İrandakı etirazlardan gözlənilən nəticələr: Geosiyasi toqquşma, ağır iqtisadi durum və hakimiyyətin ötürülməsi
Icma.az bildirir, Moderator.az portalına istinadən.
İranda iqtisadi və sosial xaosun dərinləşməsi ilə müşayiət olunan etirazlar gücləndikcə, bu, silahlı üsyanın da genişlənməsinə yol açır. İran üçün etirazlar xarakterikdir. Bununla belə sonuncu protest dalğası Tehranın onilliklər ərzində üzləşdiyi ən zəif mövqeyində onu yaxalayıb.
Əvvəlki proseslərdən fərqli olaraq, budəfəki iğtişaşlar İranın əsas sütunları - iqtisadi davamlılığı, məcburetmə qabiliyyəti və xarici çəkindirmənin - eyni vaxtda sistemli böhran yaratdığı anda rejimi vurur.
Etirazlarda təşkilatlanma geniş ölçüdə hiss olunmur, ancaq aksiyalarla rejimin dəyişdirilməsi və ya yumşalması həddinə çatdırılması prosesi icra edilir. Bu ssenari üzrə təşkilatlanmada İranın İslam İnqilabı nəticəsində devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi məsuliyyəti öz inhisarına almağa çalışır. Lakin bunun uğur qazanacağı şübhəlidir. Ona görə ki, protest elektoratı Şah irsinin yenidən qurulmasını hədəfləmir. Üstəlik İslam İnqilabı ətrafında birləşmiş kütlələr Rza Pəhləvini aqressiya ilə qarşılayırlar.
Hazırda İranda etirazlarda silahlı qiyam kimi çalarlar da inkişaf edir və bu, dinc aksiyaçılarla iğtişaşçılar arasında fərq yaradır. İranın ali dini rəhbəri və digər yüksək səviyyəli İran rəsmiləri bu fərqləri ideoloji hekayələri gücləndirmək vasitəsi kimi inkişaf etdirir.
Rejim əleyhinə qruplar da daxil olmaqla, yeddi kürd təşkilatı İran üzrə ümumi tətil çağırışı edib.
2025-ci ilin son aylarında bəlucların koalisiyası kimi yaranan Mobarizoun Xalq Cəbhəsi İranın müxtəlif yerlərində etirazçılara qarşı zorakılıqla mübarizəsinə cavab olaraq, 7 yanvarda İran Hüquq-Mühafizə Komandanlığının zabitlərini İranşəhr, Sistan və Bəlucistan əyalətlərində öldürüb.
Kürd və bəluc amili üzərindən fokuslanma davam edərsə, İrandakı proseslərin iqtisadi-sosial etirazlardan kəskin siyasi və silahlı üsyan "fay xətti"nə keçidi qaçılmaz ola bilər. Xüsusilə son aylarda İsrail və ABŞ-nin bəluclara xüsusi diqqətini nəzərə alanda demək mümkündür ki, həmin qruplar qarşısında rejim əleyhinə mitinqlərin flaqmanı olmaq tapşırığı qoyula bilər.
Geosiyasi toqquşma anı
Bunların fonunda ABŞ Prezidenti Donald Trampın İranı yeni hərbi ritorika ilə təhdid etməsi molla rejimini təzyiq altında saxlamaq, onu psixoloji atmosferə salmaq məqsədi daşıyır.
Daha dərin qatda Tramp təhdidlərdən xal qazanmaq üçün bir vasitə kimi istifadə edir. Bu, effektiv üsuldur və əlavə xərc çəkmədən İranı qeyri-müəyyənlik və psixoloji təzyiq vəziyyətinə salır. İran məsələsində belə təhdidlər həmçinin rejim daxilindəki daxili hesablaşmalara təsir göstərmək, sosial bölünmələri şiddətləndirmək və Tehranın sponsorluq etdiyi müqavimət oxuna çəkindirici mesaj göndərmək məqsədlərini ehtiva edir.
Donald Trampın İranla əlaqədar ABŞ-nin klassik strategiyasından çıxış edərək hərbi təhdid səsini gücləndirməsi başqa bir səbəblə də əlaqəlidir. ABŞ lideri hər nə qədər Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna üzrə razılaşmaya meyilli olsa da, Moskvanın Tehranda yeni nüfuz dairəsi axtarması Ağ Evi qəzəbləndirir.
Bu, İranla İsrail arasındakı mümkün vasitəçilik səylərinin perspektivini vurğulayan kodlarla əlaqəlidir. Vladmir Putinin İran və İsrail arasında hərbi eskalasiyanın baş verməməsi üçün hər iki tərəfə "ortaq dostluq" münasibəti göstərməsinə dair iddialar bu cəhətdən təsadüfi sayıla bilməz. Digər tərəfdən isə Çin İranla İsrail arasındakı münasibətlərin nizamlanmasında davamlı moderatorluq etmək səylərini nümayiş etdirə biləcək portfelə yiyələnib. İranın 2025-ci ilin iyun ayındakı 12 günlük müharibədən sonra İsraillə yeni eskalasiyaya hazırlıq üçün lazım olan silahları Rusiya və Çindən idxal etməsini də prosesə əlavə edəndə ABŞ üçün qəbuledilməz tendensiyalar üzə çıxır. Ona görə ki, İranın təhlükəsizlik üçün zəmanəti Rusiya və Çində axtarması perspektiv müharibənin xarici əlaqələr üzrə yanaşmalarını meydana çıxarır.
Digər bir nüans isə Rusiyanın İran daxilində geosiyasi nüfuz bölgüsü qurmaq planlarının genişlənməsinə dair iddiaların məntiqində gizlənir. Təsadüfi deyil ki, bir müddət öncə, İranın siyasi diskursunda, Rusiyanın tarixi kontekstdən (1907-ci il Britaniya-Rusiya sazişi ilə İranı nüfuz dairəsinə bölmək-A.K.) çıxış edərək İran daxilində əhəmiyyətli təsir dairəsi yaratmaq istədiyinə dair həyəcan təbili çalınmışdı. Üstəlik nə Rusiya, nə də Çin İranın ən kritik təhlükəsizlik böhranı ilə üzləşməsində Tehrana dəstək verir. 12 günlük müharibə zamanı bu, daha aydın göründü, ondan sonra isə Moskvanın İran üçün təhlükəsizlik çətiri kimi çıxış etməməsi ehtimalları yüksəkdir. Əgər Rusiya İran daxilinə fərqli geosiyasi dizayn verməyə çalışırsa, Moskvanın silah ixracı ilə Tehranın təhlükəsizliyini asılı vəziyyətə salması Kreml üçün prioritetdir.
Yox, əgər bunlar geniş tabloda ABŞ və Rusiyanın Ukrayna üzərindən qurduğu geosiyasi bazarlığın bir hissəsidirsə, onda:
- ABŞ Rusiyanın nüfuz dairələrinə genişmiqyaslı planda daxil olur;
- Əvəzində Rusiya İran və Tehranın strategiyasındakı boşluqlardan istifadə edərək onu İsraillə "barışdırır";
- Rusiya güzəştə getdiyi zonalar müqabilində Avropada Ukraynanı, Yaxın Şərqdə isə İranın maraqlarını nəzarətə götürür.
Bunlar İrana bağlı strategiyaların Qərb-Rusiya-Çin qarşıdurmasındakı geosiyasi rəqabətin rəngini dəyişə biləcək hadisələrdir.
Nüvə faylı və varislik
İyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə ard-arda hava zərbələri endirməsindən bəri qızğın və siyasiləşmiş ictimai müzakirələr çoxaldı. Müzakirələr hücumların Tehranın nüvə silahı yaratmaq qabiliyyətini sıradan çıxarıb-çıxarmamasına, yaxud onu sadəcə bir neçə ay və ya illər geridə qoymasına yönəlib. Lakin bir kritik məqam böyük ölçüdə nəzərə alınır: İranın 400 kiloqramdan çox zənginləşdirilmiş uran ehtiyatı nüvə silahının yaradılması ilə nəticələnə bilər. 408 kiloqramlıq 60 faizdən yuxarı zənginləşdirilmiş uranın gizlədildiyi yer isə bəlli olmayıb və ya bu barədə məlumatlar beynəlxalq ictimaiyyətdən gizlədilir. Bu nüvə faylına çıxış başda İsrail olmaqla, ABŞ, Rusiya və Çin üçün vacibdir.
Nüvə faylı Seyid Əli Xameneinin həm daxili auditoriyaya ünvanlanan xitabları, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesajlarında İranı güclü tərəfdən göstərmək səylərini gücləndirir. İrandakı etirazların xarakter və şüarlarında isə İranın nüvə proqramı əleyhinə fikirlərin nəzərə çarpmaması bu anda Əli Xamenei üçün fürsətdir.
