Icma.az
close
up
RU
İxtisas seçərən nələrə diqqət yetirməli?

İxtisas seçərən nələrə diqqət yetirməli?

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşıb. Avqustun 10-dan etibarən minlərlə abituriyent üçün ən məsuliyyətli mərhələlərdən biri - ixtisas seçimi prosesi başlayır. İxtisas seçimi - gənc insanın həyatında verdiyi ən mühüm qərarlardan biridir. Bu qərar yalnız universitetə daxil olmaq üçün deyil, həm də gələcək peşə, maddi təminat, şəxsi məmnunluq və cəmiyyətə fayda baxımından böyük əhəmiyyət daşıyır. İxtisas seçimi edərkən abituriyentlər maraq və bacarıqlarıı, plan yerlərini, əmək bazarında tələbat olan ixtisasları nəzərə almalıdırlar. İmtahan balı imkan verdiyi halda perspektivli və gələcəyin peşələri hesab olunan ixtisaslara üstünlük verilməlidir.

İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, ixtisaslaşma imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlər çox diqqətli olmalıdır. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisas seçimidir: "İxtisas seçimi zamanı bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, hardasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Aşağı bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaq olur".

Abituriyent öncə topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. İxtisas seçərkən diqqət edilməli əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparılmalıdır. Burada ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

İxtisas seçimi real imkanlar və gələcək perspektivlər nəzərə alınaraq aparılmalıdır

Təhsil eksperti Əmrah Həsənli bildirib ki, ixtisas seçimi abituriyentin gələcək peşə həyatını müəyyənləşdirən ən vacib qərarlardan biridir. Təəssüf ki, bir çox məzun bu mərhələdə yalnız topladığı bala uyğun seçim etməyə çalışır. Halbuki bal sadəcə hansı ixtisaslara qəbul olmaq imkanını göstərən göstəricidir, uğurlu karyeranın təminatı deyil. Ən doğru yanaşma üç əsas amilin birlikdə nəzərə alınmasıdır: abituriyentin marağı, bacarığı və topladığı bal. Əgər gənc yalnız balı yüksək olduğu üçün maraq göstərmədiyi bir ixtisası seçirsə, gələcəkdə həmin sahədə nə uğurlu mütəxəssis ola, nə də peşəsinə motivasiya ilə yanaşa bilər. Digər tərəfdən, yalnız istəyinə əsaslanaraq qəbul şansı çox aşağı olan ixtisasları seçmək də düzgün yanaşma deyil. Ona görə də ixtisas seçimi emosiyalarla deyil, real imkanlar və gələcək perspektivlər nəzərə alınaraq aparılmalıdır: "Abituriyent əvvəlcədən hansı sahədə inkişaf edə biləcəyini, hansı peşə ilə uzun illər məşğul olmaq istədiyini müəyyənləşdirməlidir. Universitetin nüfuzu məsələsinə gəldikdə isə hesab edirəm ki, burada prioritet ilk növbədə ixtisas olmalıdır. Əmək bazarında tələbat olan bir ixtisası orta səviyyəli universitetdə oxuyaraq uğurlu karyera quran minlərlə məzun var. Eyni zamanda, nüfuzlu universiteti bitirsə də, bazarda tələbatı az olan və ya maraq göstərmədiyi ixtisas üzrə çalışan insanların sayı da kifayət qədərdir. Əlbəttə, universitetin maddi-texniki bazası, müəllim heyəti, beynəlxalq əlaqələri və ümumilikdə təhsil mühiti çox önəmlidir. Ancaq bunlar düzgün seçilmiş ixtisası tamamlayan amillərdir, onu əvəz etmir. Hesab edirəm ki, ixtisas seçimi zamanı yalnız bu günü deyil, ən azı 5-10 il sonranı da düşünsünlər. Əmək bazarında hansı sahələr inkişaf edir? Hansı peşələrə tələbat artır? Seçiləcək ixtisas üzrə təcrübə, təhsili davam etdirmək və karyera imkanları necədir? Bütün bu suallar əvvəlcədən araşdırılmalıdır. Unutmayaq ki, ixtisas seçimi sadəcə universitetə qəbul olmaq üçün deyil, gələcək həyatın və peşə yolunun təməlini qurmaq üçün verilən mühüm qərardır. Buna görə də bu prosesə maksimum məsuliyyətlə yanaşmaq lazımdır".

Gələcəkdə bəzi ixtisaslar tamamilə sıradan çıxacaq

Təhsil eksperti Elmin Nuri hesab edir ki, ixtisas seçiminin nəzəri əsaslandırılması, onun real həyatda necə tətbiq olunacağı, seçilmiş ixtisasın cəmiyyət və əmək bazarı üçün missiyası çox önəmlidir: "Bu gün tələbə adını qazanmaq kifayət deyil. Əsas məsələ həmin ixtisasın gələcəkdə iş təminatına nə qədər töhfə verə bilməsidir. İxtisas seçimi sadəcə texniki proses deyil ki, onu video təlimatlardan öyrənmək mümkün olsun. Bu məsələnin dərin mənəvi və psixoloji tərəfləri də var. Hər il minlərlə gənc imtahan verir, nəticələrini gözləyir və ali məktəblərə ixtisas seçimi qarşısında qalır. Amma bu prosesin görünməyən tərəfləri var. Bu gün bir çox insan ixtisas seçimini sadəcə qəbul olunmaq üçün edir. Məqsəd bal itirməməkdir. Hansı yolla olur-olsun, bir universitetə düşmək əsasdır. Sanki ali məktəbə daxil olmaq, artıq uğurun son nöqtəsidir. Amma bu yanaşma çox təhlükəlidir. Əgər bir gənc qəbul oldusa, qəhrəmandır. Qonşular, qohumlar, ailə ətrafı onu tərifləyir, sosial mediada paylaşımlar edilir. Qəbul olmadısa, sakitlik çökür. Nə özü danışır, nə də ailəsi. Halbuki bu, sadəcə bir mərhələdir, nə son, nə də başlanğıc. İxtisas seçimi həyatın ən mühüm qərarlarından biridir. Bu, insanın gələcək işinə, sosial statusuna, psixoloji rahatlığına və həyat tərzinə birbaşa təsir edir. Amma çox zaman bu qərar məntiq yox, emosiya, real maraqlar yox, sosial basqı əsasında verilir. Bəzən valideynlər öz övladlarını onların maraqlarına deyil, öz arzularına uyğun istiqamətləndirirlər. Hətta bəziləri üçün övladının universitetə qəbul olması, qonşu və qohumlar qarşısında bir "qələbə" vasitəsidir. Uşağın nə hiss etdiyini, gələcəkdə özünü xoşbəxt hiss edib-etməyəcəyini düşünən isə azdır".

Ekspertin dediyinə görə, bu gün əmək bazarı dəyişir. Gələcəkdə bəzi ixtisaslar tamamilə sıradan çıxacaq. Bəzi dar sahəli peşələrə ehtiyac olmayacaq. Əvəzində süni intellekt, rəqəmsal texnologiyalar, proqramlaşdırma, data analitikası, alternativ enerji, biotexnologiya kimi sahələrin tələbatı ildən-ilə artacaq: "Universitet dörd il oxunur ki, gələcəkdə iş bazarında özünə uyğun bir yer tapa biləsən. Əgər sən o bazarda yer tapa bilməyəcəksənsə, onda nə üçün oxuyursan? Biz bəzən bu sadə, amma əsaslı sualdan yayınırıq. Əslində bu sual sadə görünsə də, çox mürəkkəb bir cavab tələb edir. Cəmiyyətin təhsil anlayışı dəyişmədikcə, universitetə olan yanaşma da dəyişməyəcək. İxtisas seçimi sadəcə bal və qəbul məsələsi deyil. Bu, insanın özünü kəşf etməsi, həyata münasibətinin formalaşması və cəmiyyət üçün faydalı bir kadr kimi yetişməsi deməkdir. Əgər biz bu prosesi ciddi qəbul etməsək: Diplom olacaq, amma bilik olmayacaq. Universitetlər nəzəri bilik verir, bu, bir çox sahə üçün vacibdir. Amma nəzəriyyəni həyatla birləşdirə bilməyən gənc, istedadlı bir peşə sahibindən daha uğurlu ola bilməz. Elə peşə məktəbləri var ki, gəncə konkret ixtisas, real iş bacarığı və əmək bazarında dərhal yer tapmaq imkanı verir".

Bəzən nə qədər yüksək bal toplasa da, abituriyent ali məktəbə qəbul olmaya bilir

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov vurğulayıb ki, düzgün ixtisas seçmək üçün ilk növbədə ötən illərin qəbul ballarına, plan yerlərinin sayına diqqət etmək lazımdır. Eyni zamanda abituriyentin yığdığı bal onun seçmək istədiyi ixtisasın bir il öncə olan keçid balı ilə uyğunluq təşkil edərsə, bu zaman həmin ixtisas üzrə təhsil ala bilmək imkanı daha artmış olur: "Bəzən olur ki, ixtisas seçimi etdikdə abituriyentlər öz talelərini şansa buraxırlar. Lakin belə olanda bəzən nə qədər yüksək bal toplasa belə, abituriyent ali məktəbə qəbul olmaya bilir. Bunun səbəbi isə ixtisasın düzgün seçilməməsi və balının olduqca yüksək olmasıdır. Hətta keçid balı bu il 600 olan ixtisasın növbəti ildə keçid balı 650 ola bilər. Həmçinin həmin ixtisas üzrə müraciət edənlərin sayı çox ola bilər.

Geniş seçim daha ciddi düşünməyi tələb edir

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyir ki, bakalavr ixtisasına uyğun magistratura səviyyəsində seçilə biləcək ixtisaslaşmaların sayı müxtəlif olur: "Məsələn, "Kompüter elmləri" ixtisasını bitirən bakalavr üçün seçim imkanları kifayət qədər genişdir. O, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data elmləri, kompüter elmləri, mexatronika və robototexnika, eləcə də hesablama fizikası ilə əlaqəli istiqamətlərə müraciət edə bilər. Bu istiqamətlərin daxilində isə süni intellekt, maşın öyrənməsi, verilənlərin təhlili, kibertəhlükəsizlik, bulud texnologiyaları, kompüter görməsi, rəqəmsal dövlət, əşyaların interneti, blokçeyn, təbii dilin emalı və digər müasir ixtisaslaşmalar mövcuddur. Bu, bakalavra bir neçə fərqli yol seçmək imkanı verir. Öz sahəsində biliklərini dərinləşdirmək, informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmaq, data elmləri və süni intellekt üzrə ixtisaslaşmaq, mühəndislik və robototexnika istiqamətinə yönəlmək, elmi-tədqiqat fəaliyyətinə başlamaq. Lakin seçim imkanlarının çox olması qərarın avtomatik olaraq asan olması demək deyil. Əksinə, geniş seçim daha ciddi düşünməyi tələb edir. Əsas sual "Mən hara qəbul ola bilərəm?" deyil, "Mən hansı sahədə inkişaf etmək və işləmək istəyirəm?" olmalıdır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see393

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see382

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see296

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see288

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see282

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see277

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see263

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see259

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see258

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see255

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see251

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see244

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see242

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see231

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see230

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see225

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see215

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see207

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see204

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri