İlahi Tanqo nun Hikməti
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fiziki?!
Yooox, fiziki o qədər də yox! Daha çox mental...
Bu yorğunluq canımdan son nəfəsimlə çıxar yəqin.
Bax, indi sən qoxulu sətirləri kompüterin ekranına "sərdiyim" andakı ruh halımı heç soruşma: Austerin "Nyu-York trilogiyası"ndakı Quinn kimiyiəm. O da " ...təkcə öz şəhərində yox, öz içində də itkinlik duyğusunu hiss edə bilirdi".
Harber Lee də dünyaca məşhur betsellerində yazırdı ha, "adam nəfəs almağı da sevmir".
Niyə sevmir?
Çünki bəzən nəfəs almaqdan da yorulur insan. İllah da qapanmış cəmiyyətlərdə.
Nəfəsliklər bir-bir qapananda.
Axı getdikcə həlqə daralır, oksigen yavaş-yavaş tükənir. Hava o qədər azalır və çirklənir, az sonra az qalırsan, bu "havasızlıqdan" havalanasan.
Ölü hava ağ ciyərlərə dolduqca, adamın diriliyi də öləziyir. Zavallı ruh insanın içində sığınmağa, gizlənməyə təmiz bir künc-bucaq axtarır, axtarır, daldalanmağa bir yer tapa bilməyəndə, bədəndən çıxır, uçub gedir...
Soruşsan, deyəcək: "Hava almağa çıxmışam".
Yox! Bəlkə təmiz hava ilə tənəffüs edib, təmiz bir bədəndə təzədən qayıdacaq o ruh.
Əgər reinkarnasiya da daha bir uydurma, aldatmaca deyilsə...
Harber Leedən danışırdıq axı. Onun betsellerindəki ata uşaqlarına deyir, bülbülü öldürmək günahdır.
"Bülbülü öldürmək" romanını "qaranəfəs" oxusam da, üzərində uzun-uzun düşündüm. Birdən özümə sual verdim: bəs bülbülü susdurmaq?! Bu da günah deyilmi?!
Bəlkə də öldürməkdən daha böyük günahdır!
Ölmüş və ya öldürülmüş bülbüldən artıq heç kim "bəh-bəh"li bir cəh-cəh gözləmir. Susmuş və ya susdurulmuş bülbül isə hələ diridir axı. Həminki dili ağzında, elə bil ruhu bədənində, sanki ürəyi köksündə, guya səsi də öz "kökündə"...
Diri kimi görünən bülbülə hər yetən bir "mahnı" "sifariş" edir; cəh-cəhini eşitmək istəyir...
Susmuş və ya susdurulmuş bülbül isə, çoxdan dilini udub. Ruhu çoxdan "sönüb", üzü dönüb, ürəyi küsüb, səsi də bu qaramat səssizlikdən bezib - kiriyib.
Yazıq bülbül, beləcə öz səsindən "yetim" qalıb.
Söz "yetimliyi" də, bax, elə bir talesizlikdi, qardaş. Allah heç kimi səsindən, sözündən yetim qoymasın!
Amin!
...Erkən atasızlıq çox ağırdır, bilənlər bilir. İllah da uşaq yaşında. Ağır xəstəlik mənim də atamı vaxtsız alıb, sən bilirsən. Ona görə həm yaşımdan tez böyüdüm, həm də atalara və atalılara xüsusi bir duyğu yarandı məndə.
Şübhəsiz, heç kəs insanın öz atasını əvəz edə bilməz, ancaq atasızlığın boşluğunu doldurmaqdan ötrü yetim uşaqlar özgə atalara sığınar. Atalı uşaqlara da ayrıca xoş bir həsəd duyar. O da ki yenə için-için, gizlicə...
Bu, təbii sövqdən gəlir; heç özün də bilmirsən, necə bir hissdir. Bəzən bu duyğunun doğru-düzgün adını da qoya bilmirsən. Bəlkə heç ad qoymaq gərək də deyil.
