Icma.az
close
up
RU
İsrail şirkətləri Azərbaycanın günəş və külək elektrik stansiyalarının maliyyələşdirilməsində iştirak edə bilər EKSPERT

İsrail şirkətləri Azərbaycanın günəş və külək elektrik stansiyalarının maliyyələşdirilməsində iştirak edə bilər EKSPERT

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC israilli ekspert, “İnvest to Create” platformasının idarəedici partnyoru, texnoloji innovasiyalar üzrə mütəxəssis Tal Katranla olan müsahibəni təqdim edir.

- İsrail və Azərbaycan arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz? Hal-hazırda ikitərəfli əməkdaşlıq çərçivəsində hansı əsas sahələr daha fəal inkişaf edir?

- Azərbaycan və İsrail onilliklər ərzində enerji təhlükəsizliyi, texnoloji mübadilə və regional diplomatiya sahələrində strateji əməkdaşlığa əsaslanan çoxşaxəli tərəfdaşlıq qurub. İsrail və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlər son illərdə sabit şəkildə inkişaf edir. Mal dövriyyəsi ilə yanaşı, əməkdaşlıq texnologiyalar, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması kimi əsas sahələrdə də fəal şəkildə davam edir. İsrailin əkinçilik və suya qənaət texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycanın kənd təsərrüfatı sektorunun modernləşdirilməsi prosesində getdikcə daha geniş tətbiq olunur ki, bu da davamlı inkişafa və ərzaq təhlükəsizliyinə töhfə verir.

Bundan əlavə, tibbi texnologiyalar və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq sürətlə inkişaf edir ki, bu da hər iki ölkənin innovasiyalara və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş ortaq strateji baxışını əks etdirir. Azərbaycanın İsrailin enerji sektorunda artan rolu, o cümlədən SOCAR-ın dəniz yataqlarında qaz hasilatı və digər enerji təşəbbüslərində iştirakı, ikitərəfli ticarətdə karbohidrogenlərin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu dinamik və inkişaf edən əməkdaşlıq iqtisadi əlaqələri gücləndirməklə yanaşı, innovasiyaları və davamlı inkişafı stimullaşdırır, iki ölkə arasında möhkəm tərəfdaşlıq əsaslarını daha da gücləndirir.

- İsrail-Azərbaycanın iqtisadi tərəfdaşlığının region ölkələri ilə olan əlaqələrdən əsas fərqləri nədən ibarətdir?

- Azərbaycan ilə İsrail arasında iqtisadi tərəfdaşlıq, onu regiondakı digər münasibətlər fonunda fərqləndirən bir sıra unikal xüsusiyyətlərə malikdir. Əvvəla, Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biridir və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında açar rol oynayır. Bu strateji əməkdaşlıq qaz yataqlarının işlənməsi sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənir. Lakin tərəfdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır. Bu əməkdaşlıq müdafiə sənayesi, innovasiyalar, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, su ehtiyatlarının idarə olunması, ərzaq təhlükəsizliyi və səhiyyə də daxil olmaqla geniş sahələri əhatə edir. Belə miqyaslı və kompleks əməkdaşlıq onu həqiqətən çoxşaxəli edir. İki ölkə arasında münasibətlər yüksəksəviyyəli siyasi və iqtisadi dialoqla da möhkəmləndirilir — müntəzəm rəsmi səfərlər, birgə komissiyalar və biznes-forumlar ticarətin və investisiyaların genişlənməsinə xidmət edir.

Bundan əlavə, Azərbaycan İsrail üçün Mərkəzi Asiyaya çıxış baxımından strateji körpü rolunu oynayır ki, bu da ikitərəfli münasibətlərə əlavə regional əhəmiyyət və çoxtərəfli əməkdaşlıq üçün potensial qazandırır. Nəhayət, hər iki ölkə “yaşıl texnologiya”ların tətbiqi və bərpaolunan enerji mənbələrinin inkişafına böyük önəm verir. İsrail bu sahələrdəki təcrübəsini bölüşür, Azərbaycan isə davamlı texnologiyaları milli inkişaf proqramlarına inteqrasiya edir. Bütün bunlar ikitərəfli tərəfdaşlığa gələcəyə yönəlmiş və innovasiyalara əsaslanan xarakter verir. Beləliklə, Azərbaycan–İsrail iqtisadi əməkdaşlığı genişliyi, strateji əhəmiyyəti və innovasiya ilə davamlı inkişafa yönəlmiş mahiyyəti ilə seçilir.

- İsrail investorlarının Azərbaycan bazarına marağı hansı səviyyədədir? Onlar üçün ən cəlbedici sahələr hansılardır?

- İsrail investorları Azərbaycanı getdikcə daha çox strateji tərəfdaş kimi qiymətləndirirlər. 2024-cü ilin ilk yeddi ayında ikitərəfli ticarət dövriyyəsi 1,15 milyard dollara çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz artım deməkdir. Hazırda 100-dən artıq İsrail şirkəti Azərbaycanda fəaliyyət göstərir, kənd təsərrüfatı, təhsil və tibb sahələrində öz texnologiya və təcrübələrini təqdim edirlər. Ən çox maraq doğuran sahələrdən biri kənd təsərrüfatıdır. Burada İsrailin suvarma texnologiyaları məhsuldarlığı və effektivliyi əhəmiyyətli dərəcədə artırır.

Bundan başqa, bərpaolunan enerji sahəsinə də maraq artmaqdadır — günəş və külək enerjisi sahəsində birgə layihələr həyata keçirilir. Tibbi texnologiyalar və farmasevtika sahəsində də sərmayə üçün cəlbedicilik yüksəlir. Xüsusilə qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) İsrailin “Tamar” qaz yatağında 10 faiz pay alaraq, iki ölkə arasında enerji əməkdaşlığını daha da gücləndirib.

- İsrail “startaplar milləti” kimi tanınır. Sizcə, bu ekosistemdən hansı alətlər və ya modellər Azərbaycanda tətbiq oluna bilər?

- İsrailin dinamik startap ekosistemi bir sıra sınaqdan keçmiş alətlərə malikdir və bu vasitələr Azərbaycanda mövcud mexanizmləri effektiv şəkildə tamamlaya və gücləndirə bilər. Azərbaycanda artıq akselerasiya və inkubasiya proqramları, vençur fondları və “biznes-mələk” şəbəkələri fəaliyyət göstərsə də, İsrail modelləri daha strukturlaşdırılmış mentorluq sistemi və geniş qlobal əlaqə imkanları ilə fərqlənir. Bu xüsusiyyətlər azərbaycanlı startapların beynəlxalq əlaqələrinin və bazar çıxış imkanlarının genişləndirilməsi baxımından uğurla uyğunlaşdırıla bilər. İsrailin mələk investorları əsasən texnoloji layihələrə yönəlir və onların rolu təkcə maliyyə dəstəyi ilə məhdudlaşmır. Onlar, həmçinin mentorluqda fəal iştirak edir, praktiki biliklərini bölüşürlər. İsrailin İnnovasiyalar İdarəsinin proqramları kimi dövlət qrant mexanizmləri isə aydın və nəticəyə yönəlmiş struktura əsaslanır, innovasiyaları və riskə hazırlığı təşviq edir. Bu model Azərbaycanda daha məqsədli və tətbiq yönümlü maliyyələşdirmə mexanizmlərinin qurulması üçün yaxşı nümunə ola bilər.

Bundan əlavə, İsraildə fəaliyyət göstərən texnologiyaların transferi ofisləri universitetlərdəki akademik tədqiqatlarla kommersiya yönümlü startaplara uğurla birləşdirir. Bu yanaşma Azərbaycanın universitetləri və elmi-tədqiqat mərkəzləri üçün də innovasiyaların bazara çıxarılmasında faydalı ola bilər. Bakıda fəaliyyət göstərən mədəniyyət, oyun sənayesi və kreativ sahələr üzrə strateji investisiyalara yönəlmiş “Invest2Create” investisiya mərkəzinin idarəedici tərəfdaşı, eyni zamanda, beynəlxalq akkreditasiyalı startap ekosistemi memar kimi, bu təcrübələrin yerli kontekstə necə uyğunlaşdırıla biləcəyini şəxsi təcrübəmdə görmüşəm. I2C vasitəsilə biz artıq bu yanaşmaların bir qismini tətbiq edirik — layihələrin investisiyaya hazırlıq prosesləri və yerli imkanların gücləndirilməsi ilə yanaşı, transmilli əlaqələrin qurulması da bu sahəyə daxildir.

- Aqrar texnologiyalar (AgriTech), tibbi texnologiyalar, su ehtiyatları və kibertəhlükəsizlik sahələrində birgə startaplar üçün potensial görürsünüzmü?

- Bəli, şübhəsiz! Bu strateji əhəmiyyətli sahələrdə israilli və azərbaycanlı sahibkarlar arasında birgə startaplar yaratmaq üçün real potensial mövcuddur. Məsələn, İsraildə hazırlanmış dəqiq suvarma texnologiyaları, o cümlədən “Netafim” şirkətinin damcı suvarma sistemləri Azərbaycanın fermerləri üçün məhsuldarlığın artırılmasına və iqlim dəyişikliklərinə uyğunlaşmağa ciddi töhfə verə bilər. Tibbi texnologiyalar sahəsində isə İsrailin süni intellektə əsaslanan rəqəmsal səhiyyə və diaqnostika üzrə həlləri Azərbaycanın səhiyyə sisteminin modernləşdirilməsində əhəmiyyətli rol oynaya bilər. Su ehtiyatlarının idarə olunması da mühüm istiqamətdir. “IDE Technologies” şirkətinin duzsuzlaşdırma texnologiyaları və ağıllı irriqasiya həlləri Azərbaycanın su təhlükəsizliyi məqsədləri ilə üst-üstə düşür. Kibertəhlükəsizlik sahəsində isə İsrail şirkətləri, məsələn, “Check Point”, qabaqcıl təhdid aşkarlama sistemlərinin hazırlanmasında pioner sayılır. GYTPOL şirkətinin istənilən mühit və əməliyyat sistemi üçün qoruma təmin edən həlləri Azərbaycanın rəqəmsal və biznes mühitinin möhkəmləndirilməsinə ciddi dəstək verə bilər. Bu cür əməkdaşlıq təkcə texnologiyaların və sərmayələrin ötürülməsinə deyil, həm də yerli kadr potensialının inkişafına və təliminə xidmət edəcək. Möhkəm diplomatik əlaqələr və artmaqda olan innovasiya mədəniyyəti fonunda belə birgə startaplar hər iki ölkə üçün əhəmiyyətli əlavə dəyər yarada bilər.

- İsrail və Azərbaycan yaşıl enerjinin inkişafını strateji prioritet hesab edir. “Yaşıl keçid” çərçivəsində hansı əməkdaşlıq formaları mümkündür?

- İsrail və Azərbaycan yaşıl enerji sahəsinin inkişafını strateji prioritet kimi qiymətləndirir və bu istiqamətdə çoxşaxəli əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İsrail günəş enerjisi, enerji saxlama sistemləri və “ağıllı şəbəkə”lərin idarə olunması sahəsində yüksək ixtisaslaşmaya malikdir və bu təcrübə Azərbaycanın bərpaolunan enerji sahəsindəki məqsədlərinə çatmasını sürətləndirə bilər. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə birgə layihələr çox perspektivlidir. Bu regionlar həm günəş, həm də külək enerjisi üçün yüksək potensiala malikdir. Texnologiyaların ötürülməsi ilə yanaşı, İsrail şirkətləri həm də günəş və külək elektrik stansiyalarının maliyyələşdirilməsi və tikintisində iştirak edə bilər ki, bu da Azərbaycanın fosil yanacaqlardan asılılığının azalmasına kömək edər. Artıq enerji saxlama və enerji səmərəliliyinin artırılması sahəsində birgə innovativ təşəbbüslər üzərində işlər aparılır. Siyasi səviyyədə isə hər iki ölkə BMT-nin İqlim Dəyişikliyi üzrə Paris Sazişinin hədəflərinə sadiqdir və COP29-un Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə liderlik ambisiyalarını təsdiqləyir. İqlim öhdəliklərinin tənzimlənməsi və icrası sahəsində əməkdaşlıq yeni investisiya imkanları və qabaqcıl texnologiyalara çıxış imkanı yarada bilər. Bütün bunlar təkcə hər iki ölkənin davamlı iqtisadi inkişafı üçün deyil, həm də təmiz enerji sahəsində regional tərəfdaşlıq modelinin formalaşması üçün zəmin yaradır.

- Azərbaycan İsrailin Mərkəzi Asiya və Cənubi Qafqaz bazarlarına çıxış strategiyasında hansı rolu oynayır? Qarşıdakı beş il ərzində əməkdaşlığın ən perspektivli istiqamətləri hansılardır?

- Azərbaycan İsrail üçün strateji tərəfdaş olmaqla yanaşı, Mərkəzi Asiya və daha geniş Cənubi Qafqaz regionlarına çıxış üçün əsas platforma rolunu oynayır. Güclü iqtisadiyyatı, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və getdikcə möhkəmlənən ikitərəfli münasibətlər sayəsində Azərbaycan bu sürətlə inkişaf edən regionlara daxil olmaq istəyən İsrail şirkətləri üçün ideal mərkəzdir. Qarşıdakı beş ildə, xüsusilə bərpaolunan enerji sahəsi daha çox perspektiv vəd edir. Azərbaycanın “yaşıl inkişaf” strategiyası ilə İsrailin texnoloji imkanları üst-üstə düşür. Artıq Qarabağda “ağıllı kənd təsərrüfatı” və su ehtiyatlarının idarə olunması sahəsində İsrail texnologiyalarından istifadə olunur ki, bu da həmin ərazilərin bərpasına və modernləşməsinə töhfə verir. İsrailli ekspertlər, o cümlədən mən, Azərbaycanın biznes mühitinin inkişafına töhfə verə, biznesin qloballaşması, beynəlxalq mövqe tutması, danışıqlar bacarıqları və sahibkarlıq düşüncəsinin inkişafı ilə bağlı praktik bilikləri bölüşə bilərik. “Invest2Create” (I2C) təşəbbüsü çərçivəsində mən artıq bir çox azərbaycanlı startaplarla sıx əməkdaşlıq edirəm, onlara biznes modellərini təkmilləşdirməkdə, qlobal bazarlara çıxmaqda və beynəlxalq rəqabətə davamlılıq qazanmaqda dəstək verirəm. İsrailin innovasiya mədəniyyətinə əsaslanan bu yanaşma artıq I2C portfelinə daxil olan startapların potensialını gücləndirməkdə öz effektivliyini sübut edib. Əminəm ki, İsrail və Azərbaycanın birgə səyləri nəticəsində daha çox uğurlu layihələr reallaşacaq və bu, tərəfdaşlığın möhkəmlənməsinə və hər iki ölkənin davamlı inkişafına mühüm töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see229

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see216

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see198

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see184

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see174

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see152

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see149

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see147

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see147

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri