İranlı ekspert: Rəşt Astara dəmir yolu regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini artıracaq MÜSAHİBƏ
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 aprel, Tamilla Məmmədova, AZƏRTAC
Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian rəsmi səfərlə Azərbaycanın paytaxtı Bakıya gəlib. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirib. Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi və regional, həmçinin qlobal səviyyədə əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı iradəni təsdiqləyiblər. Birgə mətbuat konfransında çıxış edən Məsud Pezeşkian regionun aktual məsələlərinin həllində əlaqələndirilmiş səylərin əhəmiyyətini vurğulayıb və iki dost ölkə arasında münasibətlərin ardıcıl şəkildə möhkəmlənəcəyinə əminliyini ifadə edib.
AZƏRTAC Yaxın Şərq siyasəti üzrə iranlı ekspert, tədqiqatçı Məhəmməd Xətibi ilə müsahibəni təqdim edir.
- İran və Azərbaycan arasındakı iqtisadi münasibətlərin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Hansı əməkdaşlıq sahələrini daha perspektivli hesab edirsiniz?
- Bu gün İran və Azərbaycan arasındakı iqtisadi münasibətlər kifayət qədər yüksək səviyyədədir və ardıcıl şəkildə inkişaf edir. Bunu həm qarşılıqlı ticarət dövriyyəsinin həcmi, həm də son zamanlar dövlət başçıları – Məsud Pezeşkian və İlham Əliyev arasında keçirilən yüksək səviyyəli görüşlər təsdiqləyir. Tərəflər qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın dərinləşdirilməsinə sadiqlik nümayiş etdirirlər. Bu əməkdaşlığın əsas istiqamətləri enerji, nəqliyyat infrastrukturu və sərhəd ticarətidir. Birgə enerji layihələrinin reallaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və sərhədyanı ərazilərdə ticarətin genişləndirilməsi təkcə ikitərəfli iqtisadi əlaqələri möhkəmləndirməyəcək, eyni zamanda regionun sabitliyinə və davamlı inkişafına da əhəmiyyətli töhfə verəcək.
- Sizcə, iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi üçün hansı iqtisadi və ticarət təşəbbüsləri daha effektivdir?
- “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” İran, Azərbaycan və daha geniş Avrasiya regionu arasında ticarətin inkişafı və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün əsas təşəbbüslərdən biridir. Bu strateji marşrut Hind okeanı və Körfəzi Rusiya, Şimali Avropa ilə birləşdirən mühüm tranzit arteriyası kimi çıxış edir. Ənənəvi dəniz yolları ilə müqayisədə nəqliyyatın vaxtını və xərcini əhəmiyyətli dərəcədə azaldır. İran üçün bu dəhliz onun regional ticarət mərkəzi kimi mövqeyini gücləndirir və Avrasiya bazarları ilə daha sıx iqtisadi inteqrasiyanı təşviq edir. Azərbaycan isə “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”ndə İranla Rusiya arasında yükdaşımaları təmin edən tranzit ölkə kimi həlledici rol oynayır. Bu dəhliz iştirakçı ölkələrə ticarət tərəfdaşlıqlarını şaxələndirməyə, ənənəvi marşrutlardan asılılığı azaltmağa və logistika effektivliyini artırmağa imkan verir. Dəhliz boyunca infrastrukturun – o cümlədən dəmir yollarının genişləndirilməsi, avtomobil yollarının müasirləşdirilməsi və liman obyektlərinin təkmilləşdirilməsi, inkişafı onun iqtisadi üstünlüklərini daha da artıracaq.
- İran energetika, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində Azərbaycanla birgə investisiya və texnoloji əməkdaşlıq perspektivlərini necə qiymətləndirir?
- 2021-ci ilin noyabrında İran, Azərbaycan və Türkmənistan arasında ildə 2 milyard kubmetrə qədər qazın Türkmənistandan İran ərazisi vasitəsilə Azərbaycana nəqlini nəzərdə tutan üçtərəfli qaz razılaşması imzalanıb. Bu mexanizm çərçivəsində İran Türkmənistandan qaz alır və eyni həcmdə qazı Azərbaycana ötürür ki, bu da hər iki ölkənin sabit enerji təchizatına töhfə verir. İran və Azərbaycan ənənəvi olaraq elektrik enerjisi mübadiləsində də əməkdaşlıq edirlər ki, bu da mövsümi tələbat dalğalanmalarını effektiv idarə etməyə imkan verir. Belə mübadilələr enerji şəbəkələrinin sabit işləməsini və xüsusən də pik istehlak dövrlərində fasiləsiz elektrik təchizatını təmin edir. Məsələn, 2024-cü ilin ilk doqquz ayında İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına 26,8 milyon kVt-saat, Azərbaycan isə İrana 27,9 milyon kVt-saat elektrik enerjisi ötürüb. “Qız Qalası” və “Xudafərin” SES-lərin istismara verilməsi iki ölkə arasında enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addım olub. Bu layihələr təkcə enerji istehsalına deyil, həm də su ehtiyatlarının idarə olunmasına töhfə verir ki, bu da kənd təsərrüfatı və sənaye üçün xüsusilə vacibdir.
Kənd təsərrüfatı sahəsində birgə təşəbbüslər ərzaq təhlükəsizliyinin artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və müasir aqrotexnologiyalar üzrə bilik mübadiləsinə xidmət edə bilər. Yüksək texnologiyalar sahəsində isə “ağıllı şəhərlər” və süni intellektə əsaslanan tətbiqləri əhatə edən birgə innovasiya layihələri regional əlaqəliliyin möhkəmləndirilməsinə, iqtisadi modernizasiyanın sürətlənməsinə şərait yarada bilər. Ümidverici istiqamətlərdən biri də bərpaolunan enerji sahəsidir — hər iki ölkə günəş və külək enerjisi layihələrinə birgə investisiyalar qoymaq imkanlarını nəzərdən keçirir. Bu, enerji təhlükəsizliyini möhkəmləndirəcək və qalıq yanacaqlardan asılılığın azalmasına kömək edəcək.
- İran və Azərbaycan arasında yüksək texnologiyalar, istehsal və emal sahəsində birgə müəssisələrin yaradılması üçün hansı perspektivləri görürsünüz?
- İran və Azərbaycan xüsusilə istehsal və emal sahələrində birgə sənaye müəssisələrinin yaradılması imkanlarını fəal şəkildə müzakirə edirlər. Bu təşəbbüslər hər iki ölkənin sənaye potensialının gücləndirilməsinə və texnoloji mübadilənin təşviqinə yönəlib. Azərbaycan-İran biznes forumu çərçivəsində yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib. Bura “ağıllı logistika”, rəqəmsal infrastruktur, istehsal proseslərinin avtomatlaşdırılması və qabaqcıl İT həllərinin tətbiqi kimi sahələr daxildir. Bu cür layihələr sənaye modernizasiyasını sürətləndirmək, yeni iş yerləri yaratmaq və məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq baxımından mühüm rol oynaya bilər.
- Hazırda İran və Azərbaycan hansı iri infrastruktur layihələrini birgə həyata keçirirlər? Azərbaycanla nəqliyyat əlaqələrinin aktivləşdirilməsi İran iqtisadiyyatı üçün nə kimi əhəmiyyət daşıyır?
- İran və Azərbaycan “Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissələrindən biri olan Astara yük terminalı layihəsini birgə reallaşdırırlar. Eyni zamanda, 2028-ci ilə qədər tamamlanması planlaşdırılan Rəşt–Astara dəmir yolunun tikintisi davam edir. Bu layihə regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. İran ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm rol oynayır. Bu, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı əlaqənin güclənməsinə, tranzit üçün tələb olunan vaxt və xərclərin azalmasına xidmət edir. Nəqliyyat infrastrukturunun inkişafı həm Tehran, həm də Bakı üçün Avrasiya ticarətində əsas tranzit qovşaqları kimi mövqelərini möhkəmləndirməyə və regional iqtisadi danışıqlarda təsir imkanlarını artırmağa şərait yaradır. Logistikanın və tranzit marşrutlarının effektivliyinin artırılması xarici investisiyaların cəlb olunmasına, xüsusilə limanların, dəmir yolu şəbəkələrinin və “ağıllı logistika” sistemlərinin inkişafına təkan verir. Bu da hər iki ölkənin iqtisadiyyatının neft sektorundan kənar diversifikasiyasına töhfə verir.
- İran və Azərbaycan öz coğrafi mövqelərini tranzit əməkdaşlığını gücləndirmək üçün necə istifadə edə bilərlər? İran logistika və nəqliyyat sahəsində Azərbaycanla birgə layihələr üçün hansı yeni texnoloji həlləri təklif etməyə hazırdır?
- Hər iki ölkə öz strateji coğrafi mövqeyindən istifadə edərək dəmir yolu, avtomobil və dəniz marşrutları ilə tranzit əməkdaşlığını genişləndirməkdə fəaldır. İran logistika proseslərini optimallaşdırmağa yönəlmiş bir sıra müasir texnoloji həllər təklif etməyə hazırdır. Xüsusilə, ağıllı logistika sistemlərinin tətbiqi, o cümlədən avtomatlaşdırılmış yük izləmə sistemləri və rəqəmsal gömrük prosedurlarının həyata keçirilməsi barədə danışırıq. Bu tədbirlər ticarət əməliyyatlarını xeyli sadələşdirməyə, şəffaflığı artırmağa və çatdırılma müddətini qısaltmağa imkan verəcək.
- Araz dəhlizi layihəsinin İranın və bütövlükdə regionun nəqliyyat sistemi üçün əhəmiyyəti nədən ibarətdir? Bu dəhlizin həyata keçirilməsi İran üçün hansı iqtisadi imkanlar açır?
- Araz dəhlizi region ölkələrinin ərazi bütövlüyünü təmin etmək baxımından mühüm rol oynayır və bəzi digər təklif olunan tranzit marşrutlarından fərqli olaraq, geosiyasi mübahisələrdən kənardır. Dəhlizin İran ərazisindən keçməsi Azərbaycanın Tehranla davamlı diplomatik əlaqələr saxlamasına şərait yaradır, bu isə regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu marşrut ticarət və yükdaşımaların xarici təzyiqlər və məcburi ərazi güzəştləri olmadan azad şəkildə həyata keçirilməsini təmin edir. Ümumilikdə, Araz dəhlizi iştirakçı ölkələr üçün iqtisadi inkişaf, siyasi sabitlik və ərazi bütövlüyünün qorunması baxımından ən real və münaqişədən uzaq tranzit marşrutu kimi çıxış edir.