Ancaq İrandakı etirazlara Xamenei üçün "başqa bir pəncərədən baxmaq" da gündəmdə ola bilər. Etirazlar iqtisadi böhrana və əhalinin sosial təzyiq altında qalmasına qarşı verilən reaksiya olsa da, elitadakı narazılıq bundan daha da irəli gedir. Hər iki faktor, İran İslam Respublikasının siyasi quruluşu ilə əlaqədar elita arasında çoxdan başlanan daha dərin qarşıdurmanı ifadə edir.
İranın 86 yaşlı ali lideri Əli Xameneinin xələfi uğrunda mübarizə siyasi hakimiyyətin mərkəzində gərginləşir, bunun ictimai əks-sədasını doğurur. Yəni Tehran ağır iqtisadi tənəzzül, sarsıdıcı strateji geriləmələr və dərin daxili narazılıqlarla üzləşdikcə, siyasi elita Xameneidən sonrakı dövr üçün fəal şəkildə manevr edir.
Hakimiyyətin ən üst mərtəbəsi uğrunda ən güclü iddiaçılar kimi üç ad ön plana çıxır:
- Liberal düşərgəni təmsil edən keçmiş prezident Həsən Ruhani;
- İslam Respublikasının qurucusu Ruhulla Musəvi Xomeyninin nəvəsi Həsən Xomeyni;
- Seyid Əli Xameninin oğlu Müctəba Xamenei.
Hərçənd ki, İslam Respublikası irsi monarxiyanın açıq şəkildə rədd edilməsi üzərində qurulub. Bu nöqtədə Müctəba Xameneinin mövqeləri zəif görünə bilər. Lakin dərin sularda vəziyyət fərqlidir.
Onlar arasındakı mübarizə mürəkkəb və çoxqatlı olmaqla İslam Respublikasının bütün sferalarına, o cümlədən ictimai, siyasi və təhlükəsizlik institutlarına qədər uzanır.
Bu rəqabət artıq ruhani elitadan kənara çıxaraq SEPAH-ı, siyasi təsisatları, hətta İranın maliyyəsi ilə ayaqda duran proksi hərəkatları da əhatə edir.
Xüsusilə Həsən Xomeyninin və Müctəba Xameneinin təhlükəsizlik, kəşfiyyat orqanlarında təsirə malik olmaları rəqabətin miqyasındakı etirazlar səhnəsinə baxmağa imkan verir.
Başda Seyid Əli Xamenei olmaqla, İran rejiminin, yüksək vəzifəli rəsmilərin "iğtişaşçılar" və "etirazçılar" arasında fərq qoyması və "iğtişaşçılara" qarşı sərt tədbirlər görməyə çağırmaları mitinqlərin yatırılması üsulunda elitada fikirlərin parçalanmasını göstərir. Bu etirazlarda Həsən Ruhaninin, Həsən Xomeyninin və Müctəba Xameneinin birbaşa rollarını müəyyənləşdirmək qəlizdir, lakin İranda hakimiyyətə qarşı ictimai qəzəbin yüksəlməsi onlar arasındakı rəqabətin bir elementi kimi şərh oluna bilər.
Nəticə və proqnozlar
İrandakı iğtişaşlar və dinc etirazlarda iştirak edənlər rejiminin iqtisadi və sosial təzyiqlərinə qarşı çıxırlar. Ancaq proseslər daha dərin geosiyasi qarşıdurmanın mətnindəki fraqmentlərə də nəzər cəlb edir. İranda hakimiyyətin ötürülməsi prosesinin ağrılı olmasına gəlincə, bu, eyni kitabın başqa səhifələridir. Bu cəhətdən İran hakimiyyəti görünməmiş intensivlikdə və miqyasda etirazlarla üzləşməyə davam edəcək.
Lakin İran rejimi güclü ideoloji alət və çalarlarla xalqı xitabət kürsüsündən sakitləşdirməyə etibar edir. Bu, etirazların güc və bəyanatlar yolu ilə hibrid yatırılması metodları üçün stimul olacaq.
Ancaq İran dərin siyasi transformasiyadan keçir. Bu cəhətdən etirazlar ruhani sistemin fundamental şəkildə haqlı olduğuna dair ideoloji iddia üzərində qurulması çərçivələrini dağıdacaq həddə qədər yetişə bilər.
Aqşin Kərimov,
Siyasi təhlilçi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