Yox, yanlış anlaşılmasın: sən bu insanlara Ata kimi baxmırsan, ata nümunəsi kimi, atalıq standartı kimi baxırsan. Bu, qan bağından deyil, ruh doğmalığından gəlir.
Heç səninlə mən də qan qohumu deyilik.
Səninlə mən ruh qohumuyuq.
Hamı hamının qan qardaşı deyil, bilirsən. Hamı hamının qardaşı ola bilməz.
Ancaq... QARDAŞ ola bilər.
Hə, o da doğrudur, görürsən, hamı bir-birinə "qardaş" deyir, amma hamıdan qardaş olmur ki! Bir-birinə "sevirəm" deyən də çoxdur, "bağışla" deyən də. Ancaq gerçəkdə heç də hamı sevmir. Heç kim də heç kimi bağışlamır, nə yazıq ki! Dildə deyilənə baxma.
Eləcə də, bütün kişilər bir-birinin atası deyil, ancaq bir-birinə atalıq edə bilər. Ya da atalıq standartı, atalıq nümunəsi, ata modeli, örnək olmağı bacarar, elə deyilmi?! Ən azı buna çalışsa, dünya dağılmaz ki!
Yox, bəlkə də çox ideallaşdırdım; "distillə olunmuş" bir həyat yaşamırıq biz. Sol Bellou da deyirdi, çox düzgün yaşamaq da düzgün deyil. Yəqin "mümkün deyil" mənasında. Ya da həmişə mümkün deyil.
Yerin dərinliklərindən, ən uzaq süxurlardan çıxıb, bizə göz "süzdürən" bulaqların gözündən süzülən su da keçdiyi dolama yollarda çox dolaşır, qarışır, bulaşır, bulanıb gəlir. Heç nə başlanğıc nöqtədə, ibtidasında, ilk variantında, ilkin versiyasında - öz təbii halında qala bilmir axı.
İnsan bir dəfə tərtəmiz olur, o da doğulanda. Bu körpə böyümək üçün yaşamağa, yaşamaq üçün böyüməyə məhkumdur və böyüdükcə, yaşadıqca, mütləq günaha batır. Kimisi az, kimisi çox, kimisi də lap çox. Həyatı boyu günahsız qala bilmir insan. Adam da var, elə bütün həyatı günahdır.
Sən isə bu günahkar dünyada ən günahsız (ya da, nə bilim, bəlkə hamımızdan, heç olmasa, çoxumuzdan daha günahsız) qalmağı bacardın. Düzgün yaşamağın ən düzgün olduğunu Bellouya da, bizə də isbatladın.
Elə dərinlərdə axıb, elə yüksəklərdən keçdin ki! Elə süxurlarda damcı-damcı düzülüb, elə daşlardan şırnaq-şırnaq süzüldün ki! Qarışmayasan, bulaşmayasan, bulanmayasan deyə, hər şeyi etdin. Ya da, belə deyim: hər şeyi etmədin...
Çay olmağa, göl olmağa nə var, dəniz olmağa nə var! Kimi "bəyənmirsən", özünə - dibinə çəkib batırırsan.
Amma, sən gəl, bulaq ol, görüm. Hünərin çatır, azacıq illən, gör, səni necə batırırlar!
Hə, başqa yerdən çıxarsan, o başqa...
Bulaq olmaq asan deyilmiş, qardaş!
Elə səni yaxşı tanıyan, yaxşı tanıdığın İsa bulağına bax. Bütün o qan-qadanın içində, o qədər uzun zamanda öz suyunun sərinliyini, təmizliyini qoruyub saxlamasaydı, işğalçı vəhşət onu da çoxdan batırmışdı, elə deyilmi?!
Düşmən dediyin təkcə sənin düşmənin deyildi ki! Səndən də əvvəl sənin bulağının, sənin bağ-bağatının, əkin-biçininin, dağ-daşının, sənin meşənin, torpağının düşməni idi.
Madam, söz torpaqdan, yetimlikdən düşüb, deyim. Belə bir el məsəlimiz var: uşaq atadan yetim qalmır, anadan yetim qalır.
Bilmirəm. Nə deyim?!
Məncə, yox! Belə deyil: yetim elə yetimdir. Nə fərqi var, anasını itirib, ya atasını.
Hə, deyə bilərik, ananı itirəndə uşaq yetimliyi daha çox hiss edir, daha ağır yetimlik çəkir, o başqa. Elədirsə, TORPAQ yetimliyindən daha ağır yetimlik yoxdur, qardaş! Bu, heç ağır da deyil, sadəcə, dəhşətlidir. Torpağa da "ana" demişik axı.
Bayaq deyirdim e, sən, mən - biz qan qardaşı deyilik. Elədir, biz başqa-başqa ataların belindən gəlmişik, başqa-başqa anaların bətnindən doğulmuşuq.
Bəli, biz səninlə qan qardaşları ola bilməzdik. Ancaq QAN-QADA QARDAŞLARI olduq. Yenə nə yazlq ki!
Axı ikimizi də eyni ANA TORPAQ yetirib, ikimiz də eyni torpağın yetimiydik.
Doğrudur, indi sən və mən həm də ömrümüzün cavan yarısını həsr etdiyimiz, ancaq axır bir gün təntənəli əzmlə, dəbdəbəli hüznlə dəfn etdiyimiz qəzetçilik azadlığının da yetimləriyik - azad qəzetçiliyi də vaxtsız və faciəli şəkildə itirmişik axı.
Ancaq bizi ən çox müharibə yetim qoymuşdu, qardaş. Torpaqdan yetim qaldıq, yurddan yesir qaldıq. Yarı ömrümüzü (sən də, mən də) torpaq yetimliyində keçirdik. Bu, insan yetimliyinin ən dözülməzidir, bilirsən.
Ancaq şükür qovuşdurana! Millət olaraq o torpaqları əsirlikdən qurtara bildik, axır ki!
Bu torpaq yetim-yesirliyini götürüb özü ilə "o tərəfə" aparanlara baxanda, hə, biz şükürlüyük.
Dünyadakı insanın ən xalisi, xası, safı dünya malında gözü olmayandır. Bax, elə sənin kimi. Belə insan kasıb da olsa, xoşbəxt yaşayır, arxayın yaşlanır.
Yoxsulluğun bəxtəvərliyinə bax!
Ancaq o kəslər xoşbəxt ölür ki, gözü arxada qalmır. Hər xoşbəxt olan, xoşbəxt yaşayan xoşbəxt ölmür. Bizim torpaqlarda bitib-pöhrələmiş, böyüyüb kök atmış, qol-budaq açmış biz yaşda, bizdən otuz yaş kişik, ya otuz yaş böyük hər kəs beş-altı il əvvələ qədər dünyadan gedəndə, gözü arxada qaldı. Həyatdaykən, nəfəs alırkən, o dediyim torpaq yetimliyindən qurtulan biz - sən və mən bu mənada çox şanslıydıq; bəxtimiz oyaqmış! Necə deyərlər, analarımız namaz üstündəymiş. İndi biz artıq başqa biz olmuşuq.
Hə, yenə də içimizdə bir qırıqlıq, buruqluq var, gözümüzün nəmi hələ tam axıb tökülməyib, üzümüzün sisi, dumanı hələ də tamam çəkilməyib, bəxtimizin dan üzü hələ də tamamilə sökülməyib: evimiz-yurdumuz talan olunub axı.
Dağıdılmış tifaqlara, söndürülmüş ocaqlara, yandırllmış, xarabazar çevrilmiş yurd yerlərimizə baxanda, yanıb-yaxılırıq, için-için qovruluruq, acıqdan, ağrıdan qıvrılırıq, gizli deyil ki! Ancaq... Haqq yerini alanda, bu dünyada vədəmiz dolanda sən də, mən də gözümüzü arın-arxayın yumub, uçub gedə biləcəyik; gözümüz arxada qalmayacaq.
Çünki, bax, dünən dərdini çəkdiyimiz Şuşanın, bu gün gedib şəklini çəkirik. Tək Şuşanın yox, bütün Qarabağın. Tək şəkil çəkmək də deyil...
Vaxt var idi, torpaq nə zaman azad olunar deyə qüssəli gözlərimiz yol çəkirdi, indi o dağlara yol çəkirik, elə deyil?!
O torpaqların həsrətini çəkməkdən gözümüzün işığı da sönükmüşdü, bu gün oralara işıq çəkirik.
Beş-altı il əvvəl formal danışıqlardan, vasitəçilərdən-filanlardan, cürbəcür sülhəbənzər aldadıcı (alçaldıcı) planlardan gözümüz heç su içmirdi, indi özümüz Kəlbəcərin çeşməsindən ovuclayıb su içirik.
"Quş olub, o yerlərə uçaydım..." deyə dəfələrlə xəyal qurmuşduq, ancaq indi uçmaq da xəyal deyil: üç hava limanı var. Elə tək Qarabulaq obasındakı (Füzulidəki) hava limanı xəyaldan da tez uçmağa bəs edir.
Fərqə bax, fərəhlən! Qürrələn...
Doğrudur, hələ ki biz - sən və mən o torpaqlara qayıtmamışıq. Mən bu sətirləri hələ də Bakıda yazıram, sən də oxusan, Bakıda oxuyacaqsan yazdıqlarımı. Hələ nə sən təzədən dönüb həminki-həmişəki Qarabağlı ola bilmisən, nə də mən. Ümidimiz var: bu dünyadan köçüb o torpağa qarışana qədər, qismət olar, o torpağa qayıdıb qovuşarıq. Nə vaxtsa ömrümüz bitəndə üstümüzdə bitən ot da Abşeron yarımadasının deyil, Qarabağ yaylasının bitirdiyi ot olsun deyə dua edək.
Bu yaşda başqa nə istər ki insan?!
Qarabağ azadlığa çıxandan sonra sənmi məndən öncə getmişdin Şuşaya, ya mən səndən qabaq, bunu bilmirəm. Dəqiq xatırlamıram. Ancaq mən ora sənsiz getdiyimdən həmişə diskomfort duymuşam. Yolda da elə söhbət düşdü, dedim: "Burda bizimlə birlikdə, bizdən də qabaq Hikmət olmalı idi".
Düzdür, sən də getdin, gəldin, yazı da yazdın. Mən də yazmışam. Yenə də deməyə, yazmağa çox söz qalıb. Sözün belə təsvir edə bilmədiyi çox nəsnələr var, qələmin ucuna hələ gəlib çatmayan çox "nəsə"lər var. Hətta elə kəlmələr var, dilimin ucunda duruxub, qələmin ucunda karıxıb geri qayıdıb. Düşünmüşəm, bunu yazmağa, deməyə Hikmətin daha çox haqqı var, onun haqqını yeməyim.
Bax, elə bu sətirləri yazanda, elə bil sənin Şuşa haqqında hələ yazmadıqlarını oxuyuram.
Mən azad Şuşadan ilk yol qeydlərimi "qaralayanda", yalan olmasın, az qala hər abzasda istər-istəməz sənin siman gəlib dayanırdı gözlərimin qarşısında. Ürəyimdə deyirdim: "Görəsən, bu cümləni Hikmət necə yazardı?!"
Bilirəm, çoxdandır, yazmırsan. Ya da çox yazmırsan. Bəlkə də mən az oxuyuram. Görünür, pis oxucuyam.
Fikir eləmə, yaxşı yazanın da pis oxucusu olur. Pis yazanın yaxşı oxucusu olduğu kimi.
Səni bilmirəm, mən hərdən özümə sual verirəm: hər şey pozulursa, daha nə yazasan?! Ya da niyə yazasan?!
Bir yerdə ki əqdlər, əhdlər, vədlər, andlar, nizamlar, nikahlar bir göz qırpımında pozulursa, orda çox yazıya pozu çoxdan var, demək.
Ancaq yox! Pozan və pozulan nə qədər çox olursa-olsun, ürəyinin qanı ilə yazanın yazdıqları qalır. Sənin yazdıqların, sadəcə, yazı deyil ki! Vicdan ağrılarıdır, həqiqət sancılarıdır. Göynərtili təəssübdən qaynaqlanan ədəbi-publisistik "ürəktutmalar"la dolu - ürəkdolusu təhkiyələrdir.
Biz analarımızın ağrılarından necə doğulmuşuqsa, vicdanlı mətnlər də, bax, eləcə ağrılardan sıyrılıb çıxır.
Kiminsə başı ağrıyar, kiminsə ayağı. Hərənin bir yeri ağrıyar, ya da birinin hər yeri ağrıyar. Amma ömrü boyu vicdanı ağrıyan adamlar da var. Gördüyü hər işə ürəkdən yanaşanın - üzüləndə də ürəkdən üzülən, sevəndə də ürəkdən sevən adamların ürəyi ağrımasın, neyləsin?!
Sən də o insanlardan birisən, deməsəm də, özün bilirsən.
Səni sən edən qürurlu tənhalığın oldu.
İosif Brodski də yazırdı: "Sürü ilə gəzməkdənsə, əzab çəkmək yaxşıdır".
Yox, yox, əzabına sevinmiş deyiləm. Sözümün canı var.
Bilirsən, xorla oxuyanda adamın öz səsi özünə yad gəlir; xorun "kütləvi" amansızlığı fərdin səsini udur; fərqli səs başqa səslərin içində əriyib gedir. Bəzən səsdən də çox, səs-küyə oxşayır, hətta küyə dönüşür.
Kütlənin küyə getməyini görmüsən də! Fərqli səsi batırmaqdan ötrü küyə gedənlər nə çox!
Sən də bilirsən: kollektiv ağızdan xorla çıxan səs "burulğanı" havada buxarlanıb, yoxa çıxır. Oxunan o mahnıdan yadda nə qalır, bilmirəm, amma oxuyan qalmır.
Axı xordu bu. O qədər adamın adını, üzünü yadda saxlamaq olmur. Hələ-hələ adlar çəkilmirsə... Xor şəxs adlarını - canlı, qanlı isimləri də udur, geriyə, yalnız quru fellər qalır.
Yalnız fellər!
Yalqız fellər!
Xorda bircə üzü var adamın. O da ki özgə üzlərin içində o qədər özgələşir, axırda üz yiyəsi özü belə tanıya bilmir doğma üzünü...
Amma sən!
Yaradıcı yalnızlığın bəxtəvərliyini yaşayırsan.
Bax, görürsən, mən özüm də, dediyim kimi, bərk yorulmuşam.
Nədən?!
Nədəni çoxdur.
Bəlkə yorulmuşam söz oyunundan. Ya da çoxdan uduzmuşam öz oyunumda...
Yox, keçmişi süsləyib-püsləmək, bəzəyib-düzəmək fikrində deyiləm; aqillər deyib: "Həmişə geriyə baxan irəlini görə bilməz". Amma hər halda keçmişi də keçmişdə qoyub heç yerə gedə bilməzsən...
Bir gerçək vae: qədimlərdə fikir öndəydi, indi xəbər öndədir. O səbəbdən, məncə, keçmişin insanı daha ağıllı görünür, indiki insan isə daha məlumatlı.
Özümüzə “kreativ” deyirik. Bəlkə,doğrudan da, kreativik, lakin, deyəsən, müdrik deyilik. Keçmişdən götürdüyümüz nədir, gələcəyə ötürdüyümüz nə?!
Bu haqda çox düşünüb, çox yazmışam. Bəli, biz telepatiyanı "işdən çıxarıb", yerinə teleqraf, telefon, smartfon qoymuşuq. İntuisiyanı dəbdən salıb, quruca informasiyanı mataha mindirmişik. Onun da çoxu informasiya adına dezinformasiyadır. (Dez)informasiya erasında düşüncə miqyası kiçilir, emosional zəkanın eroziyası başlanır. Elədir, yoxsa mənə elə gəlib?
Biz gəlib-gəlib, gör, hara çıxmışıq: erqodik mətn artıq verbal antikvara çevrilməyə doğru gedir.
Doğrudan a! Hanı bəs "informasiya erası"nın Sokratı, Konfutsisi?!
Oldos Haksi haqlıymış: "Tibb o qədər inkişaf etdi ki, artıq heç birimiz sağlam deyilik". Belə deyilsə, varmı indi Hippokrat, İbn Sina?!
Bəlkə var! Nə bilim!
Hamının astarını üzünə çevirmişik; hər şeyin astarı üzündən baha çıxıb. "Fotogenom" da bunlardan yazmışam, bəlkə də oxumusan.
İfrat vizuallaşma sindromundan danışıram. İosif Brodskinin hələ keçən yüzildə "kütləvi videotizm" adlandırdığı bu axınla az qala kütləvi idiotizmə qədər "irəliləmişik", yəni geriləmişik. Dinamik cəmiyyətdən statistik kəmiyyətə çevrilmək təhlükəsi var!
Bəlkə də mən boyaları çox tündləşdirdim. Hərçənd qaradan betər rəng yoxdur. Əgər qara özü də rəngdirsə...
Deyəsən, sualdan sual doğdu, fikirdən fikir törədi, söz sözü çəkdi. Dərdin yükü yenə də Sözü yerindən oynatdı.
Bəlkə elə bunlar da bir növ söz oynatmaqdır. Nə bilim! Hərçənd söz oynatmağın özü də qəbahət deyil. Bir şərtlə: əgər sözü sirk arenasının zavallı ayısına, yaxud turist marağının aqora meymununa çevirməmisənsə...
Amma sən heç mənim kimi, bax, bu cür naşıcasına söz oynatmırsan.
Sən Sözlə oynayırsan. Rəqs edirsən. Sənin yaradıcılığın Sözün "Tanqo"sudur; rəqs edən ikilinin bu qədər dərin emosional vəhdəti, uyumlu səmimiyyəti - duyğuların "oynaq" (hərəki) sinxronluğu heyrətləndirir.
Sən həmişə özünə yaraşan sözü yazmısan. Bəlkə əsl Söz də özünə yaraşanı seçir. Hər halda sənin Sözlə yaradıcı "izdivac"ın qarşılıqlı sevgi üzərində qurulub. Sən verbal sənət adına açdıqları ədəbsiz "ədəbi publik evlərdə" Sözü "bir gecəlik" siğə etdirənlərdən olmadın heç vaxt.
Bilirsən, Sözün şəhvətinə sulananlar ayrıdır, şəfqətinə tutunanlar ayrı.
Səninki qarşılıqlı sevgidir; oxuyanlar səni oxuyub, bilənlər bilir artıq. Bundan daha ötəsi nədir, nə yazasan?! Necə yazasan?!
Əlində tutduğun uğurlu-qürurlu sevginin qələmidir.
Qarşılıqsız sevgidə mütləq tərəflərdən biri əzab çəkir. Bu, Vətən sevgisinə də xasdır, Qələm sevgisinə də, başqa sevgilərə də. Qarşılıqlı məhəbbət isə bir başqa. Bu, İlahi Söz eşqi başqa bir dalğa, ayrı "freqans"dır artıq.
Qarşılıqsız sevgi üzərində qurulmuş ailənin övladları ruhu və ya bədəni (yaxud hər ikisi) zədəli olaraq doğulur. Sağlam və xoşbəxt körpələr isə qarşılıqlı sevginin meyvələridir.
Bilirsən, ana südü ilə mayalanan körpələr cismən, ana dili ilə mayalanan uşaqlar həm də ruhən sağlam böyüyür. Ana dili - ana südü kimi halal nemətdir. Bir də sən ana dilinə - bu, halala haram qatmadan indiki və gələcək nəsillərə ötürürsənsə, deməli, talantın, zəhmətin, qələmin öz məqsədinə çatıb. Deməli, sənin Sözlə oynadığın "Tanqo" istədiyin kimi - baxımlı alınıb, ürəklərə toxunub.
Sən öz yaradıcılığında ana dilinin təbii enerjisini qoruyursan, aşındırmadan oxucularına aşılayırsan.
İkimiz də tez-tez eşidirik, deyirlər, dili qorumaq lazımdır. Həm də bunu çox vaxt dili korlayanların elə özləri də deyir.
Mənə görə, dili qorumaq ana dilindən çox danışmaq deyil, ana dilində çox danışmaqdır. Çox düşünüb çox yazmaqdır, çox oxuyub, çox düşünməkdir.
Budur, düstur!
Hər insanın üç atası var: bioloji atası, dövlət atası, Allah atası. Hər insanın həm də üç anası var: bioloji anası, ana dili və ana torpağı.
Ancaq bir də görürsən, birisi öz ana dilinə az qala küçə qadını kimi baxır, onunla bar gözəlçəsi kimi davranır - dilin anasını ağlar qoyur, di gəl, özü ya dilçilik akademikidir, ya filologiya professorudur. Yaxud da iki sürtük cümləsini çiyinlərinə paqon əvəzi taxıb, "Ədəbiyyat generalı" iddiası ilə ortada dik-dik dolaşır. Bir yandan, Sözün namusuna toxunur, Sözün bəkarətini pozur, o biri yandan isə, dilin "əxlaq polisi" ədası ilə poz verir.
Sən isə bütün bu vurhavurdan, qaphaqapdan, hap-gopdan qıraqda, bu qovğalardan çox uzaqda, öz hücrəndəki masa arxasındasan. Öz ana dilini öpüb gözünün üstünə qoymusan. Heç kimə minnət qoymadan, heç kimdən minnət götürmədən, öz tənhalığının içində, sakitcə, səssiz-səmirsiz gündəlik işindəsən; doğma dili "sığallayırsan", Sözü cilalayırsan. Hər yazınla mənəvi ortamı dalğalandırırsan. İctimai mühiti həyəcanlandırırsan.
Bəki, Hopi qəbiləsi: "Dəniz dalğalanır" demir, "dəniz həyəcanlanır" deyir. Cəmiyyəti də dənizə, bəşəriyyəti dünya okeanına bənzətsək, bu insan dənizi, insan okeanı dalğalandıqca, yəni hopi hindularının dediyi kimi, həyəcanlandıqca, diridir, nəfəs alır, yaşayır. Yoxsa toplumdakı sabitliyin qəbiristanlıq sakitliyindən fərqi qalmaz ki!
Sənin Sözlə oynadığın bu ecazkar "Tanqo" yuxulu ruhları, susmuş ürəkləri, sönükmüş bəbəkləri tərpədir, silkələyir, həyacanlandırır. Sən dayanmadan, yorulmadan, usanmadan öz rəqsinə qapılıb, hətta vurulub, bütün varlığınla tutulub gedirsən və yaradıcı ekstaza yetirsən.
Tamaşaçın var, ya yoxdu, azdır, ya çoxdur - xırdalığına getmədən, heç eyninə almadan, fikir vermədən, kimdənsə tərif ummadan, kimdənsə alqış gözləmədən öz səhnəndə, o əziz və zərif partnyorunla - "Tanqo"la həyatımıza və hissiyyatımıza xəfif toxunuşlar edirsən...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Müəllifdən: Bu esse usta yazar, qələm dostum, tale ortağım Hikmət Sabiroğlunun qarşıdan gələn 60 illik yubileyinə hədiyyəmdir.
Əlimdən bunu yazmaq gəldi.
Necə deyərlər, varını verən utanmaz...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















