Icma.az
close
up
RU
“İnter” sona üç tur qalmış çempion oldu

“İnter” sona üç tur qalmış çempion oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il mayın sonu və iyunun əvvəli “İnter” üçün hədsiz əsəbi alındı. “Neradzurra” Çempionlar Liqasının finalında PSJ-yə acınacaqlı hesabla (0:5) uduzdu, bu isə Simone İnzaqinin Milan karyerasına son qoydu. Finala qədər də baş məşqçinin mümkün gedişi haqda çox danışılırdı. Bununla belə, mütəxəssisin Səudiyyə Ərəbistanına yollanması böyük bir mərhələnin başa çatmasını şərtləndirdi və fanatları gələcəyə həyəcan hissi ilə baxmağa məcbur etdi. Belə durum anlaşılan idi: axı “İnter” dünyanın ən yaxşı baş məşqçilərinin birinin xidmətindən məhrum olmuş, yaşlı heyətlə qalmışdı.
Skudettonun qazanılması və ÇL-in finalına vəsiqə komandanın gücündən daha çox İnzaqinin ustalığının nəticəsi idi. Bu üzdən ona doğru xələf tapmaq hədsiz vacib əhəmiyyət daşıyırdı. Kristian Kivunun gəlişini çoxları anlamadı. Bəli, rumın mütəxəssis klubu yaxşı tanıyırdı, uzun müddət şərəfini qorumuşdu, sonra gənclərlə çalışmışdı. Ancaq belə postu baş məşqçi kimi yalnız “Parma”nı 17 oyuna çıxaran gənc mütəxəssisə tapşırmaq maksimum dərəcədə riskli addım idi. Üstəlik dərhal “döyüşə atılmaq” və komandaya klublarası dünya çempionatında rəhbərlik etmək lazım gəldi. Və “İnter” “River Pleyt”in, “Urava”nın öhdəsindən gələ bildisə, “Fluminense” ilə bacarmadı. Həmin turnirdə mübarizəni dayandırmaq məntiqli idi – ağır mövsümdən sonra yaşlı heyətin, sadəcə, gücü tükəndi.
Veteranlara yeni qanın balansı
İndi artıq əminliklə demək olar ki, Kivu vəzifəsinin öhdəsindən gəldi, gözləntiləri doğrultdu. Çempionluq elə-belə uğur deyil, ölkə kubokunun finalında “Latsio”nu da məğlub etmək mümkün olsa, rumına “4+” qiymətini yaza bilərik. Düzdü, ÇL-də “Bude/Qlimt”dən alınan məğlubiyyət ümumi mənzərəyə bir qədər kölgə salır, ancaq gəlin nəzərə alaq ki, inadkar norveçlilər “Mançester Siti”yə də əziyyət verdi, turnirin yarımfinalçısı “Atletiko”ya da. İstənilən halda, “İnter” üçün mövsümün uğurlu keçməsini yalnız titullar və uğurlar yox, həm də oyunun şəklinin dəyişməsi ilə ölçmək lazımdı.
Kristian yeni şansa çox savadlı və məsuliyyətlə yanaşdı. O, tezliklə keyfiyyətli mütəxəssislərdən ibarət yeni məşqçi korpusu yığdı. Buna qədər “Roma”da uğurla çalışan Mauritsio Fançini fiziki hazırlıq üzrə məşqçi təyin olundu, o, idman təbabəti sahəsində alimdi. Heyətin orta yaş həddinin yüksək olduğunu nəzərə alsaq, bu təyinat vacib məqam idi. Ancelo Palombo texniki inkişaf, Paolo Orlandoni qapıçılarla iş üzrə məşqçi vəzifəsinə təyin olundu. Ancaq bu təyinatlardan birini – Aleksandar Kolarovu xüsusi qeyd etmək lazımdı. Məhz onun sayəsində A seriyasında məhsuldar ötürmələrin sayına görə rekord müəyyənləşdirən Federiko Dimarko yeni səviyyəyə qalxdı.
Kivu və Kolarov buna qədər gənclərlə iş baxımından ciddi təcrübəyə malik olduğundan, gəncləri inkişaf etdirməyin vacibliyini anlayırdılar. Klubun çətin maliyyə durumuna görə komandanın özəyindən də birdəfəlik imtina mümkün deyildi. Bu üzdən məşqçi heyəti yenə köhnələrə etibar etdi: qapıda Zommer, müdafiəfə Bastoni – Açerbi tandemi, lateral mövqeyində Dyumfrislə Dimarko, Çalhanoğlu, Barella, Mxitaryan və Zelinskinin şəxsində möhkəm orta sahə və təbii ki, hücumda Lautaro ilə Türam. Taktiki planda da ciddi dəyişiklik olmadı: Kivu 3-5-2 sxemini saxlamaqla müəyyən yeniliklər etdi. Məsələn, indi komanda daha aqressiv pressinq edir, müdafiə xətti güclənib, hücumlar daha şaquli xarakter daşıyır.
Ancaq “İnter”də heyətin dərinliyi və yeni, gənc ayaqlar çatmırdı. Bu problemi mümkün qədər tez həll etmək lazım idi. Bu məqamda Cüzeppe Marotta və Pyero Auzilionun şəxsində rəhbərliyin əməlini xüsusi qeyd etmək lazımdı. Birincisi, onlar liderləri qorudu. Əvvəllər “İnter” Lukaku və Hakimi kimi aparıcı oyunçularla vidalaşmalı olurdusa, indi bütün önəmli fiqurlar “San-Siro”da qalıb. “Gazzetta dello Sport”un yazdığına görə, Lautaro Martinesin mövqeyinə kollektivə böyük təsir göstərib. Argentinalı dərhal anlatdı ki, klubu tərk etmək niyyətində deyil: o, təkcə paltardəyişmə otağının lideri yox, həm də “İnter”in uçuruma düşməyəcəyinin təminatı oldu.
İkincisi, klub oyunçu satışından pul qazandı. “Qara-göylər” Zalevski, Taremi, Byukenen, Stankoviç qardaşları və bəzi gənc oyunçular ilə vidalaşdı. Üçüncüsü, bunun sayəsində 50 milyon avro toplamaq və yenilər üçün 100 milyon xərcləmək mümkün oldu. “İnter” ulduzlar almadı, sadəcə, özü üçün daha aktual olan addımı atdı – heyəti gəncləşdirdi və ehtiyat oyunçular skamyasını genişləndirdi.
“Parma”dan alınan Anj-Yoan Boni və icarədən qayıdan Pia Espozito birlikdə 29 məhsuldar hərəkətlə yadda qalıb. Möhtəşəm nəticə olduğunu deməzdik, amma rotasiya oyunçuları üçün qəbulolunandı. Luis Enrike qeyri-sabitliyə görə çox tənqid olunur, ancaq həlledici məqamlarda Dyumfrisin dincəlməsi üçün imkan yaratdı. Manuel Akanci müdafiəyə keyfiyyət əlavə etdi, Pavarı unutdurdu, Andi Diuf və xüsusən Petar Suçiç mərkəzi yenilədi. Müdafiənin mərkəzində Bastoni və Açerbi ilə birgə “üçlük” təşkil edən Yan Bissek artıq yetkin oyunçuya çevrilib. Belə dərin heyət Kivuya mövsümün gedişində oyunçular arasında yüklənməni savadlı şəkildə bölmək, çempionatda və avrokuboklarda uğurla irəliləmək imkanı yaratdı.
Bütün bunlar yaxşıdı, ancaq təməl köhnə qvardiyanın üzərində qurulub. Bastoni həm hücumu başlayan, həm də müdafiənin lideridi. Çalhanoğlu metronom kimidi, dispetçerdi, Barella “qara iş”ə görə cavabdehlik daşıyır, Türamla Lautaronun hücumdakı anlaşmasından danışmaq artıqdı. Məhz adı çəkilən köhnələrin sayəsində “İnter” növbəti – 21-ci skudettonu qazandı və astaca yeni mərhələyə qədəm qoydu. Əsas məqam odu ki, “İnter” indi yalnız veteranların təcrübəsi sayəsində uğurlara nail olmur, həm də “gənc qan”dan fəal şəkildə yararlanır. Gənclər tərəqqi edir, zamanla komandanın həyatında daha vacib rol oynayacaqlar. Bu da Kivunun işinin müsbət tərəfidi.
Rəqiblərin enişi
Hər şeyə rəğmən, “İnter” yenə də çoxlu zəif yönləri olan komanda kimi qalır, bu üzdən çempionluğu həmçinin əsas rəqiblərinin problemlərinin nəticəsi kimi də qəbul etmək lazımdı. “Napoli” mövsümün lap əvvəlində Lukakunu itirdi, De Bruyne uzun müddət zədədən əziyyət çəkdi ki, bu da dərhal nəticələrdə əksini tapdı. Neapollular qışda dəhşətli eniş yaşadı, Antonio Konte yazda vəziyyəti bir qədər düzəltsə də, həmin vaxt “İnter”lə arada artıq böyük xal fərqi yaranmışdı.
“Yuventus” artıq illərdi ağrılı yenidənqurma dönəmini yaşayır. Turin klubu 2024-cü ildə transferlər baxımından açıq-aşkar iflas etdi. Luçano Spaletti indi Çempionlar Liqasına vəsiqə uğrunda “Komo” ilə mübarizə aparır, ancaq yalnız Kənan Yıldızın üzərində dayanıb.
“Milan”, ümumiyyətlə, gənc oyunçuların inkişafı kursunu götürüb. Əlbəttə, Massimilano Alleqri iflas yaşamadı, hətta bu mövsümün sonunda ikinci də ola bilər, ancaq heyət çempionluq ambisiyalarına qətiyyən uyğun deyil. “Komo” haqda da eyni sözləri demək olar. Sesk Fabreqasın işi heyranlıq doğursa da, onun komandası əsasən çoxlarının tanımadığı gənc futbolçulardan qurulub. Bir sözlə, bu komandanın imkanlarının da bir həddi var.
“Atalanta”nı tərk edən Can Pyero Qasperini hələ də “Roma”ya uyğunlaşma dönəmini yaşayır. Komanda onun rəhbərliyi altında hələ də qeyri-sabitdi.
Əlbəttə, hələ də “İnter”in iki dəfə ÇL-in finalında oynamasından və İtaliya yığmasının AÇ-2020-dəki qələbəsindən yapışmaq olar, ancaq İtaliya futbolunun hazırda böhran yaşamasayla bağlı dəlilin alternativi yoxdu. Maliyyə problemi və telemüqavilələrdən gələn aşağı gəlir üzündən klublar yeni futbolçulara böyük pul xərcləyə bilmir. Bu mənada A seriyası İngiltərə premyer-liqasına heç yaxın da düşə bilməz. “İnter” isə bütün bu problemlər fonunda da birmənalı şəkildə ölkənin ən güclü komandasıdı. Kivu, sadəcə, potensialı dağıtmamalıydı ki, o da bu vəzifənin öhdəsindən parlaq şəkildə gəldi.
Bəs sonra?
Sonrası yenidənqurmanın davamı deməkdi. “İnter” yayda yenidən heyəti gücləndirmək niyyəti ilə bazara çıxacaq. Düzdü, çətin ki, bu axtarışın miqyası geniş ola. Axı “neradzurra” ÇL-də mübarizəni artıq 1/8 finalda dayandırıb, deməli, gözlədiyi qədər pul qazanmayıb. “Gazzetta dello Sport”un yazdığına inansaq, “İnter”in sahibi olan Amerikanın “Oaktree” fondu transferlər üçün 40 milyon avro ayıracaq. O qədər də böyük məbləğ deyil. Xüsusən də yayda Zommerla Mxitaryanın (çox güman, qalacaqlar), eləcə də De Vrey, Darmian və Açerbinin (çox güman, gedəcəklər) müqavilə müddətinin bitəcəyini nəzərə alsaq. Onların hamısına əvəzedici lazımdı.
Əvəzində Bastoninin “Barselona”ya satışından (İspaniyada və İtaliyada son bir ayda bu mövzuda çox yazırlar) klub xəzinəsinə yaxşı pul daxil olacaq. Mümkün sövdələşmə 60-80 milyon dəyərində qiymətləndirilir. Komandanı Frattezi ilə Luis Enrike də tərk edə bilər. “Transfermarkt” onları, uyğun olaraq, 22 və 23 milyona dəyərləndirir.
Mümkün transferlər sırasında isə “Tottenhem”in qapıçısı Gulyelmo Vikarionun, “Atalanta”nın lateralı Marko Palestranın, həmçinin mərkəz müdafiəçiləri Umar Sole (Udineze) ilə Mario Xilanın (Latsio) adı çəkilir. Bunlar əsasən yaşı çox olmayan, ancaq start heyətini gücləndirməyə qadir təcrübəli futbolçulardı. Odu ki, “İnter” yayda bazarda hedlaynerlərdən biri olacaq. Ən azı bunu əminliklə demək olar ki, rəhbərlik İnzaqiyə düz xələf seçib. İndi əsas olan budu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see365

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see327

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see318

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see303

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see288

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see264

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see240

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see222

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see199

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see180

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see175

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see174

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see173

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see171

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see163

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see155

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see154

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri