İran vətəndaşı Ermənistan həbsxanasında aclıq aksiyasına başlayıb: Dodaqlarını tikib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sərhədi qanunsuz keçmək" ittihamı ilə on bir aydır Ermənistanın Armavir həbsxanasında saxlanılan Mohammad Xavaşemzadə adlı İran vətəndaşı aclıq aksiyasına başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, o, həmçinin "Qadın, həyat, azadlıq" hərəkatında iştirak etdiyi üçün İranda da həbsxanaya salınıb.
Keçmiş siyasi məhbusun sözlərinə görə, həbsxanadan müvəqqəti azad edildikdən sonra İranın xüsusi xidmət orqanları onu izləməkdə davam edib və təzyiq göstərib. Onu SEPAH ilə əməkdaşlıq etməyə və "Iran International" telekanalının iki jurnalistinin oğurlanmasında iştiraka məcbur ediblər. Mohammad bundan imtina edib və nəticədə İranı tərk edərək Ermənistana getməyə məcbur olub.
29 yaşlı siyasi məhbus 2024-cü il iyulun 6-da Ermənistanı tərk etməyə cəhd edərkən həbs edilib və "sərhədi qanunsuz keçmək" ittihamı ilə 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Çox güman ki, uzunmüddətli cəza İranın İrəvandakı səfirliyi ilə razılaşdırılıb.


