Icma.az
close
up
RU
İslam və əxlaq barədə Fazil Mustafa yazır…

İslam və əxlaq barədə Fazil Mustafa yazır…

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İslam və əxlaq münasibəti yalnız ibadət və inanc çərçivəsində deyil, insanın gündəlik davranışı, məsuliyyəti və cəmiyyət qarşısındakı mövqeyi kontekstində də düşünülməlidir.

Milli Məclisin deputarə Fazil Mustafa bu yazısında əxlaqın dindən əvvəl mövcud olan, insanın mahiyyəti ilə bağlı universal bir dəyər sistemi olduğunu vurğulayır.

Müəllif İslamın əxlaq anlayışına, xüsusilə dürüstlük, halal ticarət, məsuliyyət, ədalət və başqasının haqqına hörmət prinsiplərinə diqqət çəkərək ibadətlə əxlaqlılığın eyni anlayış olmadığını ortaya qoyur.

Yazıda həmçinin Maks Weberin “inanc əxlaqı” və “məsuliyyət əxlaqı” bölgüsündən, Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsərində irəli sürdüyü Şərq-Qərb müqayisəsindən və İslam dünyasının müasir problemlərindən bəhs edilir.

Fazil Mustafa İslamın siyasi ideologiyaya çevrilməsi ilə insanın mənəvi və əxlaqi kamilliyi arasındakı fərqi qabardır və müasir dünyada müsəlmanın əsas meyarının yalnız ibadət deyil, əməldə dürüstlük, məsuliyyət və insan həyatına verdiyi dəyər olması fikrini müdafiə edir.

Gununsesi.info-nun təqdim etdiyi bu yazıda müəllif İslamın əxlaqla münasibətinə, ticarət və biznes etikasına, dünyəvi dövlət anlayışına və müsəlman cəmiyyətlərinin inkişaf probleminə fərqli prizmadan yanaşır.

“İSLAM VƏ ƏXLAQ BARƏDƏ”

Əxlaq birinci növbədə insanın mahiyyəti ilə bağlı dəyərlər sistemidir. Və əxlaq birbaşa dinlə bağlı deyil. Dindən öncə də, dini təlimlərin insanlara vəhy yolu ilə çatdırılmasından öncə də əxlaq mövcud olmuş. Amma hər gələn din bu əxlaqı xatırlatmaq üçün, insanların yadına salmaq üçün öz müddət əxlaq modellərini təkrarlayır və təqdim edir. Və islam dinində də belədir. İslam özündən əvvəlki xeyirli əməlləri, yaxşı işləri məhz Allahın göndərdiyi kitabda vurğulayır və insanlar da bunu həm bir tarixi təcrübədən gələn əxlaqı, həm də müqəddəs kitabda yazılan əxlaqı mənimsəyərək öz həyat sistemini nizama sala bilirlər.

Çox insanlarda elə bir düşüncə var ki, əxlaqı gətirən və insana təqdim eləyən dindir. Əslində dindən öncə, dini baxışlardan öncə əxlaq mövcud olub. Hətta traybalist dinlərdə, bütpərəstlik dövründə həmişə əxlaq olub. Din, xüsusilə də səmavi dinlər bu əxlaqı müəyyən dərəcədə insana xatırlatmaq mahiyyəti daşıyır. Və bir çox qissələr, rəvayətlər formasında baş vermiş, mövcud olmuş əxlaqın xatırlanması ilə biz tanış oluruq. Buradan da anlaşılır ki, din həm də müəyyən dərəcədə insan həyatını bu əxlaq üzərindən nizama salmağa çağırış sistemidir.

Əxlaq klassik etikada ilk növbədə də insanın özünə aid olan məsələ hesab olunur. Yəni əxlaq kimsənin qonşuna aid olan məsələ kimi anlaşılmamalıdır. Burada hər kəsin öz hesabatlığı üzərində qurulan və həmişə davranışını ona görə təyin edən bir insan modeli düşünülür. Və iş əxlaqı da, ticarət əxlaqı da, biznes əxlaqı da buna uyğun məsuliyyət tələb edən və başqasının haqqına girmədən, eyni zamanda da başqasının haqqını yeməməyi tələb edən davranış kodeksi sayılır.

Mümkündür ki, insanlar çox vaxt ticarət münasibətlərini eyni dindən olan insanla qurmasınlar. Yəni bir müsəlman etimad əsasında bəzən hansısa xristianla ticarət edir. Yaxud bir yəhudi bir müsəlmanla rahatlıqla alış-veriş edir. Demək ki, ticarət edərkən bir insanın dini mənsubiyyəti yox, onun əxlaqı və məsuliyyəti önə çəkilir.

Digər tərəfdən, eyni məkanda namaz qıldığın insana güvənməyə bilərsən. Amma eyni məkanda yaşamadığın, tanımadığın, amma ticari əməkdaşlıqda dürüstlüyünə əmin olduğun insanla istənilən biznes əlaqəsi qurmağa özünü hazır hesab edərsən. Ona görə də bu məsələdə insanın əxlaqa dinlərüstü bir məsələ kimi baxması daha doğrudur.

Əxlaq mövzusunda alman sosioloq Maks Weberin maraqlı bir təsnifatı var. Deyir ki, siyasətdə iki əxlaq forması olur. Bir inanc əxlaqı var, bir də məsuliyyət əxlaqı var. Sən inandığına hər cür əməl edə bilərsən.

İbadətini vaxtında yerinə yetirərsən. Öz düşündüyünü həyata keçirmək üçün hər cür yola əl atarsan, fədakarlıq göstərərsən. Amma sənin bu atdığın addımlar cəmiyyətə, çevrəyə həm də zərər vura bilər. Diqqət edirsinizsə, radikalizmin daşıyıcısı olan çox sayda insan səmimi şəkildə öz inandığını həyata keçirir. Amma öz inandığını həyata keçirənlərin çevrəmizdəki İslam adı qoyulmuş dövlətlərin bünyəsində öz cəmiyyətinə nə qədər ziyan vurduğunu, qadınların və uşaqların yaşamına nə qədər böyük bir faciələr gətirdiyini, insan haqlarının dəfələrlə pozduğunu, insanı hətta ibadətə belə yönəldəndə saxtakarlığa cəlb etdiyini, məcburi oruc tutmaq, məcburi namaz qılmaq, kiməsə görünmək üçün qorxudan bunları eləmək vərdişinə insanları yönəltdiyini müşahidə edirik.

Amma bunun alternativi olan məsuliyyət əxlaqı isə öz inandığını əsas götürmədən, birbaşa cəmiyyətin məsuliyyətini öz üzərinə almaq və cəmiyyətdə düzəni, ədaləti doğru təmin etməkdir. Bu növ əxlaqın daşıyıcıları çalışır ki, o cəmiyyətdə nizam-intizam pozulmasın, insanların haqlarına girilməsin, insan öz haqqını qorumaq üçün lazımi yaşam və düşüncə mühiti əldə etsin.

Ona görə də, biz daha çox məsuliyyət əxlaqı üzərində danışmalıyıq və ticarət də, biznesdə, həyatın bütün sahələri də məsuliyyət əxlaqına aid sahələrdir.

Əlbəttə, sosial-iqtisadi münasibətlərdə insanların böyük əksəriyyətini razı salacaq arzulanan mühit yaxud da şərait olmaması mümkündür. Amma bu, insana çox vaxt şikayətlənmək üçün əsas verməməlidir. Çünki insan birinci növbədə hansısa bir cəmiyyətin məhsuludur və burada fərqli ağılların rəqabəti, müzakirəsi və mübahisəsi hər davamlı getmiş və gedəcəkdir. Və bu ağılların tətbiqi məsələsində ilk olaraq insan başqasına zərər verməyə biləcək davranışlar üzərində düşünməlidir.

