Icma.az
close
up
RU
Kamal Quliyev: “Çempion olmağımız üçün 20 min manat lazım idi, rəhbərlik vermədi” MÜSAHİBƏ

Kamal Quliyev: “Çempion olmağımız üçün 20 min manat lazım idi, rəhbərlik vermədi” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq müdafiəçi Kamal Quliyevin Futbolinfo.az-a müsahibəsi

– Ənənəvi sualdan başlayaq: Kamal Quliyevin futbola marağı haradan yarandı?

– Mən 1976-cı ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşam. Futbola marağım da elə öz kəndimizdəki mühitdən yaranıb. 6-cı sinifə qədər kənddə yaşamışam. Ümumiyyətlə, o vaxt idmanın bütün növlərinə həvəsim olub. Futbol da elə bir növdür ki, hər bir ailədə sevilir. Bu idman növünə həm həvəsim olub, həm də oynamaq üçün əla potensiala malik idim. Mən həmişə rayon birinciliklərində, kəndlərarası oyunlarda özümdən böyüklərə qarşı oynamışam. Sonradan ali təhsil almağım üçün valideynlərim məni Sumqayıta gətirdilər. Burada gördüm ki, 5-6 sinif yoldaşım futbola gedir. Onlara qoşuldum. Elə oldu ki, 2 ildən sonra Sumqayıt “Xəzər”indən dəvət aldım. Allah rəhmət eləsin, uşaq futbol məktəbinin direktoru Tofiq Rzayev mənim püxtələşməyimdə böyük rol oynayıb. İlk məşqçim də Musa Bağırov olub.

– “Xəzər”də sizi kim görüb bəyəndi?

– Rəhmətlik Sabir Əliyev. O vaxt komandada Allahverdi Səfərov, Vaqif Sadıqov, Yaşar Vahabzadə, Nazim Əliyev, Azər İsayev və Mehman Yunusov kimi futbolçular var idi. Mən onların dövründə komandada debüt etdim.

– 1992-ci ildən 1996-cı ilə qədər bu komandada oynamısınız. Həmin dövrü necə xarakterizə edərdiniz?

– Keçid dövrü idi. Respublikada vəziyyət yaxşı deyildi, özbaşınalıq və hərc-mərclik hökm sürürürdü. Hər bir sahə pis gündə idi. İndi futbol oynamağa nə var ki? Allaha şükür, hər yerdə təhlükəsizlik kamerası var. O vaxt rayonlardan xal gətirmək çətin idi. Hakimlərə və komandalara təzyiqlər olurdu. Bir də görürdün oyunun gedişində dava-dalaş düşürdü, komandalardan biri meydandan çıxırdı. İndi belə şey yoxdur. Amma indi futbol da yoxdur. O vaxt tərsinə idi, futbol var idi, amma şərait yox idi. Biz 4 il “Xəzər”də “patriot”luq etdik. Bu müddət ərzində demək olar ki, pulsuz oynadıq. Sırf şəhərin adına görə oynayırdıq. İcra hakimiyyətindən nümayəndə gəlirdi, bizdən xahiş edirdi ki, şəhərin adına görə oynayın! Bizim yaşıdlarımız digər komandalarda pul qazananda biz burada Sumqayıtın adına maddi dəstək olmadan can qoyurduq. 4 illik döyüşdən sonra rəhmətlik Ruslan Abdullayev məni “Neftçi”yə çağırdı. Beləliklə də “ağ-qara” karyeram başladı və 2002-ci ilə qədər mən bu komandada oynadım. 1999-cu ildə bu komandaya Əhməd Ələsgərov dəvət olundu, ona qədər milliyə dəvət almırdım, amma gənclərdən ibarət yığmamızın şərəfini qoruyurdum. Əhməd müəllim ilk dəfə olaraq Bakıda Portuqaliya millisi ilə oyunda meydana çıxartdı.

– Bəs “Neftçi”də necə çıxış etmisiniz?

– Azərbaycan karyeramın ən gözəl dövrü “Neftçi”də keçib. O vaxt “Neftçi”nin çıxışı hamının gözü qarşısında idi. Bu komandaya olan tələblər yüksək idi, komanda hər bir matçda keyfiyyət nümayiş etdirməli idi. İndiklərdən iraq, meydana çıxan hər bir futbolçu “Neftçi”ni layiqli şəkildə təmsil etməlidir. İlk dəfə mən Tofiq Bəhramov adına Respublika Stadionuna yuxarıdan baxanda arena mənə çox nəhəng göründü. Fikirləşirdim ki, burada necə qaçacağam?! Amma sonradan meydança mənə dar gəldi, qaçmağa daha böyük meydança istəyirdim.

– Amma hər halda, rəqib kimi də “Neftçi”yə qarşı oynamısınız, yəni bu mühitlə tanış idiniz…

– Əlbəttə, biz hətta Sumqayıtda “Neftçi”ni məğlub da etmişik. Yadımdadır, mənim o vaxt 15 yaşım var idi, əvəzetmədən 5 dəqiqəlik oynayım deyə məni meydana buraxdılar. Vaqif Sadıqov o matçda topu saxlamadan gözəl qol vurdu.

– “Neftçi”yə gələndən sonra dərhal əsas heyətə düşə bildiniz, yoxsa bir xeyli mübarizə apardınız?

– İlk dönəmdə bu yöndə problem yaşamadım, amma sonradan Ruslan Abdullayevlə bir müddət aramız dəydi. Onlar çoxillik müqavilə təklif etdilər, mən isə buna razı deyildim. Çünki ildən-ilə fərq var idi, şərtləri bilmək olmurdu. Amma mən onsuz da söz vermişdim ki, karyeramın sonuna qədər “Neftçi”də oynayacağam. Amma niyə də mən digərlərindən artıq qaçdığım halda, kimlərdənsə az pul almalıyam?! Bir müddət rəhmətlik mənimlə prinsip apardı, hətta ehtiyat oyunçular skamyasına təhkim edildim, amma sonradan yenidən meydana çıxdım. Bu problemi mən Əhməd Ələsgərovla da yaşamışam. Həmişə ona deyirdim, “kim güclüdürsə, o da meydana çıxmalıdır”. Əslində, sağ cinahda oynayırdım, amma Əhməd müəllim məni elə vəziyyətə gətirmişdi ki, futbolla vidalaşmaq istəyirdim. Hətta əşyalarımı yığışdırıb “gedirəm” dedim.

– Sizi niyə sıxırdı?

– Əslində, mən acıq etdim, ona dedim ki, “ayağım ağrayır, oyuna getmirəm”. Bazada otaqda oturmuşdum, üstündən yarım saat keçdi, fikirləşdim ki, yəqin komanda getdi. Yadıma gəlir, MOİK-lə oynayacaqdıq. Yağışlı hava idi, meydana çıxıb özüm üçün sürüşmə fəndlərini məşq edirəm, bir də gördüm ki, komandanı başına yığıb oradan mənə baxır. Mənim onu aldatdığımı düşündü.

– Bəs siz niyə ona qarşı bu hərəkəti etdiniz?

– Əhməd müəllimə çatdırmaq istəyirdim ki, sağ cinahda kim yaxşı oynamağı bacarırsa, onu da oynatmalısan. Mən zəifəmsə, salma məni ora. Sadəcə, rəhmətlik komandanın xeyri üçün oyunçuları müxtəlif mövqelərə atırdı. Məni “yamaq” futbolçu etmişdi. Əslində, mənim üçün mövqe fərqi yox idi, hətta dayaq yarımmüdafiəçisi kimi də oynamışam. Yeri gələndə, hücumçunun arxasında da çıxış etmişəm.

– Sonra Samir Əliyevlə birgə “Volın”a getdiniz…

– Samir Əliyev mənimlə “Volın”a getdi. Yadınızdadırsa, o vaxt ikitirəlik yaranmışdı, rəhmətlik Fuad Musayev də millini yığıb Estoniyaya apardı. Biz orada təlim-məşq toplanışında olarkən, “Volın” təklif göndərdi. Bundan əvvəl biz Bolqarıstanda turnirdə olarkən bu komanda məni istəyirdi. Sadəcə, onlar Ukraynanın I divizionunda oynadığı üçün təklifi qəbul etməmişdim. Mən “Neftçi”ni I dəstə komandasına dəyişmək istəmədim, komandamı “Volın”dan üstün tutdum. Onlara dedim ki, elitaya çıxarsınız, danışarıq. Yadınıza gəlirsə, o vaxt “Neftçi”də ukraynalı Roman Zub çıxış edirdi. “Volın” Ukrayna yüksək liqasına vəsiqə qazanan kimi Zub məni axtarıb tapdı və bu komandaya keçməyi məsləhət gördü. Samir Əliyev də onda Nazim Süleymanovun çalışdrıdığı “Jemçujina”ya keçəcəkdi. Mən rus dilini bilmədiyimə görə Samir Əliyevi yanımda aparmaq istəyirdim. “Volın” Samiri istəmirdi, mən sadəcə təkid edib onun keçidini alındırdım. Əliyevi xeyli ukraynalılara təriflədim. Bunlar deyirdi ki, “yox, bizim Vasili Saçko kimi hücumçumuz var və s”. Dedim “yox, mənimki Samirlə alınır, onunla gələcəyəm”. Bir sözlə alındı. Samiri dilə görə apardım, 6 ay sonra özüm Ukrayna dilində müsahibə verdim.

– 2004-cü il aprelin 10-da Zaporojye “Metallurq”u ilə matçda Konovalenkonun sizi zədələməsinin karyeranıza ciddi zərbə oldumu?

– O mənim üçün bir növ böyük futbola vida demək idi. Əslində, and içmişdim ki, buradan Azərbaycana qayıtmayacağam. Təsəvvür edin, ayağım gipsdə olarkən “Metallist”dən təklif aldım. Mənə aya 5 min dollar məvacib təklif etdilər, reablitasiyanı gözləməyə hazır olduğunu bildirdilər, hələ sağalandan sonra müqaviləni yeniləməyi də öhdələrinə götürdülər, mən razılaşmadım. Hətta buna qədər Kiyev “Arsenal”ından təklif almışdım. Bu komandanı Oleq Romantsevin köməkçisi olmuş Vyaçeslav Qroznı çalışdırırdı. Mənimlə Samiri yanına çağırıb bizimlə söhbət etdi, müqaviləyə qədər razılaşdırmışdıq. Sevincimin həddi-hüdudu yoxdur ki, “Arsenal” paytaxt komandasıdır, buradan daha böyük komandalara rahat keçə bilərdim. Hətta məşqə çıxdım, etiraz etdi. Dedi “niyə özünü yoxlatdırırsan ki, mən səni yaxşı tanıyıram”. Bizə dedilər ki, bir ay gözləyin, Antalyadakı təlim-məşq toplanışına gələrsiniz. Mənim də “Volın”la müqaviləmin başa çatmasına 6 ay qalmışdı. Amma “Volın” çox pul istədiyindən bu transfer baş tutmadı. Sonradan dedidiyinz kimi ayağım sındı, qayıdanda gördüm ki, yerimə Yuqoslaviyadan oyunçu gətiriblər. Onda mən artıq Ukraynadan küsdüm, sənədlərimi götürüb vətənə qayıtdım.

– Samir də “Uralan”a getmişdi…

– Samir mən orada oynayanda artıq Rusiyaya getmişdi. Ondan sonra hələ yenə də Ukraynaya qayıtdı.

– Belə çıxır, “Arsenal”a keçə bilməmək sizə çox pis zərbə oldu…

– Bu, bəlkə də həyatımın şansı idi. Paytaxtda oynayacaqdım, hər oyunu tribunadan mütəxəssislər izləyəcəkdi.

– Ukraynanın başqa hansı komandalarından təkliflər almışdız?

– Zaporojye “Metallurq”u və “Tavriya” da mənimlə maraqlanırdı.

– “Karvan”dan təklif necə gəldi?

– Mən Ukraynadan qayıtmaq üçün cibimdən 16 min dollar ödədim. Bu pulu verib transfer vərəqimi əlimə almışam.

– O pulu verib “Arsenal”a gedə bilməzdiniz?

– Yox, “Arsenal”a getməyim üçün daha çox pul istəyirdilər, Azərbaycana qayıdacağım halda, qiymət aşağı düşürdü. Klubdan xeyli pul almalı idim, ondan 16 mini çıxdılar, qalanını verdilər mənə. Mən özümə söz vermişdim ki, “Neftçi”dən başqa yerdə oynamayacağam. Bakıya gəldim, Ramin Musayevlə görüşdüm, 16 min dollar istədim, anlaşa bilmədik. Mən bu pula görə can qoymuşam, ağır zədə almışam. Çölə çıxa bilmirəm, Qurban Qurbanov məni “Neftçi”yə, Yunis Hüseynov “Karvan”a dartır. Axırı elə oldu ki, “Karvan”a elə qiymət dedim, bəlkə imtina edərlər, elə oldu ki, bu məbləği qəbul etdilər.

– Bəs “Neftçi” niyə bu pulu vermədi?

– Bilmirəm, fikirləşdilər ki, bəlkə mən bunu özümdən çıxarıram, amma bu pul mənim canımdan çıxmışdısa, onu geri almalı idim. Mən transfer vərəqini almaya da bilərdim. Burada hansısa klub məni istəsəydi, deyərdim ki, gedin özünüz “Volın”la danışın. O zaman onlara 16000 yox, 36000 deyəcəkdilər. Ən aşağı qiyməti mən demişəm.

– “Karvan”da necə çıxış etdiniz?

– Ukraynadan özümlə Qoça Trapaidzeni də gətirdim. Onu da məşqçi oradan qovmuşdu, burada 6 ay evimdə saxladım. Mən zəng etməsəydim, həvəskar liqada oynamağa gedirdi. Bir sözlə, “Karvan” təzə yaranır, burada Tərlan Əhmədov, Fərrux İsmayılov, Nazar Bayramov və Zaur Ramazanov toplaşdı. Biz Yevlax klubu ilə çempion ola bilərdik. Bunu ilk dəfə mən indi deyirəm: klub rəhbərliyi bunu istəmədi! Tovuzda biz çempion ola bilərdik, bunun üçün 20 min manat pul lazım idi. Rəhbərlik bu pulu vermədi.

– Bu pulu kim istəyirdi?

– Var idi də. Nəticədə oyun 1:1 hesabı ilə başa çatdı, ikinci yerə çıxdıq.

– Sonra “Xəzər Lənkəran”a keçdiniz…

– Rasim Karanın transfer siyahısında 1-ci yerdə mənim adım yazılmışdı. Ora keçdim, təəssüf ki, bu komandada karyeram alınmadı. Lənkəranda oynayarkən, ürəyimdə aritmiya əmələ gəldi. Nəticədə dalbadal əməliyyat olundum. Bir müddət yenidən futbolsuz qaldım, yenidən “Karvan”a qayıtdım. Sonra “Standart” və…

– Xəstəlik öz sözünü dedi?

– Mən Boris Xetaqurovla Rusiya millisinin həkiminin yanına getdim, o dedi ki, bu uşağa heç nə olan deyil. Həmin dönəmdə komandaya Ağasəlim Mircavadov gəldi, onlar məni oynatmağa qorxdular. Fikirləşdilər ki, ürəyim tutar, yıxılaram. Halbuki, Rusiyada mənim diaqnozumu qoymuşdular, qorxmağa heç bir əsas yox idi. Beləcə karyeram yavaş-yavaş qüruba doğru getdi.

– Yenidən “Karvan” və “Standart”. Orada necə çıxış etdiniz?

– “Standart”da hər şey qaydasında gedirdi, Kaxaber Sxadadze mənə güvənirdi. Təsəvvür edin, bu klubda mən ikinci cavanlığımı yaşayırdım. Amma yenidən “Karvan”a qayıtmaqdan danışırıqsa, burada səhv qərar verdim. Özüm də bilirdim ki, səhv edirəm. Belə deyirdilər ki, “Kamal ürəyində problemlər yaşayıb futbolsuz qalanda onu heç kim götürmədi, biz götürdük”. Nə bilim, o sözün müqabilində getməyə məcbur idim. Orada da mövsüm yarımçıq qaldı, maaşlarımızı vermədilər.

– “Xəzər Lənkəran”dan danışmışkən, ötən dəfə Zaur Ramazonvdan müsahibə götürəndə, dedi ki, klubu daxildəki bərbad idarəçilik yıxdı. Bu fikirlə razısınız?

– Tam razıyam. Bu klub məhz bərbad idarəçiliyin qurbanı oldu. Çünki Mübariz Mənsimovun savadı və gördüyü işlər göz qabağında idi. Sadəcə, doğru yönəldilməməsi bu klubun axırına çıxdı.

– Amma insanlar arasında belə bir fikir formalaşır ki, burada AFFA-nın da təsiri oldu…

– Əlbəttə, federasiyanın da böyük səhvi var. Elə şeylər var ki, biz indi onu danışa bilmirik. Federasiya da onlara dəstək olmalı idi. Digər klublara dəstək olurdularsa, “Xəzər Lənkəran”a qarşı da biganə olmamalı idilər.

– Azərbaycan çempionatında 4 dəfə gümüş və 3 dəfə də bürünc medal qazanmısınız. Heç çempion olmadığınızı düşünəndə təəssüf hissi keçirirsinizmi?

– Yox, təəssüflənmirəm. Mən futbolçu kimi bu nailiyyəti əldə etməsəm də, məşqçi kimi 5 qat Azərbaycan çempionuyam. 3 dəfə köməkçi kimi “Neftçi”də, 2 dəfə də I Liqada baş məşqçi kimi “Neftçala”da. “Keşlə”də məşqçi kimi Azərbaycan Kubokunun qalibi olmuşam. Futbolçu kimi qazana bilmədiyimə məşqçi kimi nail olmuşam.

– Kamal Quliyevin milli karyerası necə alınıb?

– Mənim təkcə milli yox, bütün karyeram uğurlu alınıb. Oyunum olmasaydı, hər matçda ürəklə mübarizə aparmasaydım, elə torbamı tikərdilər ki, nə millidə, nə də “Neftçi”də özümə yer edə bilərdim. Hətta indi belə futboldan kənardayam, insanlar məndən əl çəkmir. Mən nə etmişəmsə, futbol, Azərbaycan və komandalarım üçün etmişəm.

– O dövrün yığmasını necə təhlil edərdiniz?

– Mənim oynadığım yığma indiki millidən qat-qat güclü idi. Bizim dövrün futbolçuları indikilərdən qat-qat üstün idi. Sadəcə, o vaxt şərait yox idi.

– Müsahiblərininizin birində demişdiz ki, “həmin dövr futbolçular arasında hörmət var idi, hamımız böyük-kiçik yeri bilirdik, komandanın təcrübəli futbolçuları nə deyirdisə, biz də ona əməl edirdik, baş məşqçi hər oyunda əvvəl futbolçularla söhbət edir, onları psixoloji cəhətdən görüşə hazırlayırdı”. İndi bunlar yoxdur?

– O vaxt yadımdadır, Əhməd Ələsgərov rəhmətlik Ağabəy Sultanovu bizimlə görüş üçün məşqə gətirmişdi. Bilirsiniz, Azərbaycanda futbol və böyük-kiçik yeri bilmək nə vaxt itdi? Azərbaycan futbolunda pul dövriyyəyə girəndə hər şey məhv oldu. Hər şey puldan asılı olanda, belə də olacaqdı… Çünki futbolçular pulu görüb çaşdı. İndi heç bir futbolçu üzr istəyirəm, özünü tərpədib başqa yerə gedərək futbol oynamaq istəmir. Çünki evin içində ondan artıq qazanır.

– Eyni millətin psixologiyası deyil bu? Yəni bu pul o vaxt olsaydı, belə hal yaşanmayacaqdı?

– Yox. Çünki biz elə tərbiyə görməmişik. Bizi söyə-söyə, döyə-döyə, başımızın üstündə dura-dura normal insan edirdilər. Biz “qılınc müsəlmanıyıq”. Ancaq pul, azadlıq, müstəqillik futbolumuzu bu günə qoydu. İndi böyük futbolçunu görüb ayağa durmurlar. Mən o vaxt yaşca böyük futbolçunun yanında ayağımı ayağımın üstünə aşıra bilməzdim. Paltardəyişmə otağında bir yerdə formamızı dəyişməyə utanırdıq, üstümüzü başqa yerdə dəyişərdik.

– Məşqçilik karyeranız haqda nə deyərdiniz?

– Buradan Sadıq Sadıqova minnətdarlığımı bildirirəm, o vaxtilə məni “Neftçi”yə dəvət etdi, orada məşqçi kimi möhtəşəm karyeram oldu. Bunu heç kim etməzdi, mən ayda 9-10 minlik məvacibdən imtina edib 2000-2500 manata “Neftçala”nı çalışdırmağa razılıq verdim. Çünki özümü baş məşqçi kimi sınamaq istədim. Yoxsa ömrümün axırına kimi köməkçi məşqçi kimi işləyəcəkdim. “Neftçala” karyeram alındı, 2 il dalbadal çempion olduq. Amma bu komandanı Premyer Liqaya buraxmadılar.

– Sizcə, “Neftçala”ya haqsızlıq etdilər?

– O vaxt idarəetmə başqalarının əlində idi, AFFA istəyirdi ki, klubu öz adamları idarə etsin. Buna görə də elitaya buraxmırdılar. Lisenziyadan keçə bilməmək boş söhbətdir. Guya indiki klublar lisenziya tələblərinə cavab verir ki? Mən buradan heç nə itirmədim, onun üçün dalaşırdım ki, bu komandada oynayan 4-5 oyunçunu Azərbaycan futbolu qazana bilərdi.

– Bəs sizə niyə başqa klublardan baş məşqçi kimi təkliflər gəlmədi?

– Vallah, nə bilim, bəlkə də düz danışdığıma görə? Çünki mən sözün düzünü deyirəm. Düz söz də heç kimə xoş gəlmir. Yəqin bir kişi oğlu, bir qeyrətli oğul çıxacaq da.

– Bu yaxınlarda “Qaradağ Lökbatan”ın baş məşqçisi təyin olundunuz, heç bir ay keçmədi ki, klubdan ayrıldınız. Səbəb nə idi?

– Xəstəliyimlə əlaqəli oldu. Hazırda qara ciyərimdən müalicə alıram.

– Təklifi qəbul edəndə xəstəliyiniz yox idi?

– Yox, belə bir problemlə üzləşməmişdim. İnşallah ki, yaxın zamanlarda yenidən “Qaradağ Lökbatan”a qayıdacağam.

– Uzun illər “Neftçi”də oynamısınız. Komandanın bu vəziyyətdə olmağı sizə necə təsir edir?

– Çox pis. Mən hər yerdə deyirəm, yenə də təkrar edirəm – baxmayaraq ki, digər klublarımızda da çıxış etmişəm -, ömrümün axırına qədər “ağ-qaralı”yam. Özümü qıraq saymıram.

– Nədir “Neftçi”nin dərdi?

– Ümumiyyətlə, bu klub sıfırdan yığılmalıdır. Rəhbərlikdən tutmuş qapıdakı mühafizəçiyə qədər hamısı dəyişməlidir. Bu, mənim fikrimdir. “Neftçi”yə sırf mütəxəssislər, işinin peşəkarları dəvət olunmalıdır.

– Sizə elə gəlmir ki, milli komanda ilə “Neftçi”nin problemləri haradasa oxşardır?

– Eyni şeydir. Kazbek Tuayevin bir sözü var e, “stıd i pozor”, bu gün ikisi də eyni vəziyyətdədir. Hələ indiyə qədər belə zəif millimiz olmayıb!

– Bunun müqabilində əcnəbi mütəxəssis gətirməyin də yeri yoxdur, doğrudur?

– Əlbəttə! Əcnəbi məşqçi onu gətirən insanlara, menecerlərə sərf edir. Ondan pul qazanırlar. Qardaşım, biz məgər nəyik ki, əcnəbi məşqçi də gətirək. Bizim öz məşqçilərimiz var, Qurban Qubanov bunun sübutudur, eləcə də digər məşqçilərimizə güvənmək olar!

– Fernandu Santuşu istefaya göndərən AFFA nəhayət ki, həqiqəti anlayıb yerli məşqçiyə güvənə bilər?

– Bunu əvvəldən də edə bilərdilər də. Əgər istəsələr, yerliyə də güvənəcəklər. Bu biabırçılığa son qoysunlar. Əcnəbi ilə mümkün deyil də, qoyun özümüzkü işləsin. Uduzanda da qoy özümüzkü uduzsun.

– Belə bir müşahidənizi bölüşmüşdünüz ki, “Neftçi”də 70 kq çəkiyə malik 10 yaşlı uşağın meydana çıxdığını görmüşdünüz. Demişdiniz ki, belələri tapşırıqla oynayır. Sizcə, indi də belə bir şey var?

– Daxildə deyiləm, deyə bilmərəm. Amma bu, Azərbaycan futbolunun reallğı idi. Bu gün də reallıq belədir. Ümumiyyətlə, bu hadisə “Neftçi” akademiyası üçün biabırçılq idi.

– Neçə il “marşrut” sürdüz?

– Marşrut deyəndə ki, öz mikroavtobusumuz var, ovaxtdan istifadə edirik. Haradasa, 7-8 il mən bu nəqliyyat vasitəsilə rayonlara sərnişin daşımışam. İndi də oğlum ona nəzarət edir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see500

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see171

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see167

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see142

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see141

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see140

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see136

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see136

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see134

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see133

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see131

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see127

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see126

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see126

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see122

Puqaçova: Vətənim məni satdı

11 Sentyabr 2025 01:17see121

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see120

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see118

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see118

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri