Icma.az
close
up
RU
Yaşadım Fazil Mustafa 60

Yaşadım Fazil Mustafa 60

525.az saytına istinadən Icma.az xəbər verir.

Dəyərli dostlar! Doğum günü ilə bağlı yazdığınız xoş sözlərə görə təşəkkür edirəm. Yubiley bir statistikadır, onun faydalı ömür olaraq yaşanması əsasdır. Bu gün yeni kitabımı əlimə alarkən bir daha anladım ki, ömrü yelə verməmişəm. Bir ömür boyu çalışmaq hədəfimdən uzaqlaşmamışam. Burada yeni bir şey yazmaqdansa, son kitabımda yer alan və ömür yolumu anladan bir yazını bir daha düşünmək üçün paylaşıram.

- Hansı mənşədən gəlməsindən asılı olmayaraq bir-biri ilə sinonim yarışmasına girmiş dörd frazeoloji birləşmə və yaxud söz var: “anadan olmaq”, “dünyaya göz açmaq”, “doğulmaq” və “dünyaya gəlmək”. Mənim üçün hər zaman “anadan olmaq” insanın özündən daha çox ata və ananın iradəsini ehtiva edən, bəlkə, biz az da şairanə səslənən ifadədir. “Anadan olmaq” insandakı heyvani xislətə geri dönüşə müqavimət üçün humanizmə işarə edən leksik tapıntıdır. Həm də insanın ömür boyu ana cazibəsi altında ailə standartlarına bağlılığını təlqin edən hərəkətin adıdır. “Anadan olmaq” aktiv hərəkət kateqoriyasına aid edilə bilər, çünki burada iradə amili daha qabarıq sezilir.

“Dünyaya göz açmaq” daha çox gözlə müşahidəni ehtiva edir və ardınca düşüncənin olub-olmayacağı müəyyənləşmir.

“Doğulmaq” canlı olmaq deməkdir, bioloji mahiyyətimizin başqa canlılardan fərqlənmədiyini göstərməklə yanaşı, həm də nə zamansa baş verəcək “vəfat etmək” anlayışı üçün statistik zəmin hazırlamaqdadır. “Doğulmaq” eyni zamanda insan iradəsini gözardı etmək deməkdir, yəni Allahın iradəsi, iki cütün bir-birinə rast gəlməsi təsadüfünü dərhal ağıla gətirən məfhumdur.

“Doğulmaq”da görünməyən iradə “dünyaya gəlmək”də birbaşa önə çıxır, daha çox boyuna məqsəd və hədəfə yönəlmiş “dünya adamı” olmağa haqq qazanan insan varlığını göstərir. Bizdə “dünya adamı” yanlış olaraq “axirət adamı”nın əks anlayışı kimi təqdim olunsa da, əsl həqiqətdə, “dünya adamı” Allahın öz yaratdığı real dünyaya, insan yaşamına dolğun məna daşımaq üçün vəzifə yüklədiyi “axirət adamı”nın məhz özüdür.

Mənim insan barədə dördlü tanıtımım bu səbəbdən qaynaqlanır:

kimi anadan olmuş,

kimi dünyaya göz açmış,

kimi doğulmuş,

kimi dünyaya gəlmişdir.

Bu sözlərin və ya söz birləşmələrinin antonimlərini də özlüyündən təsbit etmək daha asandır.

Anadan olmaq – vəfat etmək,

dünyaya göz açmaq – dünyaya gözlərini yummaq,

doğulmaq – ölmək,

dünyaya gəlmək – dünyasını dəyişmək (yaxud dünyadan getmək).

Bu halda insanı tanımaq, oxumaq, öyrənmək su içmək kimi asan olur.

“Dünyaya gəliş” özündə fərqli mənalar ehtiva etsə də, hökmən “dünyaya gəlmə” anlayışının yol göstərən bir kitab üzərindən açılışı olduğunu düşünürəm. Ömür boyu hər dəfə hansısa bir arzunun gerçəkləşməsi iradə bəyanından başqa həm də dünyaya yenidən gəlişdir sanki.

Çin müdriki Konfutsi: “Allahım, mənə kitab dolu bir evlə, çiçək dolu bir bağça ver”, – deyirdi. Belə bir duanı, doğrusu, dilimə gətirməmişəm. Ancaq bu dua hər zaman içimdə cücərib və yaşamımın bir dönəmində mənə kitab dolu evlə çiçək dolu bağça nəsib olub.

İnsan üçün ömrün geriyə dönüşü olmadığından yaşı ifadə edən rəqəmləri də ölüm anından geriyə saymaq daha doğru olmazmı? “Ömrün filanıncı payızı”, – demək yerinə “ölümə yaxınlaşdıran filanıncı il” söyləmək daha məntiqli görünür. Bizim hansısa yaş məsafəsindən geriyə dönüş hesabatımızın bir anlamı yoxdur. İlahi dərgahında hesabat adına bütün söyləyəcəklərimiz ölüm günü üçün nə qədər günah, yaxud savab daşıdığımız üzərindəndir.

“Həyatınızdan razısınızmı?”, “Özünüzü xoşbəxt hesab edirsinizmi?”, “Bu illərdə yadda qalan nələr oldu?”, “İtirdikləriniz, qazandıqlarınız hansılardır?” kimi zəhlətökən sualların qarşısında insan sanki səmimiliyini itirmiş olur və ömür yolunun intimliyini qorumaq adına pafosdan yararlanmağa üz tutaraq, xeyli yalanlar uydurmaq məcburiyyətində qalır.

Bircə sual mənim üçün əlahiddə maraq kəsb edir: “Xeyirli ömür yaşadınmı?”

Yaşadım!

Bütün təlatümlərin içində, bütün xoşbəxtlik sayıla biləcək anların içində baş¬qalarından fərqlənəcək, böyük hərflərlə: “ÖZ ÖMRÜM”, – deyə biləcəyim bir gerçəklik yarada bildim.

Mənim həyatım maraqlı olub. Ona görə “maraqlı” deyirəm ki, ən kiçik yaşlarımdan düşünməyə başlamışam. Fransız yazarı Jorj Sandın söylədiyi kimi: “Elə xatirələr var ki, başqasına danışdıqda onların gözəlliyi itər”.

Həmişə nəyisə axtarmışam. Maddi sıxıntı içində yaşamamışam. Kitabı sevmişəm. Sevdiyim şeirləri əzbərləyib yaddaşımda tutmuşam. Şeir adına şəkilcə uyğun gələn cızma-qaralar etmişəm. Orta məktəb illərim şeir, kitab mühitində keçdiyi üçün şair olmaq, ədəbiyyat adamı olmaq baradə daha çox düşünmüşəm. Bu hədəfə görə oxumuşam, təqlid etmişəm, yazmışam.

Şahmatı xoşlamışam – düşünməyə ən yatqın bir oyun olduğuna görə. Sonradan bilyardı da xoşlamışam – bəlkə də, düşünərək hərəkəti ehtiva etdiyinə görə...

Hərəkəti sevmişəm. Futbol, basketbol, stolüstü tennis və daha fərqli oyunları xoşlamışam.

Ömür boyu qarşılaşdığımız çoxsaylı hadisələr və insanlar olur. Bunlardan hansı daha önəmlidir? Məncə, birinci insan obrazı – Məsmə müəllimə... Birinci sinif müəlliməm. Əlifbanı, yazını öyrədən insan. Düz 44 ildən sonra Naxçıvanda – evində ziyarət etdim onu. Xanımım, oğlum və qızımla birlikdə getdiyim, beşmərtəbəli köhnə binanın darısqal mənzilində baş tutan o duyğusal görüş uzaq illərin arxasında qalmış xatirələri yenidən canlandırdı. Ən maraqlısı da 44 il öncə mənim özəl bir varlıq olaraq: “Müəllim”, – deyə xitab etdiyim insan indi mənə: “Müəllim”, – deyirdi. Hər dəfə sıxılırdım, hər dəfə bu müraciət formasını sadələşdirməyə çağırırdım. “Müəllim sizsiniz, müəllim çağırılmaq sizin haqqınızdır”, – söyləməyimin də təsir gücü yox idi sanki... Çünki ilk müəlliminin gözündə sənin müəllim mərtəbəsinə ucalman ömür yolunda rastlaşdığım ən maraqlı qəribəlik də sayıla bilərdi. Sanki mənim müqəddəs bir dəyər olaraq gördüyüm, əbədi içimə yerləşmiş müəllim obrazına yenidən nostalji duyğularla qayıdışıma öz müəllimliyim əngəl olurdu... Bəlkə, bu da həyatda qazandıqlarıma yazıla bilərdi: Sənin ilk müəllimin sənə “müəllim” deyə xitab edirsə, demək, onun gözündə ucala bilmisən, onun başqalarına ürək dolusu: “Mənim şagirdim olub”, – deyə biləcəyi insansan.

Nədənsə, orta məktəblə bağlı ən çox xatırladığım epizod da məhz ilk müəllimimlə bağlıdır. Bu həm də etirazçı kimliyimin formalaşdığı tarix sayıla bilər. Birinci sinifdə riyaziyyat dərsində öz tapşırığımı yerinə yetirdikdən sonra divar qonşumuz olan Mələk adlı qızın məsələsinin həllinə icazəsiz yardım etdiyimə görə Məsmə müəllimə dərhal dəftərimi almış, həll etdiyim məsələnin üstündən xətt çəkib “2” qiymətini yazmışdı. Bax mənim etirazçı ruhum bu vaxtdan oyanmış sayıla bilər. Ayağa qalxıb kitab-dəftərimi hirslə yığmış, icazəsiz-filansız, ağlaya-ağlaya sinifdən çıxıb evimizə sarı üz tutmuşdum. Yetişincə görmüşdüm ki, evdəkilər qışa hazırlıq üçün qovurma bişirirlər. Mənim “2” almaq “faciə”mə və onun səbəbinə yönəlik gülüşlər indi də xatirimdədir. Ancaq düşünürəm ki, bu epizod intizamsızlığa və məsuliyyətsizliyə alergik münasibətimin yaranmasının da təməlini qoydu.

İkinci insan obrazı: Anam Kubra. Yetimçiliklə böyümüş, yarımçıq təhsil almış, bitməz-tükənməz enerjisi olan özəl bir insan... Özü şeir yazırdı. Məndə də şeirə həvəs yaratmışdı. Məktəb illərindən başlayaraq şeirin texnikasını, qafiyəni, hecanı öyrətmişdi mənə. Bir də kitaba həvəs yaratmışdı.

Üçüncü insan obrazı: Atam Qəzənfər. İlk şeirlərimin birinin də məhz atama yazılması səbəbsiz deyilmiş:

Oxuduğum məktəbi

Tikibdir mənim atam.

Arzum budur onuntək

Mən də qurub-yaradam.

Atamın əllərinin

İçi qabar-qabardır.

Əlində hər binadan

Sanki xatirə vardır.

Bu şeiri ikinci sinifdə oxuyarkən yazmışdım – 1974-cü ildə. O zamanın “Azərbaycan pioneri” qəzetində çap olunmuşdu. Sonralar həmin şeirin taleyi də qəribə oldu. İki dəfə “Pioner” jurnalında ayrı-ayrı məktəbli adları ilə çap edildi. Bu plagiat hadisəsini də indiyədək təbəssümlə xatırlayıram.

Atamın əllərinin qabarını uşaq yaddaşımda yerləşdirmişdim. Ata obrazı mənim üçün o qabardan anlaşılmış sanki... Və ata qarşısında sonrakı məsuliyyət duyğusunu da daha çox bu qabar içimdə qabardırdı.

Atam Qəzənfər yaşasaydı, günün təqviminə uyğun rəsmi formada belə deyərdilər: O, 86 yaşına vardı. Ancaq “yaş” və “yaşamaq” sözləri hər nə qədər bir-birinə yaxın anlam və səslənişdə olsa da, insan ömründə bir-biri ilə üst-üstə düşən qavramlar sayılmaz. Ümumilikdə isə, insan ömrünün “yaş” üzərindən dəyərləndirilməsinin hər zaman “yaşamaq” üzərindən dəyərləndirməsinə uduzduğunu görürük. Lermontov yaşı ilə Şirəli baba yaşının fərqinin intellektual baxımdan müəyyənləşdirilməsi yetərlidir ki, sonuncu iddianın doğruluğunu təsdiqləmiş olaq.

Atam 72 yaşın içində 72 günmü, 72 aymı yaşadı – bilmirəm, ancaq bilirəm ki, o bu ömrü qurucu insan olaraq yaşadı. İnsanın ölümündən sonra onu tanıyanların yaddaşında xoş ovqatla xatırlanması yetərlidir ki, yaşadığını isbatlamış olsun. İndi mən Naxçıvan şəhərinin binalarının bir qisminin yaxınlığından keçərkən onu xatırlayıram. Həyətimizdə divarlara düzdüyü maraqlı mozaik rəsmləri seyr edərkən qabarlı əllərini gözümün önündə canlandırıram. Atamı yalnız bu maddi görüntülər üzərindən, ailə məclislərindən, ibrətamiz yumorlu məsəllərindən, fotolarından, videolarından, habelə qəbir daşındakı şəklindən süzərək xatırlamaq istəməzdim. Mən məhz özümdən, öz obrazımdan ona doğru boylanmaq istəyirəm.

O hər şeydən daha artıq mənim düşüncə azadlığımın ilk təminatçısı olduğuna görə yaddaşımda özəl bir yerə sahib idi.

Ailə şərtlərinin ağırlığına görə özü ali təhsil ala bilməmişdi. Ailənin böyük övladı kimi təqaüdçü ata-anasının, səkkiz qardaş-bacısının yükünü hələ 18 yaşından başlayaraq çiyinlərinə götürmüşdü. Buna görə hərbi xidmətə də aparmamışdılar. 20 yaşında evlənincə öz ailə qayğısını da ayrıca məsuliyyət olaraq daşımağa başlamışdı. Bənnalıqdan iş icraçılığına qədər fiziki ağırlığı təsəvvüredilməz bir çalışma yolu keçmişdi. “Əməkdar inşaatçı” adını da haqqı ilə almışdı. Biz dörd qardaş, iki bacının qismən sıxıntısız böyüməsi üçün üzərinə düşən hər cür fədakarlığı etmişdi. Ancaq bütün bunların içində hər zaman onun özəl sevgisini öz üzərimdə hiss etməyimi xüsusi olaraq vurğulamalıyam. O özü təhsil ala bilmədiyinə görə övladlarının bilgili olmasını çox istəyirdi. Oxumam üçün hər cür imkan yaratmış, orta məktəb illərindən turist qruplarında Moskvaya, Leninqrada, Riqaya təkbaşına səyahətimi təmin etmiş, bir sözlə, mənə ayrıca imtiyaz tanımışdı. Ən başlıcası isə, hər həftə əlimdən tutub Naxçıvan şəhərində olan iki kitab dükanından istədiyim kitabı almağı, kitabların içində eşələnmək üçün səbirlə gözləməyi öz borcu bilmişdi.

Mənim kitab dünyasına girişimi dəstəklədiyinə görə, şeirlərimin, məqalələrimin çap olunmasına həvəslə yardım etdiyinə görə, təhsil almaq üçün bütün səylərimi dəstəklədiyinə görə və ən başlıcası, uşaqlıqdan bəri düşüncə azadlığıma məhdudiyyət qoymadığına görə ona sevgim, sayğım böyükdən də böyükdür. Biz onunla dünyagörüşü olaraq yaxın deyildik, ancaq o, həyat şərtlərinin yaratdığı əngəllərə görə özünün vara bilmədiyi ucalıqlarda məni görmək istədiyini gizlətmirdi. Mən insanın dünyasını dəyişməsindən sonra işlədilən “kaş ki yaşasaydı” ifadəsini heç zaman sevmədim və anlamadım. Atam barədə də bu ifadəni işlətməyi heç zaman düşünmədim. Çünki xeyirli, faydalı insan kimi yaşadı, qurdu, öldü. Ömrün yaşı olmur ki... Sadəcə, dəyəri, anlamı olur.

Mənim üçün hər bir “yaşamaq” qavramının arxasında həm də hərfi və ya məcazi mənada bir “məktəb” anlayışı durur. Həm də oxuduğum məktəbi tikdiyinə görə böyük şükranlıqla anıram səni, Atam! Haqqın hər an üzərimizdədir, boynumuzdadır, Böyük Kişi! Allah ruhunu şad etsin!

Dördüncü insan obrazı: Düşüncə müəllimim Asif Kələntərli! İnsan həyatı nə qədər bütöv olaraq ələ alınsa da, yaşamın hansısa epizodları bəzən daha qabarıq dəyər kimi önə çəkilir. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə içində yer almaq şansı bizlərə nəsib olduğuna görə həyatımızın anlamını da bunun üzərindən dəyərləndirmək, həqiqətən də, qürurvericidir. İnsanın rastına çıxan şəxsiyyətlərin kim olması onun özünün kimliyi üçün başlanğıc şərtə çevrilə bilir. İlk dəfə Naxçıvandakı Pionerlər Sarayında Ədəbiyyat dərnəyinə gedərkən Asif Kələntərli ilə tanışlıq və davam edən dostluq yeni dünyagörüşünün qapılarını üzümüzə açdı. Ədəbiyyatı dərininə anlamağa çalışdıq, Azərbaycanın bütövləşməsi barədə xəyali proqramlar qurduq və tədricən sovet rejimi əleyhinə gizli təşkilatın sıralarında məktəbli duyğuları ilə yer aldım. Bir əyalət şəhərinin Pionerlər Sarayındakı Ədəbiyyat dərnəyinin aurası nə qədər möhtəşəm idi... Gerçək şeir, bədii təxəyyül, metafora barədə görüşləri mənimsədim, eyni zamanda Asif müəllimin metodikası ilə şeiri, ədəbiyyatı öyrənməyə başladım. Bu mühitdə tanışdığımız, duyğularımızı paylaşdığımız həmyaşıdlarımız sonradan ömür yolumuzun ayrı-ayrı epizodlarında maraqlı obrazlarda boy göstərdilər. Mərhum Elçin Səlcuq, Qəzənfər Oğuzbəy, Kamal Həsənov, Bünyamin Qənbərli, mərhum Ələddin Çıraq, Heydər Oğuz və daha kimlər... Burada bədii mətn, şeir, ədəbi düşüncə barədə faydalı bilgilər qazandım. Üstəlik də, orta yüzilliklərin böyük filosofu Fransis Bekonun: “Bizi müdrik edən yediklərimiz deyil, həzm et¬diklərimizdir, bizi zəngin edən qazandıqlarımız deyil, qoruyub saxladıqlarımızdır, bizi müdrik edən oxuduqlarımız deyil, qafamıza yerləşdirdiklərimizdir” hikmətini anladım. Məhz bu mühitdə bir şeylər həzm etdik, qoruyub saxladıq, qafamıza yerləşdirdik ki, bu da ömür yolunda xeyli maneələri aşmaqda yardımçımız oldu.

Beşinci insan obrazı: Əbülfəz Elçibəy! Əbülfəz bəylə təsadüfi tanışlığım siyasətə gəlişimin səbəb-nəticəsi oldu. Bir orta məktəbin 9-cu sinif şagirdi Güney Azərbaycanla bağlı şeirlərini götürüb aparır Bəyin yanına və üç saata yaxın onunla Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsi edir. Bu həyat epizodu ilə siyasət yaşamının təməli qoyulur. Sonradan bir lider və müəllim kimi çox şey öyrəndiyim Əbülfəz bəyin həm də ən yaxın dostlarından biri olaraq ilğımların içinə baş vurmalı oldum. Əbülfəz bəy Vətənin azadlığı üçün çağırışlarla dolu inqilabi şeirlərin müəllifi olan qarşısındakı məktəblini ciddi qarşıladı, ona olan heyrətini gizlətmədi və o məktəbli də ötən yüzilin 80-ci illərinin başlarından müstəqillik üçün mübarizəni tam ciddiliklə həyat əqidəsinə çevirmiş oldu. Bu yolun çətinliyi, ilk növbədə, SSRİ-nin dağılacağı barədə təsəvvürlərin qeyri-müəyyənliyi ilə bağlı idi. Sırf romantizm aurasında siyasəti yaşamaq inandırıcılıqdan daha çox arzu olunanlarla özünü aldatmaq duyğusunu aşılayırdı. Sistemin içində həmfikir tapmaq mümkün olsa da, birlikdə hərəkət edən insan qıtlığı hər zaman rahatsızlıq amilinə çevrilirdi. Bizdən öncəki nəslin ayrı-ayrı fərdlərinin cəsarət nümunəsi olsa da, ortada siyasi proqram nümunəsi yox idi. Mənfi tərəf o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti və onun ideyaları barədə bilgilər kütləviləşməmişdi, Məhəmməd Əmin Rəsulzadənin düşüncə sistemi barədə geniş bilgilər bəlli deyildi. Hərəkatın düşüncə nüvəsi daha çox Bütöv Azərbaycan modeli üzərində cəmlənirdi. Artıq bir neçə ildən sonra – 1987-ci ildən başlayaraq BDU-da tələbə hərəkatını genişləndirəndə tariximizin bu şanlı səhifəsi, Cümhuriyyət qurucularının düşüncə sistemi barədə bilgilər damla-damla mənimsənildikcə yolun üfüqləri daha aydın sezilməyə başladı. Müsbət cəhət odur ki, Azərbaycanın müstəqilliyə qovuşması tarixinin bütün epizodlarında faydalı rol almağa şansımız və iradəmiz oldu.

Yuxarıda da vurğuladığım kimi, öncə güc mənbəyimiz müəllimlərimiz – Asif Kələntərli və Əbülfəz bəy idi! Ardınca həmfikir çevrəsində daha inamlı və ardıcıl yol izləmək mümkün oldu. O dönəmin romantizmi əsasən ədəbiyyat çevrəsinin insanlarını siyasətə gətirirdi. Bu zaman insanlar üçün gələcəklə bağlı praqmatik hesablama yox idi. Mübarizə harada qırılır-qırılsın, artıq yaşamın bir hobbisinə çevrilmişdi. Həm də böyüklərin çevrəsində söz sahibi kimi yer qazanmaq öz yaşıdlarından üstünlük duyğusu aşılayırdı və bu da insanın gördüyü işin önəmini daha da artırırdı. Oxumaq, yazmaq, təbliğat aparmaq və yaşamı intizama salmaq mübarizənin əsas şərti idi. SSRİ-nin nə vaxtsa dağılacağına ümidimiz olmasa da, nələrin dəyişə biləcəyinə inamın olması yetərli idi ki, bu yolda addımlarını ləngitməyəsən.

1986-cı ildə BDU-nun Hüquq fakültəsinin tələbəsi kimi Leytenant Şmidt (sonradan Səttarxan) adına zavodun yataqxanasında yaşamam buradakı etiraz hərəkatının ön mövqeyində yer almağa imkan verdi. Ardınca o dönəmin ünlü “Çənlibel” birliyinin büro üzvü kimi daha geniş etirazçı auditoriyaya ayaq basdıq. Daha sonra dövrün başqa bir ünlü birliyində – universitetdə qurulmuş “Yurd”da tələbə hərəkatının möhtəşəm işlərini başlatdıq. Ən sonda da Azərbaycan Xalq Cəbhəsinin Elmlər Akademiyası ilə yanaşı, intellektual cinahını təşkil edən Universitet Dayaq Dəstəsindəki fəaliyyət mübarizənin təsirli nəticələrini ortaya çıxardı və Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini təmin etdi. Maraqlıdır ki, o zaman universitetdən məzun olaraq təyinatı Xalq Cəbhəsinə almışdım və Əbülfəz Elçibəyin siyasi işlər üzrə müşaviri olaraq çalışırdım. Əslində, yaşın gəncliyi siyasi təcrübənin illəri arasında tamamilə unudulmuşdu. 27 yaşında da Prezident Aparatının Dövlət-hüquq şöbəsinin müdiri kimi Elçibəyin komandasında yer alarkən toplum tərəfindən də, nədənsə, artıq gənclik kateqoriyasına aid edilmirdik. Demək, bizi ayaqda tutan inandığımız dəyərlərin gücü idi və bu güc bizdən fərqli olaraq, bu günədək öz gəncliyini qoruyub saxlaya bilib.

Bir məqamı da xatırlatmaq yerinə düşər ki, yaxın tariximizin təhrifləri ilə tez-tez qarşılaşarkən uzaq tariximizlə bağlı təhriflərin, naqisliklərin nə durumda olduğunu daha dərindən anlamaq mümkün olur. Xalq hərəkatı barədə müəyyən əsərlərlə tanış olarkən bir daha aydınlaşır ki, bəzi məqamları, bəzi faktları zamanında üzə çıxarmaq olduqca vacibdir. “Meydan” epopeyasını yazmağı öz öhdəsinə götürmüş Ədalət Tahirzadənin kitabında 1988-ci il 18 noyabr tarixində hadisənin ilk anında edilən çıxışımın mətnini görərkən qarşısında adımızın unudulmasını təsadüfi saymadığım kimi, Cəmil Həsənli kimi bir siyasi dələduzun özünü mələkləşdirmə tendensiyasına uyğun yazdığı xatirələrində də ancaq mənfi obrazda təqdim olunmağımız da mənə qəribə gəlmədi.

Zənnimcə, burada təəccüblü bir şey yoxdur. “Düşüncə dəyişimi” deyilən bir proses var. Eyni yol, eyni əqidə olur, lakin dövr eyni olmur və bu dövrə kimin necə adaptasiya olması, yeni gerçəkliklərə transformasiyasını hansı keyfiyyətdə çözməsi qarşıdurmanın əsas səbəblərindəndir. Böyük sosioloq Maks Veber buna siyasətdə inanc əxlaqı ilə məsuliyyət əxlaqının toqquşması kimi baxır. Biz ideologiya üzərindən siyasətə gəlmiş insan¬larıq. Bu, özlüyündə bir inanc əxlaqına sadiqliyi tələb edir və insanların bir qismi bu sadiqliyi həzz mənbəyinə çevirərək yaşayır. Siyasətin faydalılığı yerinə onun dəyişməz əqidə kimi anlaşılması düşüncə dəyişiminin qarşısında ən ciddi əngəl olur. Digər qisim isə siyasətin məsuliyyət cinahına yönəlir və faydalılıq əmsalını önə çəkməyə başlayır. Qarşıdurmanın səbəbi məhz bu təzadın mahiyyətində axtarılmalıdır.

Həyatımın vacib epizodlarını xatırlatmaqda məqsədim səsini duyurmaq üçün hansı təməlin olmasına diqqət yönəltmək idi. Dünya indiyədək kimin səsini dərhal eşidib ki? Batan “Titanik”in də səsini gec duyduqlarından xilas etməyə gecikdilər və çoxlu insan tələfatı baş verdi. Səsi duyurmaq vacibdir, eşidilmək üçün isə cazibəni artırmaq lazımdır. Azərbaycan Qarabağı son iki yüz ilin tarix zamanı boyu buraxdığı, xərclədiyi fürsətlərə görə itirmiş, itirdiklərini doğru təhlil edə bilmədiyinə görə təkrar itirmişdi. Bəhanəmiz bu idi ki, ruslar erməniyə kömək etməsəydi, durum fərqli olardı. Təbii, bu, məğlubiyyətimizdə əsas amillərdən biri sayılmalıdır. Bununla yanaşı, özümüzün millət olaraq vaxtında təşkilatlana bilməməyimiz daha ciddi amil idi. Dünya onu maraqlandıranlarla maraqlanır. Biz əgər doğru təqdimatımızla dünyanı maraqlandıra bilmiriksə, o zaman doğru təqdimatın yolunu dəqiq müəyyənləşdirməliyik. Necə ki 2020-ci ildə doğru təşkilatlanaraq, doğru diplomatiya yürüdərək, ən başlıcası, həm döyüş, həm də informasiya cəbhəsində ağıllı döyüşərək üç il içində bütün Qarabağı azad edə bildik.

Burada proseslərə hüquqşünas kimi qiymət vermək o zaman işə yarayar ki, hərbçilər məsələni birdəfəlik çözsün. Məğlubiyyətin hüquqi müdafiəsini qurmaq mümkündür. Ancaq ədalətli məhkəmə olmayanda sənin qurduğun müdafiə də bir işə yaramır. Necə ki dünyada problemə ədalətli baxış olmadığına görə illərdir, beynəlxalq təşkilatların auditoriyalarında gileylənməklə, ədalətə çağırışlarla məşğul idik. Biz qalib gəlməli idik ki, mühakimə edək və ən azı, mühakimə olunmayaq. Məğlublara haqqını vermirlər, sadəcə, təsəlli verirlər. Bir türk şairinin deyimi ilə söyləsək: “Təsəlli məlhəm olmur ürəyin yarasına”...

İnsan yaşam ideallarına zidd olmayan suallara cavab axtarışına daha çox maraq göstərir. Qarabağ məsələsi dünyanın əvvəli və ya sonu deyildi. Qarabağ, ilk növbədə, bizim üçün ləyaqət məsələsi idi. Qarabağ işğal olunmuşdu, demək, ləyaqətimiz tapdanmışdı. Ancaq biz millət olaraq var olduq, yaşadıq, qisas hissimizi itirmədik və bütün meydanlarda mübarizəmizi davam etdirdik. Demək, itirdiyimizlə razılaşmadıq, onu qaytarmaq üçün cəhdlər etdik, ləyaqətimizin bərpası üçün çalışdıq. Bu səbəbdən də gələcəyimizə yönəlik pessimist olmamalıyıq. Xirosimaya, Naqasakiyə atılan atom bombasından sonra dirçələn yapon var, dağılmış Almaniyadan sonra dirçələn alman var, niyə Qarabağdan sonra dirçələn azərbaycanlı olmasın?

Xarakterlər, iş əmsalları, intellektual imkanlar fərqli olduğuna görə burada daha çox özünə cavabdehlik prinsipi önə çəkilir. Kim ki millət, dövlət və gələcək qarşısında məsuliyyətini anlayır, o, qətiyyən papağını günə yandırmır, qalıcı işlər görməyə çalışır. Eyni zamanda xalqın problemlərini dilə gətirməyə, onun həllinə nail olmağa bir borc kimi baxır. Qanunda bu borca laqeyd yanaşmağa görə hər hansı məsuliyyət nəzərdə tutulmur, ancaq vicdan məsuliyyəti də yazılı halda olmur və hər kəsin içindən boylanır. Bu səbəbdən də, hər kəs öz işində faydalı olmağı bir zərurət olaraq anlamalı və millətin çətinliklərinin aradan qalxması üçün fədakarlıq etməlidir.

Hüquqları qorumaq üçün başqasına həvalə etmək həmişə insanı tənbəlləşdirir. Hər kəs özünə aid olan kiçik bir çərçivədə bunu qorumuş olarsa, qanunsuzluqlar toplumun belinə yüklənməz. Səsini eşitdirmək üçün gərək, ilk növbədə, öz səsini duyurasan, bu səsi qəbul edələr, ciddiyə alalar, sonrası isə asan olur. İstəkləri doğru sistemləşdirib və ümumiləşdirib çatdırmaq vacib şərtdir. Biz bunu yalnız canlı ünsiyyətlə deyil, daha asan yollarla, özəlliklə də sosial şəbəkələrlə əldə edə bildiyimizə görə çevik şəkildə gündəmə gətirə bilirik.

Baxın, bizlər Mirzə Fətəlidən, Mirzə Cəlildən, Sabirdən, Əhməd Ağaoğludan, Hüseyn Caviddən daha yetkin insanlar sayılmarıq. Bu nəhəngləri öz toplumumuz daşqalaq edib. Və onları Çar Rusiyasının dünyəvi hüquq sisitemindən başqa qoruyacaq hansısa mexanizm yox idi. Bu şərtlər içində adını çəkdiyim və çəkmədiyim nəhənglər aydın missiyasından uzaqlaşmadan toplumla savaşmağa, onu silkələməyə davam ediblər. Aydın olaraq düşünən və az-çox elmin dəyərini anlayan insan mənsub olduğu toplumu aydınlatmaq vəzifəsini daşıyır. Biz öz borcumuzu yerinə yetiririk. Cəhaləti elmlə əvəzləməyi inadla ortaçağın vəhşiliklərinə yönəlməyə çalışan adamlara təklif və təbliğ edirik. Amma adam inanc deyibən əlinə zəncir və ya taxta dəyənək götürüb küçənin ortasında ağlayırsa, özünü döyürsə, yaxud hansısa universitetdə dərs deyərək savadsız tələbələr yetişdirirsə və onlar da tariximiz və gələcəyimiz barədə xəstə mühakimə üzrə düşünürlərsə, Azərbaycanın gələcəyi üçün böyük bir təhlükə yaranır.

Mən həyatıma olan çoxsaylı təhdidlərlə bağlı heç geniş yazmaq istəmirəm. Təbii ki, ömür yolunda səsləndirdiyim, yazdığım fikirlərə görə müxtəlif səviyyələrdə təhdidlərlə, hədyanlarla qarşılaşıram. Sonda da 28 mart 2023-cü il tarixində yaşadığım evin qarşısında Ramazan ayında, oruclu durumda ikən məhz oruc tutan qatil müsəlman dəstəsi tərəfindən avtomat silahla terrora məruz qalıram. Bu mənim həyatıma əhəmiyyətli təsir göstərən hadisə olsa da, düşüncələrimi dəyişmək üçün çox mənasız davranış sayıla bilər. Hətta məni dərindən tanıyanlar üçün aydındır ki, düşüncələrimdən əl çəkmək üçün bunlar ciddi təsiredici amillər ola bilməzdi. Çünki hər bir insanın öz taleyi var və hər kəs öz taleyinə görə də ömür pillələrini dirmanmağa davam etməlidir. Hökmü verən Yaradan Kalaşnikov avtomatından açılan o qədər atəş altından iki yara ilə qurtulmamı və həyatıma davam etməyi rəva görürsə, o halda irəlidə də belə məsələlərdə bizim dilə gətirəcəyimiz hansısa narahatlıq, qorxu və ümidsizlik olmayacaqdır. Allahımdan razıyam ki, mənə, heç olmasa, bu məsələlərdə öz sözümü deyə bilmək üçün yaşamağa, düşünməyə və öz sözünə sahib olmağa imkan tanıyıb.

Bütün bu kimi baş verən hadisələrdən sonra çox suallar verirlər ki, siz idealist adamsız, yoxsa realist? Cavabım isə bu olur: “Mən real yolla addımlayan idealist adamam”. Dünyanın yaxşıya doğru dəyişəcəyinə inanıram, amma bunun üçün də realist əməllər ortaya qoyulmalıdır.

Ona görə də hər birimiz əməlimizdə realist olmalıyıq. Amma Azərbaycan kimi dövlətdə mütləq gələcəyimizlə bağlı idealları doğru müəyyənləşdirməliyik ki, Vətənimizi, millətimizi aydınlıq dünyaya qovuşdura bilək. Vardığımız gerçəkliyin üumi özəti budur: ümumiyyətlə, hansı mövqedə olursansa ol, orada xalqa xidmət etməyin yolunu düzgün tapmalısan.

Bu gün, ola bilsin ki, aylarla küçələrdə bu başdan o başa düşüb: “Azadlıq!” – deyə çığıra bilərsən, yaxud da xalqın marağını təmsil etdiyinə özünü qəti şəkildə inandıra bilərsən. Amma bunların toplum həyatına faydası olmaya bilər. Lakin bir küncdə oturub dəyərli əsər yazarsan və həmin əsəri oxuyanlar toplumun aydınlanması üçün maarifçilik hərəkatı başlar. Ya da sosial şəbəkə, televiziya, konfranslar kimi geniş auditoriyalarda çıxışlarınla, sözlərinlə insanlara daha çox bilgi, düşüncə aşılayarsan. Bunları gerçəkləşdirmək isə xalqa xidmətin düzgün yolunu tapmaqdan asılıdır.

Biz ömrümüzün çeşidli mərhələlərində xalqa xidmətin yollarını sınaqdan keçirdik. Yəni siyasətdə ən radikal və barışmaz yolları da sınadıq. Bəlkə də, bu yollar bir dönəm üçün uğurlu sayıla bilərdi, ancaq birmənalı şəkildə anladım ki, dəyişən tarixi şərtləri, əldə edilən təcrübələri diqqətə almadan eyni üslubu və eyni düşüncəni qorumaq sonda ən çox zərəri də uğrunda mübarizə apardığın dəyərlərə vuracaqdır.

Topluma hansı platformada daha çox xidmət edə bilərsən? Bir var, həbsxana küncündə 5-10 il iztirab içində gözləyirsən və bununla da elə bilirsən ki, özünə və topluma fayda verirsən, bir də var ki, toplum tərəfindən qırağa atılmadan normal və açıq faydalı işlər görürsən. Seçim burada sənindir və eyni zamanda bu seçimin məsuliyyətini də tarix qarşısında daşıyacağını düşünməlisən.

Siyasi həyatda kimin haqlı və kimin haqsız olması üzərində də dayanmıram. Hətta kimin qalib, kiminsə məğlub sayılması barədə də düşünməni belə önəmsəmirəm. Hər cinahda yer alanını öz əsaslı arqumentləri ola bilər. Lakin əmin olduğum bir gerçəklik var ki, bizim toplumun əsas problemi siyasi, dini və elmi cahillikdir. Bunu çözmədən demokratik toplum qurmaq və iqtidarı nəyəsə təşviq etmək, müxalifəti isə hansısa yanlış düşüncədən yayındırmaq olmaz.

Ona görə də, anlamalıyıq ki, ədalətli, yaxud da cəhalətdən qurtulmuş toplum olmazsa hansısa dürüst, peşəkar və ideal sayılan insan və ya insanlar qrupu bu toplumu idarə etmiş olsa belə, onların faydalı addımları müqavimətlə qarşılanacaqdır. Elə etməliyik ki, Azərbaycanın sabitliyi ayrı-ayrı şəxslərdən yox, məhz Azərbaycan toplumundan asılı olsun. Toplum elə savadlı olsun və elə dəyərlərin daşıyıcısına çevrilsin ki, ölkəmizin müstəqilliyimizi zədələyəcək səviyyədə dağıdıcı siyasi təlatüm yaşanmasın. Mən də yazdığım əsərlərdə, etdiyim çıxışlarda bu prinsipləri diqqətə almağa çalışıram.

Qəribədir, dualist inanc kodunu daşıyan bizim üçün, yəni Azərbaycan insanı üçün məsum filosof-şairimiz Hüseyn Cavid də, onu sürgün etdirib qürbətdə ölümünə səbəb olan Mircəfər Bağırov da eyni statuslu dəyərlərdir. Formal da olsa, təbliğ etdiyi dinə mənsubluğumuzu ifadə etdiyimiz Məhəmməd də, bu dinə qarşı amansız müqavimət göstərən Babək də eyni statuslu dəyərlərdir. Azərbaycanı müstəqil görmək istəyən Məhəmməd Əmin bəy də, onu Rusiyanın tərkibində görmək istəyən Nərimanov da eyni statuslu dəyərlərdir. Türk və İslam birliyinin atəşli carçısı olan Nadir Şah da, bu coğrafiyada məzhəb faşizminin qurucusu olan Şah İsmayıl da eyni statuslu dəyərlərdir. Bunlar bizə hansı toplumda yaşadığımızı dərk etməkdə, xatırlamaqda yardımçı olan zəruri epizodlardan bir neçəsidir.

Xalqın yanında olduğunu gözə soxanların bostanına girmək niyyətimiz əsla yoxdur. Bizim üçün xalqın yanında deyil, məhz xalqdan yana olmaq, həm də haqqa, həqiqətə xidmət etmək deməkdir. Bu həm də əsl səmimiliyin və əsl aydınlığın meyarıdır.

Xalqımız və toplumumuz üçün zərərli tendensiyaları gündəmə gətirərkən bir təməl prinsipi bəyan edirəm: Mən xalqın yanında deyiləm, xalqdan yanayam. Xalqın faydasına olanları xalqa rəğmən ortaya qoymaq lazımdır. Aydınların funksiyası bu olmalıdır.

Mirzə Fətəli xalqın yanında olsaydı ya zəncir götürüb başına yarmalı ya da bütün cahillik ocağı olan mollaxana mühiti ilə iç-içə yaşamalı idi. Mirzə Cəlil də xalqın yanında olsaydı, Məhəmmədhəsən əmi kimi Kərbəlaya getməkdən başqa hədəfi olmayacaqdı. Amma onlar xalqın yanında yox, xalqdan yana oldular. Xalq onları söydü, onlara əsəbiləşdi. Lakin onların bu iztiraba dözməsinin səbəbi xalqın faydasına olanları, xalqa rəğmən, ortaya qoyma vəzifəsini daşımanın bilincində olmaları idi.

Bəlkə də, bu səbəbdən mənim yaradıcılığım bədii janrda deyil, daha çox publisistik janrdadır. Fikrimcə, bu yolla düşüncələrin insanlara çatdırılmasının effektivliyi daha çoxdur. Millətin formalaşmasında zərərli elementlərin sıralamasını müəyyən etmək və bunu insanların vərdiş menyusundan çıxarmaq üçün inandırıcı üslubu tapmaq çox önəmlidir. Hansı tarixi komponentlər çağdaş dəyərlərin mənimsənilməsinə əngəl yaradır, onların üzə¬rinə, ilk növbədə, yazı ilə getmək faydalı ola bilər. Yaz¬maq zərurəti məhz bu məsuliyyəti anlamaqdan irəli gəlir.

Çalışıram ki, deyə biləcəyimi həm də yaza bilim. Cəsarətli mövqenin şifahisi və yazılısı fərqli ola bilir, ancaq yanlışların ortadan qaldırılması zəruri olduğuna görə bütün platformalarda hücumu dayandırmamalısan. Din, tarix, ədəbiyyat, siyasət və başqa mövzularda yazdıqlarımı həm də açıq söylədiyimə görə çox vaxt qaragüruhun hücumuna məruz qalıram və bunu normal qarşılayıram. Demək ki, lazım olan duyğuları hərəkətə gətirmək mümkün olub.

Müəyyən düşüncələrim var, bir neçə mövzuda süjetləri də çək-çevir etmişəm, ancaq qərar vermə mərhələsinə hələlik varmamışam. Daha çox memuar janrı üzərində düşünürəm. Yaradıcılıq elədir ki, qatara, yaxud təyyarəyə öncədən bilet almırsan, vağzala, hava limanına gedib bir neçə dəqiqədən sonra yola düşəcək nəqliyyat vasitəsinə oturub gedirsən. Oturduğun nəqliyyat vasitəsində ilk müəyyənləşdirdiyin ifadə “burası mənim yerim” olur. Öz yerində otura bilməkdən başlar çox şey...

Bundan sonra da bəzi insan obrazlarının həyatımda bu və ya digər ölçüdə təsiredici rol oynaması gözləniləndir. Bunlara mən bir şeirimdə “Ömrümdən keçən adamlar” deyə xitab etmişəm:

Ömrümdən keçən adamlar,

Üzünüzün rəngini unuduram.

Yuxularda

Uzaq yürüşlərə çıxırıq –

Bayraq kimi

Üzünüzə and içirəm

bircə-bircə.

Ayılıb sizi gözləyirəm

dəniz qırağında –

ömrüm-günüm ötüşür beləcə...

Biz dünyadan getməzdən öncə mütləq dünyaya adam kimi gəlməliyik. Həm də kitabla gəlməliyik. İnananlar üçün yol göstərən hər hansı bir kitabla. Bu, müsəlman üçün Quran da ola bilər, xristian üçün İncil də, yəhudi üçün Tövrat da, atəşpərəst üçün “Avesta”, türk üçün “Dədə Qorqud” da, marksist üçün “Kapital” da... Anladığım budur ki, Yaradan anadan olanlara, doğulana kitabsız yaşamaq haqqını tanıyıb. Ancaq dünyaya gələnlərdən dünyadan gedəndə kitabın sorğu-sualını mütləq edəcəklər. Bu həm də millətlərin mədəni obrazını canlandırmaq üçün bir vasitədir.

Ömrümdən keçən adamlar çoxdur. Ancaq ömrümün altmışında daha çox ömrümdən köçən adamları xatırlayıram. Çünki addım-addım onlara yaxınlaşıram...

Adamlarla yanaşı, həm də ömrümdən keçən şeirlər var. Bu şeirləri də ömrümdən keçən adamlar kimi kiçik bir şeir kitabının içində dəfn etmiş kimiyəm. Şeir yazma içimdəki ölmüş gəncliyi, uzaqlaşmış sevgini, amansız tənhalığı geri qaytarmaq deməkdir. Sevimli övladımın ölümünə də şeir yaza bilmədim. İki il öncə bədənimə sıxılan düşmən gülləsindən ağır yaralananda da şeir yaza bilmədim. Və anladım ki, mən öz ömrümə aid ola biləcək bütün şeirləri yazmışam. İndi isə yaza bilmədiyim şeirləri acıların, sevgilərin içində özüm yaşayıram.

Altmışdan sonra ölüm qorxusunu itirmiş bir Allah bəndəsi olaraq hansı cavabdehlik, hansı məsuliyyət daşıdığımın fərqindəyəm. Dünyadan köçən dostlarımızın da, böyüklərimizin də yolda buraxdığı yükü daşımağa yükümlüyəm. Dünyamızdakıları unutmadığım kimi, bu dünyaya unudulmaq üçün gəlmədiyimin də fərqindəyəm.

Yaşımın hansı çağıydısa,

Anamın üzü kimi görürdüm hər şeyi –

açılmırdı döydüyüm qapılar,

eşitmirdi çağırdığım adamlar,

oxuya bilmirdim sevdiyim nəğməni –

Anamın üzü toxdadırdı məni.

İyirmi yaşında məni toxdadan anamın üzünə and olsun ki, yaşımın altmışıncı payızında açılacaq döydüyüm qapılar, eşidəcək çağırdığım adamlar və sevdiyim nəğməni daha gözəl ruhla oxumağa davam edəcəyəm.

(Yazı müəllifin feysbuk səhifəsindən götürülüb)

“525-ci qəzet”in rəhbərliyi Fazil Mustafanı yubileyi münasibəti ilə təbrik edir, yaradıcılıq və ictimai fəaliyyətində uğurlar arzulayır.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see134

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see127

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri