İrəvanda “Qanlı 1 Mart”ı kim qəhrəmanlıq sayır?
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Koçaryana bəraət qazandırmaq cəhdi Ermənistanın özündə də qəzəb doğurub
Ermənistanın sağçı “İrəli” partiyasının mərkəzi icraiyyə komitəsinin üzvü Qaqik Asatryan 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələrlə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib. O, “Facebook” sosial şəbəkəsindəki hesabında Avropanın bir sıra şəhərlərində baş verən iğtişaşları, yanğınları və qarətləri xatırladaraq sabiq prezident Robert Koçaryanın həmin gün Ermənistanda daha böyük fəlakətin qarşısını aldığını iddia edib.
Asatryan yazıb ki, Lion, Marsel, Paris, Milan və digər Avropa şəhərlərinə baxmaq, kütlənin küçələrdə törətdiyi yanğınları və talanları görmək lazımdır. Onun fikrincə, bu mənzərə 2008-ci il martın 1-də R.Koçaryanın nəyi önlədiyini anlamağa imkan verir. Partiya funksioneri həmin günlərdə İrəvanın Mesrop Maştots prospektində “Qrand Kendi”, “Roberto”, “İrəvan Siti” kimi 7 iri və kiçik mağazanın qarət edildiyini, dinc sakinlərə məxsus əmlakın yandırıldığını xatırladıb.
O, sabiq prezidentin qətiyyətini (?) yüksək qiymətləndirərək iddia edib ki, Koçaryanın iradəsi (??) olmasaydı, İrəvanın da bugünkü Avropa şəhərlərinə bənzər mənzərə ilə üzləşməsi mümkün idi. Asatryan bununla yanaşı, Ermənistanın təəssübkeşi qiyafəsinə bürünərək, ölkəsinin gələcəyi ilə bağlı narahatlığını da dilə gətirib. Paylaşımının sonunda daha da irəli gedərək, gələcəkdə Ermənistanda martın 1-nin “Dövlətçilik günü” kimi qeyd ediləcəyini, R.Koçaryanın isə ölkənin dövlətçiliyini və konstitusiya quruluşunu qoruduğuna görə yüksək dövlət mükafatına layiq görüləcəyini bildirib.
Əlbəttə, 1 mart hadisələri haqqında çox yazmaq, müxtəlif mülahizələr irəli sürmək mümkündür. Vaxtaşırı bu mövzuya toxunur və fikirlərimizi qələmə alırıq. Lakin baş verənlərə dair mübahisələrdə erməni tərəfinin öz nümayəndələrinin nə dediklərinə və bu hadisələri necə qiymətləndirdiklərinə nəzər salmaq, zənnimizcə, daha doğru yanaşma olardı. Xüsusilə də Ermənistanın özündə səslənən fikirlər məsələnin mahiyyətinə aydınlıq gətirmək baxımından diqqətəlayiqdir. Elə bu baxımdan, Q.Asatryanın mövqeyinə və onun sözlərinin sözügedən ölkədə doğurduğu reaksiyaya diqqət yetirmək yerinə düşər.
Ermənistanın “ArmenianReport” saytı bu açıqlamaya sərt münasibət bildirib. İnternet nəşrdə yer alan “Qaqik Asatryanın riyakarlığı” sərlövhəli məqalədə partiya funksionerinin yanaşması tənqid olunub, onun 2008-ci il hadisələrini indiki Avropa mənzərəsi ilə müqayisə etməsinin məntiqi əsasları şübhə altına alınıb. Yazıda Asatryanın mövqeyi tarixi faciədən siyasi məqsədlər naminə istifadə cəhdi kimi qiymətləndirilir.
Hadisələr təhrif olunur
Məqalədə vurğulanır ki, “İrəli” partiyasının mərkəzi icraiyyə komitəsi üzvünün bəyanatı tarixi faciəni bəsit siyasi təbliğat vasitəsinə çevirmək cəhdinin nümunəsidir. Müəllifin fikrincə, Asatryan Fransanın şəhərlərində baş verən son iğtişaşlardan çıxış edərək oxucunu 2008-ci ilin martına qaytarır və Koçaryanın, guya, Ermənistanı oxşar fəlakətdən xilas etdiyi qənaətinə gəlməyə çağırır. Saytın yazdığına görə, əvvəlcə Avropadakı qarət və yanğın görüntüləri yada salınır, sonra həmin mənzərə İrəvanda təxminən 20 il əvvəl baş vermiş faciəli hadisələrlə müqayisə olunur. Beləliklə, oxucuya əvvəlcədən hazırlanmış nəticə təqdim edilir: guya Koçaryanın qətiyyəti olmasaydı, Ermənistanın paytaxtı da talana məruz qalacaq, ölkə dövlətçiliyini itirəcəkdi.
Sayt yazır ki, demokratik dövlətdə hər kəs öz siyasi mövqeyini sərbəst ifadə etmək, istənilən siyasətçini dəstəkləmək hüququna malikdir. Ermənistan 2018-ci il “məxməri inqilabı”ndan sonra siyasi sistemində ciddi dəyişikliklər yaşayıb, fikir azadlığı və hakimiyyəti tənqid etmək imkanları ictimai həyatın mühüm elementlərinə çevrilib. Nəşrin qənaətinə görə, Nikol Paşinyanın siyasətini bəyənməmək, onun hökumətinə qarşı çıxmaq və Koçaryanı daha münasib rəhbər hesab etmək tamamilə mümkündür. Lakin məqalədə xüsusi vurğulanır ki, söz azadlığı yalanı həqiqətə çevirmir, siyasi təbliğat isə tarixi araşdırmanı əvəz etmir. Müəllif hesab edir ki, faktların əlverişli yozumlarla əvəzlənməsi və faciənin hansısa siyasətçinin qəhrəman obrazını yaratmaq üçün istifadəsi artıq sadəcə şəxsi rəy bildirmək çərçivəsindən kənara çıxır. Bu, cəmiyyətin emosional yaddaşına və iğtişaş qorxusuna təsir göstərməklə ictimai şüuru manipulyasiya etmək cəhdidir.
Həmin gün nə baş vermişdi?
İnternet resurs diqqəti 2008-ci il prezident seçkilərindən sonrakı hadisələrə yönəldir. Yazıda bildirilir ki, seçkilərin nəticələrinin saxtalaşdırıldığını düşünən əhali arasında narazılıq yaranmışdı. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət seçkilərin nəticələrinə etiraz etmiş, İrəvanın mərkəzində kütləvi aksiyalar keçirilmişdi. Saytın təqdim etdiyi xronologiyaya əsasən, martın 1-də səhər saatlarında hüquq-mühafizə orqanları “Azadlıq” meydanında etirazçıların qurduğu düşərgəni dağıdıb. Günün sonrakı saatlarında şəhərdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib. Nəşr həmin qarşıdurmalar zamanı polisin zorakılığa əl atdığını xatırladır.
Məqalədə mağazaların qarət edilməsi və avtomobillərin yandırılması kimi hadisələrin baş verdiyi inkar olunmur. Ancaq müəllif bu faktların münaqişənin yalnız bir hissəsini təşkil etdiyini vurğulayır. Onun fikrincə, seçkilər ədalətli keçirilsəydi və polis etirazçılara qarşı zorakılıq tətbiq etməsəydi, hadisələr bu həddə çatmaya bilərdi.
Qeyd edilir ki, 2008-ci ilin mart hadisələri nəticəsində 10 nəfər həlak olub. Onlardan 8-i mülki şəxs, 2-si isə hüquq-mühafizə orqanlarının əməkdaşı idi. Yüzlərlə insan yaralanıb. Müəllif baş verənlərə görə Koçaryanın məsuliyyətini önə çəkir və Asatryanın açıqlamasında bu itkilərin, eləcə də faciəyə gətirib çıxaran siyasi şəraitin nəzərə alınmadığını bildirir. Sayt Koçaryanın həmin hadisələrdən sonra fövqəladə vəziyyət elan etməsinə diqqət yetirir. Yazıda qeyd olunur ki, bu qərar kütləvi tədbirlərin keçirilməsinə və kütləvi informasiya vasitələrinin fəaliyyətinə məhdudiyyətlər gətirmişdi. Nəşr sözügedən halları beynəlxalq insan hüquqları təşkilatı – “Human Rights Watch”un sənədləşdirdiyini də xatırladır.
Avropa Məhkəməsinin qərarı
Yazıda 2008-ci il hadisələrinin hüquqi tərəfinə də toxunulur. Saytın bildirdiyinə görə, 2025-ci ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsi həmin hadisələr zamanı insanların həlak olması ilə bağlı iş üzrə qərar çıxarıb və 7 nəfərin ölümü ilə əlaqədar yaşamaq hüququnun pozulduğunu müəyyən edib. Nəşrin təqdim etdiyi məlumata əsasən, məhkəmə polis əməliyyatının planlaşdırılması və həyata keçirilməsində nöqsanlara, eləcə də təhlükəli vasitələrin seçimsiz və qeyri-mütənasib tətbiqinə diqqət çəkib. “ArmenianReport” bu qərarı Asatryanın hadisələri yalnız Koçaryanın qətiyyətinin nümayişi kimi təqdim etməsinə qarşı mühüm hüquqi arqument kimi göstərir.
Müəllifin qənaətinə görə, söhbət təkcə siyasi mövqelərin toqquşmasından getmir. Hadisələrin hüquqi qiymətləndirilməsi də keçmiş prezidentin hərəkətlərinə yalnız mümkün nəticələr üzərindən bəraət qazandırmağın yetərli olmadığını göstərir. Bu baxımdan, məqalədə Asatryanın Avropadakı iğtişaşları nümunə göstərərək 2008-ci il hadisələrinə haqq qazandırmaq cəhdi əsaslı siyasi təhlildən daha çox, keçmişin seçmə şəkildə təqdim olunması kimi dəyərləndirilir.
Fransa ilə müqayisə əsassızdır
Yazıda Fransa şəhərlərindəki iğtişaşların mövcudluğu inkar edilmir. Etiraf olunur ki, ölkədə kütləvi etirazlar keçirilir, bəzi hallarda onlar qarətlər, yanğınlar və vandalizm aktları ilə müşayiət olunur. Bununla belə, müəllif belə hadisələrin bütövlükdə, dövlətin mahiyyətini müəyyən etmədiyini vurğulayır. Sayt bildirir ki, Fransada baş verənləri Ermənistanın sabiq rəhbərinin hərəkətlərinə bəraət qazandırmaq üçün istifadə etmək ciddi təhlildən uzaq yanaşmadır. Müəllifin fikrincə, müxtəlif ölkələrdəki hadisələri müqayisə edərkən onların siyasi səbəbləri, hüquqi şəraiti və nəticələri nəzərə alınmalıdır. Əks halda, ayrı-ayrı iğtişaş görüntüləri siyasi məqsədlər naminə istifadə olunan vasitəyə çevrilir.
Koçaryan ölkəni vassala çevirmişdi
“ArmenianReport” məqaləsinin son hissəsində erməni cəmiyyətinin tarixi yaddaşı məsələsinə toxunur. Müəllif hesab edir ki, Ermənistan xalqı keçmişi unutmayıb və bəzi siyasi xadimlərin iddia etdiyi kimi, cəmiyyəti istənilən əlverişli tarixi yozuma inandırmaq mümkün deyil. Sayt Koçaryanın prezidentliyi dövrünü tənqidi qiymətləndirərək həmin illərdə Ermənistanın müstəqilliyinin faktiki zəiflədiyini, ölkənin Rusiyanın Cənubi Qafqazdakı forpostuna, vassalına çevrildiyini yazır. Müəllif o dövrdə fərqli düşünənlərin təqiblərlə üzləşdiyini, dövlət idarəçiliyində kriminal üsullardan istifadə olunduğunu qeyd edir. Bunun əksinə olaraq, nəşr indiki Ermənistanı demokratik dövlət və Avropaya inteqrasiya istiqamətində seçim edən ölkə kimi səciyyələndirir. Müəllifin fikrincə, bu reallığı Asatryan kimi siyasətçilər də inkar edə bilməzlər.
Göründüyü kimi, Koçaryanı “dövlətçiliyin xilaskarı” kimi qələmə vermək istəyənlərin arqumentləri Ermənistanın özündə də ciddi tənqidlə qarşılanır. Bu məqalə göstərir ki, erməni müəlliflər belə yanaşmalarda tarixi faktların təhrif olunmasına və insan tələfatının arxa plana keçirilməsinə etiraz edirlər. Fransa şəhərlərindəki iğtişaşları bəhanə gətirərək 2008-ci il mart hadisələrinə haqq qazandırmaq cəhdi də məntiqsiz müqayisə kimi təqdim olunur. Koçaryana rəğbət bəsləyənlərə Ermənistanın özündən də tutarlı cavablar verənlər tapılır. Tarixi faciəni “siyasi qəhrəmanlıq dastanı”na çevirmək cəhdi isə faktlar qarşısında aciz qalır.
Səxavət HƏMİD
XQ
Baxış sayı:152
Bu xəbər 23 Oktyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















