İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 29311,8 milyon manat, xərcləri 25348,2 milyon manat olmuş, 3963,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət büdcəsinin gəlirləri
2026-cı ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 28524,4 milyon manat proqnoza qarşı 29311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19683,8 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1402,1 milyon manat və ya 7,7 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 13630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9628,0 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4973,3 milyon manatı və ya 17,0 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür
2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 913,4 milyon manat və ya 7,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,9 milyon manat və ya 25,9 faiz, sair daxilolmalardan 84,3 milyon manat və ya 20,6 faiz çox, gömrük orqanlarının xətti ilə 10,7 milyon manat və ya 0,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 208,5 milyon manat və ya 27,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir (Qrafik 2).
Cari ilin doqquz ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 1174,6 milyon manat və ya 9,4 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 225,3 milyon manat və ya 4,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 8,7 milyon manat və ya 25,2 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 63,2 milyon manat və ya 13,2 faiz çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 55,9 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz-bənd çox) təşkil etməklə 16381,3 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 161,9 milyon manat və ya 1,0 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1388,4 milyon manat və ya 9,3 faiz çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 63,0 faizini və ya 10327,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,4 faizini və ya 4973,3 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 543,2 milyon manatını dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 493,7 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 43,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 12930,5 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 625,5 milyon manat və ya 5,1 faiz çoxdur (Qrafik 3).
2026-cı ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 25,5 faizi və ya 3302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 74,5 faizi və ya 9628,0 milyon manatı (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1232,7 milyon manat və ya 11,4 faiz az) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1301,6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 46,6 faizi və ya 1539,8 milyon manatı Şahdəniz qaz-kondensat layihəsi üzrə mənfəət vergisi, 14,0 faizi və ya 461,1 milyon manatı Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində mənfəət vergisi hesabına olmuşdur.
Dövlət büdcəsinin xərcləri
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2026-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25348,2 milyon manat məbləğində icra edilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2,8 faiz çoxdur.
Cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 16613,7 milyon manatı və ya 65,6 faizi cari xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 1567,3 milyon manat və ya 10,4 faiz çox), 7284,7 milyon manatı və ya 28,7 faizi əsaslı xərclərə (2025-ci ilin eyni dövrü ilə müqayisədə 820,3 milyon manat və ya 10,1 faiz az), 1449,8 milyon manatı və ya 5,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilmişdir.
Bu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 49,9 faizi və ya 12643,0 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1643,6 milyon manat və ya 14,9 faiz çoxdur.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq bölmələr səviyyəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5246,8 milyon manat, iqtisadi fəaliyyət xərcləri 4203,1 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 3529,6 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 3436,7 milyon manat, təhsil xərcləri 3121,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2197,5 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 1179,1 milyon manat, səhiyyə xərcləri 953,8 milyon manat, kənd təsərrüfatı xərcləri 750,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 340,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 221,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 166,7 milyon manat məbləğində icra edilmişdir (Qrafik 4).
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 7842,5 milyon manat, qeyri-maliyyə aktivləri 6709,5 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 3716,1 milyon manat, sosial ödənişlər 2426,9 milyon manat, qrantlar və digər ödənişlər 2349,5 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 766,9 milyon manat, faizlər üzrə ödənişlər 702,1 milyon manat, subsidiyalar 629,9 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 156,3 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 48,5 milyon manat icra edilib.
2026-cı ilin yanvar-sentyabr aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 1623,8 milyon manat vəsait sərf olunmuşdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında 1761,4 milyon manat vəsait istifadə olunmuşdur.
Həmin vəsaitin 891,8 milyon manatı su təsərrüfatı, meliorasiya, istilik təchizatı, nəqliyyat, kommunal infrastrukturlarının tikintisinə və yenidən qurulmasına, 692,5 milyon manatı təhsil, səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 177,1 milyon manatı isə müdafiə, hüquq-mühafizə və digər təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilmişdir.
Ehtiyat fondlar üzrə xərclərin icrası: 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 49,2 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 468,4 milyon manat, cəm olaraq 517,6 milyon manat vəsait istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 397,2 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1052,6 milyon manat olmaqla (əsas borc üzrə 766,9 milyon manat, faiz borcu üzrə 285,7 milyon manat), ümumilikdə 1449,8 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 oktyabr tarixinə xarici dövlət borcunun səviyyəsi 4509,5 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən cari ilin 1 oktyabr tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizini təşkil etmişdir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 oktyabr tarixinə 16230,1 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 11,8 faizini təşkil etmişdir.
İcmal büdcə
2026-cı ilin doqquz ayında icmal büdcənin gəlirləri 36730,4 milyon manat, xərcləri isə 30089,9 milyon manat icra olunmuşdur. İcmal büdcədə 6640,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 6369,5 milyon manat, xərcləri 6188,6 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 183,4 milyon manat, xərcləri 139,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1499,3 milyon manat, xərcləri 1720,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 12341,4 milyon manat, xərcləri 9655,7 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 308,3 milyon manat, xərcləri 320,7 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















