İrəvan Moskvanı dəmir yolu məsələsində tələsdirir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın baş naziri Rusiya Prezidentə də çağırış edəcəyini deyirsə...
“Rusiya Dəmir Yolları” şirkəti zəruri həcmdə investisiya yatırmağa hazır olmadığı təqdirdə, Ermənistan öz dəmir yollarının modernləşdirilməsi üçün digər investorlar axtaracaq”. Bunu noyabrın 19-da hökumətin iclasından sonra keçirilmiş brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib. Onun sözlərinə görə, ölkəsinin dəmir yolu şəbəkəsinin rəqabət qabiliyyətini artırmaq üçün böyük həcmdə investisiyalara ehtiyac var. Rusiya şirkətinin zəruri maliyyələşdirməni təmin etməyə hazır olub-olmadığını müəyyənləşdirmək isə yaradılmış işçi qrupunun əsas vəzifəsidir.
Göründüyü kimi, Paşinyan Rusiyanı tələsdirməklə məşğuldur. Nikolun haqqında danışdığı işçi qrupu bu il oktyabrın 15-də yaradılıb. Daha dəqiq desək, oktyabrın 14-də Paşinyan “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovu qəbul edib. Görüşdə Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin səmərəliliyi, infrastrukturun inkişafı, mövcud problemlərin həlli müzakirə olunub və razılığa gəlinib ki, birgə işçi qrupu yaradılsın. Nikol isə dərhal həmin qrupun yaradılması haqqında müvafiq qərar imzalayıb. Yeri gəlmişkən, bu təsisata Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edir. Rusiya tərəfindən isə nəqliyyat nazirinin müavini Aleksey Şilo və “Rusiya Dəmir Yolları” baş direktorunun müavini Vyaçeslav Pavlovski var.
Noyabrın 17-də sözügedən birgə işçi qrupunun ilk iclası İrəvanda keçirildi. Qrup üç ay ərzində Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılması, konsessiya idarəçiliyi ilə bağlı problemlərin həlli və gələcək addımlar barədə təkliflər hazırlamalıdır. Ən başlıcası isə Paşinyanın noyabrın 19-da açıqladığı digər investorların cəlbi məsələsi də işçi qrupunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Yəni, İrəvan “Rusiya Dəmir Yolları”nın zəruri investisiyaları təmin etmək imkanını aydınlaşdırmağa çalışır. Çox güman, Moskvanın özünün belə bir imkanı yoxdur. Ancaq görünür, Nikola bu barədə söz verilib. O isə əvvəldə bildirdiyimiz kimi, qarşı tərəfi tələsdirməklə məşğuldur.
Deməli, Paşinyan “Rusiya Dəmir Yolları” şirkətinin rəhbəri, həmçinin onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə konkret cavab tələb etdiyini də bildirib. Təxminən belə: Şirkət Ermənistan dəmir yollarını lazımi rəqabət qabiliyyətliliyi səviyyəsinə çatdırmağa imkan verəcək həcmdə vəsait yatırmağa hazırdırmı? “Əgər hazırdırsa, çox yaxşı. Hazır deyilsə, deməli, biz başqa investorlar tapmalıyıq. Vəziyyət belədir”, – deyə Baş nazir əminliklə dillənib.
***
Ermənistan-Rusiya dəmir yolu ziddiyyəti bu ilin ikinci yarısından etibarən vüsət almağa başlayıb. Əsas səbəb TRIPP-dir. Əslində, Moskvada da durumun fərqindədirlər. Yəni, onlar Ermənistan dəmir yollarının yenilənməsi və müasir standartlara cavab verməsi zərurətinin TRIPP-dən qaynaqlandığını dərk edirlər. Mövcud trayektoriyada başlıca məqam Rusiyanın layihəyə münasibəti ilə bağlıdır. Qısaca deyək ki, Kreml TRIPP-in gələcək fəaliyyət düzəni ilə razılaşmır və məsələyə mövcud prizmadan yanaşsaq, dəmir yolu məsələsi Moskvanın İrəvan üçün yaratdığı maneə təsiri bağışlamaqdadır. Necə deyərlər, daş qayaya rast gəlib. Burada Paşinyanın və ya Ermənistanın qaya obrazı bir o qədər yerinə düşməsə də, indiki durumda Rusiya bir növ daş ampluasındadır. Mövcud durum isə Bakı-İrəvan diplomatik nəzakətinin pərdəsini götürməkdədir. Diplomatik nəzakətdən söz düşmüşkən, sırf dəmir yolu xüsusunda qıcıqlandırıcı mövqe tutanın həm də Rusiya tərəfi olduğunu söyləyə bilərik. Moskvanın mövqeyi budur ki, Ermənistanın heç bir partnyoru konsessiya öhdəliyini satın ala bilməz. Bunu təxminən 5 ay əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirmişdi. Onun sözlərindən belə çıxmışdı ki, Ermənistan konsessiya müqaviləsini pozmağa çalışsa, indiyədək Rusiyanın həmin müqaviləni yerinə yetirmək üçün həyata keçirdiyi işlərin qarşılığını verməli, daha dəqiq desək, ikincinin illər ərzində xərclədiyi pulu geri qaytarmalıdır. Özü də məsələ yalnız pul deyil. Şoyqu dəmir yolu şəbəkəsində əsaslı yenidənqurmanın gerçəkləşdirildiyini, bu sahədə işləyənlərin yüksək əmək haqları aldıqlarını, habelə Rusiya şirkətinin Ermənistan büdcəsinin formalaşmasında müstəsna rolunu vurğulamış, bir sözlə, durumu xeyli mürəkkəbləşdirmişdi. Bütün bunlar öz yerində
***
Nəzərə alsaq ki, TRIPP-lə əlaqədar Ermənistan dəmir yollarının yenilənməsi və müasir standartlara cavab verməsi şərtdir, rəsmi İrəvanın səsləndirdiyi tezis, kifayət qədər, aydındır. Yəni, Nikol mahiyyəti kateqorik qoymaqda haqlıdır. Axı şərti və obrazlı şəkildə inkişaf və tərəqqi adlandırdığımız qatar yola çıxıb. İmkan vermək olmaz ki, o, Ermənistan ərazisində ilişib qalsın. Ona görə də Paşinyan əvvəldən Rusiyanı dəmir yollarını yeniləməyə çağırmış, amma uyğun cavab almamışdı.
Yada salaq ki, Paşinyan vaxtilə Rusiyanın Ermənistanın dəmir yolları üzrə konsessiya hüququnu həm Kremlə, həm də İrəvana dost olan dövlətə satmasını təklif edərkən, Qazaxıstan, BƏƏ və Qətərin adını çəkmişdi. Başqa sözlə desək, Rusiya edə bilmir, ancaq onun adı qalmaqla, qeyd edilən ölkələr işin öhdəsindən gələcəklər.
Bir daha bildirək ki, Moskvanın məsələyə reaksiyası adekvat olmamış, üstəlik, mövzunu siyasiləşdirmişdi. Rusiya rəsmilərinin Qərbin Ermənistana təzyiqi məsələsini qabartmaları yaddan çıxmayıb. Yəni, Qərb İrəvan qarşısında Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq tapşırığı qoyub. Bəlkə də belə bir tapşırıq var, amma fakt budur ki, Paşinyan həmişə mahiyyət üzrə danışıb, regional nəqliyyat xəritəsinin dəyişdiyini, Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə qoşulmaq üçün tarixi imkan əldə etdiyini və bu imkanı konsessiya modeli səbəbindən itirmək istəmədiyini vurğulayıb. Görəsən, o, başqa nə deməlidir?
Məlumdur ki, İrəvanın TRIPP və Azərbaycan-Ermənistan nəqliyyat bağlantıları ilə bağlı strategiyası var. Yəni, dəmir yolu strukturu modernləşməlidir ki, barəsində söz açdığımız tarixi imkan əldən çıxmasın. Modernləşmə üçün isə lazım olan puldur. İndi bir halda ki, “Cənubi Qafqaz Dəmir Yolları” Rusiya Dəmir Yollarının törəmə şirkətidir, deməli, pulu da Rusiya tərəfi ödəməlidir. Burada anlaşılmayacaq heç nə yoxdur. Hə, pul yoxdursa, bu da açıq şəkildə bildirilməlidir. Amma bildirilmir və Rusiyanın vəziyyəti bir atalar sözümüzdəki kimidir: Nə Əli aşından doyur, nə də Vəli aşından. Ancaq belə getsə, ölkə Əli aşından da, Vəli aşından da olacaq. Əslində, Paşinyan iki gün əvvəl həm də bunun anonsunu verdi.
Puldan söz düşmüşkən, təxminən 3 ay əvvəlki məlumatlarda Paşinyanın Rusiyadan 2 milyard dollaradək kompensasiya tələb edə biləcəyi vurğulanmışdı. Rusiya XİN rəhbəri S.Lavrov da açıqlamasında, eyni zamanda, bu məbləğə fokuslanmışdı. Amma bir qədər fərqli formada. Hiss olunmuşdu ki, diplomat özü qəsdən həmin fantastik rəqəmi gümdəmə gətirməklə, ictimai rəydə Paşinyanın qeyri-ciddi obrazını yaradır. Halbuki, Nikolun açıqladığı məbləğ xeyli az idi. Söhbət cəmi 400 milyon dollardan gedirdi.
Ümumən, Lavrovun dediklərindən gəlinən qənaət bu olmuşdu ki, Moskva İrəvanın dəmir yolu məsələsində ictimai ritorikadan istifadəsini diplomatik tərəfdaşlığa uyğun davranış saymır. XİN rəhbərinin “əgər suallar yaranıbsa, tərəfdaşına bu məsələyə necə yanaşdığını izah et” məzmunlu fikirləri İrəvana açıq siyasi mesaj idi. İşçi qrupu yaradılıbsa, deməli, normal müzakirə mümkündür. Amma...
Daha böyük mesaj isə Lavrovun “sinədə emosiyalar” ifadəsi olmuşdu. O ifadə ki, Moskvanın Ermənistan hakimiyyətinin bəzi addımlarını siyasi və emosional təzyiq kimi qəbul etməsindən qaynaqlanır. Yəqin elə bu səbəbdəndir ki, Lavrov 3 ay əvvəlki açıqlamasında “Ukrayna ssenarisi” xəbərdarlığını da gündəmə gətirmişdi. Təxminən belə: Rusiya hər şeyi edir ki, Ermənistan Ukrayna olmasın. Yada Anadolu türklərində olan bir deyim də düşür: həm suçlu, həm güçlü. Yəni, pul lazımdır, vermirsən, hələ deyirsən ki, istəmə, yoxsa...
***
Erməni jurnalist Paşinyandan Rusiya nümayəndə heyətinin İrəvana səfərinin və dəmir yollarının modernləşdirilməsi ilə bağlı müzakirələrin başlanmasının konsessiya idarəçiliyinin üçüncü ölkəyə verilməsi variantından imtina demək olub-olmadığını soruşub. Baş nazir suala cavabında “Rusiya Dəmir Yolları” şirkətinin zəruri investisiyaları təmin etməyə hazır olmasına diqqət çəkib. O, həmçinin məsələnin Rusiya Prezidenti Vladimir Putinlə qarşıdakı görüşdə müzakirə olunacağını gözlədiyini də bildirib.
Belə nəticəyə gəlmək mümkündür ki, Rusiya tərəfi şəkildə Ermənistana həmin zəruri investisiyaları təmin etməyə hazır olduğunu bildirib. Amma ümumi şəkildə. Nikol isə ümumi fikirlərlə kifayətlənmir. Onun Moskvanı tələsdirməsi də məhz bu səbəbdəndir. Görünür, Paşinyan gələn ay Moskvaya gözlənilən səfərində bilavasitə Prezident Putini də tələsdirməkdə israrlıdır...
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Noyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















