Jeffrey Epstein imperiyası: Hansı məşhurlarla əlaqədə olub, pulu necə qazanıb ARAŞDIRMA
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Jeffrey Epstein son onilliklərin ən qalmaqallı fiqurlarından biri kimi tarixə düşdü. Onun adı güc, sərvət, sistemli cinsi istismar, qapalı elitalar və müəmmalı ölüm anlayışlarının kəsişdiyi simvola çevrildi. Bir vaxtlar ABŞ siyasi və maliyyə elitasına, krallıq ailələrinə, Hollivud ulduzlarına və akademik dairələrə çıxışı olan Epstein sonradan ABŞ məhkəmə sisteminin ən sarsıdıcı işlərindən birinin mərkəzinə yerləşdi.
Onun hekayəsi təkcə bir cinayət dosyası deyil, həm də gücün nəzarətsiz qaldıqda necə təhlükəli alətə çevrildiyinin nümunəsi kimi qiymətləndirilir.
Müəllimlikdən qapalı maliyyə imperiyasına
1953-cü ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olan Epstein karyerasına elit Dalton Məktəbində riyaziyyat müəllimi kimi başlayıb. Rəsmi maliyyə təhsili olmamasına baxmayaraq, burada nüfuzlu ailələrlə qurduğu əlaqələr onun elit maliyyə çevrəsi Wall Street-ə keçidini təmin etdi.
Sonrakı illərdə o, yalnız “çox varlı müştərilərin sərvətini idarə etdiyini” iddia edən kiçik, lakin qapalı maliyyə şirkəti qurdu. Şirkətin gəlir mənbələri, müştəri siyahısı və real biznes fəaliyyəti heç vaxt tam açıqlanmayıb. Belə məsələlərlə bağlı araşdırma aparmaq, hesabat və siyahılar dərc etmək sahəsində ixtisaslaşmış “Forbes” jurnalı onu milyarder kimi təqdim etsə də, “ABŞ-ın ən varlı 400 nəfəri” siyahısına salmadı - səbəb sərvətinin mənbəyinin izah edilə bilməməsi idi.
Epsteinin sərvəti ölümündən sonra təxminən 559 milyon dollar olaraq qiymətləndirildi. Bu vəsaitə Manhattan, Palm Beach, Nyu-Meksiko və ABŞ Virgin adalarındakı lüks mülklər daxildir. Tənqidçilər onun maliyyə modelini “qeyri-şəffaf, qeyri-adi və riskli” adlandırırdılar.
Elitalarla qurulan şəbəkə
Jeffrey Epsteinin real gücü pulla yanaşı, qurduğu əlaqələrdə idi. Məhkəmə materiallarında və jurnalist araşdırmalarında onun aşağıdakı şəxslərlə münasibətdə olduğu qeyd olunur:
Bill Clinton – ABŞ-nin keçmiş Prezidenti
Donald Trump - milyarder iş adamı, ABŞ-nin hazırkı Prezidenti
Prins Endryu - Britaniya kral ailəsinin üzvü
Gizlein Maksvel - yaxın tərəfdaşı və sevgilisi, sonradan cinsi alver üzrə məhkum edilib.
Ehud Barak - İsrailin keçmiş müdafiə naziri
Leon Blek - maliyyəçi və investor
Yayımlanan sənədlərdə mərhum pop ulduzu Maykl Ceksonun da adı çəkilir, lakin onun barəsində heç bir hüquqi ittiham və ya məhkəmə qərarı yoxdur.
Nüfuzlu şəxslərlə əlaqələr Epsteinə yalnız sosial status deyil, toxunulmazlıq imkanları da qazandırmışdı. O, münasibətləri xeyriyyəçilik pərdəsi altında şəbəkələşmə və təsir alətinə çevirirdi.
İstismar ittihamları
2000-ci illərin ortalarında J.Epsteinin adı azyaşlı qızlara qarşı cinsi istismar iddiaları ilə gündəmə gəldi. Şikayətlərə görə, 14–15 yaşlı qızlar “masaj” adı altında cəlb edilir, sonra sistemli şəkildə istismar olunurdu.
2008-ci ildə Florida ştatında bağlanan gizli razılaşma Epstein-ə cəmi 13 ay yüngül həbs cəzası verdi. O hətta gün ərzində həbsxananı tərk edə bilirdi. Bu razılaşma ABŞ hüquq tarixinin ən qalmaqallı prokuror qərarlarından biri sayılır.
2019-cu ildə federal prokurorlar onu yenidən həbs etdilər. Bu dəfə ittihamlar daha ağır idi. İstintaq onun Nyu-Yorkdakı malikənəsindən şəxsi adasına qədər uzandı. Hüquq ekspertləri bu işi “şəxsi cinayətdən çox, sistemli istismar mexanizmi” kimi qiymətləndirdi.
Elm, öjeniya və təhlükəli ideyalar
Epsteinin maraqları maliyyə və siyasətlə bitmirdi. O, genetik mühəndislik, süni intellekt və transhümanizm ideyalarına xüsusi maraq göstərirdi. Mənbələrə görə, o, öjeniya ideyasını — insan irqinin “seçilərək yaxşılaşdırılması” düşüncəsini açıq şəkildə dəstəkləyirdi.
İddialara əsasən, Nyu-Meksikodakı rançosunda eyni vaxtda onlarla qadını mayalandıraraq “öz genetik xəttini davam etdirmək” planları qururdu. Bu iddialar onun nəzarətsiz güc ambisiyalarını daha da narahatedici göstərirdi.
Epstein Harvard da daxil olmaqla bir sıra elmi universitetlərə ianələr edib, Steven Pinker, Riçard Dokins və Lorens Krauss kimi alimlərlə əlaqələr qurmuşdu.
Adrenokrom iddiaları: faktla mif arasında
İnternetdə yayılan konspirasiya nəzəriyyələrində Epstein-in adı adrenokrom maddəsi ilə də hallanır. İddialara görə, bu maddə istismar qurbanlarından əldə edilirdi. Rəsmi istintaqlarda və məhkəmə materiallarında bu iddialar heç vaxt sübuta yetirilməyib.
Analitiklər hesab edir ki, bu cür iddialar real cinayətlərin miqyasını anlamağa kömək etmir, əksinə, faktla fantaziyanı qarışdıraraq ictimai diqqəti yayındırır.
Hüquqi boşluqlar və prokuror səlahiyyəti problemi
Epstein sindromunun ikinci sütunu hüquqi mexanizmlərin elastikliyidir. ABŞ-də və bir çox ölkədə prokurorların razılaşma bağlamaq, ittihamları yüngülləşdirmək və ya cinayət işinin əhatəsini daraltmaq səlahiyyəti var. Bu səlahiyyət, nəzəri olaraq, ədalət naminə nəzərdə tutulsa da, reallıqda siyasi və sosial təsirə açıqdır.
Mütəxəssislər bildirir ki, təsir imkanlarına sahib fiqurların iştirak etdiyi işlərdə prokurorlar üçün bəzən qanun yox, mövcud sistemin qorunması prioritet olur.
Gücün, pulun və toxunulmazlığın dərsi
2019-cu il avqustun 10-da Jeffrey Epstein Nyu-Yorkdakı həbsxanada ölü tapıldı. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin hadisə gecəsi təhlükəsizlik protokollarının pozulması - kameraların işləməməsi, kamera nəzarətinin aparılmaması, kamera yoldaşının çıxarılması – hadisənin müəmmasını artırdı.
İki nəzarətçi müşahidə qeydlərini saxtalaşdırmaqda ittiham olundu. Epsteinin nüfuzlu şəxslərlə əlaqələri onun ölümü ilə bağlı şübhələri daha da gücləndirdi. Bəzi ehtimallara görə, J.Epstein işində adı çəkilən yüksək səviyyəli şəxslərin bu hadisədə marağı ola bilər.
O, Florida ştatında valideynlərinin məzarlarının yanında dəfn edildi. Vandalizm hücumlarından və ictimai diqqətdən qorunmaq məqsədilə onun və valideynlərinin məzarları işarəsiz saxlanıldı.
Jeffrey Epstein hekayəsi göstərdi ki, bəzi elitalar fövqəladə təsir imkanlarına sahib olarkən hüquqi nəzarətdən kənarda qala bilirlər. Onların yüksək səviyyəli əlaqələri, böyük sərvəti prokurorların və məhkəmələrin qərarlarına təsir göstərə bilir. Sosial status fərqi səbəbindən qurbanların səsi isə yetərincə eşidilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















