İlham Əliyev konqres iştirakçılarına müraciət etdi
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, müraciətdə deyilir:
Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin işə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir.
Ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə qalxdı. Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir.
İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Bütün iştirakçılara səmərəli müzakirələr və tədbirin işinə uğurlar arzulayıram.
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















