlı kadrlar yetişmişdi, inkişaf etmişdi, bu orqanlar azərbaycanlılaşmışdı”.

Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında əsrin dörddəbiri qədər çalışdı. Bu dövr ərzində əldə edilən professional və siyasi nüfuz Azərbaycanın rəhbəri olmaq üçün kifayət etdi.

5. Azərbaycana birinci rəhbərlik (Bakı, 1969–1982)

Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda birinci katib, sovet ənənəsinə görə, əslində dövlətin rəhbəri seçildi. Heydər Əliyev rəhbərliyə başladığı zaman ölkədə sovet hakimiyyəti əllinci ilinə çatmaqda idi. Bu müddətdə Azərbaycan SSR-də, əsasən, on iki rəhbər hakimiyyətdə olmuşdu ki, onlardan da dördü qeyri-azərbaycanlı idi. Sovet dövləti həmin dövrdə Azərbaycan rəhbərliyinə münasibətdə imperiya mövqeyindən çıxış etmişdir. Onların çoxu sui-qəsd, repressiya və siyasi motivlərdən qətlə yetirilmiş və ya güllələnmişdir. Yalnız Heydər Əliyevin zamanında Azərbaycan rəhbərliyi yüksək statusa nail ola bilmiş, onun Moskvadakı vəzifəsindən istefasından sonra (1987) bu praktika yenidən bərpa edilmişdi.

Heydər Əliyev sovet sistemi daxilində Azərbaycanın idarəçiliyində yeni dövr açdı. Qısa bir zamanda Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri kimi, əsasən, nadir hallarda üzdə olan bir şəxsdən xalqın gözü önündə olan ictimai-siyasi şəxsə çevrildi və ömrünün sonuna kimi bu missiyanı uğurla davam etdirdi.

Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə digər müttəfıq respublikalar ilə müqayisədə Azərbaycanın sosial-iqtisadi vəziyyəti daha ağır vəziyyətdə idi. O bu barədə Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Qətiyyətlə bildirmək оlаr ki, 60-cı illərdə rеspublikа iqtisаdiyyаtı bütövlükdə dərin və uzunmüddətli böhrаn mərhələsinə qədəm qоymuş du. Yаrаnmış аğ ır vəziyyətdən çıхış yоlu tаpılmаlı, iqtisаdiyyаtın inkiş аfı üçün prinsipiаl cəhətdən yеni kоnsеptuаl yаnаş mа yоllаrı iş lənib hаzırlаnmаlı, хаlq təsərrüfаtındа köklü struktur dəyiş iklikləri аpаrılmаlı, təsərrüfаtçılıq və iqtisаdi həvəsləndirmə iş ində təzə mеtоdlаr tətbiq еdilməli idi”.

Azərbaycanın düşdüyü böhrandan çıxarılması və inkişafının təmin edilməsi üçün Azərbaycan KP MK-nın avqust və dekabr (1970) plenumlarında tədbirlər müəyyən edildi.

Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi respublika üçün daha ciddi bir təhlükənin qarşısını da aldı. 1948–1953-cü illərdə sovet dövlət rəhbərliyinin yaxından köməyi ilə azərbaycanlıların doğma torpaqları olan Qərbi Azərbaycandan–Ermənistan SSR adlandırılan ərazidən deportasiyasına nail olan ermənilər 1968–1969-cu illərdə Azərbaycana qarşı ərazi iddialarını da yenidən genişləndirmişdilər. Moskva da onların bu iddialarına dəstək verirdi. Məhz belə bir təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul edilmiş əsassız sənədi 1969-cu il 7 may tarixli qərarı ilə təsdiq etdi.

Heydər Əliyev bu qərarın həyata keçirilməsinə yol vermədi. Bu plan Qazax, Gədəbəy və digər rayonların ərazisindən müəyyən torpaqların Ermənistana verilməsi, yalnız 1984-cü ilin oktyabrında, respublikanın o zamankı rəhbəri Kamran Bağırov (1982–1988) tərəfindən reallaşdırılmış, etiraz edən yerli əhaliyə qarşı cəza tədbirləri həyata keçirilmişdi.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilk baxışda adi görünən, mahiyyət etibarilə böyük əhəmiyyəti olan bir hadisədə də özünü göstərdi. O, 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) 50 illik yubileyində, rəsmi tədbirdə Azərbaycan rəhbərləri içərisində ilk dəfə olaraq ana dilində - Azərbaycan dilində çıxış etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Sovetlər zamanı dövrün səciyyəsi partiya qurultayları, plenumları və beşillik planlar ilə müəyyən edilirdi. Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycan KP-nin XXVIII (1971), XXIX (1976), XXX (1981) qurultaylarına rəhbərlik etmiş, Sov. İKP-nin XXIV (1972), XXV (1977) və XXVI (1982) qurultaylarında çıxış etmişdir. O, 1976-cı ilin martında Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir. 1977-ci ilin oktyabrında SSRİ Konstitusiya Komissiyasının üzvü kimi SSRİ Konstitusiyasını qəbul edən SSRİ Ali Sovetinin sessiyasında çıxışında Azərbaycan dövləti və xalqının mövqeyini qətiyyətlə ifadə etmişdir.

Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə VIII beşilliyi (1966-1970) uğurla başa çatdırmağa nail olmuş, IX (1971–1975), X (1976–1980) və XI (1981–1985) beşilliklərin hazırlanması və həyata keçirilməsini (XI beşillik 1982-ci ilin sonlarınadək) təmin etmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycana dair 5 qərarı – “Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” (1970, 23 iyul), “Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” (1970, 25 iyul), “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975, 9 iyul), “1976–1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində” (1976, 27 iyul) və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979, 22 fevral) qəbul edilmişdir. Öz dövrünə görə bu qərarların qəbul edilməsi böyük tarixi hadisə idi.

Hər bir siyasi xadimin böyüklüyü ondadır ki, o, taleyüklü məsələləri vaxtında görür, onu həyata keçirməyin yollarını tapır və həllinə nail olur. Heydər Əliyevin təşəbbüsü ilə 20 iyun 1971-ci ildə Bakıda azərbaycanlı gənclərdən zabit kadrların hazırlanmasında böyük rolu olan C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat məktəbi açılmışdı. Heydər Əliyev sonralar hərbi lisey kimi fəaliyyətini davam etdirən həmin məktəbin 30 illik yubileyində demişdir: “Bu məktəbi yaşatdıq, böyütdük. Ancaq o illərdə mənim beynimdə dolaşan fikir təkcə o deyildi ki, bizim gənclər nə üçün orduda zabit vəzifəsində işləmirlər. Bunun o biri tərəfi də var. Demək, mən düşünürdüm ki, bizim xalqımızın gələcəyi, nə vaxt da olsa, müstəqillik olacaqdır. Məhz ona görə də, bax, bizim bu günümüzə görə də, müstəqillik dövrümüzə görə də mən bu məktəbi yaratdım, böyütdüm, 30 yaşa çatdırdım”.

Heydər Əliyev Azərbaycan gənclərinin SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa qabaqcıl ali məktəblərində təhsil almasının təşkilinə xüsusi önəm vermişdi. 1969-cu ildə Azərbaycandan kənara təhsil almağa göndərilən, əsasən də qeyri-azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-ci illərin əvvəllərində əksəriyyətini azərbaycanlılar təşkil edən tələbələrin sayı 1000–1400 nəfərə çatmışdı. 1972-ci ildən etibarən Azərbaycandan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə hər il 300–400 nəfər göndərilirdisə, 1980-ci illərin əvvəllərində onların sayı 800–1000 nəfər idi.

Görkəmli azərbaycanlıların, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan elm və mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinə də xüsusi diqqət verilirdi. Məşhur şair və dramaturq, repressiya qurbanı Hüseyn Cavidin nəşi 26 oktyabr 1982-ci ildə Sibirdən gətirilərək Naxçıvanda dəfn edilmişdir.

Heydər Əliyevin siyasətində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV 1923–1991-ci illərdə mövcud olmuşdur) münasibət də mühüm yer tuturdu. O, ən əvvəl vilayətin sosial-iqtisadi və mədəni inkişafına çalışırdı. 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açılmış, 1976-cı ildə Sərsəng su dəryaçası, 1978-ci ildə Ağdam-Xankəndi dəmiryol xətti istifadəyə verilmişdir. Heydər Əliyev 1979 və 1982-ci illərdə vilayətə səfərlər etmiş, 1982-ci il yanvarın 14-də Şuşada məşhur Azərbaycan şairi M.P.Vaqifin əzəmətli məqbərəsini açmış, həmin ilin avqustunda Vaqif poeziya günlərində iştirak etmişdi.

Heydər Əliyev bu dövrdə, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının tərəqqisi ilə birgə, onun SSRİ-nin xarici siyasətinin həyata keçirilməsində rolunun artırılmasına da nail olmuşdur. Heydər Əliyevin SSRİ nümayəndə heyətlərinin tərkibində xarici səfərlərdə iştirakı və xarici partiya və dövlət xadimlərinin Azərbaycana səfərləri də bunu təsdiq edir.

Bu dövrün başlıca yekununa gəldikdə, Heydər Əliyev Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində onu belə ifadə etmişdir: “Аzərbаycаnın müаsir tаriхində 1969-cu ildə dönüş mərhələsinin təməli qоyuldu. Rеspublikаnın dinаmik inkiş аfı üçün kоmplеks prоqrаmlаrın iş lənib hаzırlаnmаsındа yоrulmаz fəаliyyət, misilsiz təş əbbüskаrlıq və nəhəng еnеrji bütün 70-ci illərin bаriz əlаmətinə çеvrildi. 1970–1985-ci illər Аzərbаycаnın quruculuq sаlnаməsinə ən pаrlаq səhifələr kimi dахil оlmuş dur. Bаş vеrən dəyiş ikliklərin miqyаsınа, iqtisаdi və sоsiаl sаhələrdə аpаrılаn dərin struktur islаhаtlаrın хаrаktеrinə, хаlqın mаddi rifаh hаlının kеyfiyyətcə yеni mərhələyə kеçirilməsinə görə dоqquzuncu, оnuncu və оn birinci bеş illiklər Аzərbаycаnın yеni tаriхində ən mühüm yеrləri tutur. SSRİ hökuməti Аzərbаycаnlа əlаqədаr, rеspublikаdа хаlq təsərrüfаtının hərtərəfli yüksəliş i və intеnsiv inkiş аfını nəzərdə tutаn bеş хüsusi qərаr qəbul еtmiş di. Аzərbаycаn хаlqı üçün həqiqətən tаriхi əhəmiyyət dаş ıyаn bu mühüm qərаrlаr 70–80-ci illər аrаsındа və dаhа sоnrаkı pеrspеktivdə ölkənin sоsiаl-iqtisаdi inkiş аfının əsаs istiqаmətləri üzrə kоmplеks məsələləri müəyyənləş dirmiş di”.

Bununla birgə, bir məsələni də qeyd etmək lazımdır. Heydər Əliyev böyük dövlət xadimi kimi həyatının hər bir dövrünü, o cümlədən bu dövrü də ideallaşdırmamış, ona obyektiv yanaşma nümunəsi göstərmişdir. O, müxbirin həmin dövrdəki səhvlər və yanlışlıqlar haqqında müraciətinə (3 avqust 1990-cı il) belə cavab vermişdir: “Bilirsiniz, işdə səhv olar. Əgər o vaxtın materialları ilə tanış olsanız, tam yəqin edərsiniz ki, biz heç bir səhvimizi, günahımızı gizlətməmişik, açıqca demişik, etiraf etmişik… Ancaq indi müəyyən vaxt keçəndən sonra, mən onları daha dəqiq, aydınlığı ilə görürəm. Əsas səhvlər kadrların seçilməsi və irəli çəkilməsində olub. Bu da ona görə yox ki, yararsız olduğunu bildiyim halda onu irəli çəkmişəm. Deməli, kadrların öyrənilməsi işi ilə məşğul olan adamlar mənə düzgün məlumat verməyiblər. Mən adamlara inanmışam, onları irəli çəkmişəm, müəyyən vaxtdan sonra onların iç üzü açılıbdır. Bax, bunları mən özümə səhv hesab edirəm”.

Heydər Əliyevin 1969–1982-ci illərdəki hakimiyyətinin son dövründə Azərbaycan nəinki SSRİ-də, o cümlədən dünyada tanınan bir ölkəyə çevrildi, onun sovet dövlətinin sosial-iqtisadi həyatında rolu artdı. Heydər Əliyev qlobal düşüncələri, iti zəkası, ədalətlilik və humanizm uğrunda davamlı, sərt və prinsipial mübarizələri ilə tez bir zamanda bütün Sovetlər İttifaqında da böyük nüfuz sahibinə çevrildi.

Onun bu xidmətləri sovet dövləti tərəfindən də yüksək dəyərləndirilmişdir. Heydər Əliyevə Azərbaycana rəhbərliyinin onuncu ilində SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 avqust 1979-cu il tarixli fərmanı ilə “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Bu fərmanın ən diqqətəlayiq cəhətlərindən biri ondan ibarətdir ki, bu ad o zamankı təcrübəyə uyğun olaraq, şəxsi yubiley üçün deyil, məhz hakimiyyətinin yubileyinə uyğun verilmişdir. Bu, SSRİ tarixində çox nadir hadisələrdən idi. 1983-cü ildə isə ona ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, hələ sağlığında Naxçıvanda büstü qoyulmuşdur.

(ardı var)

Kərim ŞÜKÜROV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri