İqtisadiyyatın “dəmir damarı”
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 iyun, Abdulla Suvar, AZƏRTAC
Proloq əvəzi
Azərbaycanda ilk dəmiryolçu kim olub, ilk qatarı kim idarə edib, onu kimlər yola salıb, kimlər qarşılayıb?
Əlbəttə, bu suallara cavab vermək iddiasında deyiləm. Amma onu bilirəm ki, ilk qatarın sükanından kim tutubsa, həmin gün onun evində, yaşadığı məhəllədə toy-bayram olub. Bəlkə də onun görüşünə yaxın-uzaq qohumlar da gəlib. Hamıya maraqlı gəlib ki, bu nə texnikadır, necə hərəkət edir, necə idarə olunur, onunla yol getmək necə olur? Kim bilir, bəlkə də onu günlərlə sorğu-suala tutublar.
O vaxtdan 145 il keçir...
Onu bilirəm ki, hər bir nəqliyyat vasitəsi kimi qatarın da özünəməxsus səsi var. Evimiz qatar yolunun kənarında yerləşdiyindən gözümü bu dünyaya açandan onun səsini eşitmişəm. Səhərlər polad qollar üzərində şütüyən qatarların səsinə oyanmışam, axşamlar onun relslər üzərindəki taqqıltısı altında yuxuya getmişəm. Lap körpə vaxtlarımda güllü beşiyimdə eşitdiyim ana laylası ilə yanaşı qatarların səsi də mənə layla çalıb...
Vağzal: Qatarın start yeri
Digər sənaye sahələrindən fərqli olaraq nəqliyyat yeni “məhsul” istehsal etmir. Nəqliyyatın başlıca funksiyası yük və sərnişinlərin daşınaraq lazımi ünvana çatdırılmasıdır. Məhsul onda hazır hesab olunur ki, bilavasitə istehlakçıya çatdırılsın. İstehsal sahəsində həmin əməliyyatı nəqliyyat yerinə yetirir. Nəqliyyat-istehsalçı ilə istehlakçı arasında əmtəə və xidmət əlaqələrini birləşdirən bənddir. Onsuz bazar və bazar münasibətləri ola bilməz. Beləliklə, nəqliyyat regionların sosial və iqtisadi cəhətdən formalaşmasını sürətləndirir, onların arasındakı qarşılıqlı iqtisadi əlaqələrin yaranmasına və genişlənməsinə stimul yaradır.

Nəqliyyat növləri arasındakı “əmək bölgüsündə” dəmiryol nəqliyyatının rolu əvəzolunmazdır. Dəmiryol nəqliyyatı, onu digər nəqliyyat növlərindən fərqləndirən iqtisadi, texniki xüsusiyyətlərə və üstünlüklərə malikdir. Ölkəmizdə əsas nəqliyyat növlərindən biri də dəmiryol nəqliyyatıdır.
Qatar yola çıxır...
Azərbaycanda dəmir yolu tikintisinin başlanması və onun sonrakı inkişafı neftin çıxarılması, emalı və daşınması ilə sıx şəkildə bağlıdır. Bakı nefti və onun sənaye istehsalı əvvəlcə paytaxtda, sonra isə bütün ölkədə dəmir yolunun çəkilməsinə əsas oldu.
Beləliklə, 1878-ci ildə neft daşınmasının təkmilləşdirilməsi məqsədlə Azərbaycanda ilk dəmiryolunun çəkilişinə başlanılıb və 1880-cı ilin yanvarında uzunluğu 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı xətti istifadəyə verilib. Bu, ölkəmizin dəmiryol xəritəsinə düşən il xətt olub. Dünyada ilk dəfə neftin məhz bu yolla sisternlərlə daşınmasına başlanılıb.
Dəmiryol nəqliyyatından istifadə əsasən kütləvi sürətdə yük və sərnişin daşımalarından ibarətdir. Daşımalardan əldə edilən gəlirin təxminən 80 faizi yük daşımalarının payına düşür. Sərnişinlərin daşınmasında isə yerli, şəhər ətrafı və beynəlxalq, daşımalar üstünlük təşkil edir. Ölkəmizin dəmir yollarında 170-dən çox müxtəlif təyinatlı stansiyalar var. Yük və sərnişin axını əsasən həmin stansiyalarda yaranır. Stansiyalar vağzallardan, sərnişin platformalarından, anbarlardan, konteyner-yük terminallarından, işarəvermə-rabitə qurğularından, yükvurma-yükboşaltma mexanizmlərindən, texniki xidmət məntəqələrindən və s. ibarətdir.

Dəmiryol nəqliyyatında sərnişinlərin və yüklərin daşınması elektrovoz və teplovozların köməyi ilə yerinə yetirilir. Hazırda ölkəmizin dəmir yollarının 1280 kilometri elektrikləşdirilib. Dəmir yolunda daşıma prosesinin 80 faizi elektrik dartısının köməyi ilə aparılır.
Qatar yol gedir...
Ölkəmizdə dəmir yolunun idarə olunması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə Yollar Nazirliyinin tərkibində “Dəmir yolu idarəsi” formasında təşəkkül tapıb. Həmin dövrdə ən nəhəng işlərdən biri Ələt-Culfa dəmir yolu xəttinin çəkilişinin bərpa edilməsi idi. Həmin yol böyük iqtisadi və hərbi-strateji əhəmiyyət kəsb edərək Bakını Təbrizlə birləşdirməli idi. Ələt-Culfa dəmir yolunun böyük hərbi-strateji, iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki rolunu nəzərə alaraq, 1918-ci il mayın 8-də AXC Məclisi yolun çəkilişi barədə qərar qəbul edib. Bu məqsədlə 250 milyon manat vəsait ayrılıb və gələcəkdə daha 500 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Ermənistanın Bakıdakı nümayəndəsi həmin yolun çəkilişi haqqında öz hökumətinin etirazını bildirib. Türkiyə dövləti ilə AXC arasında qarşılıqlı sıx əlaqələr bu işə kənar müdaxilənin qarşısını alıb. 1919-cu il mayın 8-də Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında “Dəmir yollarına dair iki tərəfli qarşılıqlı texniki iqtisadi yardım haqqında” beşillik saziş imzalanıb. Müqaviləyə görə, Azərbaycan dəmir yolları sisteminə maddi-texniki kömək göstərməyi və ona himayə etməyi həmin müddətdə Türkiyə hökuməti öhdəsinə götürüb. Təəssüf ki, 1920-ci ilin aprelində AXC-nın süqutu və Azərbaycanda Sovet hakimiyyətinin qurulması nəticəsində ölkəmizdə olan polad yollar yenidən Rusiya dəmir yolu şəbəkəsinə qoşulub. 1921-ci il aprelin 14-dən isə Zaqafqaziya Dəmir Yolu Birliyinə daxil olub.

İkinci Dünya müharibəsi illərində Azərbaycan dəmiryolçuları hərbi eşalonların və transpartyorların, yüklərin, sənaye və kənd təsərrüfatı məhsullarının daşınması üzrə bütün tapşırıqları böyük əzmkarlıqla yerinə yetiriblər. Müharibə illərində Azərbaycan dəmiryolçuları bir milyon üç yüz min vaqonun, o cümlədən 600 min ton neft məhsulu vurulmuş sisternanın yüklənməsini və yola salınmasını təmin edib. Azərbaycan dəmiryolçuları 1945-ci ildə yük dövriyyəsini 2134 milyon ton kilometrə çatdırıblar.
Müstəqillik illərindəki qatar
Əbəs yerə dəmir yollarını “iqtisadiyyatın damarı” adlandırmırlar. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyi qazanandan sonra dəmiryolu infrastrukturu yeni inkişaf yoluna qədəm qoyub. Aparılmış işlər nəticəsi olaraq Azərbaycanda dəmir yolunun (baş yolların) ümumi açılış uzunluğu 3 min kilometrə yaxın, istismar uzunluğu isə 2 min kilometrdən çox artıb.
Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq nəqliyyat dəhlizlərinin vacib halqasına çevrilməsini şərtləndirir. “Azərbaycan Dəmir Yolları” QSC həmin konteksdə yalnız daxili infrastrukturun idarəedici qurumu deyil, həm də qlobal ticarət marşrutlarının formalaşmasında aktiv iştirak edən bir aktordur. İnnovasiya, əməkdaşlıq və strateji investisiyalar sayəsində Azərbaycan, Avropa-Asiya ticarətində əvəzsiz tranzit mərkəzinə çevrilmək yolunda irəliləyir.
Qarabağa gedən qatar
Ötən əsrin 80-ci illərinin axırı-90-cı illərinin əvvəlində Qarabağ və ətraf rayonlarda Ermənistanın yaratdığı münaqişə və Naxçıvan Muxtar Respublikasının blokadaya salınması nəticəsində ölkəmizdə dəmir yolunun ahəngdar işi pozulub. Münaqişə nəticəsində 1988-1993-cu illərdə Azərbaycan dəmir yoluna 68,295 milyard rubl dəyərində maddi ziyan vurulub. O cümlədən, 21 ədəd teplovoz, 20 ədəd sərnişin vaqonu, 1198 ədəd yük vaqonu, 156 kilometr elektrik ötürmə xətti, 5 körpü və digər obyekt və mühəndis qurğuları məhv edilib. Azərbaycan dəmir yolunun 140 kilometr istismar uzunluğunda xətti və 30 stansiyası Ermənistan işğalçıları tərəfindən zəbt olunaraq tamamilə dağıdılıb.

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə 30 illik yurd həsrətinə son qoymaqla yanaşı işğaldan azad edilmiş torpaqlara yeni bir nəfəs, yeni bir dirçəliş gətirib. 2021-ci ildə Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməli qoyulub. Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 78 faiz yerinə yetirilib, tikinti işlərinin yarıdan çoxu icra edilib. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 85 faizi yerinə yetirilib. Gələn il onun başa çatdılrlması nəzərdə tutulub.
Sürət qatarı
Bu gün ölkəmizin dəmiryol xəritəsində sürət qatarlarının sayı artmaqdadır. Nəticədə yük və sərnişin qatarlarının hərəkət sürəti əhəmiyyətli dərəcədə artıb. Son illər ərzində ekspres qatarlarının sürətinin saatda 140 kilometrə qədər çatdırılması üçün dəmir yollarında yeni rekonstruksiya işləri aparılır.
Görülmüş işlərin nəticəsi olaraq XXI əsrin əsas tikintilərindən olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu istifadəyə verilib. 2017-ci ildə istismara verilən dəmiryol xətti Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən keçərək Türkiyənin Qars şəhərinə uzanır. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına səbəb olub. Onun vasitəsi ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 günə qədər qısalıb. Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin də daşınmasına start veriləcək.
Bu ilin iyunun 15-dən isə beşillik fasilədən sonra Bakı-Qazax-Bakı marşrutu üzrə sürət qatarı fəaliyyətə başlayıb. Əvvəllər qatarla Bakıdan Qazaxa 8 saat 25 dəqiqəyə çatan sərnişinlər indi həmin məsafəni 5 saat 36 dəqiqəyə qət edəcəklər. İlkin qiymətləndirmələrə görə, həmin marşrut üzrə illik əlavə 10 minə yaxın sərnişinin daşınacağı gözlənilir.
2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası, 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xətti yenidənqurmadan sonra istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Həmin yol Bakı və Abşeron yarımadasının ən vacib nəqliyyat layihələrindən biridir.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan dəmir yolunun lokomotiv və vaqon parkı hazırda Avropa və MDB ölkələrində istehsal olunan yeni nəsil hərəkət tərkibləri ilə təchiz olunur.
Epiloq əvəzi
Bir vaxtlar taqqıltısı ilə uşaq yuxularıma layla çalan qatarların yolu indi çox uzanıb. Müxtəlif yükləri vaxtlı-vaxtında ünvandan-ünvana, sərnişinləri mənzil başına çatdıran qatarlar fit verib stansiyaya daxil olurlar. Ana qucağı kimi açılan polad qollar onları qoynuna alır...
Yazı, “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.


