İngilis alim: Dünyadakı həyat “inkişaf etmiş yadplanetlilər” tərəfindən yaradılıb
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həyatın mənşəyi ilə bağlı müzakirələrə daha bir qeyri-adi fikir əlavə edilib. "Imperial College London"un sistem biologiyası professoru Robert Endresə görə, dünyada həyatın tamamilə təsadüfi kimyəvi proseslərlə yaranma ehtimalı olduqca azdır.
Sherg.az xəbər verir ki, Endresin hələ rəyçi qiymətləndirməsindən keçməyən yeni tədqiqatına əsasən, bu halda dünyanın inkişaf etmiş bir sivilizasiya tərəfindən “yaşanmağa yararlı hala gətirilmiş” olması ssenarisi ön plana çıxır.
Elmdə bu fikir “yönləndirilmiş panspermiya” adlanır. 1970-ci illərdə DNT-nin quruluşunu kəşf edən Frensis Krik və biokimyaçı Lesli Orgel tərəfindən də irəli sürülən bu hipotez, həyatın kainatda qəsdən yayılmış ola biləcəyini iddia edir.
Endresin modelinə görə, “saf molekul şorbası” həyatın başlanması üçün tamamilə yetərsizdir; həyatın yaranması üçün mütləq əvvəlcədən müəyyən bir informasiya nizamı və ya struktur lazımdır. Bu isə “xarici müdaxilə” ehtimalını gündəmə gətirir.
Bununla belə, Endres fikrin spekulyativ olduğunu vurğulayaraq belə deyib:
“Terraforminq, yəni bir planetin yaşama uyğun hala gətirilməsi fikrini biz insanlar belə Mars üçün müzakirə edirik. Əgər biz bunu düşünürüksə, başqa sivilizasiyaların da oxşar təşəbbüslərdə bulunması mümkünsüz deyil. Amma sübut yoxdur; hələlik bu, yalnız ehtimal daxilində olan bir ssenaridir.”