Birinci öz mənfəəti üzərində düşünəndə o mənfəətin əks alternativi başqasına zərərdir, başqasına fayda verməməkdir. Çünki insan əgər bir sosium üzvüdürsə sosioloji mənada həm də müəyyən bir məkanda varlığını sürdürür. Yəni zamanın hansısa bir dövrünə rast gələn bir məkanda mövcuddur. İndiki internet çağında bizdən uzaq məkanlarda yaşayıb-yaradanlarla bağlı bilgil sahibi olmamızla yanaşı, eyni zamanda konkret məkandakı insanlarla da ünsiyyətimiz mövcuddur. Tələbə olsaq, universitetdə tələbə yoldaşlarımızla, biznes mühitində öz əməkdaşlıq elədiyimiz şəriklərimizlə yaxud da işçilərimizlə ünsiyyətdəyik. Və burda biz doğru əxlaq münasibətlərini necə qura bilərik, mahiyyətcə bunun üzərində müzakirə aparmalıyıq. Çünki real həyat insana bir sıra məsələlərə öz görüşlərini inanc üzərindən qoymağı tələb etmir. Əksər hallarda insan öz görüşünü başqalarının marağı, mənsafeyi, ümumi davranış qaydalarına zərər gətirməmək üzərindən təqdim edir.

Bu mövzuda daha çox bizim islam dini araşdırmaları ilə ünlü olan böyük mütəfəkkirimiz Əhməd Ağaoğlunun “Üç mədəniyyət” əsərinə isnad etmək istərdim. Ağaoğlu bu əsərdə xristianlıqla müsəlmanlığı, müzakirə və müqayisə edərkən bildirir ki, ilk dəfə Peyğəmbərə Quran ayələri daha çox inanc və ibadət məsələləri üzərindən gəlirdi. Əlində real hakimiyyət olmadığına görə günlük şərtlərin diqtəsi ilə hansısa ayənin nazil olması müşahidə edilmirdi. Amma sonradan Mədinə dövründə real insanlarla gündəlik məişət, ticarət və iş həyatına aid münasibətlər qurulduğunda artıq dünyəvi işlərlə bağlı ayələr daha çox nazil olmağa başladı və bu ayələr də əsasən günlük idarəçilikdə ortaya çıxan suallara verilən cavablar mahiyyətində olurdu. Xristianlıqda isə inanc sistemi birbaşa ibadət və inanca aid sual-cavablardan ibarət olur. Çünki İsa peyğəmbərin real hakimiyyət dövrü, hansısa ayrıca bir cəmiyyətin günlük yaşamını tənzimləmək imkanı olmamışdır. Və bir çox hallarda münasibətləri öz həvarilərindən kənara çıxmamışdı. Bu səbəbdən də inanc sisteminə aid çağırışların dünya həyatı üçün yetərsiz qaldığını anlayan həvarilər ayrı-ayrı hədislər, rəvayətlər üzərindən xristianlığı günlük yaşam və ibadət ritualları ilə dünya həyatına uyğunlaşdırmağa çalışdılar. Amma Reform və Aydınlanma hərəkatından sonra Avropa düşüncə sistemi xristianlığın dünya həyatına bu şəkildə müdaxiləsinə qarşı dirənişə başladı və nəticədə onu inanc və ibadət üzərində qaytarmağa nail oldu. Və bu da dünya həyatına müdaxilədən uzaqlaşmaq istəməyən kilsə ilə əsrlər boyu amansız mübarizəyə gətirib çıxardı. Amma islam dünyasında dini və dünyəvi hakimiyyətin ayrılması baş vermədi. Yəni həm peyğəmbərin dünyəvi həyatda tətbiq elədiyi metodlar Quran ayələri və hədislər şəklində insanların yaddaşına yerləşdi, həm də Məkkə dövründə verilən inanc və ibadətlərlə bağlı ayələr önə çıxmağa başladı. Bu ayələr və hədislər müsəlman düşüncəsində yer almağa başladığına görə də dünya işlərində ağılın müstəqil şəkildə tətbiq olunması məsələsinə o qədər də ciddi önəm verilmədi. Müsəlmanlar dinin inanc və ibadət standartları əsasında dünya yaşamlarını qurmağa yönəldilər.

Bu da müəyyən dərəcədə dünya həyatında insanın qarşısına çıxan problemlərin çevik həlli istiqamətində təbiət elmlərinin bazasında yeni düşüncə sistemi formalaşdırmağa imkan vermədi. Müsəlmanlar hər təzahürə dinin hazır kazusları üzərindən baxmağa başlayanda Qərb dünyasında hazır kazuslardan kənara çıxan düşüncə adamları elmi kəşflər etməyi bacardılar və nəticədə texnologiyada sürətlə inkişaf etdilər. Bununla da onlar vaxtilə böyük bir elm, bilgi potensialı olan Şərq arealını, İslam arealını geridə buraxmağa nail oldular. Və bu tarixi sürəci doğru anlamadığımıza görə müsəlmanlar keçmişin daha çox ideallaşdırılması ilə başlarını qatdılar və tənqidi yanaşmanı öz həyatılarına, düşüncələrinə yaxın buraxmadılar.

Məhz bu amili əsas götürən Əhməd Ağaoğlu da qeyd edir ki, istəsək- istəməsək də bu müqayisəni aparmadıqca geridə qalacağıq, irəli gedə bilməyəcəyik və insan həyatına dəyər verə biləcək, insanı ali dəyərə çevirə biləcək bir sistem qurmağı bacarmayacağıq.
Ağaoğludan adlayaq indiki real mənzərəmizə.

Biz tez-tez söyləməyi xoşlayırıq: Müsəlman dünyasından dörd nəfər Nobel mükafatı alıb. Amma həmin alimlər Nobel mükafatını İngiltərənin, İtaliyanın, ABŞ-ın elmi laboratoriyalarında çalışaraq ala bilmişlər. Yəni müsəlmanların yaşadığı məkandakı elmi laboratoriyalarda bu mükafatı almayıblarsa, buna qətiyyən uğur deyilməz.

Türkiyə nümunəsində maraqlı bir söylənti var. İlk türk astronavtı olan Özgəziçi soyadında bir gənc mütəxəssis ötən il ABŞ-a məxsus hava gəmisində kosmosa uçdu. Əziz Sancaq adlı bir türk isə ABŞ-dakı elmi laboratoriyasında çalışmalarına görə Nobel mükafatı aldı. Və nəhayət Məsud Özil adla bir türk futbolçu Almaniya milli komandasının heyətində dünya çempionu oldu.

Yəni bizə aid ola biləcək məkanda bacara bilmədiyimizi əgər başqa məkanda bacarırıqsa, demək öz məkanımızda da bunu bacarmalıyıq. Demək ki, bizim adamlarla bağlı problemimiz yoxdur. Məkanla bağlı problemimiz var. Bu məkanı ekoloji cəhətdən elə təmizləməliyik ki, burada o kosmosa uçan da, Nobel alan da, o qalib dünya çempionu olan da dogma məkanda və doğma Vətəni adına bu uğurları qazana bilsin.

İslama da baxışımızda bu müqayisədən yol alaraq düşüncə dəyişiminə varmamız zərurətə çevrilməkdədir. Anlamalıyıq ki, VII yüzildə Məkkətdə nazil olan ayələr, əmrlər də bilavasitə çoxinanclı ərəb sosiumunun o dövrdəki həyat şərtləri və münasibətlərini tənzimləyirdi.

Daha sonrakı Mədinə hicrət yaşamında artıq bir dövlət müəssisələşməsi prosesi başladı. Dövlətin atributları yaradıldı və yazılı anlaşmalar meydana gəldi. Peyğəmbərliklə bərabər bir dövlət başçılığı vəzifəsi ortaya çıxdı, bu dövlətin sərhədləri müəyyənləşdi və iqtisadi münasibətlər dövlətin təminat verdiyi hüquqi razılaşmalarla tənzimləndi. Bu dönəmdə gələn ayələrin bir qismi də çoxluq olaraq siyasi deyə biləcəyimiz, dövlətlərarası hüququ, beynəlxalq hüququ tənzimləyən, eyni zamanda günlük məişət və iqtisadi münasibətlərin prinsipləri ilə əlaqəli idi. Yəni islamın bir iqtisadi sistemi vardır və bu iqtisadi sistemin içində ticarət kəlməsi bütün mətnlərdə təkrar-təkrar yer almaqdadır. Burada da ən diqqət çəkən prinsip ticarət əxlaqı hesab olunurdu.

Ticarət kəlməsi üzərindən halal və tayyib deyə Qurani-Kərimin adlandırdığı iki anlayış özəl diqqət çəkirdi. Tayyib, tayyibət də dediyimiz təmiz, halal və təmiz anlamındadır. Bəs halal ticarət dediyimiz zaman nə nəzərdə tutulurdu?

Eyni prinsipləri Roma hüququnda da axtarsaq olduğu kimi orda da tapmaq mümkündür. Yəni Roma hüquq sistemində yer alan xüsusi hüquq da məhz iqtisadi münasibətləri tənzimləyirdi. Orada da mülkiyyət məsələlərinə baxış eynidir. Amma İslamda bunun müəyyən dərəcədə zəkatla və cəmiyyətdəki mülki münasibətlərin tənzimlənməsi üçün zənginlərin yoxsulların halını düşünərək onların böyük bir sıxıntı içində qalmaması və cəmiyyətdaxili nizamın qorunması üçün öz mülkündən, öz malından müəyyən bir qismi verərək imkanlar yaratması nəzərdə tutulurdu. Roma hüququnda isə belə bir model nəzərdə tutulmurdu.

Yəni bu İslamın spesifik bir modelidir və hətta ibadət əsaslarından sayılır. Bu tələbə əməl etməməklə əslində bir müsəlmanın inancını şübhə altına almaq mümkündür. Və həm də burada mənfəətdən verilən yox, maldan verililən vəsait məsələsi əsas götürülür.

Çünki sən kiməsə nəyisə vermək üçün gərək o malı da qazanc gətirə biləcək bir səviyyədə istifadə edəsən. Yəni onu hansısa bir ölü sərmayə çevirməyəsən. Çünki sən ona maraqlı olacaqsan ki, gəlirin də artsın və insanlara da bundan bir dəstək verə biləsən. Bütövlükdə bu ticarət əxlaqı təkcə müsəlmanlararası münasibətləri tənzimləmir.

İstənilən şəxsə, başqa dindən olan insanlara münasibətdə halallığın, dürüstlüyün qorunması tələbi deməkdir.
Əslində halallıq birinci növbədə malın təmizliyi ilə yanaşı insanın təmizliyidir. Burada halallığın maddi tərəfi ilə yanaşı ruhani tərəfi də diqqət yönəldilir. Maddi tərəfi malla, mülklə bağlıdır. Ruhani tərəfi insanla bağlıdır. Yəni insan artıq onu hansısa bir şəkildə başqa bir insana hesabat verib, ona göstərmək üçün etmir. Allaha verdiyi hesabat kimi bu prosesə yanaşır. Çünki başqa bir insanı aldatmaq niyyəti və ya əməli açıqlanmaya, görünməyə bilər. Amma Allaha verdiyin hesabat sənin öz daxilində özünün bildiyin və görünən bir hesabatdır. Üstəlik anlamalısan ki, artıq bunun o biri dünyada, axirətdə səndən hesabı sorulacaq. Sən bu ibadəti yerinə yetirməyə mənəvi məsuliyyət daşıyırsan. Şüurun da buna doğru yönəlir.

Ona görə də ticarət əxlaqı həm də müsəlman üçün peyğəmbərin həyatı ilə bağlı bir əxlaqdır. Yəni ki, hələ vəhy gəlməmiş, peyğəmbərlik verilməmiş məhz ticarət üzərindən Hz. Məhəmməd dürüstlüyü örnək göstərilən bir şəxsiyyətə çevrilmişdir. Yəni onun haqqında Məhəmmədül Əmin ifadəsi məhz hələ İslamın gəlişindən öncə Məkkə toplumunda onun ticari dürüstlüyü və davranışını ehtiva edirdi. Bir çox insanlar əmanətini onun qoruması altına verirdi və o dövrdə əslində ona sonradan xanımı olacaq Xədicənin meneceri rolu da bu cəhətlərə görə etibar edilmişdi. Ticarət etmək məqsədi ilə onun malını uzaq ölkələrə götürür, bu malın qeydiyyatını aparır, satışını gerçəkləşdirirdi. Və o karvanla mal apardığı məkanlarda tacir kimi fərqli insanlarla ünsiyyət yaradır və iqtisadi münasibətlər sisteminə girirdi. Həm də öz tabeliyində olan işçilərin haqqını dürüstlüklə qoruma məsuliyyəti daşıyırdı.

Belə bir vəziyyətdə iki sferada olan insanların etibarını qazanmaq məhz peyğəmbərə nəsib olduğuna görə bu artıq İlahi vəhylə gələn İslam mesajı Məkkə toplumuna veriləndə onun dini çağırışlarını qəbul etməyən insanlar belə ticarət əxlaqını və davranış əxlaqını qətiyyən şübhə altına salmırdılar. Amma gətirdiyi mesajı Allahın bir mesajı kimi qəbul etməyi də düşünmürdülər. Hər bir müsəlman üçün də önəmli olan şərt bu olmalıdır. Yəni namaz qılmaq hələ əxlaqlı olmaq anlamını daşımaz. Yəni bütövlükdə Ramazanın özü sənin əslində on bir ay bədənin üçün, bədənini qidalandırmaq üçün, bir ay da ruhun üçün çalışmaya yönəldilən bir sürəcdir. Və bu səbəbdən deyirik ki, yeməyimizin, içməyimizin Allaha aidiyyatı yoxdur, heç onun ehtiyacı da yoxdur. Onun ehtiyacı olan şey məsuliyyətimizi necə anlamağımızdır!

İndi görək biz onun verdiyi inanc trayektoriyasına, eyni zamanda ibadət rituallarına əməl eledərək onun hədəflədiyi məsuliyyətli insana çevrilmişik, yoxsa deyilik. İnsanın yoxsulluğu üzərindən xarakter sınağı aparmaq bir qədər çətindir. Amma ona bir böyük bir sərvət gələndə, əlinə mal-mülk düşəndə necə davranacağı bizim üçün bir sürprizdir. Bu hələ planlaşdırılmayan, proqnozlaşdırılmayan bir təsəvvürdür. Yaşam tərzini, dünyagörüşünü necə dəyişəcək bu insan? Amma indi o baxımdan da daha çox biznes sahəsində, ticarət sahəsində olan insanların yalnızca maddi qazanc anlayışı əsas götürülmür. Xərcləmə anlayışı daha önəmlidir. Əlindəki vəsaiti haraya xərcləyəcəksən? Yüzlərlə insan var ki, böyük bir sərvət sahibi olandan sonra dünyagörüşü, düşüncə və mühakimə tərzi onun xərcləmə anlayışında böyük bir sıxıntı yaradır. Əlbəttə, “vəsaitimi haraya xərcləyim, məktəb açım, uşaq bağçası açım, xəstəxana tikim, başqa hansı xeyirli işlər görüm?” deyə düşünən müsəlmanlar var. Ancaq müəyyən ölkələrin müsəlman şeyxləri yaxud təriqət liderləri kimi “gedim hardasa eyş-işrətlə məşğul olum” deyənlər də az deyil. Yəni bu sərvət sahibi olanların əxlaqi seçimləridir. Və doğru seçim etmək üçün insanlar bu sınaq müddətini və məsuliyyət anlayışını dərindən dərk etməlidir. Və bu idrak və əxlaq doğru olanda artıq müsəlmanlar elə faydalı işlər görməyə başlayırlar ki, nəticəsi cəmiyyətə ancaq müsbət impulslar gətirir. Həm də müsəlman özü çevrəsi üçün, başqa toplum üzvləri üçün bir əxlaqlı insan nümunəsinə çevrilir.

Yəni təkcə ibadətlə deyil, əməllə, davranışla nümunəyə çevrilə bilərsən. Bəzən kimsə bilməz ki, namaz qılırsan, oruc tutursan. Amma bilərlər ki, sən dürüst insansan, başqasının haqqına girməyən və başqasına da dəyər verən, insanlıq naminə insanı yaşatmağa çalışan bir hədəfə sahibsən.
Bir sıra müsəlmanlar yaşadıqları dövrdə insanları öz dürüstlüyü, doğruluğu, mərhəməti ilə heyrətə gətirmişlər Və insanlar maraqlanıblar ki, görən həmin şəxsləri buna vadar edən nədir? Yəni o hansı prinsiplərdən yola çıxaraq bu təmizlikdə, bu etibarlılıqda ticarətlə məşğul ola bilmiş? Bəzən bunun dinin prinsipləri ilə əlaqəli olduğunu həmin müsəlmanlar anlatdıqda yad düşüncəlilər İslamı qəbul etməyə başlamışlar. Məhz Xədicənin də gənc Məhəmmədin ticari dürüstlüyü diqqətini çəkmişdir və onunla ailə qurmaq istəklərindən və səbəblərindən biri də bu keyfiyyəti olmuşdur. Çünki malını yalnız bu keyfiyyətə sahib insana əmanət etmək olardı. Gerçəkdən də halal, doğru, dürüst, səmimi, yalanın içində olmayan ticarət anlayışı islamda eyni zamanda prinsipial bir dəyər olaraq yer alır.

Düşünürəm ki, dövlət olaraq hansısa bir islam modelinin qurulması tarix boyu təcrübədə müsbət təsdiqini ortaya qoya bilmədi. Yəni daha çox insanın özgür yaşadığı dövlətlərin böyük əksəriyyəti dünyəvi dövlətlər oldu. Dünya işlərinə müdaxilə etmədən insanın daha çox mənəvi həyatına yönələn bir İslam anlayışı insanlıq üçün faydalı model yarada bilərdi. Amma İslam inancının daşıyıcısı olan insanların çoxusu dünyəvi dövlətin hüdudları içində də öz inanclarını ideologiyaya çevirməklə bir siyasi dirəniş modeli yaratmağa çalışdılar və süni alternativ olaraq İslam dövləti məfhumunun içini doldurmağa enerjilərini xərclədilər. Adətən dünyəvi dövlətlər çoxşaxəli inanc dəyərlərini ortaq hüquq qaydaları və qanunlarla tənzimlədiyinə görə mütləq mənada bu münasibətlərə İslam qaydaları üzərindən müdaxilə çözülməsi ağır olan ziddiyyətlərə gətirib çıxardı. Bu səbəbdən də öz doğma İslam məkanından qaçaraq yaşamaq üçün Avropanı nicat məkanı olaraq görən müsəlmanlara qarşı “Ya bizim qaydalara uyacaqsınız, ya da qovulacaqsınız!” çağırışları intensivləşdi. Bu yalnız Avropa irqçiliyindən doğan çağırışlar deyildi, həm də elementar hüquq qaydalarına əməl etməyən, geyimi, məişəti ilə avropalını doğma evində rahatsız edən bir obrazın yaratdığı reallıq idi. Maraqlıdır ki, bu məkanda ümumi əxlaq tələblərinə uyğun olaraq münasibətləri qurmağa çalışan hər bir inanclı insan özünə aid ola biləcək hüdudda, çərçivədə doğru davranış sərgiləyərək ciddi uğur qazana bilir. Londonun, Nyu_Yorkun müsəlman merləri, çox sayda uğurlu iş adamları məhz doğru inteqrasiya olunmuş müsəlman obrazları kimi diqqət çəkməkdədir.

Bir çox müəlliflər sadəcə tutaq ki, kapitalizmi, qərbin iqtisadi sistemini inkar eləmək üzərində İslam iqtisadiyyatını tanıtmağa çalışırlar. Nəyisə inkar edərək nəyisə tanıtmaq, yəni “sən pissən deyə mən yaxşıyam” prinsipi ilə məsələyə baxmaq olmaz. Sənin pisliyin üzərindən yox, mən birbaşa öz yaxşılığımı doğru tərif etsəm, yaxşılıq meyarının nələr olduğunu insana daha çox qəbul etdirə bilərəm. Bu baxımdan da bizlər fərd olaraq özümüzün yaxşı və dürüst, doğru olduğumuzu iş həyatında, peşə sferasından başlamış bütün sahələrdə göstərməliyik. Məsələn, İslamda faiz haramdır, ancaq sən mövcud bankla işləməsən, təbii ki, bu sahədə hansısa bir prosesi yaxud da inkişafı təmin eləməkdə çətinlik çəkəcəkdən. Çünki sənin biznes əlaqəsində olduğun şəxslər bəzən eyni inanc sahibi olmayan insan olacaqdır. Yaxud da hansısa bir istehsalla məşğulsan, sənə mal verən şəxslər başqa bir inancdan aid olan insanlardır. Ona görə də burda ağıllı yanaşma həm də dünyəvi qanunların tələbi ilə İslam çərçivəsini uzlaşdıra bilməkdir. Bunu uzlaşdıra bilməyən şəxslər çox vaxt uğur qazanmaqda çətinlik çəkirlər.

Burada əsas problemi anlamaq üçün peyğəmbərin Məkkə toplumundakı davranışlarına bir daha baxmaq doğru olardı. Çoxluğu müşriklər olan toplumun içindəsən. Onların öz qaydaları var. Sən bu qaydaların içində belə dürüst qalmağı bacarma şansın var. Bu hər sahəyə, o cümlədən siyasətə də aiddir. Siyasətdə də yalan danışma bəzən qaçılmaz olur. Məsələn, deyək ki, bir böyük bir faciə baş verir. Bu faciənin maştabını toplumda bir hansısa bir narahatçılıq yaranmasın deyə, bir az maştabını kiçiltmək üçün müəyyən bir faktları söyləməyə bilərsən. Ya müəyyən faktları dəyişə bilərsən ki, narahatçılıq yaranmasın. Amma insanların sağlamlığını, rahatlığını düşünərək bunu edirsənsə, bu günah kateqoriyasına girməz. Yəni insanın faydası üçün bəzən bəzi şeyləri etməyə borclusan.

Çağımızda zorakılığı sevən, ona haqq qazandıran, Allahın, onun peyğəmbərinin, xəlifənin, imamın qisasını almağı həyat idealına çevirən müsəlmana əxlaqlı deyil, sadəcə ideoloji insan kimi baxmağa çalışın. İdeoloji insanin inancı çevrəsində olan hər bir varlığı ona kafir, müşrik, münafiq, ateist, deist kimi göstərir. Hətta öz məzhəbindən, təriqətindən olmayan inanclı müsəlmana daha qəvi düşmən kimi yanaşır və əxlaqı özündən uzaqda başqasına aid dəyər kateqoriyasında anlayır. Bulaq olsa, insan əli onun gözünü təmizləyib təmiz suyun özü ilə cəmiyyətə sağlamlıq bəxş edərdi. Təəssüf ki, nə İslamın gözünü, nə də müsəlmanın özünü təmizləmək insan əlində deyil.

Orxan
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see512

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see282

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see282

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see272

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see269

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see263

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see252

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see250

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see244

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see243

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see242

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see235

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see228

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see227

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see225

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see225

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see206

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see205

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see198

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri