İrəvanın “Avropa bazarı” gözləntisi
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Brüssel Ermənistana qapını açır, amma içəri keçmək asan deyil
Avropa Parlamenti (AP) Ermənistan məhsullarının Avropa İttifaqı (Aİ) bazarına çıxışını genişləndirə biləcək yeni ticarət güzəştlərini təsdiqləyib. Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının “Made in Armenia” markalı məhsullara münasibətdə müvəqqəti ticarət tədbirlərinin tətbiqi ilə bağlı təklifi qəbul edilib. Qərara əsasən, Aİ Ermənistanın bir sıra məhsullarına tətbiq olunan gömrük rüsumlarını 2 il müddətinə ləğv etməyi nəzərdə tutur. “Armenpress”in verdiyi məlumata görə, AP-də təklifin lehinə 583 deputat səs verib, 49 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb. Təklif heç bir dəyişiklik edilmədən qəbul olunub.
Yeni qaydalar qüvvəyə mindikdən sonra Ermənistandan Aİ-yə ixrac edilən geniş çeşiddə məhsullara tətbiq olunan müəyyən gömrük rüsumları aradan qaldırılacaq. Güzəştlərin Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizini əhatə edəcəyi gözlənilir. Bununla yanaşı, Ermənistanın 8 növ kənd təsərrüfatı məhsulu üçün rüsumsuz idxal kvotalarının tətbiqi də nəzərdə tutulur. Bu siyahıya üzüm, ərik, gilas, şaftalı və xiyar kimi məhsullar daxildir.
Beləliklə, Brüsselin qərarı Ermənistan istehsalçıları üçün Avropa bazarına çıxış imkanlarının genişləndirilməsinə hesablanıb. Lakin sənəddə Avropa istehsalçılarını qorumaq üçün ingiliscə “safeguard measures” adlanan xüsusi mexanizmlər də nəzərdə tutulub. Əgər Ermənistandan idxalın artması Aİ bazarında ciddi pozuntulara və yerli istehsalçılara mənfi təsirə səbəb olarsa, Aİ müdaxilə etmək və müvafiq qoruyucu tədbirlər tətbiq etmək hüququnu saxlayır.
***
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistanın formalaşmış təchizat zəncirlərini pozub və ölkənin ənənəvi ixrac bazarlarına çıxışını məhdudlaşdırıb. Bu vəziyyətdən xüsusilə kiçik və orta sahibkarlıq subyektləri, eləcə də kənd təsərrüfatı istehsalçıları zərər çəkib. Brüssel yeni güzəştləri məhz Ermənistan iqtisadiyyatına müvəqqəti dəstək vermək və ixracatçılar üçün alternativ bazar imkanlarını genişləndirmək vasitəsi kimi təqdim edir.
Yeri gəlmişkən, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu təşəbbüsü hələ iyulun əvvəlində Ermənistana səfəri zamanı açıqlamışdı. Sentyabrın 2-də isə Aİ Şurası Ermənistan məhsullarına münasibətdə müvəqqəti ticarət liberallaşdırılması tədbirlərinin tətbiqi ilə bağlı təklifi təsdiqləyərək sənədi AP-nin müzakirəsinə göndərmişdi. Parlamentin sentyabrın 15-də verdiyi qərar prosesin növbəti mərhələsinə keçid yaradır.
Ancaq burada diqqətçəkən başqa bir məqam da var. Ermənistan məhsullarının Avropa bazarına çıxarılmasının qarşısındakı əsas maneənin yalnız gömrük rüsumları olmadığı barədə ölkənin özündə də fikirlər səslənir. “Sputnik Ermənistan”ın yaydığı ekspert qiymətləndirməsinə görə, Avropa bazarına çıxış baxımından texniki tələblər və logistika daha ciddi problemlər yarada bilər. “Amberd” tədqiqat mərkəzinin elmi işçisi, iqtisad elmləri namizədi, dosent Anna Paxlyanın sözlərinə görə, xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsullarının Avropaya uzun məsafəyə daşınması xüsusi logistika infrastrukturu tələb edir.
Ekspert qeyd edib ki, belə məhsulların daşınması zamanı soyuq zəncirin qorunması, əvvəlcədən dondurma, soyuducu anbarların mövcudluğu, temperaturun fasiləsiz nəzarətdə saxlanılması və refrijerator konteynerlərdən istifadə vacibdir. Onun qiymətləndirməsinə görə, Ermənistanda bu infrastruktur hələ kifayət qədər inkişaf etməyib. Digər ciddi məsələ isə xüsusilə kənd təsərrüfatı məhsullarının mənşəyinin və hərəkətinin izlənməsinə dair Aİ tələbləridir.
Bu baxımdan, gömrük rüsumlarının 2 il müddətinə ləğvi Ermənistan ixracatçıları üçün yeni imkan yaratsa da, bu imkanın real iqtisadi nəticəyə çevrilməsi avtomatik xarakter daşımır. Məhsulun Avropa bazarına daxil olması üçün rüsum məsələsi ilə yanaşı, onun Aİ standartlarına uyğunluğu, sertifikatlaşdırılması, saxlanması, daşınması və istehlakçıya vaxtında çatdırılması kimi məsələlər də həllini tapmalıdır. Başqa sözlə, Brüsselin güzəşti Ermənistan məhsullarının qarşısındakı gömrük baryerini müəyyən müddətə aşağı salır, lakin Avropa bazarında rəqabət aparmaq üçün tələb olunan digər şərtləri aradan qaldırmır. Xüsusilə kənd təsərrüfatında məhsulun keyfiyyəti ilə yanaşı, logistika və tədarük zəncirinin dayanıqlılığı həlledici amillərdən olaraq qalır. İndi isə qərarın qüvvəyə minməsi üçün növbəti prosedur gözlənilir. Avropa Komissiyasının təklifi Aİ Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir. Bundan sonra müvafiq reqlament Aİ-nin rəsmi bülletenində dərc ediləcək və sənəd dərc olunduqdan sonrakı gün qüvvəyə minəcək. Beləliklə, Ermənistan üçün Rusiya bazarında yaranmış məhdudiyyətlər fonunda Avropa istiqamətində yeni ixrac pəncərəsi açılır. Lakin bu pəncərədən nə dərəcədə səmərəli istifadə olunacağı yalnız Brüsselin verdiyi gömrük güzəştlərindən deyil, Ermənistanın istehsal və logistika imkanlarından, eləcə də Aİ-nin sərt bazar tələblərinə nə dərəcədə uyğunlaşa bilməsindən asılı olacaq.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Aİ-nin və onun qanunverici orqanı olan AP-nin qəbul etdiyi qərar siyasi motivlidir və Ermənistanın dəstəklənməsi mahiyyəti daşıyır. Onun sözlərinə görə, 2026-cı ilin may ayında Moskva və İrəvan arasında münasibətlərin pisləşməsi və nəticədə Rusiyanın Ermənistandan əsas kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyması Paşinyan iqtidarının təcili şəkildə avropalılarla hərəkətə keçməsinə gətirib çıxardı: “Nəticə etibarilə, AP-nin bugünlərdə verdiyi qərar Ermənistan iqtisadiyyatının tənəzzülə uğramaması və sosial vəziyyətin pisləşməməsi istiqamətindədir. Düzdür, Ermənistanın Aİ-yə ixracının həcmi hazırda real olaraq çox kiçikdir. Son illərin statistikasına nəzər saldıqda bunun 600 milyon avroya yaxın olduğunu görmək mümkündür. 2025-ci ildə Aİ ölkələrinin Ermənistanla ümumi ticarət dövriyyəsi 2,23 milyard avro olub. Bunun 593 milyonunu məhz Ermənistanın Aİ-yə ixracı təşkil edib. Bu rəqəm öz-özlüyündə Ermənistandan Aİ-yə kiçik həcmdə məhsul getdiyindən xəbər verir”.
Politoloq hesab edir ki, hazırda Ermənistanın qonşu ölkələrin və Avropanın köməyinə ehtiyac var: “Burada əsas ixrac malları kimi mis, qızıl, almaz, tekstil sahələrini də qeyd etmək olar. Təbii ki, rəqabətli Avropa bazarlarında biz bu sahələr üzrə ixracın da o qədər asan olmayacağını görmüş olacağıq. Amma gömrük rüsumunun müvəqqəti ləğvi öz-özlüyündə ixraca təsir edəcək və biz 2026-cı ilin sonlarından statistikada tamamilə fərqli mənzərəni görməyə başlayacağıq. Zənnimcə, 2027-ci ildə Ermənistanın Aİ ölkələrinə ixracının həcmi 1 milyard avrodan çox olacaq”.
Bununla belə, müsahibimizin fikrincə, biz Azərbaycandan Ermənistana neft və neft məhsullarının çatdırıldığını görməkdəyik: “Bu da sülh prosesində uyğun və ikitərəfli dialoq üçün vacib nüanslardan biridir. Təbii ki, bunu Paşinyan iqtidarı da çox yaxşı bilir. Yaxşı olardı ki, Ermənistan ictimaiyyəti, o cümlədən müxalifəti, hələ də “artsax, artsax” deyən müəyyən qüvvələr də bu məsələləri bilsinlər və adekvat olsunlar. Ermənistanın siyasi və iqtisadi suverenliyinin hansı ölkənin əlində olması köhnəlmiş tezisdir. 44 günlük müharibədən sonra vəziyyət dəyişdi. Bu gün Ermənistanın həm siyasi, həm də iqtisadi suverenliyi tamamilə Azərbaycandan asılıdır və bundan sonra da belə olacaq”.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















