Kalsium əskikliyi hansı xəstəliklərə yol açır?
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Kalsium sümüklərin və dişlərin əsas quruluşunu təşkil edən, əzələ funksiyalarından sinir ötürülməsinə, hormon ifrazından qan damarlarının hərəkətinə qədər bir çox həyati prosesdə rol oynayan vacib mineraldır.
Pravda.az bildirir ki, qanda kalsium səviyyəsinin azalması (hipokalsemiya) isə bir sıra ciddi problemlərə səbəb ola bilər.
Kalsium çatışmazlığı nədir?
Hipokalsemiya – qanda kalsiumun normadan az olmasıdır. Bu, əsasən D vitamini və paratiroid hormonu ilə tənzimlənir və sümüklər, böyrəklər, həzm sistemi tərəfindən istifadə olunur. Yüngül hallarda əlamətsiz keçə bilsə də, ciddi azalmalarda sinir və əzələ sistemi başda olmaqla bədənə təsir edir.
Əsas səbəblər nələrdir?
Kalsium çatışmazlığının səbəbləri arasında D vitamini çatışmazlığı, paratiroid vəzin problemləri, bəzi dərmanlar, böyrək və pankreas xəstəlikləri, qidalanma və udma pozğunluqları yer alır. Genetik amillər də bu vəziyyətə yol aça bilər.
Risk qrupları kimlərdir?
Menopauza dövründə olan qadınlar
Laktoz intoleransı və ya süd məhsullarından uzaq duranlar
Əlavə qida ilə qidalanan körpələr
Uşaqlar və yeniyetmələr
Yaşlı insanlar
Bu qruplar daha çox kalsium qəbul etməlidir.
Əlamətlər nələrdir?
Ağız ətrafında, əl və ayaqlarda keyimə
Əzələ spazmları
Saçın zəif uzanması, dərinin nazikləşməsi
Zəif dırnaqlar, tez sınan sümüklər
Ağır hallarda halüsinasiyalar, yaddaş itkisi, böyrək və ürək problemləri də yarana bilər.
Diaqnoz necə qoyulur?
Qanda kalsium səviyyəsi analizlərlə təyin edilir. Əlavə olaraq fosfor, maqnezium, D vitamini və PTH səviyyələri də yoxlanılır. Ehtiyac olduqda EKG və sümük görüntüləmə müayinələri aparılır.
Müalicə üsulları
Müalicə xəstəliyin səbəbi və ağırlıq dərəcəsinə görə dəyişir. Yüngül hallarda D vitamini və kalsium tərkibli əlavələr, ağır hallarda isə xəstəxanada damar içi müalicə tətbiq oluna bilər. Əgər çatışmazlıq başqa xəstəlik və ya dərmanla bağlıdırsa, bu hallara uyğun xüsusi müalicə aparılır.
Kalsium çatışmazlığı uzun müddət davam etdikdə sümüklərdə osteoporoz, uşaqlarda isə raxitizm kmi problemlər yarada bilər. Gecikdirilmiş və ya müalicə olunmayan hipokalsemiya ciddi orqan zədələnmələrinə səbəb ola bilər.
Əminə Bayramova


