Icma.az
close
up
RU
İlk baxış

İlk baxış

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Əkbər QOŞALI

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru və rejissoru ilə qarşılıqlı sayğılı münasibətimiz olsa da, nə Şuşanın işğalı dönəmində, nə də Zəfər sonrası bu teatrda olmuşdum; əlbəttə, könül istərdi, teatr öz doğma şəhərində səhnə qura, tamaşa göstərə, güldürə, düşündürə, ruhlandıra... Lakin mən Mədəniyyət Paytaxtımızın, Qafqazın Konservatoriyasının işğaldan öncəki dönəmini yalnız onu görənlərdən eşitdiklərim, oxuduqlarım əsasında təsəvvürümdə canlandıra bilirdim. Tanrıma, Dövlətimə, Xalqıma, Orduma şükür! - Şuşa azaddır, günbəgün dirçəlir, biz də gedirik, görürük-götürürük. Şuşaya gözəl teatr, teatra özəl tamaşalar, tamaşalara düşünən tamaşaçılar lazımdır.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Zemfira xanım Məhərrəmli məni Şuşa Dövlət Musiqili Dram Teatrına - “Ümid İşığı”na dəvət edəndə sevindim. İlk dəfə bu teatra gedəcək, Zemfira xanımın ilk səhnə əsəri və onun necə səhnələşdirilməsi, sənətçilərimizin işi ilə tanış olacaqdım. Açığı, əsərin mövzusu məni bu saydıqlarımdan az düşündürmürdü. Əsərlə tanışlıqdan sonra ilk qənaətim bu oldu ki, Zemfira xanım, onun ailəsi, mühiti belə bir mövzuya talib olmalıydı, əlbəttə.  Əlbəttə, mən “Ümid işığı”nı bir ailə dramından daha üstün - toplumsal, xəlqi və hətta bəşəri qayğılara işıq salma eyləmi kimi gördüm. Uzağa getməyək, ilk növbədə, ölkəmizdə gənc ailələrdə və ümumən ailələrdə (iraq olsun!) boşanma hallarının “yolverilən” həddən çox-çox artıq olması ilə bağlı narahatçılıqları vurğulamaq istərdim. Artıq rəsmi məqamların, sosioloqların, mediatorların, aydınların həyəcan təbili çaldığı boşanma, ümumən ailəiçi problemlər, doğumların azalması və s. kimi məsələlər yazıçılarımızın mövzusu olsun. Mövzusu olsun, görək, niyə belə olur, kökü-köməci bədii süzgəcdən keçib necə cilalanır, necə görünür? Çünki bədii sözün, incəsənətin bu və bənzəri problemlərə ayna tutması və həm də sərrast tutması, duyğu və düşüncəyə, fikr və nitqə, qərar və hərəkətlərə... təsir gücünə malikdir. Ədəbiyyat, teatr, incəsənət öz estetik dəyərləri ilə dayanıqlı, təsirli, üfüqgenişliyinə qanadlıdır.

Bəli, Azərbaycan teatr səhnəsi daha bir məzmunlu tamaşanın ilkbaxışına tanıqlıq etdi. İlk kimi ilk, baxış kimi baxış, tamaşa kimi tamaşa... Şuşa Dövlət Musiqili Dram Teatrında Zemfira Məhərrəmlinin “Ümid işığı” adlı bir hissəli lirik-psixoloji dramı tamaşaçılara təqdim olundu.

Quruluşçu rejissoru Nazir Rüstəmov olan tamaşa çağdaş ailə dramı fonunda dərin ictimai-mənəvi suallar doğurur. Belə demək olarsa, sevgi ilə toplum arasında sıxışan gəncliyin, onların ailələrinin ruhi güc səviyyəsi və bir baxıma, səciyyəsi səhnədə axın edirdi...

Əsərin süjet xətti sevən iki gəncin - Yalçın və Nərgizin sevgi öyküsünə əsaslansa da, burada söhbət təkcə fərdi hisslərdən getmir. Tamaşada insan ruhunu sıxan toplum stereotipləri, ailəiçi ziddiyyətlər, iqtisadi və sosial baryerlər, eyni zamanda, ata-anaların “xoşbəxtlik” anlayışları ilə övlad arzuları arasında “doğan” uçurumları qabarıq şəkildə səhnələşdirilib.

Səhnədəki obrazlar və onların dialoqları, belə demək mümkünsə, həyatın içindən keçir.

Valideyn obrazları - özəlliklə Nərgizin atası Muxtar və anası Çöhrə - “klassik nəslin təcrübəsi” ilə “gənclərin azad iradəsi” arasında toqquşan iki dünyagörüşünün simvoluna çevrilir; ancaq əsərin ən önəmli gücü - quruluşun şeirlə, musiqi ilə və monoloqlarla zənginləşdirilmiş poetik strukturudur. Tamaşada yalnız dialoqlar deyil, həm də pıçıltılar, ləpələrin dili, Ayın işığı, (sevdalı günlərin birində Yalçının Nərgizə bağışladığı) “oyuncaq ayı”nın simvolik duruşu, sevgi ayrılığının poetik təzahürləri belə... tamaşaçını duyğuların dərinliklərinə çəkir.

Estetik forma, sosial anlam baxımından daha nələri vurğulamaq olar?

“Ümid işığı” həm klassik Azərbaycan dramaturgiyasının gələnəklərindən bəhrələnir, həm də çağdaş dönəmin bəzən narahat, kövrək və görünür, həm də qərarsız gəncliyinin portretini təqdim edir. Səhnədə baş verənlər - gənclərin sevgisi, ailə təzyiqləri, fərdi seçimlər və sistemin diktəsi - bugünkü toplumun psixoloji portretini açır, sosial diaqnozunu qoyur.

Zəngin ailəyə qohum olmaq imkanı fonunda itirilən mənəvi dəyərlər, sevginin dəyərsizləşdirilməsi cəhdləri və s. toplumun uğradığı əxlaqi və psixoloji təzyiq kodlarını açır.

Aktyorların hər birinin öz üzərinə düşən səhnə məsuliyyətini yerinə yetirdiyi qənaətindəyəm; onların, demək olar, hamısının duyğusal və ya dramatik gərginliyi, düşündürücü və sarsıdıcı monoloqları, həmçinin “emosional dağılmalar”ı səhnənin dramatik yükünü daha da artırırdı. Bununla belə, Nərgizi, onun anasını və Yalçını Nərgizdən soyudan “azad gənc”i canlandıran aktyorlar obrazın emosionallığını tamaşaçılara daha yaxşı ötürə bilirdi.

Ümumən tamaşanın performansı, sanki “az imkanlarla çox nəticəyə” hesablanmış səhnə quruluşu, musiqi seçimləri uğurluydu; ən uğurlusu isə quruluşçu rəssamın işıqlandırmaya, işıq-kölgə təsirliliyinə odaqlanmasıydı.

Onu da vurğulayaq ki, “Ümid işığı” öz mövzusuna görə nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq.

Azərbaycan dramaturgiyasındakı digər psixoloji dramları, örnəyi, İlyas Əfəndiyevin uyğun profilli əsərləri yada sala bilərik; demək, müəllifin diqqət yetirdiyi məsələlər tam dünənki kimi olmasa da, bu gün də var; demək, irəligörüşlü aydınların reaksiyaları, toplumun üsul və vasitə arayışları davam etməli, alternativlərin ən yaxşısı tapılmalıdır.

Tamaşadakı sevgi və toplum təzadının yalnız Azərbaycanda deyil, bəşəri planda da güncəl olduğunu bir daha vurğulamış olaq.

Tamaşa yalnız teatr salonunda bitmir - o, tamaşaçının içində davam edir; onun ailəsinə, dostluqlarına, sevgisinə, vətəndaşlıq duyğusuna toxunur...

Əlbəttə, hər bir insanın içində Ümid işığı parlayır və parlamalıdır. Yoxsa, yaşamın məzmunu qalmaz.

Tamaşa, sövq-təbii, bədbinliklə yox, ümidlə bitir. Hər bir tamaşaçının içində gizli qalan “o işığa doğru yol” bədii bir metafor kimi təqdim olunur. Zülmət içində parlayan bir nöqtə - bəşəri anlamda, sevgidə, inamda və vicdanda yaşadılan ümid!..

Zemfira Məhərrəmlinin bu əsəri onun ədəbi və ictimai missiyasının təntənəli yekunu deyil, əlbəttə, məncə, biz “Ümid işığı”nı yeni mərhələyə açılan bir pəncərə, bir işıq kimi qəbul etməkdə haqlıyıq.

İlk baxış münasibətilə müəllifi, yaradıcı heyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edir, tamaşaya uzun ömür və geniş auditoriya arzulayıram. Qoy, “Ümid işığı” yalnız səhnədə deyil, həyatın özündə də olsun və doğrulsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see222

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see219

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see216

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see206

Toyun səhəri günü sağdişini öldürdü FOTO

14 May 2026 06:01see190

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see182

İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib

14 May 2026 06:22see169

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see169

Tanınmış azərbaycanlı aktrisanın toyu oldu İlk dəfə birgə FOTOları

14 May 2026 10:51see167

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see160

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see154

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see151

Yaponiya Mərkəzi Bankında faiz dərəcələrinin artırılması siqnalları güclənir

14 May 2026 21:52see148

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see145

Ən çox bu ölkələrdən olanlar Avropadan deportasiya edilib

14 May 2026 07:16see143

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see143

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see142

UEFA “Atletiko Madrid”i 15 min avro cərimələyib

15 May 2026 01:12see141

May ayının 17 də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyası öz işinə başlayacaq ŞƏRH

14 May 2026 10:05see140

Kola qapağındakı kiçik dəliyin sirri açıldı

15 May 2026 00:38see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri