İkinci Naxçıvan sinerjisi: 17 ci səfərin işığında
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
I MƏQALƏ
Strateji sənədin 2 hədəfi
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın daxili və xarici siyasət konsepsiyasını mükəmməl sistem və dinamik özyetərli olan kurs kimi qurmuşdur. Burada təməl faktor milli maraqlara dayanan və güclü dövlət qurulmasına istiqamətlənmiş tam müstəqil siyasət həyata keçirməkdən ibarətdir. 2021-ci ildə qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji mahiyyətli sənədin Preambulasında iki başlıca hədəf göstərilir: “qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”!
Bu tezis təsadüfən meydana gəlməmişdir. Onun bünövrəsində Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının güclü dövlət olması ilə bağlı hərtərəfli strateji viziyonu dayanır. Onun müxtəlif aspektləri Azərbaycanda dərindən araşdırılır. Detallara baş vurmadan vurğulayaq ki, 1993-cü ildən başlayan yeni dövlət quruculuğu yolunda Ümummilli lider Heydər Əliyev və onun layiqli siyasi varisi İlham Əliyev böyük uğurlara nail olmuşlar. Bu proses davam edir.
Prezident İlham Əliyevin son Naxçıvan səfəri onun fundamental məna çalarlarına malik aspektlərini bir daha dünyaya anlatdı. Bu baxımdan Naxçıvan səfəri daxili miqyasda olsa da, regional və qlobal geosiyasət səviyyələrində təsiri olacaq hadisədir. Bu cür siyasi-diplomatik effektə nail olmağın məntiqi, siyasi-diplomatik, geosiyasi, sosial-iqtisadi, təşviqi və ideoloji təməllərini də Ulu öndər yaratmışdır.
Bu xüsusiyyəti təsadüfən vurğulamırıq. Demək istəyirik ki, Prezident İlham Əliyevin hər bir səfərində olduğu kimi son Naxçıvan səfəri də dərin və geniş siyasi və geosiyasi anlama malikdir. Dövlət başçısının ölkənin bir regionuna olan bu səfərini geniş kontekstdə dərk etmək lazımdır. Bu istiqamətdə təhlillərə davam etmək üçün çox vacib hesab etdiyimiz və yuxarıda vurğuladığımız iki strateji hədəf üzərində qısa dayanaq.
Qüdrətli dövlət hədəfi
Ulu öndər Heydər Əliyev müasir mərhələdə müstəqil, milli və güclü Azərbaycan dövlətinin qurulmasına ölkədaxili, regional və qlobal miqyasların sıx qarşılıqlı əlaqəsində baxmışdır. Bu cür yanaşma XX əsrin son onilliyi və XXI əsrin başlanğıcı üçün olduqca perspektivlidir. Eyni zamanda, həmin viziyon Azərbaycanın dövlətçilik və milli mədəniyyət tarixinin bütün vacib çalarlarını müasir şərtlər kontekstində nəzərə almağa geniş meydan yaradır.
Onun mərkəzi ideyası və konsepsiyası geniş anlamda azərbaycançılıqdan ibarətdir. Yəni Ulu öndər Azərbaycanda müasir dövlət quruculuğu prosesinə bütün hallarda azərbaycançılıq məfkurəsi kontekstində baxmağı tövsiyə etmişdir. Hansı əhəmiyyətli tarixi, siyasi, geosiyasi, iqtisadi, sosial, ideoloji məsələ olsun, onun müzakirəsi azərbaycançılıq viziyonunun işığında aparılmalıdır. Azərbaycan bu yolla müstəqil, güclü və tam mənasında qüdrətli dövlət ola bilər.
Bu prizmadan baxanda “qüdrətli dövlət” özyetərliyini tam təmin edən, güclü müasir sosial-iqtisadi infrastruktura malik, nüfuz dairəsi regional və qlobal miqyası əhatə edən, təhlükəsizliyini bütün aspektlərdə təmin edən dövlətdir! Lakin məsələ yalnız bunlarla hüdudlanmır. Ümummilli lider güclü qüdrətli dövlətçiliyi həm də azad, müstəqil birliyi mükəmməl olan yüksək rifah cəmiyyətinin formalaşdırılması ilə sıx bağlı görürdü. Ona görə də həmişə məsələnin cəmiyyətin birliyi, bütövlüyü və rifahı aspektlərinə ciddi diqqət yetirmək gərəkdir.
Yüksək rifah hədəfi
Strateji anlamda “yüksək rifah” maddi ilə yanaşı yüksək mənəvi-mədəni, əxlaqi keyfiyyətlərə malik toplumun formalaşmasını nəzərdə tutur. Bu isə özlüyündə tarixi, ideoloji, siyasi və mənəvi faktorların milli maraqlar üzərində vəhdətinin yaranmasını tələb edir. Onda bizim tariximizin hər bir mərhələsinə yalnız milli bütövlük prizmasında yanaşmamız şərtdir. “Milli bütövlük” geniş anlayışdır və onun fəlsəfədə təsnifi mövcuddur. Ayrıca, dövlət başçısının daxili və xarici siyasətində həmin məqamların nəzərə alınması çox vacibdir. Prezident İlham Əliyevin fəaliyyətinə bu kontekstdə də mütləq diqqət yetirmək zəruridir. Ölkə rəhbəri sırf milli maraqlara uyğun milli bütövlüyün təmini üçün nəhəng addımlar atmaqdadır. Naxçıvana olan 17-ci səfərin siyasi və geosiyasi anlamlarına da məhz yuxarıda vurğuladığımız məqamlar prizmasında baxmalıyıq.
17-ci səfərin mesajları
Deməli, Azərbaycan Prezidenti bu səfərlə növbəti strateji mahiyyətli addımını atmışdır. Bu özəlliyi artıq bir sıra analitik və ekspertlər görür və ondan bəhs edirlər. Onların qənaətinə görə, dövlət başçısının 17-ci səfəri göstərir ki, “...artıq əsas məqsəd Naxçıvanın mövcud problemlərinin aradan qaldırılması ilə kifayətlənmək deyil. Məqsəd Naxçıvanı gələcək regional proseslərin fəal iştirakçısına çevirməkdir. Bu baxımdan səfər çərçivəsində hərbi təhlükəsizlikdən enerjiyə, sənayedən nəqliyyata, sosial siyasətdən şəhərsalma və mədəni irsə qədər bütün sahələrin eyni proqram daxilində təqdim edilməsi təsadüfi deyil. Bu, vahid inkişaf konsepsiyasının formalaşdırıldığını göstərir” (politoloq Yalçın Hacızadə).
Burada bir xatırlatma etməyin yeri və mənası vardır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə yazılmışdır: “Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir”.
Və sonrakı bənddə Azərbaycanın qlobal miqyasda qüdrətli dövlət olmasının ümumi şərtləri göstərilmişdir. Orada yazılmışdır: “Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir”.
Bunlar onu göstərir ki, 17-ci səfər müstəqil Azərbaycanın dünya miqyasında qüdrətli dövlət və yüksək rifah cəmiyyəti statusunda özünü təsdiq etməsi nümunəsidir. Bununla faktiki olaraq Azərbaycan Prezidenti bizim “ikinci Naxçıvan sinerjisi” adlandırdığımız və sırf dövlətçiliyin inkişafı kontekstində dərk edilməli olan bir prosesin əsasını qoymuşdur.
İkinci Naxçıvan sinerjisi
“Xalq” qəzetində dərc olunan silsilə məqalələrimizdə dövlət quruculuğu kontekstində “Naxçıvan sinerjisi” anlayışını izah etməyə çalışmışıq. Bu tezis Ulu öndər Heydər Əliyevin keçən əsrin 90-cı illərində Naxçıvana rəhbərlik etdiyi dönəmdə bütövlükdə Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti olan siyasi-diplomatik fəaliyyəti ilə müasir mərhələdə faktiki olaraq “Naxçıvan sinerjisi”ni yaratdığını ifadə edir. Onun fonunda bütövlükdə Azərbaycanın həmin diyarının müstəqil dövlət quruculuğunun inkişafı kontekstində milli maraqlara uyğun birləşdirici, motivəedici rolu təhlil edilmişdir. Xüsusilə, həmin rolun Azərbaycan, region və Türk dünyası aspektləri ayrıca vurğulanmışdır.
Məhz bu bünövrə üzərində Azərbaycan Prezidentinin Naxçıvana 17-ci səfərini “ikinci Naxçıvan sinerjisi” adlandırmağın dərin mənası vardır. Bu o deməkdir ki, siyasi və geosiyasi anlamlarda həmin səfər faktiki olaraq Azərbaycanda güclü və qüdrətli dövlət quruculuğu prosesinə yeni səviyyədə istiqamətverici və motivəedici “yeni sinerji” verir. Dövlət başçısının orada verdiyi mesajların müxtəlif aspektlərini vahid məntiqi çərçivədə və geosiyasi viziyonda birləşdirsək, “ikinci Naxçıvan sinerjisi”nin başlıca xüsusiyyətlərini görə bilərik. Həmin aspektlərin izahına keçmədən öncə, bir ümumi xarakterli məqamı vurğulayaq.
“Birinci Naxçıvan sinerjisi”ndən “ikinci Naxçıvan sinerjisi”nə keçidin geosiyasi aspektdə daxili məntiqi mövcuddur.
“Birinci sinerji” sayəsində Azərbaycanda müstəqil dövlət quruculuğu geridönməz xarakter alaraq konkret milli ideyanı müəyyənləşdirməyə imkan yaratdı və onun əsasında tarixi əhəmiyyəti olan ərazi bütövlüyünün bərpası baş tutdu. Azərbaycan həmin müddətdə müstəqil dövlət quruculuğunun əsas prinsipləri və şərtlərini tam “oturuşdurdu” (bu barədə Prezident İlham Əliyev “yeni tarixi mərhələ”nin əsas xüsusiyyətlərini izah edərkən fikir bildirmişdir).
Bundan başqa, “birinci sinerji” Azərbaycanın müstəqil dövlət kimi yeri və rolunu regional, regionlararası və qlobal miqyaslarda praktiki müstəvidə müəyyən etmək üçün tam zəmin formalaşdırdı. Həmin sırada mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan müasir mərhələdə Türk dünyasında müstəqil dövlət olaraq tam obrazını formalaşdırdı. Yəni öncəki mərhələlərdən qalma bir sıra qeyri-müəyyən tarixi, siyasi, geosiyasi, mədəni, mənəvi və ideoloji məsələlərə aydınlıq gətirdi. Onun bariz nümunəsi kimi Şuşa Bəyannaməsini, Qarabağ Bəyannaməsini və TDT çərçivəsində keçirilmiş Zirvə görüşlərini göstərə bilərik. Son olaraq isə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzv seçilməsini vurğulamaq olar.
Bu prosesə paralel olaraq Azərbaycan dövlət başçısı regionlararası və qlobal miqyaslarda ölkənin geosiyasi statusunun yüksəlməsi əlaməti olaraq 8 avqust 2025-ci il Vaşinqton razılaşmasına nail oldu. Bununla dünyanın ən güclü dövləti Azərbaycanın müstəqil və sülhyaradıcı ölkə kimi qəbul edilməsinə ciddi təkan verdi.
Bunları Azərbaycanın regional liderlikdən “yeni orta güc nümunəsi”nə yüksəlişi kimi xarakterizə edə bilərik. Bu keçid özlüyündə 3 aspektdən çox əhəmiyyətlidir.
Birincisi, dövlət quruculuğu kontekstində “birinci Naxçıvan sinerjisi”ndən “ikinci Naxçıvan sinerjisi”nə transformasiya Azərbaycanın dövlət kimi dünya miqyasında malik olduğu statusun yeni səviyyəyə keçidi mərhələsinin mühüm əlamətidir.
İkincisi, Azərbaycan yeni statusda dövlət kimi substantiv və funksional imkanlarını yeni səviyyəyə yüksəltməlidir.
Üçüncüsü, Azərbaycan qlobal miqyasda fəaliyyətini daha geniş kriteriyalar üzrə daha da gücləndirməlidir.
Məhz bu üç tezis bağlılığında dövlət başçısının sosial-iqtisadi, milli-mənəvi dəyərlərin inkişafı və nəqliyyat-logistika infrastrukturunun Naxçıvanda yeni səviyyəyə yüksəldilməsi ilə əlaqədar veridiyi mesajlar əhəmiyyətli semantik anlam kəsb edir. Burada Prezident İlham Əliyevin “Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir” tezisi dövlətçiliyin inkişafı üçün “ikinci Naxçıvan sinerjisi” aspektində vacib strateji məna daşıyır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 19 Avqust 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















