Icma.az
close
up
RU
İsrail niyə Suriyada türk bayraqlarından qorxur

İsrail niyə Suriyada türk bayraqlarından qorxur

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Qəzza zolağında dərin humanitar böhran, Livanla sərhəddə artan gərginlik və ABŞ-la diplomatik çıxılmazlıq fonunda İsrail üçüncü cəbhəni açmağa qərar verib - bu dəfə Suriyanın cənubunda. Ancaq bu cəbhə əvvəlkilərdən fərqli olaraq, təsadüfi toqquşma deyil, strateji baxımdan qəsdən atılmış addım kimi, Türkiyə ilə birbaşa qarşıdurmaya çevrilə bilər. İsrail regionu geri dönüşü olmayan bir nöqtəyə doğru itələyir və bu, təkcə Suriyanın bəzi əyalətlərinin deyil, bütün regional təhlükəsizlik arxitekturasının taleyini risk altına atır.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

İsrailin Suriyada həyata keçirdiyi son hava zərbələri artıq adi bir epizod deyil, bu Yaxın Şərq faciəsinin sonsuzluğa çevrilmiş yeni mərhələsidir. Bu zərbələr siyasi siqnaldır, xəbərdarlıqdır, Türkiyəyə öncədən "qırmızı xətlər"in çəkildiyinin elanıdır. Ankaranın bölgədə artan təsirini dayandırmaq cəhdidir. Amma İsrailin dayandırmağa çalışdığı proses artıq geri dönməz xarakter alıb - Türkiyə Suriyaya müvəqqəti deyil, davamlı və struktur yaradan bir güc kimi qayıdır.

İsrail ordusu şərqə doğru hərəkətə başlayır

İsrailin quru qüvvələri artilleriyanın dəstəyi ilə Cənubi Qolan yüksəkliklərindən hərəkətə keçərək Suriya ərazisinə daxil olub - Dəraa vilayəti vasitəsilə Süveyda istiqamətində irəliləyirlər. Bu, nə kəşfiyyat əməliyyatı, nə də şərti terrorçulara qarşı lokal müdaxilədir - bu, tammiqyaslı bir quru manevridir. Elə bir ərazidə baş verir ki, burada İsrail və Türkiyənin maraqları birbaşa toqquşur.

Bu vaxt müqavimət artıq formalaşmağa başlayıb. Yerli əhali silaha sarılır, Dəraa məscidlərindən cihad çağırışları yüksəlir, qəbilə döyüşçüləri təşkilatlanır. İsrail bu prosesə bəlkə də təhrikedici tərəf kimi daxil olur, lakin artıq itkisiz çıxışı mümkün olmayan bir gedişat yaranır.

İsrailin siqnalları: Hava zərbələrinin arxasında ultimatum durur

Hadisələrin sonunu gözləmədən İsrail, aparıcı media resursları vasitəsilə niyyətini gizlətmir. The Jerusalem Post rəsmi bir mənbəyə istinad edərək açıq şəkildə yazır ki, Suriyaya endirilən zərbələr Türkiyəyə birbaşa mesajdır: "Uzaq durun, bazalar tikmək fikrinə belə düşməyin." T4 hava bazasında mümkün türk hərbi mövcudluğu İsrail hərbi elitası üçün artıq bir kabusa çevrilib.

Amma bu kabus artıq reallıqdır. Türkiyə geri çəkilmək niyyətində deyil və əksinə, rəsmi şəkildə bəyan edib: Suriyada HHM sistemləri yerləşdirildikdən sonra hava məkanının istənilən pozulması atəşlə cavablandırılacaq. Diplomatik kanallar vasitəsilə bu xəbərdarlıq artıq Tel-Əvivə çatdırılıb.

Türkiyə cavab verir: HHM sistemləri döyüş hazırlığında

Ankara Suriyada HHM infrastrukturunu sürətlə genişləndirir. Təkcə Hisar kompleksləri deyil, eyni zamanda Rusiya istehsalı S-400 sistemlərinin yerləşdirilməsi də gündəmdədir. Üstəlik, 2025-ci ildə Türkiyə Siper adlı yeni nəsil uzaqmənzilli zenit-raket komplekslərini də Suriyaya göndərməyi planlaşdırır. Bu sistemlər 150 km-dən artıq məsafədə hədəfləri vurmaq imkanına malikdir.

Eyni zamanda, Türkiyə ALP 500-G tipli güclü radar sistemlərini də Suriyada yerləşdirir. Bu radarlar 650 km-dən artıq məsafədəki hədəfləri izləyə bilir. Beləliklə, Türkiyə İsrailin şimal və mərkəz hissəsindəki hərbi obyektlərinin əksəriyyətini nəzarət altına alır.

Bu sadəcə "bayraq nümayişi" deyil. Bu, Suriyanın hava məkanında real, faktiki bir türk nəzarət zonasının yaradılmasıdır. Hər keçən gün bu zona nominal xarakterdən çıxaraq müdafiə strukturuna çevrilir. İsrail isə nə qədər irəli gedirsə, Türkiyə HHM sistemlərinin döyüş şəraitində istifadəsi bir o qədər yaxınlaşır.

İmperiya cavab zərbəsi endirir

Qərb mediası və siyasi dairələri Türkiyənin Suriyadakı addımlarını tez-tez ekspansionizm kimi qələmə verir. Lakin bu yanaşma Ankara strategiyasının tarixi və geosiyasi məntiqini tamamilə nəzərdən qaçırır. Türkiyə üçün Suriya yad torpaq deyil, tarixən onun təhlükəsizlik orbitinin bir hissəsi olub. Bir əsr əvvəl bu torpaqlar Osmanlı imperiyasının cənub cinahı idi. İndi isə, Rusiya faktorunun zəiflədiyi, İranın passivləşdiyi və Şərqi Aralıq dənizi üzərində nəzarət uğrunda mübarizənin alovlandığı bir zamanda Türkiyə bu torpaqlara imperiya deyil, milli dövlət olaraq və konkret təhlükəsizlik maraqları ilə qayıdır.

T4 (Tiyas) hava bazasının nəzarətə götürülməsi təkcə hərbi deyil, həm də simvolik addımdır. Türkiyənin Suriya hərbi xəritəsində yenidən görünməsi İsrailin "hava məkanına sahiblik" monopoliyasına ağır zərbədir. İllərlə İsrailin pilotsuz uçuş aparatları və qırıcıları Suriya səmasında heç bir müqavimətlə üzləşmədən fəaliyyət göstərirdi. Amma artıq Hisar HHM sistemlərinin yerləşdirilməsi, hücum dronları, helikopterlər və orta mənzilli raketlərin T4 bazasında dislokasiyası ilə bu reallıq kökündən dəyişir. İsrailin sərbəst hərbi manevr imkanları indi təkcə diplomatik deyil, texniki baxımdan da ciddi şəkildə məhdudlaşdırılır.

Sükut oyunu: Ankara baş verənlərə niyə münasibət bildirmir?

Əvvəl baxışda təəccüblü görünür: Türkiyə strateji miqyasda addımlar atır, amma gurultulu bəyanatlardan yayınır. Müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidan yalnız ehtiyatlı və ölçülü açıqlamalarla kifayətlənirlər. Lakin bu, tam şüurlu strategiyanın bir hissəsidir. Ankara "strateji səssizlik" prinsipinə əsaslanır: bəyanatsız, emosiyasız, provokasiyasız hərəkət etmək. İsrailin nümayişkaranə aksiyaları və açıq təhdidlərinə qarşılıq olaraq, Türkiyə praktik nəticələrə üstünlük verir. Bu sinir savaşında isə səsi çox çıxan deyil, səssiz şəkildə yerə möhkəmlənən qazanır.

İsrail isə əksinə, isterik reaksiya verir. The Jerusalem Post və Kan kimi media resursları "türk təhlükəsi" haqqında isterik başlıqlarla doludur, Knesset üzvləri isə birbaşa şəkildə Təl-Əvivdəki Türkiyə səfirliyinin bağlanmasını tələb edirlər. Antimüsəlman fobiyalar, "sivilizasiyalar toqquşması" ritorikası və Ərdoğanın ABŞ neokonservativlərinin sevdiyi üslubda demonlaşdırılması yenidən səhnəyə çıxarılıb. Amma bu hay-küylü panikanın arxasında - qorxu dayanır. İsrailin Suriyadakı hərbi üstünlüyünün itirilməsi qorxusu.

İsrailin təşvişi - etirafın özü

İsrail sadəcə Türkiyənin hərbi bazasından qorxmur. O, Türkiyənin liderlik etdiyi yeni regional təhlükəsizlik sisteminin formalaşmasından qorxur. İsrail Suriyanı iflasa uğramış bir dövlət kimi görməyə öyrəşmişdi - Rusiya, İran, ABŞ hərbçiləri və kürd anklavları arasında parçalanmış bir məkan. Türkiyənin Suriya dövlətçiliyini - bəli, Ankara orbitində olsa da - bərpa etmək planı isə bu əlverişli status-kvonu alt-üst edir.

Türkiyə məqsədini gizlətmir: o, Suriya infrastrukturunun bərpası, yeni ordu quruculuğu və İŞİD-in qalıqlarının tamamilə məhv edilməsi prosesində məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Üstəlik, Türkiyə-Suriya-İraq-İordaniya dördtərəfli alyansındakı fəal iştirakı Ankaranı faktiki olaraq regional təhlükəsizlik zəmanətçisinə çevirir. Bu baxımdan İsrailin narahatlığı başadüşüləndir: Təl-Əviv məsələləri hava zərbələri ilə həll etməyə öyrəşmişdi, diplomatik mexanizmlərlə deyil. Amma indi - Türkiyə HHM sistemləri, pilotsuz təyyarələri və Suriyanın mərkəzində yerləşmiş nizami qüvvələri fonunda - "vurub gizlənmək" strategiyası artıq işləmir.

Türkiyə Əsaddan sonra nəyə oynayır: xaosa qarşı ox

Bəşər Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən getməsi dönüş nöqtəsi oldu. Türkiyə əvvəlcədən xaosa alternativ təklif etmişdi - idarə olunan və sabit bir Suriya dövləti qurmaq, hətta bu Ankara protektoratı altında olsa belə. Müdafiə naziri Yaşar Gülərin Dəməşqdəki yeni hökumətə hərbi yardım təklifi - sadəcə xoş niyyət nümayişi deyil, planlı bir strategiyanın davamıdır. Türkiyə hesab edir ki, Suriya region üçün çox önəmlidir və onun taleyini təsadüflərə, yaxud bu coğrafiyada real maraqları olmayan xarici güclərə buraxmaq olmaz.

Türkiyənin Lətakiyaya hərbi kontingent yerləşdirməsi, yerli qəbilələrlə iş qurması, İdlibdən Palmira qədər uzanan logistika zəncirini bərpa etməsi - bütün bunlar uzunmüddətli bir planın tərkib hissəsidir. Türkiyə sadəcə Suriya ərazisinə qayıtmır. O, burada Yaxın Şərq üçün yeni bir nizamın əsasını qoyur və bu nizamin mərkəzində isə türk təhlükəsizlik modeli dayanır.

Kimi kim saxlayır və niyə?

İrandan fərqli olaraq, hansı ki, bölgədə öz təsirini proksi qruplar üzərindən həyata keçirir, Türkiyə açıq və şəffaf təsir arxitekturası qurur. ABŞ-dan fərqli olaraq, hansı ki, uzaqdan idarə etməyə üstünlük verir, Ankara real ərazi və siyasi strukturlarla işləyir. Məhz bu fərqlər Türkiyəni unikal regional oyunçuya çevirir. İsrail bunu anlayır və ona görə də qabaqlayıcı şəkildə zərbə endirir.

Lakin T4, Həma və Dəməşqə edilən hücumlar reallığı dəyişmir. Türkiyə bazası artıq fəaliyyət göstərir. HHM sistemləri döyüş mövqeyindədir. Yeni Suriya ordusu Ankaranın nəzarəti altında formalaşır. Bu, sadəcə gələcək plan deyil - bu artıq indiki zamandır.

Netanyahu "dəli imperiya" kartını oynayır: üç cəbhə və bir ümid - Vaşinqton

Elə təsəvvür yaranır ki, İsrail sadəcə öz gücünü səhv qiymətləndirib. Amma yox - burada daha dərin bir məntiq var. İsrail rəhbərliyi, görünür, hər şeyin son nəticədə ABŞ tərəfindən ört-basdır ediləcəyinə ümid edir: Vaşinqton dəstəkləyəcək, müdafiə edəcək, haqq qazandıracaq. Hətta məsələ NATO üzvü olan Türkiyə ilə birbaşa toqquşmaya gəlib çıxsa belə. Bu isə 2000-ci illərin neokonservativ düşüncə tərzidir və indiki çoxqütblü dünyada işləmir. Artıq ABŞ-ın müttəfiqləri səhər deyilən sözün axşam dəyişdiyi bir reallıqda öz təhlükəsizliklərini özləri təmin etmək yolunu seçirlər.

Ankara isə Təl-Əvivdən fərqli olaraq, sakit və sistemli şəkildə hərəkət edir. Hay-küysüz, emosiyasız və metodik. Vəziyyət nəzarət altındadır, amma gərginlik pik həddədir. Elə bu səbəbdən Türkiyənin son rəsmi bəyanatları son dərəcə ehtiyatlı və ölçülüdür: xəbərdarlıq edilib - nəticələri İrəvanda (oxu: Yerusəlimdə) çıxarsınlar.

Suriya - regional nizam uğrunda mübarizə teatrı

Türkiyə özünü "Suriyanın xilaskarı" kimi təqdim etmir. Onun strategiyası - praqmatikdir. Məqsəd - Suriyanın dağılmasının qarşısını almaq, onun ərazi bütövlüyünü qorumaq, fəaliyyət qabiliyyətli hökumət və müstəqil ordu qurmaqdır. Lakin aydındır ki, Türkiyənin Suriya layihəsi - İsrailin "idarə olunan xaos" konsepsiyasına birbaşa alternativdir. Elə bir layihə ki, Dəraa xaotik bir provokasiya meydanına çevrilib, etnik və dini qrupların mozaikası isə dağıdıcı alət kimi istifadə olunur.

Təəccüblü deyil ki, İsrail "Sülh, sabitlik və vahid Suriya" şüarını təhlükə kimi qəbul edir. Axı bu, sadəcə şüar deyil - bu, İsrailin qonşularının zəifliyi üzərində qurduğu təhlükəsizlik modelinə qarşı ideoloji və hərbi alternativdir.

Onlar geri çəkilmək istəmirlər. Heç kim güzəştə getmək niyyətində deyil

İsrail yeni bir cəbhə açmağa hazırlaşır - bunu hərbi zərurət deyil, özünü bölgənin qayda qoyucusu hesab etməsi diktə edir. Amma bu model Türkiyəyə keçmir. Ankarada anlayırlar: İsraillə qarşıdurma - dəyişilə biləcək bir kart deyil, məcburi və prinsipial mövqedir. Ona görə də Türkiyə nə təhrik edir, nə də geri çəkilir.

Mövcud vəziyyət idarəolunmaz bir böhrana çevrilmək üzrədir. Hər iki tərəf əmindir ki, öz iradəsini qarşı tərəfə qəbul etdirə bilər. İsrail ABŞ-ın dəstəyinə arxalanır. Türkiyə isə öz gücünə, artan hərbi potensialına və ölkəsini yenidən qurmaq istəyən Suriya hakimiyyətinin açıq dəstəyinə güvənir.

Sülh yolu? Sağlam düşüncə komada

Hələlik vəziyyətin sülh yolu ilə həllinə ümid bəsləmək olar. Amma ümid - strategiya deyil. İsrailin strategiyası isə, görünür, təşəbbüsü güc yolu ilə ələ almaq, təxribat yaratmaq və daha sonra dünyaya "Türkiyədən qaynaqlanan təhlükə" obrazını təqdim etməkdən ibarətdir. Bu taktika bir vaxtlar İranla bağlı işlək idi. Lakin bu dəfə eyni üsul uğur gətirməyə bilər.

Çünki Türkiyə - İran deyil. O, təcriddə deyil. O, NATO üzvüdür, Qara dənizdə mühüm tərəfdaş, müsəlman dünyasında lider və regionda sabitlik üçün əsas təminatçılardan biridir. Əgər İsrail nəticələri hesablamaq əvəzinə qılıncla oynamağa davam edərsə, qarşısında "Osmanlı revanşizmi"nin kölgəsini deyil, döyüşməyi, maraqlarını qorumağı və qalib gəlməyi bacaran real türk ordusunu görəcək.

Suriya - zəifliyin deyil, gələcək nizamın arenasıdır

Bu gün Suriya kənardan zəif və müdafiəsiz görünən bir zona deyil. Bu, gələcək regional düzənin teatrıdır. Və bu düzənin qurucularından biri də Türkiyədir. Qonaq kimi yox - həmtəsisçi kimi.

Suriya dövlətçiliyinin bərpası, İŞİD-in tamamilə zərərsizləşdirilməsi, yeni nizami ordu formalaşdırılması və idarəetmənin bərpası - məhz bu təməl üzərində Türkiyə öz Yaxın Şərq siyasətini qurur. Bu yanaşma isə İsrailin təklif etdiyi modelə ziddir. Çünki İsrail bölgəni zəif, parçalara bölünmüş və qorxu üzərindən idarə olunan vəziyyətdə saxlamağa üstünlük verir.

Ankara isə bu prosesə "aqressor" kimi deyil, cənub sərhədlərində sabitlik zonası yaratmağa çalışan rasional oyunçu kimi yanaşır. Ola bilsin, İsrailin Türkiyə ilə əsas ziddiyyəti də məhz buradadır: Türkiyə bölgəyə xaos yox, qayda gətirir. Və bunu səssiz, lakin qətiyyətli şəkildə edir.

Türkiyənin Suriyaya qayıdışı Təl-Əvivin istəyi və ya narazılığı ilə ölçülən məsələ deyil. Bu - zaman məsələsidir. Və artıq o saat çalıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see177

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see122

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see122

Eldar Əzimzadə kitabının son səhifəsində nə yazmışdı?

25 May 2025 00:27see122

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see122

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see121

Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

24 May 2025 09:03see118

Şənbə üçün nəzm

24 May 2025 08:15see118

PSJ 16 cı dəfə Fransa Kubokunun qalibi olub

25 May 2025 01:49see118

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see118

Ağcabədidə çiyid səpini başa çatıb

24 May 2025 12:28see116

Ukrayna Xarici İşlər Nazirliyi Vatikanı danışıqlar üçün məqbul məkan sayır

23 May 2025 23:10see116

Finlandiya rusiyalılara daşınmaz əmlak satışını qadağan etməyi planlaşdırır

24 May 2025 05:16see116

Ekoloqların peşə bayramıdır Fotolar

23 May 2025 14:21see115

Bəyəndiyiniz xanımın paytaxtın “silikon vadisində” hansı emalatxanadan buraxıldığını öyrənin!

23 May 2025 19:24see115

Karlo Ançelotti rəsmən Real Madrid dən ayrıldı

23 May 2025 14:00see114

Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi...

23 May 2025 17:48see113

Kartofla bağlı mühüm xəbər: Qiymət kəskin dəyişir? Açıqlama

23 May 2025 19:18see113

Daha bir məktəb direktoru ilə bağlı QALMAQAL NƏ BAŞ VERİR?

24 May 2025 06:59see113

Bloomberg: Aİ Rusiyanın 20 bankını SWIFT dən ayrılmasını təklif edir

24 May 2025 12:07see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri