İsrail Suriya druzlarının müdafiəsinə qalxdı, atəş açmaq əmri verildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ortaq bəyanat verərək İsrail ordusuna Suriya hərbi birliklərini hədəfə almaq tapşırığı veriblər.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Bəyanatda qeyd olunur ki, Suriyanın Əs-Süveyda əyalətinə daxil olan ordu birlikləri yerli druz xalqının təhlükəsizliyinə təhdid yaradır.
"Biz Suriya rejiminin onlara zərər verməsinin qarşısını almaq üçün hərəkətə keçirik, həmçinin sərhədlərimizin demilitarizasiyasını təmin edirik", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyulun 13-də Suriyanın Əs-Süveyda əyalətində ərəb qəbilələrinin silahlıları ilə druz yaraqlıları arasında baş verən toqquşmalarda azı 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Hadisədən dərhal sonra Əs-Süveydada vəziyyəti nəzarət altına götürmək üçün Suriya hakimiyyəti ölkənin cənubuna xüsusi təhlükəsizlik qüvvələri göndərib. Lakin bu da vəziyyətin stabilləşməsinə gətirib çıxarmayıb və Suriya ordusu ilə yerli druzlar arasında silahlı toqquşma baş verib.


