Icma.az
close
up
RU
İsrafil Məmmədov: Neft Fondunun aktivləri son üç ildə 21 mlrd. dollar artıb MÜSAHİBƏ

İsrafil Məmmədov: Neft Fondunun aktivləri son üç ildə 21 mlrd. dollar artıb MÜSAHİBƏ

Icma.az bildirir, Apa.az portalına istinadən.

"APA-Economics" Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovla Fondun 2025-ci il üzrə fəaliyyəti ilə bağlı apardığı müsahibəni təqdim edir:

- İsrafil müəllim, əvvəlki dövrlərdən fərqli olaraq bu il Fond üçün investisiya baxımından daha uğurlu il oldu. Fond qızıla yatırımları maksimal həddə çatdırdı və artan qiymətlər fonunda aktivlərdə 10 mlrd. dollar civarında artım baş verdi. Hətta həmişə tənqidi mövqeyi ilə seçilən ekspertlər belə Fondun addımlarının uğurlu olduğunu etiraf edirlər. Ümumilikdə, neft gəlirlərinin azalması fonunda 2025-ci ili investisiya baxımından necə dəyərləndirirsiniz?

- Ötən gün Dövlət Neft Fondunun yaranmasının 26-cı ilini qeyd etdik. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Neft Fondu milli sərvətin səmərəli idarə olunması, ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsi və gələcək nəsillərin rifahının təmin edilməsi missiyasına sadiq qalaraq fəaliyyətini davam etdirir.

Bu strateji missiyaya sadiqlik Fondun investisiya fəaliyyətinin nəticələrində və maliyyə göstəricilərində də öz əksini tapıb. Qeyd olunmalıdır ki, son üç il ərzində, bu ilin üçüncü rübünün sonunadək Fondun investisiya gəlirləri 10 milyard ABŞ dollarını ötüb. Eyni dövrdə vəsaitlərin idarə edilməsi fəaliyyəti nəticəsində investisiya gəlirləri ilə yanaşı, qızıl qiymətlərinin artımı və valyuta məzənnələrindəki dəyişikliklər də nəzərə alınmaqla, Fondun ümumilikdə 21 milyard ABŞ dolları həcmində gəlirləri qeydə alınmış və nəticədə, ARDNF-nin ehtiyatları 43% artıb. Son dövrlərdəki dinamika davam edib və 2025-ci il də Fond üçün investisiya gəlirləri baxımından uğurlu illərdən biri olub. Belə ki, cari ilin əvvəlinə 60 milyard ABŞ dolları təşkil edən ARDNF-nin aktivləri ilin 9 ayı ərzində 70,2 milyard ABŞ dollarına yüksəlib.

Bu müsbət nəticələr Fond tərəfindən uzun illər ərzində ardıcıl şəkildə həyata keçirilən investisiya strategiyasının və portfel yanaşmasının praktiki nəticəsi kimi qiymətləndirilə bilər. Belə ki, ARDNF illərdir ki, investisiya portfelini qısamüddətli nəticələrə deyil, uzunmüddətli tarazlıq və dayanıqlılıq prinsipinə əsaslanaraq formalaşdırır. Bu yanaşma mövcud investisiya mandatının qorunması ilə yanaşı, Fondun gələcək öhdəliklərini və strateji hədəflərini də nəzərə alan balanslı portfel quruculuğunu nəzərdə tutur. Bu əsasda Fondun portfelinin şaxələndirilməsi strategiyası 2012-ci ildən etibarən mərhələli şəkildə həyata keçirilir. Bu dövrdən başlayaraq daha yüksək gəlir potensialına malik və eyni zamanda nisbətən riskli hesab olunan maliyyə alətlərinin portfeldəki payı tədricən artırılıb. Maliyyə bazarlarında qısamüddətli nəticələr dəyişkən ola bilər, lakin məhz portfelin belə balanslı strukturu uzunmüddətli perspektivdə Fondun daha dayanıqlı nəticələr əldə etməsinə imkan yaradır. Ümumilikdə, əksər institusional investorlar investisiya fəaliyyətinin nəticələrini qısamüddətli illik göstəricilər əsasında deyil, əsasən orta və uzunmüddətli dövr üzrə qiymətləndirirlər. Bu yanaşma portfelin risk-gəlir profilinin, strateji aktiv bölgüsünün və qısamüddətli bazar dalğalanmalarının daha obyektiv dəyərləndirilməsinə imkan verir.

Qızıl strateji ehtiyatlarına gəldikdə isə, qeyd etdiyimiz diversifikasiya strategiyası çərçivəsində 2012-ci ildən etibarən qızılın portfeldəki payı mərhələli şəkildə artırılıb. 2025-ci ildə qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə Fond bu strategiyaya uyğun olaraq qızıl yatırımlarını davam etdirib. Nəticədə, 2025-ci ilin ilk doqquz ayı ərzində qızıl aktivlərinin dəyərindəki artım Fond üçün 6,8 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb.

Qeyd etdiyiniz kimi, neft gəlirləri ilə yanaşı investisiya fəaliyyətindən əldə olunan əlavə valyuta gəlirləri son illərdə daha da önəmli rol oynamağa başlayıb. Fondun aktivlərinin həcmi artdıqca və portfelin strukturu davamlı olaraq optimallaşdıqca, investisiya gəlirləri həm fiskal dayanıqlığın təmin edilməsinə, həm də Fondun uzunmüddətli məqsədlərinin reallaşdırılmasına mühüm töhfə verir.

- Əlvan metalın artan qiymətləri Fondun aktivlərinə müsbət təsir etsə də, eyni zamanda qiymət enişlərinin əlavə risk yaratması da bizi düşündürür. Ümumiyyətlə, qızılın qiyməti ilə bağlı Fondun proqnozları necədir və qeyd edilən riskləri nəzərə alaraq hansı addımlar atılır və ya nəzərdə tutulur?

- ARDNF üçün qızıla yatırımların mahiyyəti klassik investisiya alətlərindən fərqli yanaşma tələb edir. Fond qızılı qısamüddətli gəlir əldə etməyə yönəlmiş aktiv kimi deyil, ölkənin strateji maliyyə ehtiyatlarının tərkib hissəsi kimi qiymətləndirir. Bu yanaşma beynəlxalq praktikada da geniş tətbiq olunur və əsas məqsədi maliyyə sistemində qeyri-müəyyənliklərin artdığı dövrlərdə ümumi portfelin dayanıqlılığını və ölkənin maliyyə təhlükəsizliyini gücləndirməkdir.

Son illərdə qızıl ehtiyatlarının artırılması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Bu yanaşma xüsusilə xarici şokların intensivləşməsi, maliyyə bazarlarında volatilliyin artması, geosiyasi risklər və valyuta bazarlarında qeyri-sabitliklə bağlıdır. Bu şəraitdə qızıl emitent asılılığı olmayan, faiz və tərəf-müqabili risklərindən nisbətən azad olan və maliyyə sistemində gərginliklər zamanı dəyərin qorunmasına imkan verən strateji aktiv kimi çıxış edir. Bu çərçivədə, 2025-ci ilin üçüncü rübünün sonuna qızıl aktivlərinin həcmi 185 ton olmaqla 23 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən etibarən Fond üçün 11 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb. Belə ki, qızılın bazar qiymətindəki dəyişikliklər Fondun ümumi aktivlərinin dəyərində əks olunsa da, bu dəyişikliklər investisiya portfelinin gəlirliliyinin hesablanmasında ayrıca aktiv sinfi üzrə gəlir kimi deyil, bir çox institusional investorların təcrübəsinə uyğun olaraq məzənnə dəyişkənliyindən yaranan fərq kimi ehtiyatların dəyərinin dəyişməsində nəzərə alınır.

Qızılın qiyməti ilə bağlı gözləntilərə gəldikdə isə burada əsas təsiredici amillər real faiz dərəcələrinin dinamikası, ABŞ dollarının dəyəri, aparılan monetar siyasətlər, habelə hazırkı dövrdə qızıl qiymətinə ən güclü təsir göstərən amil kimi geosiyasi gərginliklərin gələcəkdə mümkün inkişaf istiqamətləri olacaqdır.

- Son dövrlər ictimaiyyət tərəfindən Fondun qlobal İT nəhənglərinə yatırımları xüsusilə maraq doğurur. Bunu həm uğurlu yatırım, həm də ölkə adına prestij kimi görənlər var. Siz bu yatırımları necə qiymətləndirirsiniz? Məsələn, Amazon, NVIDIA, META, Tesla şirkətlərin səhmlərinə yatırımlar nə dərəcədə gəlirlidir və sizi qane edirmi?

- ARDNF diversifikasiya olunmuş investisiya portfelinə malik olmaqla, müxtəlif aktiv növləri vasitəsilə fərqli sahələrə yatırımlar həyata keçirir. Səhm altportfelinin idərə etməsində Fond qlobal səhm bazarı indeksi olan “MSCI World” indeksini bençmark olaraq izləyir ki, sözügedən indeksdə də 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1320 şirkətin, o cümlədən sözügedən İT nəhənglərinin səhmləri toplanıb. Başqa sözlə, Amazon, NVIDIA, Meta və Tesla kimi texnologiya şirkətlərinə yatırımlar ARDNF tərəfindən fərdi səhm seçimi yanaşması əsasında deyil, qlobal səhm bazarlarını əks etdirən geniş indekslərə əsaslanan institusional investisiya strategiyası çərçivəsində həyata keçirilir. Texnologiya sektoru son illərdə qlobal iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib, rəqəmsallaşma, süni intellekt və bulud texnologiyaları kimi uzunmüddətli trendlər bu şirkətlərin indekslərdə çəkisinin artmasına səbəb olub.

Qeyd edim ki, ARDNF seçdiyi strategiya nəticəsində səhm indeksləri üzrə yaranma tarixindən etibarən 314% gəlirlilik əldə edib ki, bu da illik əsasda 11,5% gəlirlilik deməkdir (30 sentyabr 2025-ci il tarixinə).

- İsrafil müəllim, əsas məsələlərdən biri hazırda azalan qiymətlər fonunda Fondun neft gəlirləridir. Bilmək istərdik ki, bu şəraitdə ARDNF-nin neft qiymətləri ilə bağlı optimist və pessimist ssenarilər üzrə bazar analizləri, gözləntiləri necədir? Bu şəraitdə Fond azalan neft gəlirlərini hansı investisiya alətləri hesabına tənzimləyə bilər?

- Fondun növbəti il üzrə büdcəsi dövlət büdcəsi ilə sıx koordinasiya şəraitində tərtib olunur və neft qiymətləri üzrə fərziyyələr beynəlxalq təşkilatların ortamüddətli proqnozlarına əsaslanır. İcmal büdcə çərçivəsində dövlət büdcəsinin gəlir və xərcləri formalaşdırılarkən ARDNF-nin də büdcə göstəricilərinin, habelə aktivlərinin dayanıqlı səviyyədə saxlanılması əsas prioritetlərdən hesab olunur. Məlumat üçün 2026-cı il üzrə Fondun büdcəsində xam neftin qiyməti beynəlxalq təşkilatların proqnozları əsas götürülməklə dövlət büdcəsində olduğu kimi 65 ABŞ dolları götürülüb.

Ümumilikdə, il ərzində neft qiymətlərində baş verə biləcək dəyişikliklər və bunun nəticəsində gəlirlərin azalması ehtimalı Fondun planlaşdırma və risklərin idarə olunması mexanizmlərində əvvəlcədən nəzərə alınır. Eyni zamanda, neft gəlirlərində mümkün azalmaların təsirinin yumşaldılması baxımından investisiya fəaliyyətindən əldə olunan gəlirlərin rolu artır. ARDNF şaxələndirilmiş investisiya strategiyasını formalaşdırarkən neft-qaz sektorunun gələcək trayektoriyası ilə bağlı riskləri və qeyri-müəyyənlikləri diqqətdə saxlayır və portfelin idarə edilməsində qərarlar bir göstəriciyə deyil, kompleks modelə və ehtiyatlı fərziyyələrə əsaslanır.

Bununla yanaşı, ARDNF büdcə öhdəliklərinin icrasını təmin etmək məqsədilə portfel strukturunda müvafiq likvidlik səviyyəsinin saxlanılmasına xüsusi diqqət yetirir. Likvid aktivlərin, o cümlədən istiqrazlar və pul bazarı alətlərinin portfeldəki rolu məhz belə dövrlərdə fiskal çevikliyi təmin edən əsas amillərdən biridir.

- Son dövrlər ARDNF-nin investisiya siyasətində maraqlı yanaşma müşahidə edilir. Fond infrastruktur layihələrinə marağını artırıb. Məsələn, BƏƏ-də özəl məktəb layihəsi, İtaliyada dəmiryolu şirkəti, Londonda hava limanı, bundan əlavə özəl investisiyalar həyata keçirən şirkətlərdən pay əldə olunub. Bu maraq nə ilə bağlıdır və gəlirliliklə bağlı gözləntiləriniz necədir? Əlavə olaraq qarşıdakı dövrdə hansısa bu tipli yatırımlar planlaşdırılırmı?

- ARDNF uzunmüddətli investor kimi strateji aktiv bölgüsünü və portfelin optimallaşdırılmasını uzun illəri əhatə edən hədəflər əsasında qurur. Qeyd etdiyimiz kimi, 2012-ci ildən başlayan diversifikasiya strategiyası çərçivəsində Fondun investisiya portfelinə özəl səhmlər, daşınmaz əmlak və infrastruktur kimi alternativ investisiyalar da daxil olub. Sözügedən investisiyalar dünyanın bir çox, əsasən inkişaf etmiş ölkələrində müxtəlif iqtisadi sektorlara yönəldilib və Fondun uzunmüddətli investisiya strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu aktivlər portfelin risk-gəlir balansının optimallaşdırılmasına töhfə verməklə yanaşı, bazar dəyişkənliyinə qarşı dayanıqlılığı gücləndirir. Eyni zamanda, bildirmək istərdim ki, investisiya strategiyası dinamik prosesdir və Fond bazar mühitindəki struktur dəyişiklikləri, risk mühiti, likvidlik tələbləri, daxilolma-xərc nisbəti və gözlənilən gəlirlilik fonunda strateji çərçivəsini mütəmadi olaraq yenidən qiymətləndirir.

Fondun İtaliyada “Italo” yüksək sürətli dəmiryolu operatoruna, “Enfinity Global” günəş elektrik stansiyalarına, eləcə də Londonda Qatvik hava limanı aktivinə yatırımları sözügedən strategiyanın təzahürüdür. Bu investisiyalar portfelimizin ümumi strategiyasını tamamlayır, diversifikasiyanı dərinləşdirir və uzunmüddətli dövrdə risk nəzərə alınmaqla dayanıqlı gəlirliliyin təmin edilməsinə imkan yaradır.

ARDNF bu cür yatırımları təcrübəli beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirməklə yanaşı, investisiya qərarlarının qəbulunda öz daxili təcrübə və səriştəsinə əsaslanan müstəqil və hərtərəfli qiymətləndirmə mexanizmlərindən geniş istifadə edir. Belə ki, özəl səhmlər, daşınmaz əmlak və infrastruktur aktivləri üzrə hər bir yatırım qərarı investisiya, risk, hüquqi və komplayns yoxlamalarını əhatə edən ətraflı təhlillərə əsaslanır. Fond investisiya qərarlarının keyfiyyətinin artırılmasına daim yüksək əhəmiyyət verir və bu çərçivədə müvafiq sahələr üzrə texniki və sektor üzrə ixtisaslaşmış mütəxəssislərlə görüşlər və məsləhətləşmələr aparır. Mövcud yanaşmaya uyğun olaraq, qarşıdakı dövrlərdə də ARDNF investisiya strategiyası çərçivəsində alternativ investisiyalar üzrə imkanları ehtiyatlı şəkildə nəzərdən keçirməyi planlaşdırır.

- Orta müddətli dövrdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması nəzərdə tutulur. 2025-ci ildəki 14,5 mlrd. manatdan 2029-cu ildə 10,2 mlrd. manata endirilməsi proqnozlaşdırılıb. Bu addım Fondun orta müddətli dövrdə aktivlərinin həcminə və gəlirliliyinə necə təsir edə bilər?

- Dövlət büdcəsinə transfertlərin həcmi ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında və eyni zamanda Fondun yığım funksiyasının yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu əsasda ARDNF-də toplanan vəsaitlər gələcəkdə iqtisadi çətinliklər və ya gözlənilməz şoklar zamanı dövlətin xərcləri davam etdirməsinə və iqtisadiyyata dəstək verməsinə şərait yaradır. Ölkədə aparılan islahatlar çərçivəsində orta müddətli dövrdə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması dövlətin fiskal siyasətinin uzunmüddətli dayanıqlığının gücləndirilməsinə yönəlmiş tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir və Fondun uzunmüddətli mandatının daha effektiv icrasına xidmət edir. Bu yanaşma Fondun aktivlərinin idarə edilməsində çevikliyi artırmaqla yanaşı, qlobal bazarlarda daha strukturlaşdırılmış investisiya imkanlarını nəzərdən keçirmək üçün əlavə manevr imkanları yaradır. Transfertlərin optimallaşdırılması nəticəsində Fondun portfelinin likvidlik tələbləri ilə uzunmüddətli investisiya hədəfləri arasında balansın daha səmərəli şəkildə qurulması mümkün olur ki, bu da risklərin daha effektiv idarə edilməsinə şərait yaradır.

- İsrafil müəllim, valyuta hərracları ilə bağlı məlumatlar artıq rüblük açıqlanır. Ona görə də bu məsələ ilə bağlı suallar yaranır. Bilmək istərdik ki, Fond bu il ərzində büdcəyə transfertlərdən əlavə dollar satışı həyata keçiribmi?

- Dövlət Neft Fondunun əsas funksiyalarından biri büdcə öhdəliklərinin icrası vasitəsilə makroiqtisadi sabitliyin dəstəklənməsidir. Dövlət Neft Fondu uzun illərdir öz öhdəliklərini yerinə yetirərkən fəaliyyətini ölkənin ümumi fiskal və monetar siyasət çərçivəsi ilə uzlaşdıraraq həyata keçirir. Bu baxımdan məlumatların açıqlanması və kommunikasiyanın forması ilə bağlı yanaşmamız da bu çərçivəyə uyğun formada yerinə yetirilir.

ARDNF üçün valyuta hərraclarının kommunikasiyası ölkənin ümumi iqtisadi idarəetmə mexanizminin tərkib hissəsi olan texniki uyğunlaşmadır. Fond bütün fəaliyyətində olduğu kimi, bu məsələdə də bazarların həssaslığını, monetar siyasətin məqsədlərini və uzunmüddətli sabitlik prioritetlərini nəzərə alır. Bununla yanaşı, Fondun İnformasiya Siyasətinə uyğun olaraq fəaliyyəti bağlı göstəricilər, o cümlədən investisiya portfelinin strukturu, yeni investisiyalar, gəlir mənbələri və xərc öhdəliklərinə dair ətraflı məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Cari il üzrə ümumilikdə Fondun təsdiq olunan büdcə xərcləri çərçivəsində 14,6 milyard manat həcmində vəsaitin istifadəsi planlaşdırılıb. Müvafiq olaraq, Fond tərəfindən 2025-ci ilin üçüncü rübünün sonunadək ümumi xərclər üzrə manat ifadəsində 10,9 milyard manat məbləğində öhdəliklər icra edilib və ilin sonuna qədər büdcə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

- ARDNF indiyə kimi bir sıra ölkə əhəmiyyətli layihələri maliyyələşdirib. Bununla bağlı əlavə hansısa müraciətlər varmı?

- Fond tərəfindən bügünkü nəsillərin ehtiyacları naminə ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət edən ən mühüm ümummilli layihələrin maliyyləşdirilməsi təmin edilib. Fondun maliyyə resursları əsasında qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, strateji əhəmiyyət kəsb edən infrastruktur layihələrinin inşası və rekonstruksiyası, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişafı, həmçinin su təchizatı və suvarma sistemləri üzrə genişmiqyaslı layihələrin maliyyələşdirilməsi uğurla tamamlanıb. Bununla yanaşı, “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasına uyğun olaraq Fond tərəfindən təhsil sahəsində bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi yüksək ixtisaslı kadr potensialının formalaşmasına və ölkənin insan kapitalının inkişafına mühüm strateji töhfə verib.

Yeni layihələrin maliyyələşdirilməsi ilə bağlı bildirmək istərdik ki, Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə - proqrama uyğun olaraq həyata keçirilir. Bu çərçivədə Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsinə istifadə olunur. Bu əsasda Fondun 2026-cı il büdcə layihəsində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli sərəncamına uyğun olaraq peşə təhsili sisteminin potensialının gücləndirilməsi üzrə əlavə tədbirlərin, eləcə də 2025-ci il 22 iyul tarixli sərəncama əsasən beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi üçün iki yeni xərc maddəsinin əlavə edilməsi nəzərdə tutulur.

- Bu ilin sonuna ARDNF-nin aktivlərinin həcmi və investisiya portfelinin gəlirliyi üzrə gözləntiləriniz necədir?

- ARDNF qlobal investordur və bu səbəbdən qlobal maliyyə bazarlarında baş verən istənilən dəyişikliklər Fondun aktivlərinin dinamikasına müəyyən səviyyədə təsir edir. Kapital bazarlarında faiz dərəcələrinin səviyyəsi, səhm, daşınmaz əmlak və infrastruktur qiymətlərinin dəyişməsi, valyuta bazarlarında məzənnə dalğalanmaları, habelə əmtəə bazarlarında neftin və qızılın qiymət trendləri Fondun investisiya portfelinin gəlirliliyinə və nəticə etibarilə ümumi aktivlərinin həcminə təsir göstərən əsas amillərdir. Məlumat üçün bildirmək istərdik ki, cari ilin sentyabr ayının sonuna ARDNF-nin aktivləri 70,2 milyard ABŞ dolları, vəsaitlərin idarə edilməsindən əldə edilən investisiya gəlirləri isə 3,1 milyard ABŞ dolları təşkil edib. Son rüb ərzində də Fondun maliyyə göstəriciləri üzrə müsbət tendensiyanın davam etdiyini müşahidə edirik.

- 2026-cı il üzrə Fondun strateji hədəfləri nədən ibarət olacaq?

- 2026-cı il üzrə Fondun strateji hədəfləri mövcud uzunmüddətli mandatdan irəli gələrək aktivlərin qorunması, dayanıqlı investisiya gəlirliliyinin təmin edilməsi və portfelin dəyişən qlobal iqtisadi və maliyyə şəraitinə uyğunlaşdırılması istiqamətlərini əhatə edəcək. Bu çərçivədə investisiya strategiyasının çevikliyinin artırılması və risklərin daha effektiv idarə olunması Fondun əsas prioritetləri sırasında yer alır.

Eyni zamanda, Fond 2026-cı ildə də fiskal sabitliyə töhfə verməyi, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq dövlət büdcəsinə transfertlərin həyata keçirilməsini və Fondun büdcəsi çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsini davam etdirməyi hədəfləyir.

İnstitusional quruculuğun gücləndirilməsi Fondun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edir. Bu istiqamətdə korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, risklərin idarə olunması, komplyans, daxili nəzarət və hesabatlılıq mexanizmlərinin beynəlxalq ən yaxşı təcrübələrə uyğun şəkildə inkişaf etdirilməsi prioritet olaraq saxlanılır. Eyni zamanda, ARDNF-nin insan kapitalının inkişafı peşəkar kadr potensialının qorunması, eləcə də, əməkdaşların bilik və bacarıqlarının davamlı şəkildə artırılması Fondun fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edir.

Fond qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə risk-gəlir balansını qorumaqla yanaşı, mövcud prioritetlər nəzərə alınmaqla yeni investisiya imkanlarını seçilmiş istiqamətlər üzrə araşdırmağı və uzunmüddətli dövrdə ehtiyatların artırılmasını əsas hədəf kimi müəyyən edir. Bu istiqamətdə, Fondun başlıca prioritetləri sırasında beynəlxalq tərəfdaşlıqların inkişafı və strateji investisiyaların genişləndirilməsi mühüm yer tutur. Nüfuzlu institusional investorlar və aparıcı maliyyə institutları ilə əməkdaşlıq uzunmüddətli dəyər yaradan investisiyalarla yanaşı, yeni coğrafiyalar və bazarlara çıxış imkanlarını genişləndirir.

Foto: Rüfət Mustafayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri