İpəkçilik və xalçaçılıq: yeni həyat qazanan milli irs
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın tarixi-mədəni yaddaşında xüsusi yer tutan ipəkçilik və xalçaçılıq təkcə qədim sənət və məişət ənənəsi deyil, həm də xalqın estetik dünyagörüşünü, mədəniyyətini, yaradıcılıq qabiliyyətini və iqtisadi həyat tərzini özündə birləşdirən mühüm fəaliyyət sahələridir. Eyni zamanda, əsrlər boyu Azərbaycanın ayrı-ayrı bölgələrində formalaşan toxuculuq məktəbləri, baramaçılıq ənənələri və xalçaçılıq sənəti milli kimliyin mühüm daşıyıcılarından biridir. Buna görə də Prezident İlham Əliyevin “Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında” 25 avqust 2026-cı il tarixli fərmanı həm milli mədəni irsin qorunması, həm də bu sahələrin müasir iqtisadi tələblərə uyğun şəkildə yenidən təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənəddə ipəkçiliyin və xalçaçılığın xalqımızın zəngin tarixi-mədəni irsində mühüm yer tutduğu, eyni zamanda, kənd təsərrüfatı və yüngül sənaye ilə sıx əlaqədə formalaşdığı xüsusi vurğulanır. Bu iki sahənin inkişafı yalnız mədəni və mənəvi dəyərlərin yaşadılması ilə məhdudlaşmır. Onlar həm də qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, regionlarda yeni məşğulluq imkanlarının yaradılması, ailə və kiçik sahibkarlığın inkişafı, yerli xammaldan istifadə səviyyəsinin yüksəldilməsi, ixrac potensialının genişləndirilməsi və “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi baxımından geniş imkanlara malikdir. Yeni fərman ayrı-ayrı müəssisələrin idarəetmə strukturunda dəyişiklik aparılması zəruriliyi ilə bərabər, həm də daha geniş məqsədə – ipəkçilik, xalçaçılıq və ümumilikdə milli sənətkarlıq irsinin vahid yanaşma, eləcə də müasir idarəetmə prinsipləri əsasında inkişaf etdirilməsinə xidmət edir.
Azərbaycan qədim zamanlardan ipəkçilik və toxuculuğun inkişaf etdiyi önəmli məkanlardan biri kimi tanınıb. Böyük İpək yolunun üzərində yerləşən ölkəmizin əlverişli coğrafi mövqeyi bu sahələrin inkişafına mühüm təsir göstərib. Xüsusilə Şəki və ətraf bölgələrdə ipəkçiliyin geniş yayılması, ipək məhsullarının hazırlanması və ticarəti əsrlər boyu iqtisadi həyatın mühüm istiqamətlərindən biri kimi diqqət çəkib.
Xalçaçılıq isə Azərbaycanın ayrı-ayrı bölgələrində formalaşan özünəməxsus sənət məktəbləri ilə xalqımızın dünya mədəniyyətinə verdiyi ən qiymətli töhfələrdən sayılır. Qarabağ, Quba, Şirvan, Gəncə, Qazax, Təbriz və digər xalçaçılıq məktəbləri öz ornamentləri, kompozisiya xüsusiyyətləri, rəng çalarları və texniki xüsusiyyətləri ilə seçilir. Azərbaycan xalçası məişətdə işlədilməsi ilə bərabər, xalqın tarixi yaddaşını, dünyagörüşünü və mədəni kodlarını yaşadan sənət nümunəsi kimi dəyərləndirilir.
Tarixi irs – milli sərvət
Müasir dövrdə əsas vəzifə bu zəngin irsi qoruyub saxlamaqla yanaşı, onu yeni iqtisadi və texnoloji imkanlarla uzlaşdırmaqdır. Buna görə də hazırda ənənə ilə innovasiyanın vəhdəti ipəkçilik və xalçaçılığın gələcək inkişaf modelinin əsasını təşkil edir. Belə ki, bu gün qədim toxuculuq üsulları, naxışlar və sənətkarlıq məktəblərinin qorunması ilə yanaşı, istehsalın normalara uyğun qurulması, məhsul dizaynı, marketinq, elektron ticarət və beynəlxalq satış mexanizmlərinin tətbiq edilməsi qarşıda mühüm vəzifələr kimi durur. Buna görə də fərmanda istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi məsələlərinin ön plana çıxarılması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda son illər ipəkçiliyin və xalçaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Dövlət dəstəyi nəticəsində baramaçılığın bərpası, tut ağaclarının əkilməsi, ipəkqurdu toxumçuluğunun inkişaf etdirilməsi, fermer və ailə təsərrüfatlarının bu sahəyə geniş cəlb olunması istiqamətində mühüm işlər görülüb.
Baramaçılığın inkişafı xüsusilə kənd yerlərində əhalinin əlavə gəlir mənbələrinin formalaşdırılması baxımından zəruridir. Bu fəaliyyət növü iri torpaq sahələrinin və yüksək kapitallı istehsalın zəruri olmadığı yaşayış yerlərində ailə təsərrüfatlarının, kənd sakinlərinin və kiçik sahibkarların iqtisadi fəallığının artırılması üçün əlverişli imkanlar yaradır.
Lakin təcrübə göstərir ki, ipəkçiliyin təkcə barama istehsalı ilə məhdudlaşdırılması yüksək iqtisadi səmərə vermir. Bu məsələdə xammalın istehsalından başlayaraq onun emal edilməsi, ipək sapının hazırlanması, toxuculuq məhsulları istehsalının diqqətdə saxlanılması, dizayn, brendləşmə və satış mərhələlərini birləşdirən tam dəyər zəncirinin qurulması mühüm önəm daşıyır. Əlavə dəyərin əsas hissəsi məhz emal və hazır məhsul mərhələsində formalaşır.
Bu baxımdan yeni fərmanın əhəmiyyətli tərəflərindən biri ipəkçilik və xalçaçılıq sahələrində idarəetmə və istehsal proseslərinə vahid yanaşmanın tətbiq olunmasıdır. Xammal istehsal edən fermer, onu emalını reallaşdıran müəssisə və həmin məhsulu daxili və xarici bazarlara çıxaran satış şəbəkəsi arasında əlaqələrin daha səmərəli qurulması qarşıya qoyulan əsas vəzifələrdən biridir.
Fərmanda nəzərdə tutulan əsas struktur dəyişikliklərindən biri də məhz bununla – “Azərxalça” ASC-nin “Azəripək” ASC-nin hüquqi varisi elan edilməsi ilə bağlıdır. Başqa sözlə, “Azəripək” ASC-nin bütün əmlakı, hüquqları və öhdəlikləri “Azərxalça” ASC-yə verilir. Eyni zamanda “Azəripək” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.
Bu qərar ipəkçiliklə xalçaçılıq arasında mövcud olan təbii və iqtisadi bağlılığın vahid idarəetmə modeli çərçivəsində daha səmərəli təşkilinə imkan yaradır. Çünki xalçaçılığın inkişafı təkcə hazır məhsulun toxunması ilə bağlı deyil. Burada istifadə edilən xammalın keyfiyyəti, iplik istehsalı, boyaçılıq, dizayn, toxuculuq avadanlıqları, sənətkar hazırlığı və satış infrastrukturu bir-biri ilə sıx bağlıdır.
Vahid idarəetmə modeli ehtiyatlardan daha səmərəli istifadə etməyə, paralel fəaliyyətin qarşısını almağa və sahələr üzrə uzunmüddətli inkişaf strategiyasını vahid mərkəzdən əlaqələndirməyə imkan verir. İpək və digər toxuculuq xammalının yerli istehsalının artırılması da xalçaçılıq və ümumilikdə yüngül sənayenin idxaldan asılılığının müəyyən qədər azalmasına şərait yaradır.
Bu yanaşma iqtisadiyyatın klaster prinsipi əsasında inkişaf etdirilməsi baxımından da önəmli sayılır. Müasir iqtisadiyyatda uğurlu sənaye modelləri ayrı-ayrı müəssisələrin fəaliyyətindən daha çox onların bir-biri ilə əlaqəli ekosistem yaratmasına əsaslanır. İpəkçilik və xalçaçılıq üzrə belə ekosistem kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye, təhsil, elm, dizayn, turizm və ticarəti özündə birləşdirir.
Fərmanda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının əmlakı ilə birlikdə “Azərxalça” ASC-nin tabeliyinə verilməsi də təsadüfi deyil. Bu, ipəkçiliyin davamlı inkişafı üçün damazlıq və toxumçuluq fəaliyyətinin əsas məsələlərdən biri olması ilə bağlıdır. Başqa sözlə, yüksək keyfiyyətli və məhsuldar barama istehsalı birbaşa olaraq sağlam və keyfiyyətli ipəkqurdu toxumundan, elmi əsaslarla aparılan seleksiya işindən və müasir damazlıq sisteminin düzgün qurulmasından asılıdır. Bu səbəbdən damazlıq işinin yenidən təşkili sahənin gələcək inkişafının mühüm elementlərindən biri hesab edilir.
Burada əsas məqsəd mövcud infrastrukturu qorumaqla yanaşı, həm də elmi-tədqiqat potensialını gücləndirmək, yeni və məhsuldar ipəkqurdu cinslərini yetişdirmək, xəstəliklərə davamlılığı artırmaq, eləcə də istehsalçılara müasir elmi-metodiki xidmət göstərməkdir. Eyni zamanda, gələcəkdə ipəkçilik üzrə elmi-tədqiqat müəssisələri, kənd təsərrüfatı strukturları, peşə və ali təhsil müəssisələri ilə istehsal subyektləri arasında daha sıx əməkdaşlığın qurulmasıdır. Elm və istehsalın əlaqələndirilməsi bu sahənin təsadüfi və mövsümi fəaliyyət formasından daha dayanıqlı aqrar-sənaye istiqamətinə çevrilməsini zəruri edir.
Yaşayan və yaşadan sənət
Azərbaycan xalçaçılığı dünya miqyasında tanınan milli mədəni dəyərlərdən biri kimi qiymətləndirilib. Bu sahənin inkişafı məqsədilə həyata keçirilən dövlət siyasəti son illər həm sənətkarlıq ənənələrinin qorunmasına, həm də xalça istehsalının müasir iqtisadi münasibətlərə uyğunlaşdırılmasına yönəldilib. Xalçaçılıq müəssisələrinin və istehsal emalatxanalarının qurulması ilə regionlarda yeni iş yerlərinin açılmasına, bir sıra bölgələrdə ailə və ev təsərrüfatlarının sürətlə çoxalmasına və gənc nəslin qədim sənətkarlıq ənənələrinə marağının artırılmasına əlverişli şərait yaradılıb.
Bununla belə, müasir dövrdə xalçaçılığın qarşısında yeni çağırışlar dayanır. Belə ki, ənənəvi əl əməyinə əsaslanan məhsulun maya dəyərinin yüksək olması hazırda ciddi narahatlıq doğurur, istehsal prosesi isə uzun zaman tələb edir. Buna görə də beynəlxalq bazarda sənaye üsulu ilə istehsal olunan daha ucuz məhsullarla rəqabət aparmaq çətindir. Azərbaycan xalçasının əsas üstünlüyü isə kütləvi məhsul istehsalında deyil, onun yüksək sənət dəyərində, orijinallığında, keyfiyyətində və tarixi-mədəni məzmununda olması ilə bağlıdır.
Bu baxımdan Azərbaycan xalçası sadəcə döşəmə örtüyü kimi deyil, incəsənət və dizayn nümunəsi, interyer elementi, kolleksiya məhsulu və mədəni brend kimi beynəlxalq bazarlara təqdim edilməlidir. Bunun üçün müasir marketinq və satış mexanizmləri tətbiqinin diqqətdə saxlanılması, məhsulların mənşəyi və keyfiyyətinin sertifikatlaşdırılması, dizaynın bazar tələblərinə uyğunlaşdırılması böyük əhəmiyyət daşıyır.
Yeni fərmanın mühüm istiqamətlərindən biri də milli sənətkarlıq irsinin qorunması və təbliğidir. Bu yanaşma məsələyə təkcə iqtisadi gəlir prizmasından baxılmadığını göstərir. Çünki bəzi sənətkarlıq növlərinin əsas iqtisadi gəlirliyi yüksək olmasa da, onların milli mədəniyyət üçün əhəmiyyəti olduqca böyükdür. Xalçaçılıqla yanaşı, ipək toxuculuğu, kəlağayı sənəti, tikmə, misgərlik, ağac və daş üzərində işləmə, zərgərlik və digər ənənəvi sənət növləri xalqın çoxəsrlik yaradıcılıq təcrübəsini yaşadır.
Bu irsin qorunması üçün ustad sənətkarların təcrübəsinin yeni nəslə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Bir çox ənənəvi peşələrin gələcəyi məhz peşəkar ustaların yetişdirilməsindən asılıdır. Bu məqsədlə peşə təhsili müəssisələrində, ixtisaslaşmış kurslarda və sənətkarlıq mərkəzlərində xalçaçı, toxucu, dizayner, boyaçı və digər ixtisaslar üzrə hazırlığın genişləndirilməsi zəruridir. Bundan başqa təcrübəli sənətkarların bilik və bacarıqlarının sistemli şəkildə sənədləşdirilməsi, rəqəmsal arxivlərin yaradılması və gənclərin bu sənət sahələrinə cəlb edilməsi milli sənətkarlıq irsinin davamlılığını təmin edən əsas amillərdəndir.
Fərmanda elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi isə gələcək inkişaf üçün strateji əhəmiyyət daşıyır. Buna görə də ipəkçilik və xalçaçılıq yalnız ənənəyə əsaslanan sahələr kimi deyil, həm də elmi və texnoloji yeniliklərdən yararlanan müasir fəaliyyət istiqamətləri kimi inkişaf etdirilməlidir. İpəkqurdu seleksiyasının diqqətdə saxlanılması, tut ağaclarının yeni sortlarının yetişdirilməsi, təbii boyaların araşdırılması, yun və ipək liflərinin keyfiyyətinin artırılması, toxuculuq texnologiyalarının təkmilləşdirilməsi bu baxımdan zəruri istiqamətlərdir.
Xalçaçılıqda isə ənənəvi ornamentlərin və kompozisiyaların qorunması ilə yanaşı, müasir interyer və dizayn meyillərinin öyrənilməsi vacibdir. Dünyanın müxtəlif bazarlarında istehlakçı zövqləri dəyişir və Azərbaycan istehsalçısı bu dəyişikləri nəzərə almalıdır. Ənənəvi motivlər əsasında yeni məhsul nümunələrinin hazırlanması, kiçikölçülü dekorativ xalçaların, divar panellərinin, dizayn və suvenir məhsullarının istehsalı ilə ixrac imkanları da genişləndirilməlidir.
Bu sahədə rəqəmsal texnologiyalardan istifadəyə də üstünlük verilməli, Azərbaycan xalçalarının naxışlarının rəqəmsallaşdırılması, elektron kataloqların hazırlanması, virtual sərgilərin təşkil edilməsi, məhsulların beynəlxalq elektron ticarət platformalarında təqdim olunması diqqətdə saxlanılmalı, milli sənət nümunələri daha geniş auditoriyaya çatdırılmalıdır.
Milli məşğulluq brendi
Prezident İlham Əliyevin sözügedən fərmanı ipəkçilik və xalçaçılıq sahələrində son illər həyata keçirilən siyasətin məntiqi davamı olmaqla yanaşı, bu istiqamətlərdə yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edir. Sənəddə qarşıya qoyulan əsas vəzifələr sırasında yer alan idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal bazasının möhkəmləndirilməsi, istehsal zəncirinin genişləndirilməsi, damazlıq işinin yenidən təşkil olunması, elmi araşdırmaların və peşəkar kadr hazırlığının gücləndirilməsi, məhsul keyfiyyətinin yüksəldilməsi və ixrac imkanlarının artırılması məsələləri bir-biri ilə qarşılıqlı əlaqədə olan vahid inkişaf modelini formalaşdırır.
Bu modelin uğuru isə, ilk növbədə, fərmanda nəzərdə tutulan qərarların praktik həyata keçirilməsindən asılıdır. Burada institusional dəyişikliklər aparmaqla yanaşı, konkret iqtisadi nəticələrin əldə olunması vacibdir. Tut bağlarının genişləndirilməsi, keyfiyyətli barama istehsalının artırılması, emal müəssisələrinin səmərəli fəaliyyət göstərməsi, yerli iplik və toxuculuq məhsullarının istehsalının genişləndirilməsi, xalçaçılıq məktəblərinin qorunması və yeni sənətkar nəslinin yetişdirilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer almalıdır.
Eyni zamanda, dövlət dəstəyi ilə bərabər, özəl sektorun, fərdi sahibkarların, ailə təsərrüfatlarının və yaradıcı gənclərin bu sahələrə marağının artırılması vacibdir. Çünki milli sənətkarlıq yalnız dövlət müəssisələrinin fəaliyyəti hesabına yaşaya bilməz. Onun davamlılığı sənətkarın, istehsalçının və sahibkarın iqtisadi marağı ilə birbaşa bağlıdır.
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı məsələsi bir neçə strateji məqsədi də özündə birləşdirir. Bu, həm milli mədəni irsin qorunması, qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, regionlarda məşğulluğun artırılması, həm də yerli məhsulların dünya bazarlarına çıxarılması deməkdir. Ən başlıcası isə əsrlər boyu xalqımızın zəhməti və yaradıcılığı ilə formalaşmış bu sənət sahələri müasir dövrdə yalnız keçmişin yadigarı kimi deyil, gələcəyin iqtisadi və mədəni inkişaf resursu kimi qiymətləndirilir. Prezident İlham Əliyevin imzaladığı fərmanı da məhz bu yanaşmanı, yəni zəngin tarixi irsi qorumaqla onu müasir iqtisadiyyatın imkanları ilə birləşdirmək, ənənəni yeni inkişaf mərhələsinə daşımaq məqsədini ortaya qoyur.
Beləliklə, Azərbaycan xalçasının ilmələrində və ipəyin incə tellərində yaşayan yüzilliklər boyu formalaşmış zəngin irsin yeni iqtisadi məzmunla davam etdirilməsi həm milli mədəniyyətimizin qorunmasına, həm də ölkənin dayanıqlı və şaxələndirilmiş inkişafına mühüm töhfə verə bilər.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 27 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















