Icma.az
close
up
RU
İman sahiblərinin inanc ünvanı

İman sahiblərinin inanc ünvanı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən bir məkanın daşları danışar, divarları dua edər, səssizliyi qəlbi titrədər. Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm ağa ziyarətgahı da məhz belə bir yerdir – illərin, nəsillərin və duaların qovuşduğu, inamın torpaqla birləşdiyi müqəddəs bir ocaqdır...

Burada Bakı bölgəsinin inanılmış seyidlərindən olan Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadə (Mir Mövsüm ağa) dəfn olunub. Mir Mövsüm ağa 1883-cü ildə doğulmuş, 1950-ci ildə vəfat etmişdir. Onun məzarı üstündə ilkin olaraq kiçik məqbərə inşa edilmişdir, daha sonra (1992-1994 illərdə) möhtəşəm türbə kompleksi ucaldılmışdır. Türbə kompleksinin daxilində Mir Mövsüm ağanın məzarı ilə yanaşı, bacısı Mir Səkinə xanım və qardaşı Mir Kazım ağanın məzarları da mövcuddur. Kompleks qəbiristanlıq ərazisində olduğundan tikinti işlərinin çox hissəsi əl əməyilə həyata keçirilib, texnikadan istifadə məhdud olub. Türbə klassik Şərq memarlıq üslubunda tikilib: göy rəngli gümbəzlər, naxışlarla işlənmiş divarlar və sakitliyin içində səslənən dualar...

Mir Mövsüm ağanın qəbrinin üzərində inşa edilən ziyarətgah bu gün böyük bir kompleksə çevrilib. Hər il minlərlə adam bu müqəddəs məkana axışır. İnsanlar onun ruhuna dua edərək, ümidlə, inamla ora üz tuturlar. Ziyarətə gələnlərin dilində bir dua, bir səs var: “Allahım, Mir Mövsüm ağa hörmətinə bizə kömək ol”. Bu, xalqın inamından doğan bir çağırışdır. İnsanlar burada öz dərdlərini dilə gətirməzlər, çünki bilirlər ki, bura sükutun içində danışan bir məkandır.

Bu müqəddəs məkanı ziyarət etmək üçün bir daha yolumu o ocağa salıram. Hər zaman olduğu kimi, yenə insan izdihamı yaşanırdı. Ziyarətgaha gələnlərin gözlərində ümidsizliklə ümid arasında itmiş bir baxış görünürdü. Kimisi xəstə övladı üçün dua edir, kimisi müşküllərinin həlli üçün niyyət diləyir, kimi də sadəcə, içindəki narahatlığa çarə axtarırdı.

Ziyarətgahda çalışan xanıma yaxınlaşıb Ağa haqqında bildiyi məlumatları bizimlə bölüşməyini xahiş etdim. Ruqiyyə xanım dedi: “Mir Mövsüm ağa özü bir möcüzə olub. Uşaqlıqdan danışa bilməsə də, onun baxışları danışıb. İnsanların qəlbinə sözsüz yol tapıb. Yanına gələn xəstələrə şəfa, ümidsizlərə ümid verib. İnsanlar onu görmək üçün uzaq-yaxın demədən gəlirlər. Bəziləri şəfa tapır, bəziləri rahatlıq, bəziləri isə sadəcə dua edir. Gördüyünüz kimi, bura həmişə bax belə insanla dolu olur. Artıq 10 ildən çoxdur ki, burada çalışıram. Çox görmüşəm niyyətlərinin qəbul olub, nəzir paylayanları. Bir hadisəni də deyim, yəqin eşitmiş olarsız. Bir rusiyalı qadının övladı olmurmuş. Yuxuda görür ki, Azərbaycanda Mir Mövsüm ağa adlı bir ocaq var və ziyarətinə getsə, övlad dünyaya gətirəcək. Çox keçmir, qadın ziyarətə gəlir və bir ildən sonra övladı olur. Həmin qadının Rusiya mətbuatında bu barədə geniş müsahibəsi dərc olunub”.

Ziyarətgahda olarkən bir neçə insanın da bu ocağa olan inanclarıyla bağlı fikirlərini öyrəndim. Ziyarətçi Esmira Əliyeva: “Mən Mərdəkanda yaşayıram, hər dəfə sıxıntıya düşəndə bura üz tuturam. Sanki bu ocaqda etdiyim duaları Tanrı eşidir, mən çətinliklərdən asanlıqla çıxıram”.

Qucağında övladını qucaqlayıb oturan bir atanın ümid dolu baxışları diqqətimi çəkir. Müsahibim Elməddin Səfiyev dedi: “Məcburi köçkün kimi Bakıya gələnə qədər evimizdə yalnız bir seyidin adını eşitmişdim: Seyid Lazım ağa. Bakıya gələndən sonra seyid Mir Mövsüm ağanın möcüzəli insan kimi tanındığını və bu ziyarətgahda uyuduğu üçün buranın çox müqəddəs məkan olduğunu öyrəndim. Mənim də övladım xəstədir, həkimlərdə müalicəsini davam etdirsəm də, bu ocağa cox inandığım üçün mütəmadi olaraq oğlumla bura gəlib tezliklə şəfa tapmasını diləyirəm. İnanıram ki, inancla müalicənin vəhdətində balam tezliklə sağlamlığına qovuşacaq. Cünki qonşum danışırdı ki, övladı ağır xəstə imiş, bura tez-tez gəlib dua edərmiş. Övladı sağalıb, indi böyük kişidir, ailəlidir. Çox ümidliyəm ki, Mir Mövsüm Ağa mənim balama da şəfa verəcək”.

Bəli, Mir Mövsüm ağanın qeyri-adi xüsusiyyətləri xalq arasında dildən-dilə keçərək onu canlı ikən müqəddəsə, vəfatından sonra isə əfsanəyə çevirdi. O, zamanın içində zamandan kənar bir varlıq kimi yaşadı – adi bir insan kimi doğuldu, amma qeyri-adi bir iz qoydu.

Bu ziyarətgahda dualar qəlbdən gəlir, dilə düşmədən qəbul olur sanki. Bəzən insan bir ruh, təmiz bir nəfəs, bir dua axtarır. Mir Mövsüm ağa ziyarətgahı bu ehtiyacın cavabıdır. O, dinin sərt qaydalarından daha çox, imanın təcəssümüdür. Bu ziyarətgahda insanlar Allaha yalvarmaq üçün bir din alimi, bir şeyx axtarmır – bir nur axtarır və o nuru Mir Mövsüm ağanın adında, məzarında, ətrafdakı səssizlikdə tapırlar.

Mir Mövsüm ağa ziyarətgahı zamanla böyüdü, abadlaşdırıldı, amma ən böyük dəyişməyən dəyəri – inam idi. Bu inam illərlə sovet təqiblərinə tab gətirdi, ideologiyaların, dövrlərin dəyişməsinə baxmayaraq, sarsılmadı. İnsanlar heç vaxt onu unutmadı – çünki bu, unudulması mümkün olmayan bir mənəviyyat ocağıdır.

Bu gün də, sabah da bu yer mövcud olacaq. Nəsillər bir-birini əvəz edəcək, amma bir şey dəyişməyəcək: buranın insanların inanc yeri olması.

Nurəngiz ADİLQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see365

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see363

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see340

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see339

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see337

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see315

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see309

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see309

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see300

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see296

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see295

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see290

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see286

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see278

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see255

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see241

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see232

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see230

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see210

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri