İŞIQ ELƏ HƏMİŞƏ ORDAN GƏLƏCƏK Rafael Hüseynov yazır
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rafael HÜSEYNOV
Akademik
Böyüklüyü və parlaqlığı hamının indi görüb təsəvvür etdiyindən də qat-qat artıq olan misilsiz Cəfər Cabbarlı bir azərbaycanlı balası idi, şərqli idi. Ancaq sadə azərbaycanlı, sadə şərqli deyildi. Şərqli Cəfər Cabbarlı həm də şərqşünas idi, Gündoğarın tarixi və çöhrəsinin bir çox özünəməxsusluqlarını bilməsi ilə yanaşı, özünün də içərisində yaşadığı gerçəklikdə müsəlman Şərqi və buralarda ömür sürənlərin çağdaş vəziyyətindən də çox təfərrüatlarıyla agah idi.
Yaxın-Orta Şərqə, onun bir parçası olan Azərbaycana yalnız eynəkli gözləriylə deyil, dərin və iti zəkasının, hərarətli və coşqulu könlünün nəzərləri ilə də baxırdı, dünya gedişindəki Şərq məmləkətlərinin çəkisini və gerçək məqamını müşahidələrinin süzgəcindən və qəlbinin ağrılarından keçirirdi.
Və gəldiyi qənaətlər pərişan edirdi, onu daxildən kükrədirdi ki, hələ böyük yaradıcı mühitə yenicə qatıldığı çağlarda belə həyəcanlı və etirazçı duyğuları qələmə gətirirdi:
Ey Şərq, sənin üstündə
cahan çarpışıyorkən,
Aləm səni bölməkdə səadət
bölüşürkən
Hala da sükut etmədəsən,
ey evi bərbad,
Kimdən, əcəba, ummadasan
kəndinə imdad?
Cəfər Cabbarlı böyük gücünü bildiyi Şərqin sükuta dalmamasını, ətrafında cərəyan eləyən hadisələri biganə və süst seyr etməməsini, gücünü toplayaraq layiq olduğu haqqa çatması yolunda mübarizələrə qalxmasını arzulayırdı.
1924-27-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alarkən başqa bir fakültəni deyil, məhz şərqşünaslıq ixtisasını seçməsi də onun bu elm və yaradıcılıq istiqamətinə ruhən və fikrən dərin bağlılığından deyirdi. Yəni bu, hisslərin yönəltməsi ilə, universitetdəki başqa humanitar ixtisaslara nisbətən bu səmtin daha cazibəli görünməsi səbəbindən deyildi. Onun məqsədli istəyi bu idi ki, Yaxın-Orta Şərqin keçmişini də peşəkarcasına və mükəmməl öyrənsin.
Artıq XX əsrin ilk onilliklərindən Cəfərin vətəni Azərbaycan da Yaxın-Orta Şərqin, müsəlman coğrafiyasının bir növ mərkəzinə çevrilirdi - şair sözündə yox, əməldə, gerçəkdə!
1920-ci ilin sentyabrında böyük Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda Şərq xalqlarının Birinci qurultayının keçirilməsi həm Azərbaycanın, həm də bütöv Şərqin həyatında o zaman üçün son dərəcə əlamətdar, Azərbaycanı bir neçə qat ucaldıb dünyanın görəcəyi yüksəklikdə göstərə bilmək hadisəsi (və hünəri!) idi.
Bu tarix dəyişən qurultaydan az ötəcək, Şərqə və həm də Şərqin tərkib hissəsi olan Azərbaycanın dünəninə artan maraqların bəhrəsi olaraq gənc respublikada yeni təsisat fəaliyyətə başlayacaq - Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti. Orda çağın azman şərqşünas alimləri və üstün aydınları toplaşacaq, aralarında Azərbaycana kənardan dəvət edilmiş bir bölük məşhur araşdırıcılar da olacaq. Görkəmli şərqşünas alimlər də Azərbaycana ona görə dəvət edilmişdilər ki, başlanan yeni zaman içərisində Azərbaycanı yeni baxışla, təzə təfəkkürlə Şərq kontekstində tədqiq etsinlər, bizdə də peşəkar şərqşünaslıq məktəbinin yaranmasına şəxsi nümunələri və ötürəcəkləri təcrübələrlə təkan versinlər, bununla da Azərbaycanda Şərqi öyrənməyin yeni zamana uyğun akademik xətti başlansın. "Akademik" yazmışkən, əslində Azərbaycan Milli Elmlər Akademiyasının tarixinin yanlış və qüsurlu yanaşma olaraq SSRİ Elmlər Akademiyası ilə bağlanaraq 1945-ci ildən hesablanmasından imtina edilməli, bu tarix elə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradıldığı gündən götürülməlidir.
1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi də elə həmin dalğanın davamı idi. 1920-ci illərin başlanğıcında Azərbaycan artıq yaxın coğrafiyada şərqşünaslığın əsas mərkəzlərindən birinə çevrilirdi.
1919-cu ildə milli dövlətimizin - Azərbaycan Cümhuriyyətinin həyatında millət yaddaşında və tarixdə əziz gün kimi qalacaq və bütün gələcək boyu müsbət əks-sədasını hər bir azərbaycanlının duyacağı fərəhli hadisə baş verdi: Azərbaycan Darülfünunu - Azərbaycan Dövlət Universiteti yaradıldı.
Bu ilk və indiyədək də baş ali təhsil ocağımız auditoriyalarını tələbə üzünə açdığı ilk dövrlərdən orda artıq şərqşünaslıq araşdırmaları və tədrisi vardı: tarix-filologiya fakültəsinin nəzdində Şərq bölməsi də qurulmuşdu və həmin bölmənin xətti ilə ərəb və fars dilləri öyrədilirdi.
Lakin bu, sadəcə ilk addım, bir növ sabahkı müstəqil şərqşünaslıq fakültəsinə çatmaqçün tədarüklərdi, niyyətlərsə bəs deyincə idi və o sırada darülfünunda şərqşünaslığın tədrisini mükəmməl şəkildə qurmaq da başlıca hədəflər sırasında idi.
1920-ci ildə Azərbaycana artıq imzası elmi dairələrdə yetərincə tanınmış bir şərqşünas köçüb gəlir - Panteleymon Juze.
O, əslən bir xristian ərəb idi, 1870-ci ildə Yerusəlimdə doğulmuşdu. Başlanğıcda Fələstində, Livanda pravoslav rahiblərdən dərs almış, ərəbcəni də, fransızcanı da uşaqlıq illərindən mənimsəmişdi. Xeyli illər sonra o, Rusiyaya gəlib çıxdı, Peterburqda, Kazandakı fəaliyyətləri yaxşı bildiyi dillər sırasına ruscanı da artırdı. O, taleyini buralarla birdəfəlik bağlamağı qət etdiyindən Rusiya təbəəliyini də qəbul etmişdi.
1920-ci ildə isə Panteleymon Juzeni Azərbaycana dəvət edirlər.
Onun adı rəsmi sənədlərdə Panteleymon Krestoviç Juze kimi getsə də, əsl ismi də, atasının adı da, soyadı da başqaydı - o, Bəndəli ibn Səlib əl-Cauzi idi. Lakin bu sonradangötürmə ad-soyad əslində elə dədə-babadan ona qismət adın, ata adının və soyadın eynisi idi. O, sadəcə, adını da, soyadını da Avropa səslənişinə uyğunlaşdırmış, atasının adını da tərcümə edərək yaşadığı yeni coğrafiyaya uyğunlaşdırmışdı: ərəbcədəki "əs-səlib" elə "krest", "xaçlı" deməkdir.
1920-ci ildə Panteleymon Juze qiymətini çox onillər ötəndən sonra da hifz edəcək tədqiqlərini ararmaqla bərabər Azərbaycan Darulfünunundakı Tarix-filologiya şöbəsinin Şərq bölməsində çalışmaqdaydı və quruculuq, gördüyü işə əhatəli yanaşmaq keyfiyyəti canında olduğundan işlədiyi bölməni universitetdə daha sanballı mövqeyə çatdırmaq barədə ciddi düşünürdü və şərqşünaslığın, sadəcə, tarix-filologiya fakültəsinin tərkibində bir bölmə olmasını bu elm və tədris sahəsi üçün dar hesab edirdi. Rəhbərliyin də universitetdə daxili şaxələnməni, genişlənmə və dərinləşməni artırmaq məqsədləri ilə Juzenin təklifləri üst-üstə düşdüyündən təşəbbüsünü dilə gətirincə bunu tutarlı bir layihə kimi təqdim etməsi istənilir. O da ləngimədən təqdimat yazır, elmi şəkildə əsaslandırır ki, Azərbaycan ali təhsil şəbəkəsində bu gün şərqşünaslıq müstəqil bir istiqamət olmalı, hazırkı bölmə fakültəyə çevrilməlidir.
Və bu vicdanlı, inadkar alimin səyləri çox keçmədən bəhrəsini verir: 1922-ci ilin iyulunda Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsi yaranır. Həmin fakültənin birinci dekanı isə elə təşəbbüskarın özü təyin edilir - Panteleymon Juze!
O nurlu şəxsiyyəti həmişə minnətdarlıqla xatırlamalıyıq. Juze yalnız Azərbaycanda Şərqşünaslıq təhsilinin qurucularından olmadı. Azərbaycanda şərqşünaslıq elmi məktəbinin də banisinə çevrildi. Silsilə sanballı araşdırmalarının, tərcümələrinin bir qismi elə özünün sağlığında işıq üzü gördü, ancaq ərəbcədən etdiyi çox dəqiq, kamil elmi şərhlərlə müşayiət edilən və nəşr edilmədən arxivlərdə əlyazma halında qalan xeyli tərcümələri də vardı ki, 1920-30-cu illərdə yerinə yetirilmiş həmin işlərin əks-sədası 1970-80-ci illərdə üzə çıxmağa başladı. Amma heç də həmişə öz imzasıyla yox. Başqa bir sıra məşhur alimlər də "dərə xəlvət, tülkü bəy" arxayınlığı ilə onun əsərlərini, çevirmələrini mənimsədilər, öz adlarından ortaya çıxartdılar.
Ancaq ömür yolu ilə, keçdiyi yolla, mənəvi aləmi ilə, baxışları ilə yaxından tanış olandan, onu bir alim və insan kimi dərindən tanıyandan sonra məndə belə qənaət yaranır ki, Panteleymon Juze sağ olsaydı və görsəydi onun etdiyi hansısa tərcüməsinin üstündə özünün deyil, bir başqasının adı yazılıb, nə qeyzlənər, nə inciyərdi. Onun məhz belə bir insan olduğunu mənə unudulmaz alimimiz, özü də bilik və şəfqətlə dolu akademik Əbdülkərim Əlizadə söyləmişdi.
Juzedən ötrü mühüm olan Şərqin gizlində qalan, yeni zamanda bilinməsi vacib dəyərli irsinin ortaya çıxarılması idi.
Hələ cavanlığında magistr işini yazmış, ardınca doktorluq dissertasiyasının müdafiəsi üçün bir-birindən qüvvətli ağsaçlı alimlərdən ibarət mötəbər elmi şuranın qarşısına çıxmışdı. Əsərini mötəzililərə həsr etmişdi. Müzakirə əsnasında Juzenin mövqeyi ilə razılaşmayaraq ona irad tuturlar ki, dissertasiyada islah edilməli qüsurlar var, müəllif əsərdə İslama tənqidi baxışı əks etdirməyib. Qarşısındakı nüfuzlu alimlərin mövqeyi ilə barışmayan gənc araşdırıcı sübutlarla, dəlillərlə öz qənaətlərini müdafiə edərək bildirir ki, bu, elmdir, tarix necə varsa, o cür də yazılıb təqdim edilməlidir. Mən tarixi həqiqətləri hansısa siyasi, dini, fərdi baxışlara görə dəyişə, təhrif edə bilmərəm. Dissertasiya müdafiə edirdi, o gün alacağı son qiymət onu dinləyənlərin yekun rəyindən asılı idi, bəlkə də cavabını daha yumşaq, daha diplomatik verməsi o gedişatda daha məsləhətli olardı. Ancaq elmi heysiyyəti və alim mərdliyi onu düşündüyünü, inandığını həmin anın məxsusi həssaslığına bənd olmayaraq açıq ifadə etməyə çağırmışdı. Ömrünün axırınacan da bu əqidəsinə sadiq oldu.
Orta çağın milli tariximizlə bağlı çox qaranlıqları aydınladan "Əl-Kamil fit-Tarix"i - İbn Əsirin o məşhur salnaməsini azərbaycanlılar tanıdılarsa, keçmişimizin bir para həlledici səhifələri və hekayətlərindən həmin mənbənin soraqları vasitəsilə xəbər tutdularsa, səbəbkar həmin Panteleymon Juze idi.
Elə Cəfər Cabbarlının içərisində də Şərqə və Şərqin keçmişinə sevginin daha da alovlanmasının səbəbkarlarından ilkini müəllimi Panteleymon Juze olmuşdu.
Juze yaxşı müəllim, yorulmaz təhsil qurucusu və təşkilatçısı olsa da, bundan daha əvvəl alim idi. Bu məziyyəti çox keçmədən onun Azərbaycan Dövlət Universitetindəki sirayətedici fəaliyyətlərində təzahür edir. Dekanı olduğu şərqşünaslıq fakültəsini tezliklə öyrədici məkan olmaq çərçivəsindən qırağa çıxarır, tədricən buranı yalnız Azərbaycanda şərqşünaslıq tədrisinin deyil, şərqşünaslıq elminin də mərkəzinə döndərir.
Bu da rəhmətlik Panteleymon Juzenin Azərbaycan tədris və elm tarixindəki daha bir unudulmamalı xidmətidir.
1942-ci ildə artıq Panteleymon Juze yaşlı bir insan idi. Gecələrdən birində 1870-ci il təvəllüdlü, səksəninə doğru irəliləməkdə olan ixtiyar alimin qapısı döyülür.
Onun ardınca NKVD-nin qara maşını gəlmişdi. Panteleymon Juzenu casusluqda ittiham edərək aparırlar, aylarla dindirirlər, işgəncələrə, təhqirlərə məruz qoyurlar.
Casus kimə deyirlər? O şəxsə ki, burdan ora söz aparar, ordan bura xəbər çatdırar. Bəli, Panteleymon Juze casus idi. Fəqət onun casusluğu xəfiyyələrin şpion saydıqlarınkılardan deyildi. Juze tarixin keçmişlərindən, əsrlərin uzaqlarından yeni günə xəbər gətirən idi. Amma zavallı qocanı siyasi casusluqda, Sovet İttifaqının və onun ideologiyasının əleyhinə işləməkdə suçlayırdılar.
Yolunun başlanğıcındansa Panteleymon Juze - Bəndəli əl-Cauzi yalnız o işlərlə məşğul olmuşdu ki, onlar Sovetin meydana gəlməsindən əsrlər öncə baş vermişdi. O, əski tarix, orta çağ mədəniyyəti üzrə bilgin mütəxəssis idi və əməklərinin bəhrəsi həm bizim xalqa, həm də bütövlükdə insanlığa gərəkdi.
Nə qədər dindirsələr də, əziyyət versələr də, istintaq bu imam təbiətli saf adamda yapışılası bir əngəl tapa bilmir və Panteleymon Juzenin günahsızlığı təsdiqlənir, onu azad buraxırlar. Lakin NKVD zirzəmilərində keçirdiyi həftələr, aylar gedib Cəhənnəmi görüb qayıtmaq qədər müdhiş idi və həmin qara zolaq Juzenin səhhətini bərk laxlatmışdı.
Azadlığa buraxılsa da, növbəti ilə adlamağa taqəti çatmır - elə 1942-ci ildəcə həyatdan gedir.
Bu müstəsna şəxsiyyət elə şərəfli elm və həyat yolu keçib, elə dəyərdəndüşməz əsərlər yaradıb, Azərbaycan üçün şərqşünaslığın bir elm və tədris sahəsi kimi elə etibarlı bünövrəsini qoyub ki, adına və xatirəsinə xalqımızın əbədi sayğı və şükranlığını halal haqqı olaraq qazanıb.
...1950-1960-1970-ci illərdə buraxılmış bir sıra kitablar var ki, indi də təkrar-təkrar nəşr olunur, insanlar alırlar, oxuyurlar, zənginləşirlər və çox zaman fərqində olmurlar ki, onlarla şirin ana dilində danışan bu inci kitabların hər səhifəsinin ardında nə zəhmətlər durur. Kitabın əvvəlində bircə yerdə xırdaca hərflərlə yazılmış tərcüməçi adı onların çoxuna heç nə demir. İlk dəfə nəşr edilib əl-əl gəzdiyi vaxtlarda isə o kitabların xalqa çatmasının əsas səbəbkarları olan bir neçə alim və ədibi şəxsən olmasa da, uzaqdan-uzağa hamı tanıyır, qaibanə ehtiram bəsləyirdi.
Onların hər biri Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat tarixində silinməz izlər qoymuş insanlardı. Onlar müəllimlər idilər, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində dərs deyirdilər, həm də elmlə məşğuldular. Ancaq hər biri alimlikləri və müəllimliklərinin fövqündə şəxsiyyət kimi nəhəng idi. Onlar həyatlarını bağladıqları, talelərinin və ömürlərinin ayrılmaz parçası olan şərqşünaslıq fakültəsinin, əməkdaşı olduqları universitetin çərçivəsinə sığmayan insanlar idilər - Ələsgər Məmmədov, Mübariz Əlizadə, Rəhim Sultanov, Yusif Ziya Şirvani, Əhməd Şəfai...
Hərəsinin həyatı bir ayrı dastan idi. Onları o cür bənzərsiz və yenilməz, millətpərvər və dürüst edən həm də yaşamış olduqları qətiyyən sadə olmayan ömürləri idi. Onlar elə yollardan keçmişdilər ki, hərəsinin həyatı bir neçə cildə sığacaq, dramatizmlə daşan roman kimi idi. Ancaq ömürlərindən əsib keçmiş acı yellər, talelərini silkələmiş qasırğalar bu insanları büdrədə, həvəsini azalda, onları daxilən kobudlaşdıra bilməmişdi. Onlar elmə, mədəniyyətə, maarifə, xalqa xidməti son nəfəslərinə qədər həyatlarının başlıca mənası, ömür amalı saydılar.
Onların hər birinin dərsi sadəcə dərs deyildi, bir tamaşa idi və ən vacibi, onlar yalnız bu zəngdən o zəngə qədər auditoriyada dərsini deməklə işini tamamlayan müəllimlər zümrəsinə aid deyildilər. Onlar təpədən-dırnağa, iliklərinəcən əsl müəllim olduqlarından dərslərini fasiləsiz davam etdirirdilər. Adi söhbətləri də, insanlarla təmasları da, gündəlik həyatları da, elə adicə oturuşları-duruşları da dərs idi.
Onlar şərqşünas alimlər idilər və söz yox, indiki yaşlı nəsil yaxşı xatırlayır ki, 1960-70-ci illərdə Azərbaycanda Şərqə, onun böyük şəxsiyyətlərini tanımağa maraq da artmışdı. Bu ehtiyacı qarşılamağa körpü olacaq kitablar da bir-birinin ardınca işıq üzü görürdü və Azərbaycan boyu hamının evində olmasını umduğu, hökmən oxumaq istədiyi məşhur kitabların izi gəlib şərqşünaslıq fakültəsinə çıxırdı. "Qabusnamə", Sədinin "Gülüstan"ı, "Bustan"ı, Caminin "Baharistan"ı, "Yusif və Züleyxa"sı, "Kəlilə və Dimnə"...
Buna və bir də tələbələrinin elə təhsil aldığı müddətdə 1-2 illiyə xaricə işləməyə göndərilməsi (bu isə sovet dönəmində, sərhədlərin qapalı əyyamlarında qeyri-adi fürsət idi. Gedib işləyirdin, həm dünyanı görürdün, həm sovetdəkindən neçə-neçə qat artıq məvacibin olurdu, həm SSRİ-də şəxsi avtomobil əldə etməyin müşküldən-müşkül olduğu, lap nə yollasa istəyinə çatsan da, "bunu hansı vəsaitlə almısan" kimi ittihamedici sualların səni qarabaqara izləyəcəyi şübhəcil vaxtlarda zəhmətinlə qazandığın qanuni pula qorxusuz-hürküsüz maşın ala bilirdin) ucbatından o dövrdə şərqşünaslıq fakültəsi Azərbaycanın təhsil şəbəkəsində hər bir gəncin röyası idi.
Rəhim Sultanov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, İsmayıl Şəms, Əhməd Şəfai, Həsən Əlizadə, Nəyyar Zaman Hatəmi bu fakültənin aparıcı müəllimləri və şərqşünaslıq elminin yalnız Azərbaycanda yox, respublikadan kənarlarda da tanınıb yüksək dəyərləndirilən simaları idilər. Fakültədəki cavan müəllimlər də onların yetirmələri idi və sabah elə müəllimləri kimi böyük şöhrət qazanacaq Malik Mahmudov, Vasim Məmmədəliyev, Aida İmanquliyeva ustadları ilə çiyin-çiyinə tükənməz həvəs və qaynarlıqla çalışırdılar.
Onlar dərsliklər yaradırdılar, elmi əsərlər yazırdılar, mətbuatda, radioda, televiziyada, ən müxtəlif mərasimlərdə, tədbirlərdə çıxışlar edirdilər, ziyalı mühitimizin işığını artırırdılar, şərqşünaslıq elmimizi və məktəbimizi irəlilədirdilər.
Ancaq, eyni zamanda, onlar həm də yaxşı nasirlər, şairlər, tərcüməçilər idilər. Onlara yazıçı və şair olaraq "yaxşı" sözü yaraşırsa da, bədii tərcümə ustaları kimi bu təyin onların böyüklüyü müqabilində, sən deyən, yerinə düşmür. Onları "çox yaxşı" adlandırmaq da insafsızlıq olardı - fövqəladə idilər. Elələrinin bir daha olmasını nə qədər arzulasaq da, bu, gerçəkləşməsi adama mümkünsüz kimi gələn diləkdir.
Əhməd Şəfai İranda peşəkar hərbçi olmuşdu, polkovnik rütbəsinədək ucalmışdı, ancaq ona tam layiq olduğu general rütbəsinə yetişməyə tale maneçilik törətmişdi - şahlıq rejiminə qarşı silahlı etirazçı dəstəyə rəhbərlik edən polkovnik edam təhlükəsi ilə qarşı-qarşıya olanda mühacirət məcburiyyətində qalmışdı, Sovet Azərbaycanına keçmişdi, hərbçilikdən biryolluq ayrılaraq müəllimliyə başlamış, ömrünün qalan hissəsini Bakıda sürməyə qərar vermişdi. Hərbi sahədən ayrılsa da, hərbçi intizamı və dəqiqliyi onunla həmişəlik qalmışdı, yüksək səriştəlilik və şövqlə elmə, tədrisə bağlanmış, tezilklə bu istiqamətlərdə də mahirliyini əyan etmişdi.
Professor Əhməd Şəfai Azərbaycan şərqşünaslığına uğurlar gətirən, bu məktəbi daha da gücləndirib irəli aparanlardan oldu. O həm də bişkin qələmli şair idi və yadigar qoyduğu daha bir qiymətli iş də bu idi ki, Sabirin "Hop-hopnamə"sini farscaya çevirdi. Elə məharətlə ki, oxuyan zənn edər Mirzə Ələkbər bu şeirləri məhz farsca qələmə alıbmış.
...Ələsgər Məmmədov Azərbaycan şərqşünaslığındakı zirvə, bütün ərəbşünasların özünə müəllim saydığı professorlardan idi.
O, uzaq 1937-1941-ci illərdə Bakıda Pedaqoji İnstitutun Xarici dillər fakültəsində alman dili ixtisasına yiyələnmişdi. Amma ardınca 1941-1944-cü illərdə Moskvada Hərbi Xarici Dillər İnstitutunun Şərqşünaslıq fakültəsinin Ərəb dili fakültəsində də dərs almışdı. Ora gedib çıxmaq təsadüfi olmurdu. Demək, o, SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin maraq dairəsinə düşmüşdü ki, yolunu beləcə açmışdılar. İkinci Dünya müharibəsinin şiddətli vaxtında əsgərlik yaşında olan bir gəncin cəbhəyə göndərilməyərək, hərbi tərcüməçi kimi təhsil almasına imkan verilməsini başqa cür izah etmək mümkün deyil. Təbii, bu, onda qabiliyyət, istedad sezmiş dövlətin seçimi idi. Hərdən Ələsgər müəllim özü zarafatla deyərdi ki, mən üç "de"yəm: desant, diplomat, dilmanc.
...Ələsgər Məmmədovun məhz xüsusi seçimlə hərbi istiqamətli təhsilə cəlb edilməsinin bir sübutu da odur ki, 1946-cı ildə o, Nürnberq Beynəlxalq Hərbi Tribunalında işə cəlb edilmiş, alman dili tərcüməçilərindən biri olmuşdu.
Zabitəli, tələbkar, sərt, amma belə olduğu qədər də mülayim, şux olan Ələsgər Məmmədov söyləyirdi ki, Moskvadan qayıdıb Azərbaycan Dövlət Universitetində ərəb dili dərsi deməyə başladığı vaxtlarda və tədrisə öz yenilikçi üsullarını gətirməyə çalışdığı dövrlərdə köhnə düşünən bəziləri ona irad da tutur, inamsız da baxırlarmış ki, bu nə məktəb görüb ki, onun dərs aldığı yerdə özləri ərəbcəni necə bilirlər ki, buna da öyrədələr?
Amma Ələsgər müəllim ustadı Xarlampi Karpoviç Baranovu (1892-1980) minnətdarlıqla xatırlayır, artıq qocaman yaşlarında olduğu çağlarda da "onun çörəyini yeyirəm" deyirdi. XX yüzilin ilk onillərində parlamış və imzası dünya şərqşünaslığına düşən professor Baranov məşhur Moskva Lazerev Şərqşünaslıq İnstitutunun Ərəb, fars, türk şöbəsini bitirmişdi və üç dilin üçünü də mükəmməl bilirdi. Onun yaratdığı lüğətlər sonralar bu qəbil çox ikidilli lüğətlər tərtib edilsə də, bu gün də, əvvəlki kimi, ən çox inanılan masaüstü kitablar cərgəsindədir. Ancaq Baranov kimi seçkin bir şərqşünas ustaddan dərs almış Ələsgər Məmmədov böyük müəllimindən öyrəndiyi ilə kifayətlənmədi, özü təzə bir yol yaratdı, müasir Azərbaycan ərəbşünaslığının təməlini qoydu, Azərbaycan ərəbşünas alimlərinin yeni nəslini yaratdı. Onun doğurduğu ərəb dili dərslikləri yenilikçiliyi ilə bütün əvvəlkilərdən seçilirdi və heç vaxt da köhnəlməyəcək.
Onun verdiyi dərslər ustacasına bilikötürməylə artistizmin vəhdəti idi. Həmin dərslərdə yorulmaq mümkünsüz idi. O dərslərdən bilik almadan ayrılmaq olmazdı. Öyrənənin səviyyəsindən asılı olmayaraq, hansısa tələbə Ələsgər müəllimin qarşısında dayanmışdısa, 45 dəqiqə, bir qoşa saat sonra həmin sinif otağından mütləq nəsə öyrənərək çıxacaqdı. Başqalarının sözü ilə demirəm, özüm şahidəm: 1970-ci illərdə şərqşünaslıq fakültəsinin tələbəsiykən fars bölməsində oxusam da, hərdən cədvəlimiz imkan verəndə Ələsgər müəllimdən xahiş edərək sadəcə dinləməkçün onun dərslərində oturardım.
Görünən bu idi ki, hər növbəti dərsdə tələbənin hətta ərəb dili bilgisində hansısa irəliləyiş olmasa belə, o, həyat elmindən hökmən yeni və gərəkli olan nəyisə mənimsəyəcəkdi. Axı bu, Ələsgər müəllim idi!
...Şərqşünaslıq fakültəsinin gözəl çağlarının xoşbəxt tələbələri idik, Ələsgər Məmmədov hər gün ünsiyyətdə olduğumuz insanlardan biri idi. Zahirən hansısa əlamətləri ilə ətrafdakılardan xüsusən seçilməyən bu insanı əvvəlcədən tanımayanın elə sıradan olan bir kəs kimi qəbul etməsi də istisna deyildi. Amma qısaca təmasdan sonra, hətta onunla kəlmə kəsmədən belə elə iki-üç dəqiqə dinləyincə qənaət dəyişirdi.
Tələbəlik illərində Mirzə Fətəli Kitabxanasında İkinci Dünya müharibəsinin bitməsindən az sonra keçirilmiş, müharibə cinayətkarlarına qurulan gərgin məhkəmə iclaslarını əks etdirən stenoqramları oxuyurdum. Nürnberq prosesindəki gedişatı canlandıran bu kitablarda tərcüməçilərdən biri "A.Mamedov" kimi göstərilirdi. Dərhal məndə bu tərcüməçinin azərbaycanlı olması ilə bağlı maraq oyandı ki, görəsən, o, kimmiş, ora necə gedib çıxıbmış, sonrakı taleyi necə olub?
Elə yüngülvari axtarışa başlayınca, bir-iki nəfər məlumatlı adamdan soruşunca bəlli oldu ki, bu "A.Mamedov" yazılan əslində hamımızın tanıdığı ərəbşünas Ələsgər Məmmədovmuş. Əlbəttə, fəxr etdim ki, bir azərbaycanlı belə məsuliyyətli, tarixi mənası olan məhkəmədə təmsil olunurmuş və bir də daha çox ona görə iftixar etdim ki, həmin dövrdə və ondan sonrakı bir neçə onil ərzində də Azərbaycandan farsca, ərəbcə, ümumiyyətlə, Şərq dilləri sahəsində mükəmməl tərcüməçilər çıxmışdısa da, Avropa dillərindən - ingiliscə, fransızca, almanca, italyanca, ispanca üzrə tanınmış mütərcimlərimiz yox kimi idi. Ancaq görün Ələsgər Məmmədov hansı səviyyənin sahibi imiş, almancası da, ruscası da necə rəvanmış ki, onu Nürnberq prosesi kimi son dərəcə həssas və siyasi siqlətli mərasimdə iştiraka cəlb ediblərmiş. Ancaq o stenoqrafik hesabatları diqqətlə oxuyarkən bəzi uyğunsuzluqlara da rast gəldim. "A.Mamedov" adı çox iclaslarda tərcüməçi kimi qeyd edilirdi. Stenoqramların əvvəlində hər iclasın günü və saatı da nişan verilirdi, lakin görürdüm ki, hərdən uyğunsuzluq kimi qəbul edilə biləsi hallar var: eyni gündə, təxminən eyni saatlarda paralel məhkəmə iclasları gedib, di gəl orda da, burda da tərcüməçi "A.Mamedov"dur. Heyrətləndim ki, bu, necə ola bilər, bir adam eyni saatlarda fərqli salonlarda tərcüməçilik edirmiş. Mənim üçün bir müəmmaya çevrilən bu sualın cavabını o vaxt Ələsgər müəllimin özündən soruşmuşdum və bunu da xəbər almışdım ki, stenoqramlardan birində məhbus guya tərcüməçinin onun fikrini düz çevirmədiyindən şikayətlənir, nəyi yanlış çatdırmışdınız?
Güldü, dedi ki, bəli, tamamilə doğrudur, o vaxt Nürnberq prosesində "Mamedov" soyadlı tərcüməçinin iki yerdə olması qanunauyğundur. Çünki, həqiqətən, həmin məhkəmədə müxtəlif zallarda Azərbaycandan olan iki nəfər Məmmədov soyadlı tərcüməçi vardı. Biri Ələsgər Məmmədov, digəri Ənvər Məmmədov.
İclaslar vaxtı müttəhimlərin ara-sıra tərcüməçilərə irad tutmasınısa Ələsgər müəllim, sadəcə, diqqətyayındırma, daha sərt ittihamlardan yayınma fəndi adlandırdı, belə halların o qəbil məhkəmə prosesləri üçün səciyyəvi olduğunu söylədi: "Elə yerlərə hər tərcüməçini onlarla yaxşı mütərcimlərin arasından, yüz ölçüb-bir biçərək seçirdilər".
Həmin ikinci "A.Mamedov" - Ənvər Məmmədov sonralar SSRİ televiziyasının rəhbərlərindən birinə çevrildi və 1960-70-ci illərdə Sovet televiziyasının həyatında baş verən əksər diqqətəlayiq və demokratik yeniliklərin müəllifi məhz Ənvər Məmmədov idi.
1980-ci illərdə SSRİ televiziyasının aparıcı əməkdaşları ilə görüşlərimizdə onlar etiraf edirdilər ki, Mərkəzi televiziya Ənvər Məmmədovun çiyinlərində gedir. Əlbəttə, belə azərbaycanlılarla həmişə qürur duymalıyıq.
...Ələsgər Məmmədov nadir bağban idi. O, Azərbaycanın yeni, güclü ərəbşünaslar nəslini yetişdirdi. Həm də məqsəd ondan ibarət deyildi ki, bunlar yalnız ərəb dilçiliyi ilə məşğul olsunlar. Bu müdrik insan yaxşı bilirdi ki, Azərbaycanın orta əsrlərdə ərəb dilində yaradılmış və əsl xəzinə olan intəhasız irsi var, həmin miras ərəbdilli alim və şairlərimiz, ərəbcə qələmə alınmış və dünya əlyazma xəzinələrinə səpilmiş saysız-hesabsız elmi, ədəbi, tarixi kitablarımızdır, bunları üzə çıxarmaq, tərcümə etmək, elmi-ədəbi-mədəni dövriyyəyə qatmaq, gələcək nəsillərə ötürmək bir vəzifə və borcdur
Araşdırıcılarını gözləyən bu mövzular ona görə uzun müddət açıq qalmışdı ki, həmin işləri görəcək kifayət qədər peşəkar, səriştəli mütəxəssislərimiz olmamışdı. Kitaba bağlılıq, qələmə sədaqət, axtarıcılığa aludəlik bu sözün birbaşa anlamında axıracan (!) Ələsgər Məmmədovla qaldı.
Bunu mənə ustadın qızı söyləyib ki, Ələsgər Məmmədov həyatının axır parçasında, xəstəxanada ikən ömrünün əsas bəhrələrindən olan "Ərəb dili" dərsliyini yeni redaksiyada çapa hazırlayırmış. Artıq korrekturalar ortadaymış, həkimlər qadağan ediblərmiş ki, nəinki çox işləməsin, heç yerli-dibli yazı-pozuyla məşğul olmasın.
Ələsgər müəllimi fikrindən döndərməkmi olardı?
Qızı yada salır ki, ata tələb edirdi korrekturaları mütləq gətirsinlər. Müayinələr, iynələr, dərmanlar arasındakı fasilələrdə yatağında oturaraq həmin qalaq-qalaq kağızları qoyurmuş dizinin üstünə, təshihlərini aparırmış, üstəlik təkid edirmiş ki, düzəlişdən sonra gətirsinlər, bir də nəzərdən keçirsin.
O son kitabını görmək, əlində tutmaq Ələsgər müəllimə qismət olmadı. Ancaq onun həyatdan köçməsindən ötən onillər ərzində başqa müəlliflərimizin ərəb dilçiliyinə və ərəb tarixinə, ərəbdilli elmi və bədii söz yatırımıza aid bolluca kitabları nəşr edilib. Yalnız müəlliflər deyil, redaktorlar, rəyçilər də yeni nəsil şərqşünaslardır. Amma həmin kitabların hər birində yazıda görünməsə də, hər halda Ələsgər Məmmədovun danılmaz payı var. Çünki Ələsgər Məmmədov olmasaydı, onun yaratdığı ərəbşünaslıq məktəbi davam etməsəydi, yetirmələri ustadın qoyduğu təməllər üzərində dikəlməsəydilər, nə o sıraları ildən-ilə sıxlaşan kitablar yazılardı, nə onları doğuran alimlər. Buna görə də Ələsgər Məmmədovun adı Azərbaycan ərəbşünaslığının dünənindən də bəhs eləyəndə həmişə iftixarla çəkildiyi kimi, gələcəyindən də hər dəfə söz açılanda bu şərəfli ad mütləq yada düşəcək.
...O, mənim ən sevimli müəllimlərimdən biri olub. Yalnız mənim yox ki! Şərqşünaslıq fakültəsində kim ki Rəhim Sultanovdan dərs alıb, ömrünün axırınacan o böyük insanı unutmayacaq.
Bütün ədaları və davranışları, hər deyişi ilə əsl ağsaqqal olan o mülayim, o qayğıkeş insan hər bir tələbəsinə öz doğma övladı kimi baxırdı.
Rəhim Sultanov Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin başlıca dayaqlarından, fakültənin siması olan barmaqla sayılacaq qədər azlardan idi.
Əslində mən onu üzünü görmədən məktəb illərimdən tanıyırdım.
Dayım evdə təzə çıxmış "Qabusnamə"ni, "Kəlilə və Dimnə"dən parçaları ucadan oxuyardı ki, hamımız dinləyək və həmin əbədi abidələrin xalqa çatmasının səbəbkarının Rəhim Sultanov olduğunu bilirdim. O kitablar daim yadda saxlanmalı, əməl edilməli öyüdlərlə dolu idi və sən demə, Rəhim Sultanovun mənə müəllimliyi əslində elə onun məhəbbətlə araya-ərsəyə gətirdiyi kitablarla hələ 1960-cı illərdə başlayıbmış.
Amma tale üzümə güldü, 1970-ci illərdə şərqşünaslıq fakültəsində təhsil almağa başlarkən Rəhim Sultanov artıq mənə bilavasitə dərs deməyə başladı.
O, qədim fars dilini də incəlikləri və bütün gizlinləriylə bilir və öyrədir, müasir farscaya dair də araşdırmalar aparır, vəsaitlər yazır, ən çağdaş elmi tələblər səviyyəsində tədris edirdi. Amma o, elə dilçiliyi qədər həm də incə zövqlü və bəsirətli ədəbiyyatşünas idi, əski ədəbiyyatı dərindən bilirdi və çox istəyirdi ki, o möhtəşəm ədəbiyyat bugünün insanına daha yaxın olsun, onu içəridən böyütsün, kamilləşdirsin, tərbiyə etsin, işıqlandırsın.
Rəhim Sultanov əslən Ərdəbildən idi. Bunu da özü nağıl edirdi ki, nə mən, nə qardaşlarım heç vaxt düşünməzdik ki, taleyimiz belə dəyişəcək. Hamımız elmlə bağlanacağıq.
Həqiqətən də, hər ikisi sonralar şərqşünaslıqda ad-san qazanacaq Rəhim və Məmmədağa Sultanovların hər biri ömürlərini Bakıda davam etdirməyə başlayandan sonra ədəbiyyata, dilçiliyə, zərif sənətlərə dəxli olmayan ayrı istiqamətlərdə irəliləyirdilər. Məmmədağa Bakı ətrafının neft mədənlərində çalışırdı, Rəhim kimyaçı idi. Ancaq zaman onları şərqşünaslığın füsunkar cazibəli aləminə doğru çəkdi. Rəhim Sultanov cavan çağlarından ömrünün sonunadək şərqşünaslıq fakültəsində buranın dayaqlarından sayılan kafedranın müdiri oldu və çoxsaylı gənc alimlər nəslinin yetişdiricisinə çevrildi.
Elə məni də hələ ikinci kursda ikən kafedraya dəvət edərək elm yoluna bağlayan, həyatı və irsi gərəyincə tədqiq edilməmiş XI əsrin təsəvvüf şairi və alimi Baba Tahir Üryanı araşdırmağımı tövsiyə edən Rəhim Sultanov oldu.
Həmin ilin yayında dərslərimizi və imtahanlarımızı başa vurandan sonra Leninqrada (indi Sankt-Peterburq) yola düşərək orda arxivlərdə işləmək istədiyimi bildirəndə Rəhim müəllim sadəcə sevinmədi - kövrəldi. "Sabah yanıma gəl" dedi. Ertəsi gün mənə o vaxtlar Leninqradda yaşayıb-işləyən bir neçə nəfərə yazdığı məktubları verdi. Həmin məktubların ünvanlandığı alimlərin sırasında azərbaycanlılar da vardı, tanınmış rus şərqşünasları da. Rəhim müəllim onların hər birindən rica edirdi ki, mənə köməklərini əsirgəməsinlər. Həm də məktublarda yazırdı ki, aspirantımdır. Qayıtdım ki, ay Rəhim müəllim, axı aspirant deyiləm, elə üzümə baxan kimi görəcəklər yaşım azdır, tələbəyəm. Dərhal dilləndi ki, sən də onlarla elə ağıllı danış, elə məsələlərdən söhbət et ki, səni tələbə yox, aspirant kimi qavrasınlar.
Leninqraddakı axtarışlarımın nəticələri - orta əsr mənbələrindən tapdığım naməlum Baba Tahir dübeytiləri haqda məqaləm növbəti ildə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdiyi və tanınmış alimlərin yazılarından ibarət məqalələr məcmuəsində sonralar elmi rəhbərim olacaq unudulmaz alimimiz Qəzənfər Əliyevin köməyi və zəmanəti ilə yer alanda, həmin toplunun əlimə çatan ilk nüsxəsini Rəhim müəllimə təqdim edəndə yenidən duyğulandı: "Görürsən, mən deyən düz çıxdı, səni azı aspirant kimi qəbul etməsəydilər, belə nüfuzlu bir nəşrdə məqalənə yer verərdilərmi?"
Rəhim Sultanovdan Azərbaycan xalqına elə yadigarlar qalıb ki, həmin kitablar həmişə nəsil-nəsil insanımızın masası üstündə olacaq. Tərcümə etmək, xalqa çatdırmaqçün hansı əsərləri seçməsinin özü də Rəhim Sultanovun nəcibliyindən, xeyirxahlığından, kübarlığından deyir. Bunlar elə abidələrdir ki, dünyanın hansı dilinə çevrilsə, oxucuya yetişincə həmin xalqın doğmasına çevrilər. "Qabusnamə"ni yazan Qabus ibn Vəşmgir şərqli idi, kitabını ən əvvəl öz övladı Gilanşaha uzaq 1082-ci ildə bir vəsiyyətnamə, öyüdnamə kimi, eləcə də oxşar dünyagörüşü, ovqat və yaşayış meyarlarına alışqan ətrafdakılara nəsihətlər toplusu kimi nəzərdə tutaraq yazmışdı. Ancaq bu ibrətli hekayətlər toplusu doqquz əsrdən artıq müddətdə Hindistandan Mavərənnəhrə, Orta Asiyaya qədər, Orta Asiyadan Qafqaza, Qafqazdan İrana, Əfqanıstanacan əl-əl gəzib, sevilib. Amma XX yüzilin ikinci yarısında görkəmli rus alimi Yevgeni Bertels həmin kitabı ruscaya çevirdi. Artıq bu kitab büsbütün başqa düşüncə, zövq, fərqli yaşayış biçimləri olan auditoriya ilə görüşürdü. Amma aradan bu qədər zaman keçsə də, indi kitabın təşrif gətirdiyi məkan tamam başqa idisə də, "Qabusnamə"ni slavyan oxucu da, Sovet İttifaqı boyunca çeşidli xalqların onu mütaliə edən tam fərqli xarakterli və milli mentalitetli oxucuları da doğma qəbul etdilər, bəhs edilən mətləblər onlara məhrəm göründü.
Demək, başlanğıcda bir nəfərə - doğma övlada ünvanlanmış bir kitab əslində bütün insanlığın işinə yarayacaq və qəlbinə yatacaq sərvət imiş.
Rəhim Sultanov sərrafcasına seçə bilirdi ki, məhz "Kəlilə və Dimnə", İbn Sinanın "Daneşnamə"si, Nəsirəddin Tusinin "Əxlaq-i Naseri"si, Sədinin "Gülüstan"ı, Caminin "Baharistan"ı daim insanlara qalmağa qadir və layiqdir. Nə qədər insan var, bu çəkidə, bu dərinlikdə olan kitablara ehtiyac duyulacaq. Məsələnin çox mühüm olan bir başqa tərəfi də var: klassik abidələr necə, hansı səviyyədə tərcümə edilir. Çevrilən mənbənin dilini yaxşı bilmək azdır. Çevirərsən, məna olduğu kimi qorunar, ancaq başqa dilin cildinə girəndən sonra onu orijinalda oxuyarkən aldığın ləzzəti hiss etməzsən. Bu baxımdan da Rəhim Sultanov bənzərsiz idi. O həm yaxşı nasir, həm də rəvan təbli şair idi. Azərbaycan dilinin plastikasını, ifadə gözəlliyini bütün lətafəti ilə tərcümələrində nümayiş etdirməyi bacarırdı. Universal zəkalılığı, orta əsrlər tarixi, mədəniyyəti, nəsri və poetikasına vaqifliyi bir tərəfdən tərcümələrin keyfiyyətini yüksəldirdisə, digər yandan həmin əsərlərə yazdığı önsözlərin, şərhlərin elə müstəqil elmi araşdırmalar kimi sanbalını təmin edirdi.
Ancaq Rəhim Sultanovun kamil alimliyi və qabil tərcüməçiliyinin üstündə dayanan məziyyəti, onun qəlbinə də daha yaxın olan məşğuliyyəti onun müəllimliyi idi. Müəllimlik ona fitrətən nəsib olmuş bir istedad idi.
Ələsgər Məmmədov ərəbşünaslığımızın yeni, sağlam bir nəslini yetişdirdiyi kimi, Rəhim Sultanov da iranşünaslıq və farsdilli irsimizi araşdırmaq səmtində çalışan səviyyəli tədqiqatçılardan ibarət iri bir cavan alimlər zümrəsinə həyat vəsiqəsi verdi.
1960-70-ci illərdə ovaxtkı Sovet İttifaqında şərqşünaslıq çox irəli getmiş, bu elm sahəsi üzrə dünyanın aparıcı mərkəzlərindən birinə çevrilmişdi. Ancaq SSRİ şərqşünaslığının ön cərgəsində gedən ən aparıcı alimlərin də bir çoxu azərbaycanlılar idi. Azərbaycan şərqşünaslığının qida mənbəyi, mütəmadi qan təzələyən və gücverici qaynağı isə Azərbaycan Dövlət Universitetindəki Şərqşünaslıq fakültəsi idi. XX yüzilliyin ikinci yarısının onillərində isə fakültənin özəyi, ənənələrinin yaşadılıb davam etdirilməsinin təminatçısı üç güclü şərqşünas alim idi.
O üçlük bir orduya bərabər idi: Ələsgər Məmmədov, Rəhim Sultanov, Mübariz Əlizadə. Onları Azərbaycandan kənarlarda, Sovet İttifaqının əsas şərqşünaslıq mərkəzləri sayılan Moskvada da, Leninqradda da, Kiyevdə də, Tbilisidə də, Orta Asiya respublikalarında da, həmçinin, İranda, Əfqanıstanda, Türkiyədə, ərəb ölkələrində, Avropada tanıyırdılar, etiraf edirdilər, yalnız qüvvətli alimlər kimi deyil, rəyinə bel bağladıqları münsiflər kimi qəbul edirdilər.
Mübariz adına tam tən gələn bir şəxsiyyət idi. O, əqidə adamı idi. İlk gəncliyindən İranda inqilabi hərəkata qoşulmuşdu, günlərin birində ölüm təhlükələri ilə üzbəüz qalarkən nicatı sərhədi aşaraq bu taya gəlməkdə tapmışdı. Yolsa yenə davam etmişdi, daim mübarizələrdə olmaq və qətiyyəti ilə, dəmir məntiqi ilə, dönməzliyi, ardıcıllığı ilə qalib çıxmaq üstünlüyü onu ixtiyar çağlarınadək tərk etmədi.
Mübariz Əlizadə İran ədəbiyyatının, həm də bütövlükdə farsdilli ədəbiyyatın örnək mütəxəssislərindən idi. Ancaq bundan daha vacib özəlliyi farsdilli klassik şeir tərcüməçiliyindəki ustalığı idi. XII yüzildə dahi Nizami qəsidələrindən birində təsdiqləyirdi ki, elmi əsərləri tərcümə eləmək məqbuldur, çünki elmi əsərdə əsas mənadır və mətləb hansı dilə tərcümə olunsa da, itməz. Şeirdə isə məzmundan əlavə həmin mənanı tamamlayan zahiri gözəllik də var. Heç bir mütərcim o zahiri gözəlliyi zədələmədən başqa bir dil libasına geyindirə bilməz. Ona görə Nizami tövsiyə edirdi ki, elmi əsərləri tərcümə edin, şeirə toxunaraq onun ilkinliyinə, bakirə təmizliyinə zədə vurmayın.
Mübariz Əlizadənin tərcüməçiliyi isə bir möcüzə idi. Fars dilindən bədii tərcüməçiliyin keçmişinə bu irsin hər yönü ilə aşina idi və özü də yaxşı şairdi. 1920-1930-cu illərdə mətbuatda sıra-sıra şeirləri dərc edilmişdisə də, sonralar istedadını tərcüməçiliyə həsr etmişdi. Onun çevirmələrində Füzulinin fars dilində yazdığı qəzəllər ana dilində yazdıqlarından seçilmirdi, onun tərcümələrində Xaqani misraları elə əvvəldən türkcə yazılıbmış gözəllikdə parlayırdı, Mücirəddin Beyləqani "Divan"ını elə farsca bağlayıbmış kimi təəssüratı oyadırdı.
Mübariz Əlizadə şeirə, əski ədəbiyyata vurğun idi, amma onun müəllimlik sənətinə olan münasibəti artıq sadəcə aludəlik, məftunluq yox, aşiqlik mərtəbəsində idi.
O qüdrətli üçlüyün - Ələsgər Məmmədovun da, Rəhim Sultanovun da, Mübariz Əlizadənin də bir-birlərinə tam bənzər olduqları nöqtə də elə onların müəllimliyi idi və elm aləmində nə qədər hünərləri vardısa da, tərcüməçilikdə nə qədər genişmiqyaslı işlər görmüşdülərsə də, həmişə məhz müəllimlikləri ilə daha çox fəxr edərdilər. Onlar üçün müəllimlik həyatlarının mənası idi.
Xatırlayıram - ilk dissertasiyamı müdafiə edirdim. Həmin müdafiədəki müzakirələrdə Mübariz Əlizadə də çıxış elədi. Dedi ki, bəzən bizə irad tuturlar ki, niyə kitablarınız azdır. Bizim kitablarımız yazıb nəşr etdirə bildiklərimizdən ona görə azdır ki, ömrümüzü tədrisə, yaxşı tələbələr yetişdirməyə həsr etmişik.
Və əlavə elədi ki, bu gün mənim tələbələrimdən biri dissertasiya müdafiə edir. Bu, əslində elə mənim daha bir əsərim, daha bir kitabım deməkdir.
...Onlar yetirmələrinin uğurları ilə iftixar etməyi bacaran, bildiklərini səxavətlə yetirmələrinə ötürməyə hər an hazır olan geniş qəlbli insanlar idilər. Belə insanlarınsa rəhmət və məhəbbətlər, bitməz minnətdarlıqlar daimi yoldaşıdır.
İllərcə şərqşünaslıq fakültəsinə rəhbərlik etmiş professor Həsən Mahmudov bir dəfə söylədi ki, indi burda dərs deyən müəllimlərin, demək olar ki, hamısı həm də elmlə məşğuldur. Dilin, ayrı-ayrı ədəbi abidələrin, şəxsiyyətlərin tarixini araşdıran əsərlər üzərində işləyirlər. Ancaq onlar özləri hamısı birlikdə şanlı tarixdirlər. Gün gələcək, bu tarixin özünü də iftixarla öyrənəcəklər. Məgər düz demirdimi?
O məşhur zərbülməsəl hər kəsin yadındadır: "İşıq Şərqdən gəlir".
İşığın Şərqdən gəlməsi həqiqəti dünyanın dörd bucağında bəllidir. Hərçənd Avropanın məşhur yazarlarından olan Kiplinq vaxtilə demişdi ki, Şərq Şərqdir, Qərb Qərb, onlar heç vaxt kəsişməyəcək.
O mənada ki, Şərqlə Qərbin maraqları, ruhları heç vaxt sonacan üst-üstə düşməyəcək. Tarix Şərqlə Qərbin dönə-dönə toqquşmalarına az şahid olmayıb. Ancaq orası da var ki, Qərb həmişə Şərqə maildir. Yalnız qəsb eləmək, qamarlamaq, onu təsiri altında saxlamaq nöqteyi-nəzərindən yox. XVIII-XIX əsrlərdə Avropanın böyük şərqşünaslıq məktəbləri yaranıb. Onlar Şərqi şərqlidən də artıq sevərək öyrəndilər.
Və biz öz şərqşünaslığımızı yaradarkən həmin sevgidən də, təcrübələrdən də çox yararlandıq.
Dünyanın bəxtiyar, avand gələcəyi yalnız bu qəliblə gerçəkləşə bilər: Şərqlə Qərb gərək bir-biriylə əl-ələ ola. Gərək Şərqdən gələn gur işığı Qərb də və hər bir insan da qəlbinin bütün səmimiyyəti və açıqlığı ilə qəbul edə. Onda insanların da nuru artacaq, dünyanın da işığı çoxalacaq.
Bir əsr bitdi, artıq ikinci əsr başlanıb ki, Bakı Dövlət Universitetində - bizim baş təhsil ocağımızda şərqşünaslıq fakültəsi var. Şərqşünaslıq fakültəsi özlüyündə bir yol, solmaz ənənələr daşıyıcısıdır. Böyük Müəllimlərin xətti, üslubu, vərdişləri orda indi də hər gün var olmaqdadır.
Bu gün də o dəhlizlərdəki divarlardan bizə həmin insanların, unudulmaz müəllimlərin şəfqətli surətləri baxır. Dərslər qurtarır, son zəng vurulur, hamı gedir evinə-eşiyinə. Onların ruhlarısa həmişə ordadır. Çünki məktəb yaratmış, yol yaratmış şəxsiyyətlər adətən həmişə yadigar qoyduqları məktəbin, sabaha ərməğan etdikləri yolun gələcəyindən nigaran qalırlar, qayğılanırlar ki, həmin yolu gedənlər büdrəməsin, ənənələri yaşadaraq daha da yüksəltsinlər.
Məşhur zərbülməsəl "İşıq Şərqdən gəlir" söyləmişdi. Bu gün o parlaq işıq təməllərini azman alimlərimiz və müəllimlərimizin, ustadların qoyduğu Azərbaycan şərqşünaslıq imarətinin ucalarından bərq vurmaqdadır.
20 sentyabr 2025


